1905.az portalının suallarını Azərbaycan Turzim İnstitutunun prorektoru Eldar Aslanov cavablandırır.
– Eldar müəllim, 11 iqlim qurşağından nə az, nə çox 9 dənəsi Azərbaycanda var. Tariximiz, abidələrimiz, mətbəzimiz, musiqimiz də öz yerində. Bütün bunlar necə deyərlər apriori ölkəmizə turist axınını təmin etməli idi. Bəlkə də edib, şəxsən mənim xəbərim yoxdur.Gələn, ya da gəlməsi gözlənilən turistlər həm də servislə maraqlanırlar. Servis kadr deməkdir. Çalışdığınız ali təhsil ocağı bu kadrların hazırlığı ilə məşğuldur. Necə gedir işləriniz?
Bəli, ölkəmizin turizm potensialı ilə bağlı dedikləriniz doğrudur və bu çox az ölkədə rastlanan bir gerçəkdir. Azərbaycan həm də güclü qonaqpərvərlik mədəniyyətini yaşadan bir ölkədir. Amma qeyd etdiyimiz kimi bu ancaq potensialdır. Potensialı biznes imkanına çevirmək lazımdır. Bu biznes imkanını yaratmaq üçün artıq 10 ildən çoxdur ki, ölkədə bu işlə birbaşa məşğul olan dövlət orqanı-Mədəniyyət və Turizm Nazirliyi yaradılıb və insaf naminə demək lazımdır ki, bu illərdə çox işlər görülüb. Məhz bu işlərin nəticəsidir ki, keçən 10 ildə ölkədə turizm göstəriciləri 3-5 dəfə artıb. Həm mehmanxanaların, turizm şirkətlərinin sayı, həm ölkəyə gələn turistlərin sayı, həm də turizm gəlirlərinin miqdarı təbii ki, artıb. Amma bu kifayət deyil, daha çox iş görməliyik və turizmin inkişafı üzrə dövlət proqramı, Gələcəyə Baxış 2020 Konsepsiyası bu istiqamətdə konkret hədəflər müəyyən edib.
Ümumiyyətlə turizm potensialını biznes imkanına çevirməmiz üçün ən azı 3 işi yüksək səviyyədə görməliyik. Bunlardan 1-cisi turizm infrasturkturunu yaratmalıyıq və bu potensial turizm növləri ilə çeşidlənmiş olmalıdır. Bu birbaşa infrastuktur yəni otelllər və istirahət yerləri, dolayı infrastruktur, bank, sığorta, səhiyyə, nəqliyyat, qida, bələdçi xidmətləri və s., çox geniş (60-dan sektoru) sahəni əhatə edir. Hazırda ölkədə 517 mehmanxana fəaliyyət göstərir və 50-dək otelin də tikintisi davam edir. Qış və yay turizmi üçün imkanlar yaradılır və bu proses davam edir. Amma ekoturizm, mədəni turizm, inanc turizmi, ekstrim turizmi, yaylaq, idman, ov və s., turizmi növlərində görüləcək işlərimiz çoxdur.
2-ci istiqamət düzgün marketinq siyasəti və ölkənin turizm imicinin yaradılmasıdır. Bu istiqamətdə də görülən işlər, ölkəyə gətirilən meqaeventlər, xaricdə təşkil olunan sərgilərdə iştirak, xarici KİV-lərdə ölkənin reklamı bu qəbildəndir. Amma ölkə marketinqinə paralel, onu məzmunca dəstəkləyən şirkətlərin də marketinqi getməlidir. Şirkətlər, otellər mövsümü bəzi marketinq üsullarını işə salmalıdırlar.
3-cü mühüm məsələ qiymət və keyfiyyətin uğurlu uyğunluğudur. Bu məsələdə Azərbaycan Turizm İntitutunun üzərinə daha çox iş düşür. Turizm sektorunda insan amili çox öndədir. Xidməti insan göstərir və qonaqpərvərliyi o sərgiləyir. Bu mənada sektorda işləyənlərin peşəkar olması, bunu sahənin nəzəriyyəsini də bilməsi çox vacibdir.
