Nə qədər ki, Gündüz müəllimin vaxtsız vəfatından bir ay keçməyib, onun sağlığından danışanda “düz bir ay bundan qabaq” ifadəsindən istifadə etmək olur.
Məsələn, bu günlərdə yadıma düşdü ki, ötən ilin dekabrında iş yoldaşımız və dostumuz Mehmanın ad gününü qeyd etmişdik. Gündüz müəllim həmişə olduğu kimi həmin məclisdə də şən idi, danışırdı, gülürdü…
Bu gün yanvarın 22-ci günüdür. Ötən ilin dekabrının 22-də də Gündüz müəllim işdə idi və biz həmin gün də həmişə olduğu kimi xeyli söhbətləşmişdik…
Gündüz müəllim 2018-ci ilin 24 dekabrından 25-nə keçən gecə dünyasını dəyişdi. Və ikicə gündən sonra onun sağlığından danışanda “düz bir ay bundan qabaq” ifadəsindən istifadə edə bilməyəcəyik.
Fevral ayının 2-də də onun 40 mərasimi olacaq…
Sonra isə…
Xatirələr qalacaq. Bəlkə də xatirələr yenidən canlanmaq üçün Gündüz müəllimin vəfatından bir qədər uzaqlaşmağımızı gözləyir? Axı bu günümüzdən kim bilir neçə işıq ili məsafəsində olan xatirələr də var. Onların hamısı şəkillərin dilində sənədləşməyib axı…
Amma şəkillərin şahidlik etdiyi xatirələrimiz də çoxdur.
1996-cı ilin aprelində Gündüz müəllimlə bir redaksiyada işləyirdik. O zaman Bakıda çoxmərtəbəli binalar o qədər də çox deyildi. Bizim redaksiya azsaylı “göydələn”lərdən birinin 17-ci mərtəbəsində yerləşirdi. Və günlərin bir günü, göyün az qala yeddinci qatında olan redaksiyada şəkil çəkdirmişdik…
Şəkildə düz 7 adam var. Və mənim arxivimdə olan şəklin arxasında 6 rəy, 6 fikir yer alıb. Rəylər, fikirlər mənə ünvanlanıb. Gündüz müəllim yazıb: “Elə bir neçə dəqiqədən sonra mübahisə edəcəyimizə əminəm. Həmişə qalib gələn Nəsibov.”
1996-cı ildə mənim 25, Gündüz müəllimin 29 yaşı vardı…
O zaman biz tez-tez mübahisə edirdik. Ən müxtəlif mövzularda. Qalib gələn də olurdu, uduzan da.
Sonralar fikirlərimiz az qala konqruent fiqurlar kimi üst-üstə düşməyə başladı.
Və biz sadəcə olaraq söhbətləşməyə başladıq.
Düz bir ay bundan qabağa qədər belə oldu…