1905.az-ın suallarını tanınmış jurnalist Elçin Alıoğlu cavablandırdı
– Elçin müəllim, belə bir təsəvvür var ki, mediaya 1990-cı illərin ortalarından etibarən gələn insanların əksəriyyəti başqa sahələrdə uğur qazana, karyera qura bilməyəcəyini bilən insanlardır. Belədirmi?
– Təbii ki.
– Bu niyə belə oldu?
– Niyə də belə olmamalıdır?
– Yəni 1990-cı illərin ortalarında mediada uğur qazana bilənlərin başqa sahələrdə uğur qazana bilməmələri nə ilə şərtlənirdi? Media axı çətin sahədir. Burada uğur qazananlar başqa sahələrdə də uğur qazana bilərdi. Elə deyilmi?
– Eyni məcrada söhbəti davam etdirsək, soruşa bilərik ki, M.Lomonosov adına Moskva Dövlət Universitetini bitirən şəxs niyə Gədəbəydə dərs deyir? Yaxud nə üçün kulinariya məktəbini bitirmiş şəxs gözəl rəssamdır? Ya da avtomobil hissələrinin satışı biznesi ilə məşğul olan kəs günlərin birində hər şeyi atır, kulinariya sahəsinə keçir və postsovet məkanının ən yaxşı aşbazına çevrilir. Bilirsiniz, aldığı peşə üzrə işləməyən adamlar əksər hallarda ixtisası üzrə işləyən adamlardan daha yaxşı, daha keyfiyyətli, daha çevik işçi olurlar. Bunun çox asan sirri var. Mən ingilis dilini həvəskar səviyyədə öyrənirəmsə, ingilis dilindəki mətndə orfoqrafik səhvi dərhal tutacağam. Rusdilli vətəndaşlarımız Azərbaycan dilində yaxşı bilməsələr də, Azərbaycan dilindəki mətnlərdə olan səhvi dərhal tuturlar. Çünki dayanıqlaşmış, stabilləşmiş informasiyanın vizual qəbulu insanın həyatını müəyyənləşdirir. Bəli, 1990-cı illərdə jurnalist olmayan bir çox şəxslər mediaya gəldilər. Mən özüm də ixtisasca jurnalist deyiləm. İxtisasım nəqliyyatın idarə edilməsi və avtomobil daşımalarının təşkilidir. Amma oxuduğum kurslar var. Bu kursların içərisində 3 aylığı da, 1 illiyi, 5 illiyi, 6 illiyi də var. İnsan sevdiyi işlə məşğul olmalıdır. Çünki biz hər gün ömrümüzün bir neçə saatını bu işə həsr edirik. Mediaya gələnlər heç də başqa sahələrdə uğursuz insanlar deyillər. Günlərin birində başa düşürlər ki, onların seçimi yanlışdır. Və o seçimdən vaxtında qurtulmaq çox yaxşıdır. Dünyanın aparıcı media strukturlarının rəhbərlərinin heç birinin jurnalist təhsili yoxdur. Ən məşhur jurnalistlərin əksəriyyəti, onların arasında Puliser mükafatının sahibləri də var, jurnalist fakültəsini qurtarmayıblar. Dünyanın ən məşhur sosial şəbəkələrini yaradanların heç biri media mütəxəssisi olmayıblar. Stiv Cobs, Sukerberq, Evan Şpigel universiteti yarımçıq atıb və belə faktlar çoxdur. Azərbaycandakı bu tendensiyanı mən nə tənqid, nə də təqdir edirəm. Azərbaycan mediası bu gün Cənubi Qafqazda ən sürətlə inkişaf edən, ən geniş auditoriyaya malik olan mediadır. Bunu statistik hesablamalar və gündəlik işimiz də təsdiq edir. Hərçənd əgər-əskikliklər həddən artıq çoxdur.
– Sirr deyilsə, şəxsən Sizin mediaya gəlişiniz necə oldu?