Məhz inkişaf etməkdə olan truizm sektorunu peşəkarlarla təmin etmək üçün ATİ 2006-cı ildə yaradılıb. Yarananda 3 ixtisas və 200 tələbə ilə ancaq bakalavr proqramı üzrə tədrisə başlamış ATİ-də hazırda bakalavrda 11 ixtisas üzrə 1700-dən çox, magistraturada 15 ixtisas üzrə 130-dan çox, doktoranturada 15 ixtisas üzrə 50-dən çox şəxs turizm və digər xidmət sahələri üzrə kadr kimi hazırlanır. 2011-ci ildə Nazirlər Kabinetinin qərarı ilə ATİ nəzdində Bakı Turizm Peşə Məktəbi yaradıldı. Hazırda məktəbdə 12 ixtisas üzrə 500-dən çox şagird peşəkar xidmət personal kimi hazırlanır. Ümumilikdə bizim şəbəkədə 2300-dən çox gənc turizm kadrı kimi hazırlanır. ATİ ölkədə tədrisin keyfiyyətinə, məzunların işlə təmin olunmasına, təhsilin beynəlxalq standartlara uyğunluğuna görə ölkədə ilk sıralardadır. Fərəh hissi ilə deyə bilərəm ki, ATİ ölkədə 2008-ci ildən beynəlxalq ikili diplom proqramı həyata keçirən yeganə ali məktəbdir. Bu proqram Avstriyanın Krems Tətbiqi Elmlər Universiteti ilə uğurla davam edir.
Bu günədək ATİ-dən 996 nəfər məzun olub və onlar sənayedə əmək fəaliyyəti ilə məşğuldurlar. Onlardan 72 nəfəri qeyd etdiyim proqram üzrə ATİ diplomu ilə yanaşı, tərəfdaş universitetin də diplomunu alıb.
Bu gün rəsmi statistikaya görə sektorda işləyənlərin sayı təxminən 10 min nəfər, ATİ məzunlarının sayı isə onun ondan biridir. Bazar da gündən-günə genişlənir. Demək biz həm bazarın ehtiyyacını ödəməli, həm də işləyənlərin ixtisas artırmasını təmin etməliyik.
Buna görə də qeyd etdiyim işləri genişlənərək davam etdirmək, turizm əmək bazarına daha çox peşəkar kadr təqdim etmək istəyirik. ATİ-ni genişləndirməyi, tələbə sayını artırmağı, tədris şəhərciyi qurmağı, regional peşə məktəbləri yaratmağı düşünürük. Bir sözlə planlar çoxdur.
– Azərbaycanın turizm potensialından istifadə edərək öz həqiqətlərimizi dünyaya çatdırmaq sahəsində uğurlarımız varmı? Gələn turistlərə gəzməli, görməli yerlərimizi göstərməklə yan-yanaşı, həm də məruz qaldığımız erməni təcavüzü, torpaqlarımızın işğalı kimi ağrılı problemlərimiz barədə məlumat çatdırılırmı sizcə?
Əlbəttə ölkənin bir nömrəli məsələsi, bütün sahələrdə olduğu kimi turizm sahəsində də gündəmdə hər zaman birinci məsələdir. Turizm ölkənin iqtisadi, mənəvi gücüdür və bu güc Qarabağın geri qaytarılmasına xidmət etməlidir. Bu mənada Qarabağın tarixi, memarlığı, musiqisi, xalçası, mətbəxi, bir sözlə bütün maddi-mənəvi sərvəti turizm məhsulumuzdur. Bu sərvətimizə edilmiş qəsd hər fürsətdə dilə gətirilir, haqqımız aranır, Qarabağ irsi təbliğ olunur. Azərbaycanda olan 7 ölkə turizm marşrutlarından biri olan Qarabağ turizm marşurutu hər çap məhsulunda (həmçinin xarici dillərdə olan), hər beynəlxalq turizm sərgisində təqdim olunur. Son 10 ildə yüzlərlə hal olub ki, Ermənistan turizm sərgilərində Qarabağ stendi açmaq və ya bu istiqamətdə turizm marşrutları təqdim etməyə çalışıb. Amma hamısında buna qətiyyətlə cavab verilib və həmin səylərin qabağı alınıb. Bu mənada demək istəyirəm ki, erməni təcavüzü və Qarabağ problemi turizm gündəmində layiqli yerini tutur.
– Xaricdə, yaxın və uzaq xaricdə Azərbaycanın obrazı formalaşıb. Bu obraz necə obrazdır, Siz bilən?Turist cəlb edən, yoxsa necə deyərlər turist qaçırdan?
