Dvin şəhəri Parfiyanın Armeniya (Ermənistan) əyalətinin parf mənşəli Arsakilər sülaləsindən olan Trdatın oğlu, “Kotak” ləqəbli II Xosrovun hakimiyyəti zamanı (330-338-ci illər) salınmışdı. Hesab edilir ki, bu şəhər indiki İrəvan ərazisindən təqribən 35 kilometr cənubda yerləşmişdi.
Dvin şəhəri 428-ci ilə qədər, yəni Armeniyanın part sülaləsinin süqutuna qədər Kiçik Arsaklıların mərkəzi şəhəri olmuşdu. Bu dövrdən sonra şəhər Sasanilərin əlinə keçmiş və onların canişinlik mərkəzi rolunu oynamışdı. Lakin bu dövrdə bölgə tez-tez əldən-ələ keçərək gah Xəzər Xaqanlığının, gah da onların müttəfiqləri olan Bizans İmperiyasının nəzarəti altında olmuşdu.
642-ci ildə ərəblər Dvin şəhərini ələ keçirirlər. Lakin bölgə Ərəb Xilafəti ilə Xəzər Xaqanlığı arasında savaş meydanına çevrilir. Daha sonra isə Bizans İmperiyası da Şərqi Anadolu və Qafqaz üzərində nüfuzunu saxlamaq üçün Ərəb Xilafəti ilə döyüşlərə qoşulur. 893-cü ildə baş verən zəlzələ zamanı bölgə böyük tələfatlara məruz qalır və Dvin şəhəri əhalisinin bir çoxu bu təbii fəlakət nəticəsində həlak olur. Bundan sonra Abbasilər sülaləsinin zəifləməsi nəticəsində Dvin və ətrafı xristianlığı qəbul etmiş yəhudi əsilli Baqrati knyazlığının tabeliyinə keçir. Xilafətin zəifləməsindən istifadə edən Baqratilər yarımüstəqil siyasət yeritməyə çalışırdılar. Lakin bir çox siyasi və hərbi oyunlardan sonra 1045-ci ildə bizanslılar Dvin şəhərini Baqratilərin əlindən alırlar. Amma şəhər bizanslılarda çox da qalmır və artıq 1064-cü ildə Səlcuq türkləri Dvini fəth edirlər və bundan sonra şəhəri onların təyin etdikləri canişinlər idarə edirlər. 1173-cü ildə Baqrati soyundan olan Gürcüstan çarı III Georgi qıpçaq qoşunlarının yardımı ilə Dvin şəhərini Səlcuqilərdən alır. Daha sonra Səlcuqilərin qoşun birlikləri ilə əsasən qıpçaqlardan ibarət olan Gürcüstan orduları arasında döyüşlər baş verir və şəhər bir neçə dəfə əldən-ələ keçir. 1201-1203-cü illərdə – kraliça Tamaranın hakimiyyəti dövründə Dvin yenə də qısa zaman üçün Gürcüstan hüdudlarına alınır. Lakin 1236-cı ildə Dvin şəhəri monqol-tatar orduları tərəfindən tamamilə yerlə-yeksan edilir və tarixin səhnəsindən silinir.
Dvin şəhərinin qısa rəsmi tarixi bundan ibarətdir. Lakin son Sasanilər və Xilafət zamanı bölgə üzərində nəzarət, əsasən, Xəzər Xaqanlığına keçir ki, bu fakt nədənsə rəsmi tarix tezislərində qətiyyən işıqlandırılmır. Şəhərin “Dvin” (Դվին) şəklindəki transkripsiyası gec dönəm erməni yazılışıdır və bugünkü tarix ədəbiyyatında yer almışdır. Halbuki, şəhərin adı tarixi əsərlərdə fərqli şəkillərdə tələffüz olunur. Məsələn, erməni salnaməçisi Movses Xorenatsinin “Tarix” kitabının 1841-ci ildə Fransada nəşr olunmuş nüsxəsinin orijinal mətnində şəhərin adı Դուինşəklində qeyd olunmuşdur.
