
İşğaldan azad edilən ərazilərdə səfərdə olan tanınmış dünya səyyahları bu gün Cəbrayıla gəliblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, burada səyyahlar işğaldan azad edilən Mehdili kəndi ərazisində ANAMA tərəfindən aparılan minatəmizləmə işləri ilə tanış olublar. Onlara işğal zamanı ərazilərin həddən çox minalarla çirkləndirilməsi barədə, həmçinin ötən dövrdə mina təhlükəsi nəticəsində həlak olanların və sağlamlığını itirənlərin olduğu haqda məlumat verilib. Ərazilərdə tank əleyhinə minaların, piyada əleyhinə minaların, həmçinin qarışıq mina xətlərinin çox olduğu bildirilib. Bundan başqa, axtarış vaxtı ərazidə partlamamış silah-sursatlar da aşkarlandığı deyilib. Qeyd edilib ki, aşkarlanan piyada əleyhinə minaların əsas tərkib hissəsi Ermənistan istehsalıdır. Səyyahlara, həmçinin məlumat verilib ki, ərazidə təmizləmə işləri mexaniki üsulla, əl ilə və təlim keçmiş itlər vasitəsilə olmaqla üç üsulla aparılır.
ANAMA-nın 3 saylı təmizləmə dəstəsinin əməliyyat rəhbəri Qadir Namazəliyev müsahibəsində bildirib ki, Cəbrayıl rayonu Mehdili kəndi ərazisində yerləşən Mehdili/006/05 mina sahəsində 92 iş günüdür təmizləmə əməliyyatı aparılır və minalı sahə 83 min 511 kvadratmetrdir. “Bu günə kimi ərazinin 82,4 faiz olmaqla 56 min 500 kvadratmetri təmizlənib və 875 ədəd mina və bir kustar üsulla hazırlanan partlayıcı qurğu aşkarlanıb. Ərazidə tapılan minalar partlayış qrupu tərəfindən zərərsizləşdirilib. Ərazidə aşkarlanan minaların 720 ədədi piyada əleyhinə minalardır və Ermənistan istehsalıdır. 155 ədəd isə tank əleyhinə olan minalardır ki, bunlar Rusiya istehsalıdır. Sahə kənd ərazisi olduğu üçün torpaqda metallarla çirklənmə həddən çox səviyyədədir, bu da detektorla işləməyi çətinləşdirir. Bu səbəbdən, ərazidə təmizləmə-qazma üsulu ilə yəni, kiçik bellərlə minaaxtaranlar 20 santimetr dərinlikdə qazaraq aşkara çıxarılan minaların ətrafını işarələyirlər. Mina xətlərinin keçmədiyi sahələrdə isə mexaniki vasitələrlə, daha sonra həmin ərazidə minaaxtaran itlərlə əməliyyat tədbirləri həyata keçirilir”, – deyə o bildirib.
Daha sonra ərazidə aşkarlanan minaların partladılma yolu ilə zərərsizləşdirilməsi prosesi həyata keçirilib.
Qeyd edək ki, “NomadMania” səyyah klubunun təşəbbüsü ilə gerçəkləşən səfərdə dünyanın 30 ölkəsinin – ABŞ, Britaniya, Belçika, Almaniya, İsveçrə, Polşa, Niderland, Fransa, Braziliya, Mərakeş, Danimarka, Çili, Portuqaliya, Sierra Leone, Ruanda, Suriya, Hindistan, Serbiya, Yunanıstan, Albaniya, Türkiyə, Slovakiya, Sinqapur, İtaliya, İspaniya, İran, Kamerun, Çin, Avstraliya və Yeni Zelandiyanın səyyah elitasında yer alan nüfuzlu beynəlxalq səyahətçiləri iştirak edir. Heyət 3 gün ərzində Qarabağda və Şərqi Zəngəzurda olacaq. Onlar aparılan nəhəng bərpa və quruculuq işlərini, minatəmizləmə fəaliyyətini, Ermənistan tərəfindən işğal dövründə törədilmiş vəhşilikləri, dağıntıları müşahidə edir.
Bu səfər azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılmasında müstəsna rol oynayır.
Qeyd edək ki, Vətən müharibəsindən ötən 5 il ərzində dünyanın əsas beynəlxalq səyyah şəbəkələrinin – ETIC, MTP, TCC, NomadMania və əksəriyyəti bu klubların üzvləri olan Türkiyə Gəzginlər Klubu, Club-100 (İsveç), “Piki Reels” (Böyük Britaniya), “Vagaclub” (Norveç) klublarının geniş tərkibdə heyətlərinin 12 dəfə Qarabağ və Şərqi Zəngəzura səfərləri gerçəkləşib. Budəfəki səfər isə prosesin davamı olmaqla, beynəlxalq səyyahların azad edilmiş ərazilərə sayca 13-cü qrup səfəridir.