Müsahibimiz politoloq Əli Hacızadədir.
Son vaxtlar bizə yaxın coğrafiyada baş verən hadisələr arasında hansı rabitə var? Donald Trampın bir çoxları üçün gözlənilməz olan İran açıqlaması, İranın cavabı, İraq ordusunun Kərkükdə əldə etdiyi qələbə, Türkiyə-ABŞ arasında viza qalmaqalı. Bunlar arasında hansı rabitə var idi?
Bunlar pinsipcə bir regionda gedən ayrı-ayrı proseslərdir. Amma fikir verin, hər üçü bu və ya digər şəkildə Amerika ilə bağlıdır. Kərküklə bağlı hadisələr 2003-cü ildə Amerikanın İraqa daxil olması və sonra onunla bağlı gedən proseslərin məntiqi nəticəsi olaraq kürdlər Kərkükü tutmuşdu. Trampın İran açıqlamasını araşdırmazdan öncə, mən bir qədər geriyə dönərdim. Xatırlayırsınızsa, hələ seçki prosesi zamanı respublikaçılar və Tramp İrana qarşı sərt mövqedən çıxış edirdilər. Onlar hesab edirdilər ki, Obama administarasiyasının İranla əldə etdiyi razılığı, yumşaqlıq nümayişidir.
Ondan da vacibi isə odur ki, regiondakı Amerika müttəfiqlərini küsdürüb. Çünki bundan sonra ABŞ və İsrail, ABŞ və Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Küveyt arasında bir böhran oldu. Donald Tramp əslində bəyan etmişdi ki, prezident seçiləcəyi təqdirdə bu münasibətlərə yenidən nəzər salacaq. Amerikada bir çox nüfuzlu dairələr, siyasətçilər, analitiklər, elm adamları, media nümayəndələri də İranla anlaşmaya qarşı çıxır. Sözsüz ki, onların arasında Yəhudi lobbisi, Səudiyyə lobbisi ilə yaxın olan, sadəcə olaraq İranı sevməyən insanlar da var. Lakin bunlar hər halda kifayət qədər güclü dairələrdir.
Bir məsələyə də diqqət yetirək. Avropa liderləri nadir hallarda birlik nümayiş etdirirlər. Trampın bəyanatından dərhal sonra isə Avropa liderləri yekdilliklə bildirdilər ki, onlar İranla əldə edilmiş razılıq çərçivəsində hərəkət etməyin tərəfdarıdırlar. Və onlar İranla bağlı Trampın baxışlarını bölüşmürlər. Avropa hər zaman müxtəlif dövlətlərlə dil tapmağa çalışıb. Məsələn, vaxtilə Hitler Avstriyanı tutanda, Fransa və İngiltərə sərt mövqe nümayiş etdirsəydilər, bəlkə də İkinci Dünya müharibəsi olmazdı. Sonra asanlıqla Çexoslovakiyanı Hitlerə “təslim” etdilər. 1939-cu ildə Almaniya Polşaya hücum edəndə müharibə elan etdilər, amma bir müddət döyüşlər olmadı. Hətta bu zaman kəsiyinə tarixdə “qəribə müharibə” də deyirlər. 2008-ci ildə Rusiya Gürcüstana hücum edəndə Avropa daha sərt davransaydı, bəlkə də Ukrayna münaqişəsi olmazdı. Əslində heç Ukraynada da Avropanın sərt münasibətinin şahidi olmadıq. Avropanın əlində Rusiyaya qarşı daha sərt alətlər var, amma bundan istifadə etmirlər. Düzdür, sanksiyaların təsiri var, amma daha sərt sanksiyalar qəbul edə bilərdilər. Həmin sanksiyalar onların iqtisadi maraqlarına toxunurdu. İranın üzərindən sanksiyalar qalxanda, Rusiya bu ölkədən böyük sifarişlər alacağını umurdu. Rusiya da həmin sifarişlər hesabına Qərbin sanksiyalarından itirdiyi vəsaiti qazanacağına ümid edirdi. İran isə iki böyük sifarişini “Boinq” və “Aerobus”a verdi. Avropa Birliyinin az qala yarısı biznes baxımından bu və ya digər dərəcədə “Aerobus”la əlaqədardır.