Bu da günümüzdəki şərqi ermənicə tələffüz edildikdə Douin/Dowin şəklində oxunur. Lakin mətnin fransızca tərcüməsində şəhərin adı Touinşəklində yazılmışdır. Çünki -Դ hərfi şərqi ermənicədə -d kimi oxunduğu halda, qərbi ermənicədə -t kimi tələffüz edilir. XIII əsr erməni salnaməçisi Vardapet Vardan Areveltsinin “Tarix” adlı əsərinin Mkrtıç Emin (Nikita Osipoviç, 1815-1890, həm də Rus çarının gizli müşaviri) tərəfindən edilmiş rusca tərcüməsində isə şəhərin adı bir yerdə Duin şəklində tələffüz olunur: “Pars çarı Hörmüzdün hakimiyyətinin ikinci və Konstansinin səkkizinci ilində taxta keçən bizim Xosrov öz ölkəsində 9 il padşahlıq elədi. O, “təpə” anlamını verən Duin şəhərini qurdu, oraya Artaşat şəhərinin əhalisini onların razılığı ilə köçürdü və özünə saray tikdirdi”. Lakin həmin əsərin digər hissələrində şəhərin adı bir neçə dəfə Devin (Tevin) şəklində də qeyd olunmuşdur: “Sembat (Smbat) padşahın izni ilə öz torpağına baxmaq üçün yola çıxdı. Devinə gəldikdən sonra isə müqəddəs Vardan tərəfindən taxtadan tikilmiş müqəddəs Qriqori adına kilsəni yenidən inşa etdi…”; “1178-ci ildə müqəddəs xaçın gücü ilə Yerusəlim (Qüds) kralı öz 300 cəngavərinin başında 140 minlik ordusu ilə Yerusəlimi almağa gəlmiş Səlahəddini (Səlahəddin Əyyubi) darmadağın etdi. Onun (Səlahəddinin) ilk adı “Usuyt” idi. Devinli bədbəxt Əyyubun oğlu idi. Şöhrət qazandıqdan sonra isə Səlahəddin, yəni “dinin barışı” kimi ad qazandı…”.50 Bəllidir ki, bir tarixi salnamənin içində şəhərin adı bir necə cür tələffüz olunursa, bu da müxtəlif dövrlərdə əsərin üzünü köçürən, onu redaktə edən katiblərin fərqli tələffüzləri ilə əlaqədardır. Məsələn, Vardanın yuxarıda adı çəkilən əsərinin qrabarca Venesiya nüsxəsində şəhərin adı bütün hallarda Դուին (Dowin/Towin) şəklində qeyd olunmuşdu.
Görünür, Venesiya nüsxəsinin tərtibatçıları şəhərin adının vahid transkripsiyası barədə ortaq qərar almışdılar. Çünki Favstos Buzandın (IV-V əsrlər) əsərinin qrabarca Venesiya nüsxəsində də şəhərin adı Դուին (Dowin/Towin)şəklində qeyd olunmuşdu.
Qeyd edək ki, şəhərin adı yunanca Bizans qaynaqlarında da müxtəlif şəkillərdə göstərilir. Və hətta eyni əsərin tərcümələrində belə, şəhərin adının azacıq da olsa fərqli şəkildə tələffüz olunduğu müşahidə edilir. Məsələn, BizansRoma tarixçisi və salnaməçisi Kayserili Prokopinin (V-VI əsrlər) külliyyatının A.Çekalova tərəfindən ruscaya edilmiş tərcüməsində şəhərin adı Duviy şəklində qeyd olunmuşdu.