– Qətiyyən sirr deyil. Mənim mediaya gəlişim tamamilə təsadüfi olub. Mən bizneslə məşğul idim və nə qədər paradoksal olsa da, alim olmaq istəyirdim. Bizneslə ona görə məşğul idim ki, hesablamalarıma görə yüksək ixtisaslı fəhlənin maaşı elmlər namizədinin maaşından 2-3 dəfə çox idi. Mən ali məktəbdə axşam təhsili alırdım ki, işləyə bilim. Günlərin birində başa düşdüm ki, biznes mənlik deyil və qərara gəldim ki, özümü başqa sahədə sınayım. Çünki biznesdə mən həyəcan hiss etmirdim. Elmlə məşğul olmaq da məni usandırdı. Hərbi xidmətdən sonra mediaya keçməyi qərara aldım. Çox az tirajlı bir qəzetdə fotoşəkillərdəki simaları retuşlayırdım. Qocanı cavan, kifiri gözəl, kökü arıq edirdim, başqa sözlə həqiqəti sanki gizləyirdim. Günlərin birində redaksiyada heç kim olmadığından tədbirlərdən birinə mən getməli oldum.
– Bu hansı illər idi?
– Xatirimdə deyil. Bircə o yadımdadır ki, nə kompüter, nə diktofon var idi, dörd redaksiyanın yerləşdiyi binada yalnız bir çap maşını vardı. Qəzetlər qurğuşun şriftlərlə çıxırdı və bizə tərsinə oxumağı öyrədirdilər. Jurnalistin səhv etməsi böyük faciə sayılırdı, çünki hərfləri təzədən əritmək lazım gəlirdi. Nə isə tədbirə getdim və balaca bir yazı yazdım. Yazı çox böyük əks-səda doğurdu. Beləcə məni dəvət etdilər ki, jurnalist olum. Mən məktəbdə rus bölməsini bitirmişdim. Ona görə də başladım Azərbaycan dilini öyrənməyə. İlk müəllimim yazı və düşüncə tərzimə, gördüklərimi olduğu kimi qəbul etmək seçimimə təsir edən Cəlil Məmmədquluzadə oldu. Mən onun əsərlərini oxuyaraq Azərbaycan dilini öyrənirdim. Əsas prinsipim oxucunu aldatmamaqdır. Oxucuda illüziya, yanlış arzulara sitayiş hissi yaratmamaq, efemer ideyaların arxasına düşüb, kimlərinsə əlilə qurbanlıq quzu olmasına imkan verməməkdir. Çünki bizim ağ gördüklərimiz heç də ağ deyil. Əslində fizikada rəng anlayışı yoxdur. Rəng bizim vizual qəbul etmə formatlarımızdan biridir. Çalışıram ki, oxucu mənə yox, özünə inansın. İstənilən yazımda oxucuya ağıl öyrətmək, yol göstərmək fikrindən çox uzağam. Oxucu özü oxuduğu haqqında qərar verməlidir. Mənsub olduğum millət və dinlə alət kimi rəftar etmək istəyən dəllallar, fırıldaqçıları zərrəbin altına çəkirəm və şəxslərə keçmədən əməllərini təhlil etməyə çalışıram.
– Oxucu auditoriyasının ümumi hazırlıq səviyyəsi və məlumatlılığı azalmağa doğru gedir, fikri ilə razılaşırsınızmı?
– Qətiyyən. Mən dəqiq elmlərin aşinası olduğum üçün faktları sevirəm. Oxucularımız arasında hər xasiyyət, hər yaş və hər seçim sahibləri var. Bizim saytımızda “Qədir-xum” bayramı ilə bağlı geniş müzakirələr gedirdi. Orada şərh yazanlar ayələrə, təfsirlərin səhifələrinə kimi dini dərindən bilən insanlar vardı. “Nəhcül-bəlağə”yə, risalələlərə gedirdilər. Yaxud şou-biznes haqqında xəbər veririk. Biri yazır ki, bu xanım Marlen Ditrixə oxşayır. Digəri yazır ki, yox, sən səhv edirsən, bu xanım əslində Vivyen Linin filan filmindəki obrazına bənzəyir. Belə oxucularımız da var, savadsız oxucularımız da var.
– Yəni hər halda oxucu geri getməyib?
– Qətiyyən.
– Bəs jurnalistikamız necə?