Amma mülki təyyarələr baxımından Rusiya onsuz da ciddi sifarişə ümid etmir.
Tamamilə doğru deyirsiniz. Rus şirkətlərinin özləri “Boinq” və “Aerobus”dan istifadə edir. Amma biz axı rusların xasiyyətini bilirik. Köhnə xəbərlərə diqqət yetirsəniz görərsiniz ki, orada ruslar yazırlar ki, İrandan böyük sifariş gözləyirlər və bu sifariş sayəsində Rusiya mülki aviasiya sənayəsi dirçələcək. Burda böyük vəsaitdən söhbət gedir.
İran mülki aviasiasiyasında doğrudan da qəzalar tez-tez baş verirdi.
Bəli. Üstəlik İranın maliyyə imkanları da genişdir. Sanksiyalar zamanı dondurulmuş vəsaiti artıq dövriyyəyə buraxa bilərdilər. İndi necə oldu? Faktiki olaraq bu vəsait İrana gəlmir, elə Amerika və Avropadaca təyyarələr alınır. “Boinq” şirkəti həm də hərbi sifarişlər yerinə yetirir. Hərbi-sənaye kompleksi isə daim respublikaçıların tərəfində olan lobbidir. Məncə, bu, ABŞ və Avropa Birliyinə verilən bir növ “rüşvət” forması idi. Necə olur ki, “Boinq” Azərbaycana 16-17 təyyarə satır, bundan sonra isə araşdırılır ki, burada hansısa bir korrupsiya sxemi varmı. İrana isə bu həcmdə sifariş gedir və heç kəs danışmır. Təsəvvür edin ki, böhran zamanı Avronın ən nəhəng şirkətlərindən olan “Aerobus”a belə bir sifariş gəlir. Bu böyük vergilərdir, yeni iş yerləri və biznes fəallığının yüksəlməsidir. Hələ biz “Bosh” və “Siemens” kimi şirkətlərin İranda aldıqları sifarişdən danışmırıq. Halbuki bu şirkətlərin də öz lobbiləri və təsir imkanları var. Elə buna görə də Avropa indi İranla dost olmaq istəyir. Amerikanın təkidi və özlərinin demokratiya oyunları olmasa, onlar elə günü bu gün Rusiya ilə də dost olmağa hazırdılar. Elə bu günlərdə Avropa Şurası Parlament Assambleyasında Rusiyanın səsvermə hüququnun qaytarılması məsələsi müzakirə olunurdu. Bəs səsvermə hüququ nə üçün alınmışdı, bundan danışan yoxdur. Bəlkə səbəb dəyişib? Xeyr. Digər tərəfdə isə Tramp administrasiyasına təsir göstərə biləcək nüfuzlu İsrail və Səudiyyə lobbiləri var. Trampı da bu sözləri deməyə vadar ediblər. Səudiyyə Ərəbistanı və Qətər arasındakı böhran zamanı da Tramp söylədi ki, Qətər terroru dəstəkləyir və ona qarşı atılan addımları dəstəkləyir. Həmin dövrdə ABŞ Qətərə hərbi təyyarə satışı ilə bağlı müqavilə bağlayırdı. Trampın dediyi ilə Amerika hökumətinin elədikləri heç də hər zaman üst-üstə düşmür.
Həm də Dohada ABŞ-ın böyük hərbi bazası var.
Bəli, “Əl-Udeyt” bazası. Amerikadan kənardakı ən böyük bazadır. Qətər o bazanı öz puluna tikib. Birləşmiş Ərərb Əmirlikləri həmin bazanı çox böyük həvəslə öz ərazisində yerləşdirmək istərdi. Bir müddət öncə BƏƏ-nin Vaşinqtondakı səfirinin elektron poçtu dağıdılmışdı. Oradakı məktublaşmadan görünür ki, BƏƏ ABŞ-ın Qətərlə münasibətlərinin pozulmasında və həmin bazanı öz ərazisində yerləşdirməkdə maraqlı olub. BƏƏ bunu nə üçün istəyir? Çünki 1970-ci illərdə İran BƏƏ-yə məxsus bir neçə adanı işğal edib. Əmirliklərdə bilirlər ki, gec və ya tez onların İranla hansısa bir problemi ola bilər. BƏƏ istisadiyyatı isə elədir ki, çox kiçik bir münaqişə onun iqtisadiyyatını çökdürmək üçün yetərlidir. Məsələn, Dubayın əhalisinin yalnız 18 faizi yerlilərdir. Münaqişə zamanı xaricilərin çıxıb getməsi nəticəsində nələrin baş verə biləcəyini güman etmək mümkündür.
