Müsahibimiz filologiya üzrə fəlsəfə doktoru, türkoloq Elçin İbrahimovdur.
– Elçin müəllim, “Azərbaycan Xalq Cümhuriyyəti: dil məsələləri” kitabı hansı zərurətdən yarandı? Ümumiyyətlə Azərbaycan dilçiliyində bu mövzu kompleks şəkildə tədqiq edilib?
– Əlbəttə Cümhuriyyət dövrünün dil məsələləri böyük alimlərimiz tərəfindən araşdırılıb. Azərbaycan dilçilik elminin sütunlarından olan akademik Ağamusa Axundov AXC dil məsələlərini əsərlərində tədqiqata cəlb edib. Biz də kitabımızda bizdən əvvəl aparılan bütün araşdırmalara istinad etmişik. Amma Azərbaycan dilçiliyində, Azərbaycan tarixşünaslığında Azərbaycan Xalq Cümhuriyyəti dil məsələləri adlı bir kitab çap olunmayıb. Bizim kitabın yaranma zərurəti də məhz Cümhuriyyətdən əvvəl, Cümhuriyyət dönəmində və ondan sonrakı dövrdə istifadə olunan dili, dil situasiyasını, dil proseslərini, Məclisi-Məbusanın (parlament – red.) dilini Azərbaycan oxucusuna çatdırmaq idi. Yəni bu məsələlər Azərbaycan tarixşünaslığında, Azərbaycan dilçiliyində zaman-zaman araşdırılıb, amma kompleks kitab şəklində onu ilk dəfə tədqiqata biz cəlb etmişik. Həmçinin bu il Azərbaycan Xalq Cümhuriyyətinin dövlət səviyyəsində yüz illiyinin keçirilməsi ilə bağlı iki böyük sərəncam oldu. Sərəncamların biri Cümhuriyyətin yüz illiyinin keçirilməsi ilə, digəri isə bu ilin Azərbaycanda Cümhuriyyət ili elan olunması ilə bağlı idi. Bundan sonra ölkədə bir çox işlər görülüdü. Amma biz bu kitabı hələ 2008-ci ildə Cümhuriyyətin 90 illiyi ilə bağlı yazmağı düşüşünürdüm. Mənim namizədlik dissertasiyam türkdilli xalqların ortaq dil məsələlərinə həsr olunub. O vaxt Milli Arxiv İdarəsində araşdırma aparanda əlimə Azərbaycan Demokratik Respublikasının fondu keçdi. Həmin fondda işləyən zaman bu sənədlərin bəzisi ilə tanış oldum. O zaman bu sənədlərin çoxu heç mətbuatda da yox idi. Düşündük ki, bu sənədlər yüz illiklə bağlı Cümhuriyyətə töhfə olar və biz bunu dəyərli bir araşdırma kitabı kimi ərsəyə gətirərik.
– Elçin müəllim, Cümhuriyyət dövrünün dil siyasəti özündə nələri ehtiva etdirir?
– Bir maraqlı məsələyə diqqət çəkmək istərdim. Diqqət etsək görərik ki, Cümhuriyyət elan olunandan heç bir ay keçməmiş, yəni 1918-ci il iyun ayının 21-də verilən ilk qərar bütün bəyannamələrin, protokolların Dövləti lisan türk dilində yəni doğma dildə, milli dildə çapı ilə bağlı idi. Cümhuriyyətin dil siyasətinin kökü ondan başlayıb. Biz bilirik ki, həmin dövrdə rus dili çox geniş şəkildə istifadə olunurdu. Amma bütün bəyannamələrin, kargüzarlığın, protokolların hamısının milli dildə yaradılması məsələsi, daha doğrusu milli dildə qəzetdə çap olunması heç də asan məsələ deyildi və həmin dövr üçün çox mütərəqqi bir addım idi. Hökumətin bu qərarı deklorativ xarakter daşımırdı. Dövlət idarələrində milli dili bilən kadrlar yox idi, həmin dövrdə rus dili işləndiyinə görə orada çalışan şəxlər üçün hökumət dil kursları təşkil edir. Məhz bunları aradan qaldırmaq üçün hökumət yeni bir qərar qəbul edir. Büdcəsi olmadığı halda insanların şəxsi ianələri hesabına bu kursların təşkili üçün 351 min manat pul ayırır. Dövlətin fəaliyyət sahələrində Azərbaycan milli dil siyasətini tətbiq etmək üçün ödənişsiz kurslar təşkil edir.
– Siz həmin dövrdə latın əlifbasına keçidlə bağlı Məmməd Əmin Rəsulzadənin mövqeyinə aydınlıq gətirdiniz. Bəs dövlət dilinin adı ilə bağlı qərar necə qəbul edildi? Cümhuriyyət qurucuları arasında dövlət dili, kargüzarlıq işlərinin aparılması kimi məsələlərdə fikir ayrılığı mövcud olub?