Lakin Prokopinin Londonda çap olunmuş yunanca orijinal mətnində Δουβιος (Doubios) kimi yazılmışdı54. Bizans imperatoru Konstantin P o r f i r o g e n e t i n “İmperiyanı idarəetmə” adlı kitabında isə şəhərin adı Τιβι (Tibi) şəklində qeyd olunur. Bundan başqa, digər Bizans qaynaqlarında şəhərin adı Tibin, Tibios, Tibiou, Tiben kimi də xatırlanır. Ərəbcə qaynaqlarda şəhərin adı çox zaman Dəbil şəklində verilir. Lakin islam aləminin bəzi yazarları onu öz əsərlərində Dawin/Duwin şəklində də tələffüz etmişlər. Digər yazılışlar da mövcud olmuşdu.
Fəzlullah Rəşidəddin (XIIIXIV əsrlər) qeyd edir ki, “Dovin şəhəri Azərbaycan vilayətlərinə aiddir”. Yaqut Həməviyə (XII-XIII əsrlər) görə isə “Davin şəhəri Azərbaycanın kənar hüdudlarında yer almışdır”. Dvin şəhərinin adı əldə olan qaynaqlarda ilk dəfə Favstos Buzandın qrabarca “Tarix” əsərində çəkilir. Müəllifin Dvin barədə yazı olan mətnində qeyd edilir ki, “Metsamor vadisindəki təpə Dvin adlanır”. Bununla da Favstos müəlliflər arasında şəhərin etimologiyasını açıqlayan ilk yazardır. Movses Xorenatsinin “Tarix” əsərində də bu barədə qeyd vardır: “Xosrov öz iqamətgahını ormanlıq üzərində (yüksələn) hündür yerə köçürür. Orada kölgəli imarətlər tikir. Bu yerin adı parsca “Dvin”, yəni təpə adlanır”.
M.Xorenatsidən sonra ermənicə yazan digər müəlliflər də (Asolik, Vardan və s.) şəhərin adının məhz bu etimologiyasını təsdiq edirlər. Bu etimologiyanı Musa Xorenlinin əsəri ilə tanış olan süryani salnaməçisi Suriyalı Mixail (XII əsr) də təkrarlayır: “Trdatdan sonra iyirmi il ərzində onun oğlu Xosrov hökm sürdü. O, Gegam dağı yaxınlığında, Azat çayının üzərində şəhər qurdu. Onu parsca Dovin adlandırdı ki, bunun da mənası blur (ermənicə – təpə) deməkdir”.60 Yuxarıda göstərilmiş məlumatlardan bəlli olur ki, bir neçə salnaməçi Dovin/ Tovin şəhərinin adının mənasını “təpə”, ya da “təpəlik” kimi yozmuşdular.
M.Xorenatsinin kitabında isə şəhərin adının parsca, yəni orta fars mənşəli olduğu vurğulanmışdı. Bu da müasir tarixçiləri təəccübləndirmiş və çaşdırmışdı. Çünki nə orta farscada, nə də digər İran dillərində şəhərin adının belə yozumu müəyyən edilməmişdi. Nəticədə, qərara alınmışdı ki, Movses Xorenatsi əsərinin bu yerini F.Buzandın kitabından götürmüş və guya yanlış anlayaraq “təpə” kimi oxumuşdu. Sonrakı müəlliflər isə, sadəcə olaraq, M.Xorenatsinin məlumatını kor-koranə təkrarlamışlar. Rus-sovet şərqşünası və tədqiqatçısı Vladimir Minorski (1877-1966-cı illər) isə güman edirdi ki, ola bilsin parf soylu Arsakilər şəhərin adını öz vətənləri olan Türkmənistan çöllərindəki toponimlərdən mənimsəmişlər. Bununla da görünür, Minorski ikimənalı, üstüörtülü şəkildə şəhərin adının türkcə olduğuna işarə vururdu. Fərz edək ki, M.Xorenatsi F.Buzandı tamamilə yanlış anlamışdı. Elə isə nə üçün şəhərin adının “pars dilində” olması qənaətinə gəlmişdi? Axı, həmin dildə bu cür söz yoxdur! Həm də qrabarca mətnlərdə pəhləvi dilindən götürülmüş sözlər və ifadələr çoxdur və erməni müəllifləri həmin dildə bu kəlmənin olmadığını yaxşı bilməli idilər! Görünür, müasir tədqiqatçılar şəhərin adının etimologiyasını digər dillərdə aramamışlar, daha doğrusu, aramaq istəməmişlər. Çünki şəhərin təpə kimi semantik anlamı farsca deyil, türkcə vasitəylə açıqlanır. İlk olaraq xatırladaq ki, şəhərin qurucusu Xosrovun boyu qısa olduğuna görə türkcə Kotak (gödək) ləqəbini daşıyırdı. Ümumiyyətlə, Arsakilərin leksikasında türkcə sözlər təəccüb doğurmamalıdır. Çünki, Kiçik Arsakilər sülaləsi tarixi qaynaqlara görə türk əsilli köçəri sak boylarından gəlirdilər. Ümumən götürdükdə, orta farscada və təbii ki, pəhləvicədə alınmış türkcə söz və terminlər az deyildir. Lakin dovin-tovin-təpə sözü türk dillərində tepe-depe-tapa-dapa kimi bu gün də geniş şəkildə işlədilir.
