Dünya miqyaslı dörd nəhəng səyyah klubundan biri olan – “Most Traveled People” (MTP) səyahət klubunun 35 nəfərlik heyəti Qarabağa və Şərqi Zəngəzura səfəri çərçivəsində Şuşa şəhəri ilə tanış olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Şuşa şəhər mərkəzi meydanına gələn səyyahlar Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinə baxıblar. Qonaqlara Şuşa şəhəri, onun işğal dövründəki vəziyyəti və burada həyata keçirilən yenidənqurma işləri barədə məlumat verilib. Bildirilib ki, otuz illik işğal dövründə Şuşa şəhərindəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə start verilib. İnfrastrukturun qurulması ilə yanaşı, Şuşada şəhərin əsl tarixi simasının, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılıb.
Səyahətçilər sonra Xurşidbanu Natəvanın evi, Xan qızı bulağı olan ərazi və qala divarları, Yuxarı Gövhər Ağa məscidi ilə tanış olublar.
Sonda Cıdır düzünə gələn səyyahlar buradan açılan əsrarəngiz mənzərəni seyr ediblər.
Qeyd edək ki, adı dünyanın ən böyük səyyahları siyahısında ilk onluqda yer alan Çarlz Vilinin (Charles Veley) rəhbərlik etdiyi heyətin səfərinə 13 ölkədən beynəlxalq səyahətçilər qatılıblar. Bu ölkələr sırasında ABŞ, Böyük Britaniya, Almaniya, İsveçrə, Norveç, İsveç, Portuqaliya, Filippin, Polşa, Macarıstan və digərləri də var.
Klubun budəfəki səfəri üç gün davam edəcək. Heyətin Qarabağa səfəri Füzulidən başlayıb. Bu gün beynəlxalq səyahətçilər Xocavənddə, Şuşada, Xankəndidə və Ağdamda olacaq. Sabah isə onlar Şərqi Zəngəzura səfər edəcək. Səfərin sonuncu günündə isə heyət Zəngilanda və Cəbrayılda olacaq.
Bu, klubun üzvlərinin işğaldan azad edilmiş ərazilərə dördüncü səfəridir. MTP daha əvvəl Qarabağa və Şərqi Zəngəzura üç dəfə səfər edib. Vətən müharibəsindən ötən dörd il ərzində isə 50-yə yaxın ölkədən 400-dək beynəlxalq səyahətçi böyük qruplarla Qarabağa və Şərqi Zəngəzura 10 dəfə səfər edib. Bugünkü səfər bu qəbildən olan sayca 11-ci səfərdir.
Nəzərə alsaq ki, beynəlxalq səyyahların sosial mediada dünyanın ən müxtəlif bölgələrindən xeyli sayda izləyici ordusu var, belə səfərlər azad edilmiş ərazilərdəki böyük dağıntılar və aparılan nəhəng quruculuq-bərpa işləri ilə yerində tanış olmağa imkan yaratmaqla, reallıqların dünyaya nümayişi üçün müstəsna əhəmiyyət daşıyır.