Uşaqların dünyaya gəlişindən başlayaraq, onların cəmiyyətin aparıcı hissəsinə çevrilənədək qayğısının çəkilməsi artıq bütünlüklə bəşəriyyəti düşündürən məsələdir. Bunun isə bir sıra səbəbləri var. Yeri gəlmişkən, xatırladaq ki, Birinci Dünya müharibəsinin şahidi Eglantyne Djebb həmin illərin dəhşətlərindən sarsılaraq uşaqların xüsusi müdafiəyə ehtiyacını duyub. Ona görə də bacısı Doroti Bakstonun köməyi ilə 1919-cu ildə uşaqlara yardım edib. Hətta onların müdafiəsini təmin etmək üçün Londonda Uşaqlara Yardım Fondunun əsasını qoyub.
1950-ci ildə BMT Baş Assambleyası tərəfindən 1 iyun tarixinin Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunması heç də təsadüfi qərara alınmayıb. 1954-cü ildə BMT-nin Baş Assambleyasının qəbul etdiyi IX qətnaməyə əsasən, 20 noyabr Ümumdünya Uşaqlar Günü kimi qeyd olunur. Lakin bu heç də o demək deyil ki, uşaqlar səadət və xoşbəxtliyin rəmzi kimi qorunur, bəlalardan hifz olunur. Bu mənada təəssüf doğuran hallar az deyil. Onlardan biri də uşaqların milli və etnik zəmində dünyadakı mövcud münaqişələrin bəlasına tuş gəlmələridir. Belə ki, onlar da döyüşlərdə hədəfə alınır, yaralanır, öldürülür, fiziki, psixoloji təcavüzlərə məruz qalırlar. Qarşıdurmalar əsasında uşaq ölümlərinin 5 faizi birbaşa məhv edilmələri olmuşdursa, 95 faizi aclıq və xəstəliklərdən dünyasını dəyişənlərdir. Son on-on beş ildə 2 milyondan çox uşaq döyüş bölgələrində öldürülmüş, 4 milyonu isə şikəst edilmişdir. Döyüşlər zamanı və sonra yaralanmaların və şikəstliklərin əsas səbəblərindən biri də minalardır. Dünyada 70-dən çox ölkədə 60 milyondan çox minanın basdırıldığı məlum olmuşdur ki, onların da əsas qurbanları məhz uşaq və yeniyetmələrdir.
Prezident İlham Əliyevin Ermənistanın təcavüzkar siyasətinin hələ də davam etdirməsinə və buna görə isə heç bir beynəlxalq sanksiyaya məruz qalmamasına təəssüfünü bildirərkən münaqişədə daha çox dəhşətlərə məruz qalanların arasında günahsız uşaqların, azyaşlıların və yenicə doğulan körpələrin də olması faktını xüsusi vurğulayaraq qeyd etmişdir ki, artıq onların öldürülməsi Ermənistan silahlı qüvvələrinin şüurlu şəkildə seçilmiş hərbi taktikası olduğu göz qabağındadır: “Bu, plan üzrə həyata keçirilən və sabit təkrarlanan bir hərbi cinayət metodudur və buna laqeyd qalmaq artıq cinayətkarı yeni qətllərə şirnikləndirmək olardı”.
Ermənistanla müharibə zamanı ölkəmizdə də uşaqlara dəyən fiziki, mənəvi zərbələr sözlə ifadə olunmayacaq dərəcədə ağır olub. Təkcə onu deyək ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində 300 mindən çox uşaq qaçqın və məcburi köçkün vəziyyətinə düşərək ağır şəraitdə yaşamağa məcbur olmuşdur. Yüzlərlə uşaq isə ya ata-anasının hər ikisini, yaxud da valideynlərindən birini itirmişdir. Daha dəhşətlisi isə əsir aparılan, girov götürülən azərbaycanlı uşaqların orqanlarının çıxarılaraq, ömürlük şikəstə çevrilməsi faktlarının mövcudluğudur. Həmçinin aparılmış araşdırmalar göstərir ki, yüzlərlə qadın və uşaq girovluqda ən vəhşi metodlarla öldürülmüş, ömürlük fiziki və mənəvi cəhətdən şikəst edilmişlər.
Artıq bir çox ölkələrdə narkotik vasitələrin daşınmasında uşaqlardan istifadə edilməsi, onların bir sıra məişət zorakılıqlarına sürüklənməsi faktlarına qarşı geniş mübarizə aparılır. Bu kimi neqativ hallarla, adətən, kimsəsiz, evsiz-eşiksiz uşaqlar üzləşirlər. Belə hallara qarşı mübarizə aparan Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə “Hər bir uşağın ailəyə ehtiyacı var” adlı həyata keçirilən layihəsi xüsusi önəm daşıyır.