İlk olaraq onu qeyd edək ki, bu söz əski türkcə mətnlərdə töbü, töpü61, töbü/ töpö/töpü və depe/tebe/tepe/töpe kimi göstərilmişdi. Bundan başqa, Orta əsr türkcə mətnlərdə həm də “daban” (dağ, təpə) sözü yer almışdır. Göründüyü kimi, türkcə “təpə” sözünün töbü, töpö, töpü, depe, tebe, tepe, töpe və daban şəklində ifadə tələffüzləri Dvin şəhərinin qaynaqlarda Duin, Douin, Touin, Dovin, Tobin, Devin, Tebin, Davin, Tibin, Tibion, Tibios, Doubios, Tibiou, Tibēn, Tibi şəklində olan modifikasiyaları ilə səsləşir, bəzən isə üst-üstə düşür. Yunan və erməni əlifbalarında dilimizdə olan yumşaq -ö -ü saitləri olmadığından bu səslər -a, -o, -u saitləri ilə, bəzən -au, -ou diftonqları ilə əvəz olunurdular.
Yəni, Movses Xorenatsinin “Dvin” etimologiyasına verdiyi yozum yalnız türk dili vasitəsilə öz təsdiqini tapır. Yuxarıda göstərilən məlumatlara əsasən bəlli olur ki, Movses Xorenatsi şəhərin adını izah edərkən heç bir səhvə yol verməmişdi. Lakin “təpə” sözünün parsca olduğunu qeyd edərkən xəta buraxmışdımı? Bəlkə Xorenatsinin mətninin üzünü köçürən orta əsr katibləri səhvə yol vermiş və “part” istilahını “pars” sözü ilə əvəzləmişdilər? Ümumən götürdükdə, erməni mətnlərində qəribə bir tendensiya müşahidə olunur. Məsələn, Orta əsr erməni salnaməçiləri bəzən türkləri “pers” də adlandırmışlar. Smbat Sparapet (XIII əsr) kitabında Səlcuq sultanı Toğrulu “pers”, qoşununu isə “pers ordusu” adlandırmışdı: “Erməni təqviminə görə 498-ci ildə, Monomaxın dövründə pers sultanı Toğrul çoxsaylı ordusu ilə Ermənistana daxil oldu”; “Sultan Toğrulun əmri ilə pers sərkərdələri çoxsaylı qoşunları ilə Kamax, Pagin, Tlxum və Arki vilayətlərinə soxuldular”.