– Əslində bu çox maraqlı və aktual sualdır. Bu kitabı hazırlayanda Cümhuriyyət dövrünün arxiv materiallarının stenoqrafik hesabatına da baxdıq.
– Söhbət Bakıda olan arxivlərdən gedir?
– Bəli, Milli Arxiv İdarəsində və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində təqqiqat aparılıb. Cümhuriyyətlə bağlı ensiklopediyalar, stenoqramlar, parlament sənədləri, böyük alim Şirməmməd Hüseynovun “Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər kitabı incələnib. Dediyiniz konkret məsələ ilə bağlı hər hansı bir fikir ayrılığına rast gəlməmişəm. Bəlkə də onların şəxsi xatirə və yazılarında belə bir fikir ayrılığı ilə bağlı məqam ola bilər. Amma mən konkret olaraq Dövləti lisani türkün qəbul olunması məsələsində fikir ayrılığına heç bir yerdə rast gəlmədim. Amma dilimizin türk dili adlandırılmasının düzgün olmamasını bir çox alimlərlə mübahisəmizdə əsaslandırmışam. Ona görə düzgün deyil ki, bizim dilimiz onsuz da türk dilidir. Fərz edək ki, dövlət dilimiz Azərbaycan dili deyil, türk dili adlanır və biz Türkiyə türkcəsindən türk dilinə tibbi terminlər lüğəti hazırlayırıq. Bu kənardan necə səslənir? Məlumdur ki, bütün türk dünyasının (oğuz qrupu, qıpçaq qrupu, qarluq qrupu və s. – E.İ.) istifadə etdiy böyük bir türk dili ailəsi var və bunu türk dili adlandırırıq. Biz o türk dilini ölkəmizdəki dilimizə şamil etməyimiz düzgün deyil. Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyəti müddətində Parlamentin 270 iclası olub. Parlamentdə 270 qanun layihəsinə baxılıb. Bilirsiniz ki, orada müxtəlif partiya və fraksiyalar (hakim Musavat, Əhrar, Daşnaksütyun, sosialistlər, bitərflər və s. – E.İ.) Bir çox məsələlərdə ciddi fikir ayrılıqları yaranıb, iclaslar yarımçıq buraxılıb, hətta bir-birilərinə qarşı təhqirlər də olub. Amma, parlamentdə 3 məsələdə – ordunun yaradılması, dil məsələsi, bir də Bakı Darülfünunun (Bakı Universiteti – E.İ.) açılması məsələsində heç bir fikir ayrılığı olmayıb Hər üçündə Parlamentin bütün üzvləri yekdil qərarda olublar. Cümhuriyyət dövrünün daxili işlər naziri olmuş Behbud bəy Cavanşir “Azərbaycan” qəzetində (1919, fevral, 12-ci say – E.İ.) dərc edilmiş müsahibəsində deyir ki, biz zamanla dövlətdə ən yüksək səviyyədə işləyən və milli dilimizi bilməyən kadrları aşağı vəzifələrə çəkməliyik. Çünki milli dili bilmədən dövlətin yuxarı vəzifəsində çalışmaq düzgün deyil. Bundan başqa müdafiə nazirimiz Səməd bəy Mehmandarovun hərbi rütbələrin, hərbi geyimlər üzərində olan adların və hərbi komandaların hamısının milli dildə olması ilə bağlı qərarı var.
– Aydındır. Elçin müəllim, 1918-ci il 27 iyun tarixli Dövlət dili haqqında qərarda dövlət işlərində türk dili ilə yanaşı rus dilinin tətbiqinə icazə verilməsi nə ilə bağlı idi? Bu icazə Parlamentə də şamil edilmişdi?
– Bəli, şamil edilirdi. Ancaq müəyyən müddətə qədər, yəni milli dili bilən kadrların yetişməyinə qədər müsadə edilirdi. Müsahibənin əvvəlində qeyd etdik ki, hökumətin yaranmasından düz bir ay sonra qəbul olunan qərarda göstərilir ki, dövlət idarələrində Dövləti lisan türklə bağlı həm də rus dilinin istifadəsinə müsaidə edilsin.
– Bu icazənin nə vaxta qədər verilməsi qərarda öz əksini tapır?