– Jurnalistika da inkişaf edib. Xəbərləri qavqama mədəniyyəti, onları qəbul və həzm edib, emaletmə və çatdırma baxımından jurnalistika həddindən artıq sürətlə inkişaf edib. Həyat bunu tələb edir. Jurnalistika sözün yaxşı mənasında biznesdir. Hazırki jurnalistikadakı uğursuzları, ideallara qapılanları, öz aləmində xəyallarındakıları hazır məhsul kimi kiməsə təqdim etmək istəyənləri, təkamülü qəbul etməyənləri, daim inqilab axtarışında olanları oxucu qəbul etmir. Oxucu inqilab yox, təkamül tərəfdarıdır.
– Bəs Sizcə, cəmiyyətdə jurnalistə olan etinasızlıq nədən qaynaqlanır?
– Bütün günü insanların əhatəsindəyəm. Və hər yerdə fəxrlə deyirəm ki, jurnalistəm, reportyoram. İnsanlar həmişə qarşılaşdıqları subyektin timsalında cəmləşdirilmiş fikir yürüdür. Məsələn, kimsə heç vaxt liberiyalı görməyib və Bakıda qarşısına çıxdığı liberiyalı turist əsasında bütün liberiyalılar haqqında fikir yürüdür. İnsanlar da hansısa jurnalistin yaramaz fəaliyyətini görəndən sonra bütün jurnalistlər haqqında fikir yürüdürlər. Ümumi fikir yürütmək həm məntiq, həm sosiologiya, həm psixologiyaya, həm də bütün qanunlara zidd bir şeydir. Mozaikanın bir hissəsinə görə bütün mozaika haqqında fikir yürütmək olmaz.
– Azərbaycan oxucusunun daha çox şou-biznes, kriminal haqqında yazılara üstünlük verməsi haqqında fikirlərə münasibətiniz necədir?
– Azərbaycandakı on-layn media nümayəndələrinin hamısı deyə bilər ki, səhər saat 6.40-dan 9-adək xəbərlərin ən çox oxunduğu vaxtlardır. Bizdə belə bir təsəvvür var ki, oxucu gözündə eynək, sifətində bihudə görkəm oturmalı və qəzet oxumalıdır. Azərbaycanda araşdırma aparsanız iki mobil nömrəsi olmayanların sayı çox azdır. Azərbaycan qabaqcıl mobil telefon markalarının satışı üzrə MDB-də lider ölkələrdəndir. Bu insanlar telefonlardan xəbər oxuyurlar. “Tvitter” bilirsinizmi bizdə niyə populyar deyil? Çünki Azərbaycan insanı 140 hərflə öz fikrini çatdıra bilməz. Azərbaycanlı xəbəri danışanda onun necə baş verməsini, orada kimlərin olmasını, həmin adamın kimin qohumu olduğunu, o şəxsin nə demək istədiyini deməlidir. Bizim köşə yazarlarımızda da bu bəla var. Bizdə elə bilirlər ki, köşə yazarı yaxşı cümlə yazandır. Jurnalist yaxşı yazan deyil. Jurnalist yaxşı xəbər verən insandır. Bizim telekanallar ekranda gördüyümüzü bizə danışırlar.
Mən Azərbaycanda oxucu kütləsi ilə bağlı bədbin deyiləm. Çin filosofu Lao Tszı deyirdi ki, istənilən çıxılmaz vəziyyətdən iki çıxış yolu var. Qədim monqollar ildırımdan qorxurdular. Timuçin Onon çayı sahilində ilk döyüşünə gedəndə ildırım çaxmış və bütün monqollar qorxmuşdu. Monqol adətlərinə görə, gecə, xüsusilə ildırım çaxanda döyüşmək olmazdı. Çünki Tenqri hirslənərdi. Amma Timuçin qorxmadan döyüşdü. Azərbaycan mediasında da artıq nədənsə qorxmaq sindromu yoxdur. Bizdə mediaya gənclər gəlir və onların içində bir yanğı var. Gəncdən bu işi bacararsanmı, deyə soruşanda cavab verir ki, bacarmır, amma öyrənər. Bax, bu yanaşma mənə ləzzət edir. O ki qaldı şou və kriminal haqqında yazılara, fikir verirsinizsə, bütün məşhur eşq haqqındakı əsərlərdə qətl məsələsi var. Tarix boyu qətllərdən yazıblar və maraqla oxunub. Düzdür, şou haqqında yazılar bizdə yeni başlayıb. Amma bunu da deyim ki, bizim aşıqlarımız daim qadın gözəlliklərini vəsf ediblər. Məgər sovet dövründə şou-biznes yox idi? Var idi. Mən şahidiyəm ki, müğənnilərin aldıqları maşınlar, geyimləri bütün Bakı şayiə səviyyəsində danışırdı.