Smbat Sparapetin qərəzli yazılmış bu kitabının digər yerlərində də səlcuq türkləri “pers” adlandırılır. Amma məlumdur ki, nə sultan Toğrul, nə də səlcuqlar pers əsilli olmamışlar. Eyni dəst-xətt daha erkən erməni salnaməçisi Aristakes Lastivertsinin (XI əsr) kitabında da müşahidə olunur: “Böyük Konstantindən başlayaraq saysaq, Diogen altmışıncı imperator idi. O gördü ki, pers kralı onun imperiyasının az olmayan hissəsini zəbt etdi, yunan canişinlərini qovub çıxartdı, sonra da böyük qənimət və əsirlərlə öz ölkəsinə qayıtdı”. Həmin əsərdən digər bir misal: “O, (Diogen) pers kralının düşərgə qurduğu vilayətin hüdudlarına yaxınlaşdı. Perslərin düşərgəsinin qarşısında öz düşərgəsini qurdu və savaş gününü təyin etdi. Pers sultanı həyəcanlanmışdı və vaxt itirmədən məkrlə döyüşü başlamaq istəyirdi… Qüdrətli pers oxçularının qarşısında tab gətirən qoçaqların hərbi cəsurluğuna diqqət etdi, halbuki, onların çoxunun imperatora münasibəti pis idi”.
Məlumdur ki, Bizans imperatoru Diogen nə farslarla, nə də fars sultanları ilə müharibə etməmişdi. Onun dövründə, ümumiyyətlə, nə fars sultanı, nə də fars ordusu var idi. Yuxarıda adı çəkilən hadisə Diogenlə səlcuq sultanı Alparslan arasında 1071-ci ildə baş vermiş Malazgirt savaşı idi. Bizans qaynaqları da tarixdə türkləri bəzən farslarla səhv salsa da, çox zaman səlcuqları “türk”, bəzən isə “skit” (skif) adlandırırdı. Lakin erməni qaynaqları nə üçün bu cür səhvlərə yol verir? Məgər erməni müəllifləri türkləri farslardan guya seçə bilmirdilər? Axı bəzi sonrakı erməni müəlliflərinin əsərlərində də türk əsilli hökmdarlar, bəzi türk dövlətləri farslara aid edilir. Məsələn, erməni katolikosu Simeon Yerevantsi (XVII-XVIII əsrlər) “Cambr” əsərində Qaraqoyunlu sultanı Cahan şahı “fars hökmdarı” adlandırmışdı.
Digər erməni salnamələrində də demək olar ki, hər zaman Səfəvi, Əfşar, Qacar dövlətləri və sülalələri farslara şamil olunur. Halbuki, erməni yazarı Arakel Davrijetsi (XVI əsr) və başqaları türkman padşahları ilə söhbətləri türkcə qeydə almışdılar. Katolikos Abraam Kretatsi (XVIII əsr) də Nadir şah Əfşarla söhbətlərinin bir qismini türkcə yazmışdı. Buna baxmayaraq, ermənilər ənənəyə sadiq qalaraq, bu gün də Nadir şahı “fars” kimi qələmə verməyə çalışırlar. Demək olar ki, bütün erməni salnamələrinin üzü bizim bölgədən çox uzaqlarda köçürülmüş, ciddi redaktə və əlavələrə məruz qalmışdı.
Konkret olaraq bu dəyişikliklər Qərbi Avropada, daha dəqiq desək, Qərb Kilsəsinin himayəsi altında aparılmışdı. Belə ki, Orta əsr Qərbi Avropa tarixçiləri türkləri “fars” adlandırır, türk dövlətlərini “pers dövlətləri” kimi tanıtmağa çalışırdılar. Lakin bölgədə yaşayan erməni yazarları türkləri farslarla qarışdırmamalı idilər. Çünki həm farsları, həm də türkləri çox yaxşı tanıyır, onları bir-birindən fərqləndirə bilirdilər. Beləliklə, mətnlər yenidən redaktə edilərkən onlara uyğun gəlməyən bəzi hissələr çıxarılmış, yeni-yeni əlavələr edilmiş, bəziləri isə təhrif olunmuşdular.
Nazim Mustafa, Araz Qurbanov, Elşad Əlili. “Erməni saxtakarlığı. Yalan üzərində qurulan tarix” kitabından