– Bəli, göstərilir. Azərbaycan (türk) dilinin dövlət dili elan olunduğu qərardan sonra Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər naziri Behbud xan Cavanşir “Azərbaycan” qəzetinə verdiyi müsahibədə dövlətin dil siyasətinin əsaslarının bu cür şərh etmişdi: “Azərbaycan müəssisələrində rus dilinin işlədilməsi hazırki dövrün zərurətindən irəli gəlir. Əlbəttə, bu çox davam etməyəcəkdir. Yüksək vəzifədə işləyən və türk dilini bilməyən məmurlar uzun müddət işləyə bilməyəcəklər. İki ildən sonra Azərbaycanın bütün müəssisələri milliləşdiriləcəkdir. Türk dilini bilməyən məmurlar isə vəzifələrini itirməməkdən ötrü bizim dili öyrənməli olacaqlar”.
Mən kiçik haşiyəyə çıxmaq istəyirəm. Hökuməti quranların Cümhuriyyətlə bağlı böyük düşüncələri var idi. Xaricə oxumağa tələbə göndərən hökumət milli kadrların ən yüksək səviyyədə yetişməsi üçün böyük planlar qururdu. Amma cəmi 23 ay mövcud olacaqlarını düşünmürdülər. 27 iyun qərarından irəli gələn məsələlərə diqqət çəkmək istəyirəm. Məktəblərin milliləşdirilməsi, milli dərsliklərin çapı və rayon kitabxanalarına göndərilməsi üçün büdcəsi zəif olan Cümhuriyyət hökuməti bir milyon manat vəsit ayırmışdı. Yəni demək istədiyim odur ki, Cümhuriyyətin dillə bağlı olan qərarından irəli gələn məsələlər kəskin idi. Konkret desək parlamentdə rus dilində çıxışlar olub. Parlamentin arxiv sənədlərində göstərilir ki, hər kəs burada milli dildə çıxış etməlidir. Amma buna baxmayaraq dediyimiz kimi o qısa zaman içərisində dili öyrənmək elə də asan məsələ olmadığına görə qeyri millətlərdən olanlara rus dilində çıxışa icazə verilirdi. Məsələn parlametdə Vinoqradov (Slavyan-rus cəmiyyətinin parlamentdə təmsil olunan nümayəndəsi – red.) çıxışını rus dilində edirdi. Amma stenoqrafik hesabatlarda bunların hamısının çıxışının qarşısında mötərizədə rusca sözü yazılırdı. Yəni rus dilində çıxış edib.
– Azərbaycan dilində tərcüməsi də verilirdi?
– Yox tərcüməsi verilmirdi. Onun rusca çıxışı sənədlərdə yoxdur.
– Rusca olduğu üçün sənədlərə düşməyib?
– Ola bilsin başqa sənədlərə düşüb. Amma bizim baxdığımız materialların içərisində biz onların çıxışlarına rast gəlmədik. Cümhuriyyət dövrünün dil məsələlərindən danışanda mən xüsusi olaraq əlifba ilə bağlı olan bir məsələni vurğulamaq istəyirəm. Cümhuriyyətin dil məsələlərinin özəyini əlifba məsələsi təşkil edirdi. Əlifba məsələsi Cümhuriyyət hökumətində çox ciddi şəkildə müzakirə olunur. Hətta mətbuatda bununla bağlı Həsən bəy Ağayev, Fərhad Ağazadə çox kəskin çıxış edirlər. Bu vəziyyətin daha da kəskinliyini görən hökumət əlifbayla bağlı komissiya yaratmaq haqqında qərar qəbul edir. Maarif nazirliyinə, Xudadat bəy Məlik-Aslanova göstəriş verilir ki, komissiya yaradılsın və komissiyada əlifba layihələrinə baxılsın. Komissiyaya 3 əlifba layihəsi təqdim olunur. Komissiya Abdulla bəy Əfəndizadənin “Son türk əlifbası” adı verilən əlifba layihəsini bəyənir. Bu əlifba layihəsinin “Son türk əlifbası”adı ilə çap olunmasına hökumət icazə verir. Bu məsələlər 1919-cu ilin fevral ayında olub. Amma təəssüflər olsun ki, layihənin icrasına hazırlıq prosesi, hazırlıq məsələsində olan müəyyən gecikmələr və Cümhuriyyətin süqutu ilə bu məsələ öz həllini tapmadı. Yəni məsələ layihə olaraq qaldı. Kitabımızda Abdulla bəy Əfəndizadə layihəsini olduğu kimi vermişik. Cümhuriyyət dövründə qəbul olunan bir çox qərarlar sonrakı mərhələdə də öz təsirini göstərdi. 1926-cı ildə Bakıda keçirilən I Türkoloji qurultayda ən qızğın, ən ciddi mübahisə və müzakirə olunan məsələlərindən biri də əlifba məsələsi oldu. Qurultayın ən ciddi dörd iclası da əlifba məsələsinə həsr edilib. Sonda səhv etmirəmsə, 126 və ya 127 səslə türklər üçün “Birləşdirilmiş türk əlifbası” adlanan ortaq bir əlifba qəbul olunur. Bu əlifbanı biz Cümhuriyyət dövründə Abdulla bəy Əfəndizadənin hazırladığı əlifba müqayisə etsək onların eyni olduğu qənaətinə gələrik. Başqa bir maraqlı məsələ odur ki, bu əlifba türk dünyasında 1928-ci ildən 1939-cu ilə qədər 11 il istifadə olunub. Türk dünyasında 11 il istifadə olunan əlifbanın əsası məhz Cümhuriyyət dövründə Abdulla bəy Əfəndizadə tərəfindən hazırlanıb.