– Heç kim demir ki, kriminaldan yazmasınlar. Sadəcə olaraq şou-biznes və kriminal xəbərləri ilə digər xəbərlər arasında proporsiya, tənasüb, həm də oxucu marağı pozulub deyəsən.
– Marağı biz formalaşdırırıq. Gəlin hər şeyi oxucunun üstünə atmayaq. Onun yaxasından günahkar lövhəsi asmayaq. Zövqlər müxtəlifdir. Üzeyir Mehdizadənin mahnılarına nə qədər insanın qulaq asdığını Youtube kanalına baxmaqla bilmək olar. Şou-bizneslə digər xəbərlər arasında tənasüb axtarmaq zərərli yoldur. Süni qaydalar həmişə paradoks yaradır.
– Söhbət o cür tənasübdən getmir.
– Mən Sizə bir paradoks deyim. Bədbin informasiyası çox olan nikbindir. Nikbin isə daha çox informasiya əldə etmiş bədbindir. Biz də rayonlarımızın işğal günlərində çalışırıq ki, həmin tarixləri unutmayaq. Bizim işçilərimiz bu tarixləri əzbər bilirlər və bilməlidirlər də. Çünki bu, bizim itki, ağrı yaddaşımızdır. Ağrını trankvilizatorlarla keyitmək olar. Amma biz oxucunun hissiyyatının korlaşmasına imkan verməməliyik. Oxucu özü buna imkan vermir.
– Qarabağ mövzusunu media gündəmdə saxlaya bilirmi? Bəzən adama elə gəlir ki, bizdə Qarabağ mövzusu “informasiya piroqu”nun periferiyasına sürüşüb. Siz bunu qəbul edirsinizmi?
– İnsan xoşladığı mövzu haqqında bərkdən danışmır. Fikir vermisinizsə, heç bir ana övladına lay-layı hündürdən oxumur. Sevgi pıçıltıyla çatdırılır. İnsan sevgisini qışqıraraq çatdırırsa, o, sevgi deyil. Amma övlad anasına çətinliyini çatdırmaq üçün qışqırır, ağlayır. Heç vaxt tərsinə olmur. Mən Qarabağın hər kəndinə, hər daşına bələdəm. Qarabağ mənim ilk və son sevgimdir. İnsan sevdiyini, əmin olduğunu, itirmədiyini dəqiq bildiyi şeylər haqqında düşünmür. Biz itirəndən sonra o şey haqqında düşünməyə başlayırıq. Qarabağ mənim üçün itirilməyib. Azərbaycan mediasının aparıcı saytlarında adicə hesablama aparın. Görün, Qarabağ haqqında nə qədər xəbərlər verilir.
– Yəni kontent analiz kimi?
– Buna kontent analiz də deyə bilərsiniz. Azərbaycanın üzdə olan bütün saytları, telekanallarında Qarabağda döyüşmüş, əzizlərini itirmiş, bəlasını qanına hopdurmuş insanlar çoxdur. O ayrı məsələdir ki, biz bu istəyi necə reallaşdırırıq. Bu baxımdan Sizin yanğınızı başa düşürəm. Qarabağla bağlı biz bəzi aksentləri düzgün vurmuruq. Qarabağ deyəndə biz viranə kəndləri, dağılmış evləri göstərməməliyik. Biz gözəl məkanları göstərməli və deməliyik ki, bunları ermənilərin əlində qoymuşuq. Biz bunlardan məhrum olmuşuq.
Fuad Babayev, Gündüz Nəsibov, 1905.az