Müstəqillik əldə etdikdən sonra Azərbaycanın xaricdəki obrazı öz xoşuna və erməni təbliğatı əsasında formalaşıb. Deyərdim ki, 10-15 ildirki, Azərbaycan xaricdə necə assosiasiya olduğunu düşünməyə və bu istiqamətdə iş görməyə macal tapıb. Ölkə imicinin formalaşdırılması çətin, uzunmüddətli və bahalı bir işdir.Əlbəttə belə bir qəti fikir səhvdirki, bir ölkə haqqında xaricdə fikir pozitivdir ya əksinə neqativdir.Hər ikisi var və önəmli olan pozitiv asosiasiyanın ağırlıq təşkil etməsidir. Azərbaycan dediyim kimi, 15 ildir neqativi azaltmaq, pozitivi artırmaqla məşğuldur.Bayaq dediyim xaricdəki tədbirlər, sərgilər, Azərbaycana gətilərən çoxlu meqatədbirlər məhz bu məqsədə xidmət edir. Mən çoxlu sayda xaricilərlə görüşmüşəm ki, onlar Bakıda olanda etiraf ediblərki, onlarBakını, Azərbaycanı fərqli eşitmişlər, gəlib gördülər fikirləri pozitiv istiqamətdə dəyişdi. Yəni demək istəyirəm ki, son illərdə Azərbaycanın xaricdəki imici sürətlə pozitiv istiqamətdə güclənir. Azərbaycan- tolerantlıq, iqtisadi inkişaf, stabillik ölkəsi, müasir modern müsəlman ölkəsidir. Neft ölkəsi, həm də alternativ enerjiyə, İT-yə, aqrarsənayə və turizmə investisiya yatıran ölkədir. Azərbaycanın imicinin sürətlə pozitiv istiqamətdə artması, ölkəyə gələn turistlərin də sayını artırır. Yəni Azərbaycana son 10 ildə əgər gələn turistlərin sayı 5 dəfə artıbsa, demək Azərbaycan daha çox turist cəlb edən ölkə olub.Əminliklə deyə bilərəm ki, ildən ilə bu trend güclənən istiqamətdə davam edəcək.
– Dünya erməniliyinin əks-təbliğatının əks-sədası bizə gəlib çatır. Nə qədər təhlükəlidir bu əks-səda?
– Azərbaycana dünya erməniliyinin əks-təbliğatının vurduğu zərər çox böyükdür. Bu illərlə olub, xüsusilə 90-cı illərdə təsirli olub. O vaxtkı, bizim buna cavab vermək imkanımız məlum səbəblərdən təəssüf ki, olmayıb. Biz bu işlə indi məşğuluq. Amma həm də Azərbaycan Respublikası dövləti artıq neçə ildir , təbliğatda erməniləri sıxışıdırıb, əmin ola bilərsiz ki, bu gün ermənilərin təbliğatının bizə təhlükəsi çox zəifdir. Ona görə indi təhlükə yaradıqlarını zənn etmirəm, amma sayıqlığı itirmək, arxayınlaşmaq olmaz. Qarabağ problemi həll olunsa belə bu sahəyə diqqət və qayğı davam etməlidir.
– Eldar müəllim turist kimi hansı ölkələrdə olub və bu ölkələrin Azərbaycandan fərqi nədədir?
– Təhsilimlə bağlı, işimlə bağlı Avropa və Amerikanın çox ölkəsində olmuşam.Tam səmimiyyətlə deyirəm ki, Azərbaycan üçün, Azərbaycan mətbəxi üçün, Aəzrbaycan insanı üçün, Azərbaycan çayı üçün çox darıxmışam. Fərq çoxdur və Azərbaycan bir çox cəhətdən zəngin ölkədir, rəngarəngdir, iqlimcə, onun nəticəsində təbiətcə, sərvətlərcə çox zəngindir.Əsas çatışmayan fərq isə, peşəkarlıq, xırda bir şeydən ustalıqla turizm məhsulu hazırlamaları, yüksək etiket və xidmət qaydaları ilə bir çox turizmdə inkişaf etmiş ölkənin bizdən fərqi var. Həmçinin kiçik və yerli xüsusiyyətləri qoruyan otelləri ilə və s., fərqlənən ölkələr olub. Bu pozitiv fərqləri ölkəmizə gətirmək borcumuzdur.
– Və sonda, tədqiqatçı, müəllim kimi 1905.az portalına tövsiyyələrinizi bilmək istərdik.
Sizə və portalınıza uğurlar arzu edirəm. Arzu edirəm, ərazi bütövlüyümüz təmin ediləndən sonra Qarabağın ayrı-ayrı hissələrinin turizm potensialının inkişafı barədə söhbətləşək. Məncə bu işi indidən başlamaq, sizin portal vasitəsilə işğal altındakı bölgənin turizm potensialını tədqiq, təbliğ etmək və hazır məhsula çevirmək istiqamətində iş aparmalıyıq.
– Minnətdaram Sizə
Fuad Babayev
1905.az