Bütün dünyada uşaqların hüquqlarının qorunması müqəddəs vəzifə, borc sayılır. Bu səbəbdən 20 noyabr 1989-cu ildə BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmiş “Uşaq hüquqları haqqında” Konvensiya əsas beynəlxalq sənəd hesab olunur. Artıq 190 dövlət həmin konvensiyaya qoşulub.
Ölkəmizdə uşaqlara qayğının dövlət səviyyəsində, yüksək şəkildə təşkili beynəlxalq birlikdə nümunəyə çevrilib. Dövlətin xüsusi qayğı göstərdiyi belə kövrək qruplardan biri də valideyn himayəsindən məhrum olmuş uşaqlardır. Bu kateqoriyadan olan yeniyetmələrin orta ixtisas və ali təhsil aldığı müddətdə müdafiəsini təmin etmək üçün Azərbaycan Respublikasının “Yetim və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunu qəbul edilib.
Valideyn himayəsindən məhrum olmuş uşaqların müdafiəsi istiqamətində atılmış mühüm addımlardan biri də “De-institusionalizasiya və ya alternativ qayğı üzrə Dövlət Proqramı”nın (2006-2015-ci illər) qəbul edilməsi olub. Proqram Azərbaycan Prezidentinin 2006-cı il 29 mart tarixli sərəncamı ilə təsdiqlənib. Proqram çərçivəsində xeyli uşaq ailələrə verilib, bəziləri isə öz valideynlərinə qaytarılıb.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Heydər Əliyev Fondu və UNICEF-lə birgə uşaqların öz hüquqları ilə bağlı qərarların qəbul edilməsində iştirakını təmin etmək və təkliflər vermək imkanı yaratmaq, həmçinin ictimaiyyətin diqqətinin uşaq hüquqlarının qorunmasına yönəldilməsi məqsədilə Azərbaycan uşaqlarının ümumrespublika forumları keçirib.
Uşaq hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycanda artıq qanunvericilik bazası formalaşıb, “Uşaq hüquqları haqqında” qanun və bəzi digər hüquqi normativ aktlar qəbul edilib. 2002-ci ilin may ayında Azərbaycan nümayəndə heyəti BMT-nin Baş Assambleyasının uşaqlara həsr olunmuş xüsusi sessiyasında fəal iştirakını, həmçinin 2004-cü ildə Azərbaycanın Beynəlxalq Əmək Təşkilatının “Uşaq əməyinin ən pis formalarının ləğv edilməsi” haqqında 182 saylı konvensiyasına və eyni adlı tövsiyəsinə, eləcə də Beynəlxalq Övladlığa Götürməyə dair Haaqa Konvensiyasına qoşulmasını da bura əlavə etsək, şərhə ehtiyac olmazdı.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı uşaqların hüquqları kobudcasına pozulmuşdur. 2011-ci il martın 8-də Ağdamda doqquz yaşlı Farizin, 1989-cu il iyul ayının 20-də Kəlbəcərdə 8 azyaşlı oğlan uşağının futbol meydançasında ermənilər tərəfindən qətlə yetirilməsi bir daha təsdiqlədi ki, bədnam qonşularımız insanlığa sığmayan vəhşilikləri davam etdirməkdən, analoqu olmayan zorakılıqlar törətməkdən əl çəkmir.
1994-cü ildə və 2011-ci ilin iyulun 14-də Tovuz rayonunun Əlibəyli kəndində oyuncaqlara partlayıcı qurğu quraşdırmaqla 3 azyaşlı uşağın ölümünə, iki nəfərin isə yaralanmasına səbəb olmaq və 2011-ci ilin martında isə səkkiz yaşlını snayper atəşilə qətlə yetirmək göstərir ki, erməni tərəfi körpələri hədəfə almaqda israrlıdır, acınacaqlısı isə odur ki, nəzərdə tutulan bu qeyri-insani taktika getdikcə intensivləşməkdədir.
Daşnakların törətdikləri soyqırımıları nəticəsində minlərlə uşaq valideyn himayəsindən məhrum olmuş, yaşamaq hüquqları pozulmuşdur. Körpələrə qarşı təcavüzə, zorakılığa, terrora yol verən, bunu özünün çirkin məqsədi kimi həyata keçirən erməni vandallarının vəhşi hərəkətlərinə, daha dəqiq desək, vandalizm siyasətinə qətiyyətlə son qoyulmalıdır! Elə buna görə də bəşəriyyət irqindən, dinindən, millətindən asılı olmayaraq uşaqları qorumalıdır.
Məhəmməd NƏRİMANOĞLU,
“Azərbaycan” qəzeti, 22 noyabr 2016-cı il