– Həmin dövrdəki latın əlifbası ilə indi istifadə etdiyimiz əlifba identikdirmi?
– Altı hərf fərqi var idi. Bügünkü əlifba ilə müqayisə edəndə görürük ki, x, ə, g, k hərflər fərqli idi, sağır nun (ň) məsələsi var idi. Onu da qeyd edim ki, sağır nun bizim əlifbamızda 1956-cı ilə qədər olub. Hazırda istifadə etdiyimiz latın əlifbası məhz Cümhuriyyət dövründə hazırlanan əlifbanın əsasında yaradılıb.
– Bu kitabla bağlı bizim toxunmadığımız hansı məsələlərə siz özünüz aydınlıq gətirmək istərdiniz?
– Bu kitabda Məmməd Əmin Rəsulzadənin, Fətəli xan Xoyskinin, Əliheydər Qarayevin, Əhmədbəy Ağaoğlunun, Səməd bəy Mehmandarovun parlamentdəki bəzi çıxışları yer alıb. Nəşrdə oxucuya Məmməd Əmin Rəsulzadənin Bakı Universitetinin açılması ilə bağlı çıxışı, Fətəli xan Xoyskinin, Səməd bəy Mehmandarovun, Əlimərdan bəy Topçubaşovun hərblə, tibblə, xaricə göndərilən tələbələrlə bağlı çıxışları təqdim olunuraq təhlil olunur. Cümhuriyyətin təhsil, tədris, dil və əlifba ilə bağlı qəbul olunan qərarları orijinal şəkildə kitabda oxucularımıza çatdırılır. Dövrün dil mənzərəsinə, dil situasiyasına səyahət olunur. Stenoqrafik hesabatlara, çıxışlara baxanda biz həmin dövrdəki ziyalılarımızın dilinə, ləhcəsinə Osmanlıcanın təsir etdiyini də görə bilirik. Bu da təbii ki, dövrün tələbi idi. Çünki həmin dövrdə əksər ziyalılarımız Osmanlıda təhsil almışdı. Azərbaycan ədəbi dilinin tarixi ilə bağlı tədqiqat aparan Əbdüləzəl Dəmirçizadə və başqa alimlərimizin də qeyd etdiyi kimi Cümhuriyyət dövründə Azərbaycan dili ilk qanuni əsasını tapdı. Azərbaycan Xalq Cümhuriyyətinin ömrü zamanca kiçik olsa da, xalqımızın çoxəsrlik tarixində bütöv bir dövr təşkil edir. İki ilin xüsusi bir dövr kimi qeyd olunması, əsrlərdən ibarət olan dövrlər silsiləsində ona ayrıca yer verilməsi zahirən qeyri-adi görünsə də, təsadüfi deyil; xalqımızın ictimai, siyasi, mənəvi həyatındakı bu bənzərsiz dövrün oynadığı rolla, gördüyü və görmək istədiyi işlərin yüz illərin görə bilmədiyi işlərə bərabər olması ilə bağlıdır. O, nəinki xalqımızın, ümumən qoca şərqin tarixinə daxil olmuş ilk demokratik respublika, Azərbaycan Milli Şurasının elan etdiyi ilk parlamentli respublika olmuşdur. 23 aylıq müddət ərzində görülən işlər hökumətin hansı şəkildə və necə həssaslıqla çalışmasından birbaşa xəbər verir. Əsası və təməli əsrin əvvəllində – 1918-20-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin nümunəsində qoyulan böyük “azərbaycançılıq” ideyası öz tarixi, qanunauyğun varisini çağdaş, suveren, demokratik Azərbaycan Respublikasının timsalında tapmışdır. 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin qısamüddətli fəaliyyətinin zəngin ənənələrindən istifadə etmiş və bu tarixi varislik üzərində müstəqil Azərbaycan dövlətini yaratmışdır.
Təmkin Məmmədli, 1905.az
Müsahibə ilk dəfə 23 oktyabr 2018- ci ildə dərc edilib.