Uzun müddət elə hesab etmişəm ki, bütün insanları iki qrupa ayırmaq olar. Düşünmüşəm ki, birinci, daha böyük qrupa ekspert ola bilməyən, ikinci, müqayisəyəgəlməz dərəcədə kiçik qrupa isə ekspert ola bilən insanlar daxil edilməlidirlər.
Yanılmışam.
Lap bu yaxınlarda başa düşə bildim ki, istisnasız olaraq bütün insanlar ekspert ola bilərlər. Və əgər kimsə ekspert deyilsə, “günah” əlbəttə ki, onun özündədir.
Ekspert olmaq üçün nə etmək lazımdır?
İlk mərhələdə ekspert olmağa iddialı şəxs ürəyinə yatan sahəni seçməli və vaxt itirmədən sosial şəbəkələrin yaratdığı imkanlardan istifadə edərək açıqlamalar verməyə başlamalıdır. Təvazökarlıq etməmək və yeri gəldi-gəlmədi həmin sahənin peşəkarlarının bostanına “artilleriya zərbələri” endirmək şərtilə.
Müəyyən müddət keçdikdən sonra ekspert olmağa iddialı şəxsin səyləri dördüncü hakimiyyət nümayəndələrinin diqqətini çəkəcək. Bu isə o deməkdir ki, ikinci mərhələ artıq başlayıb. Bu mərhələdə ekspertin dəyərli fikirləri media vasitəsilə bol-bol translyasiya olunmalıdır.
Üçüncü mərhələ də var.
Bu mərhələdə artıq ekspert kimi özünü əsasən təsdiqləmiş, tanınmış fərd ağır oturub batman gəlməli, çıxışlarına yüngül ironiya, bəzi hallarda isə sarkazm qatmalıdır.
Ən əsası isə, sözügedən şəxs hər üç mərhələdə bir an da olsa unutmamalıdır ki, geniş ictimaiyyət tərəfindən həvəslə qəbul edilən ugurlu ekspert əslində hamının bildiyini mürəkkəb formada ifadə etməlidir. Məhdud sayda adamların bildiyini sadə dillə geniş auditoriyaya çatdırmağa ehtiyac yoxdur.
Yazının sonunda fizik və filosof Aleksey Burovun bir neçə ay bundan əvvəl “Granite of science” elmi və kütləvi jurnalına verdiyi müsahibəyə diqqət çəkmək istəyirəm. Alim bildirib ki, ekspertlər bütün elm məkanını doldurublar. Aleksey müəllim düşünür ki, XX əsrin birinci yarısında yaşayıb-yaratmış ispan filosofu Orteqa-i-Qassetin “kütlələrin üsyanı” adlandırdıgı fenomen artıq gerçəkləşib. Tarixi, humanitar, fəlsəfi nöqteyi-nəzərdən azsavadlı insan öz sahəsinin eksperti kimi elmin əsas nümayəndəsinə çevrilib. Və bu insanın sayəsində universitetlərin bir çox fakültələri texniki peşə məktəblərindən başqa bir şey deyil. Hərçənd ki, bu məktəblər bəzən yüksək səviyyəli olur…
Amerikada yaşayan alim Burov yəqin elə okeanın o tayındakı reallıqlardan bəhs edir. Və elm adamlarının ekspert kimi tanıdıqları, qəbul etdikləri adamlardan danışır.
Fuad Babayev