Qeyd etdiniz ki, son zamanlar baş verən proseslər eyni regionda olan müxtəlif hadisələrdir. Bəs ABŞ-Türkiyə və ABŞ-İran hadisələrində hansı paralellər var və harada onlar tam fərqlidir?
ABŞ-İran münasibətləri çoxillik antoqonizmdir. Çoxları bu antoqonizmi Tehrandakı ABŞ səfirliyinin tutulmasından hesablayır, amma bu ziddiyyətlər şahın dövründə başlanmışdı. Şah ABŞ-dan daha böyük dəstək gözləyirdi, amma Karter administrasiyası bu dəstəyi göstərmədi. Bu çoxillik antoqonizm bir aya, bir ilə çözülə bilməz. ABŞ-Türkiyə böhranı isə tam fərqlidir. Türkiyə polisi milliyyətcə türk olan ABŞ səfirliyinin əməkdaşını həbs etdi. Amerika Türkiyəyə həmin şəxsin həbsi üçün əsasların təqdim olunmasını tələb etsə də qarşı tərəf bundan imtina etdi. Türk tərəfi iddia edir ki, Amerika FETO-ya dəstək verir və onun tərəfdarlarını öz konsulluğunda işə götürür. Amma axı bir il öncəyədək elə türk polisində də bu təşkilatı dəstəkləyən yetərincə insan vardı. Amerika ilə problem daxili məsələnin xaricə sirayət etməsidir. Bu məsələnin nə ilə bitəcəyini isə indidən proqnozlaşdırmaq çətindir. Çünki əvvəllər Türkiyə və ABŞ arasında belə məsələlər olmayıb. Bu, yeni presedentdir. Amma bu Türkiyə üçün yaxşı heç nə vəd etmir. Çünki Türkiyə hərbi baxımdan ABŞ-a çox bağlıdır. Üstəlik də ABŞ Türkiyəyə viza verilməsini dayandıran kimi türk lirəsinin məzənnəsi aşağı düşdü. Bu göstərdi ki, Türkiyə iqtisadiyyatı bu cür hallara dərhal reaksiya verir. Nəzarə alsaq ki, Türkiyəyə gələn turistlərin sayı xeyli azalıb, ixrac azalıb, idxal sə artıb, bu, Türkiyəyə yaxşı heç nə gətirməyəcək. Buna görə də Türkiyə vergiləri artırmaq məcburiyyətində qaldı ki, bu da vətəndaşlara əlavə yükdür…
Son vaxtlar İran və Türkiyə arasında müəyyən yaxınlaşma müşahidə olunurdu. Bu, əlbəttə ki, ilk növbədə Bərzaninin atdığı addımlarla bağlıdır. Amma Vaşinqton-Tehran və Vaşinqton-Ankara arasındakı gərginlik İran-Türkiyə münasibətlərini daha da istiləşdirəcəkmi?
Məncə bu, taktiki yaxınlaşmadır. Uzunmüddətli perspektivdə Türkiyə və İran bir-birinə rəqibdir. Bu ölkələrin haçansa müttəfiq ola biləcəklərini söyləmək çox böyük sadəlövhlük ola bilərdi. Bunlar rəqibdilər və Suriyada de-fakto bir-biri ilə döyüşürlər. Azad Suriya Ordusu Türkiyənin himayəsi altındadır, İran isə Əsəd rejimini müdafiə edir. Üstəlik orada İranın təşkil etdiyi şiə hərbi dəstələri də var. Orada vuruşub, burada dost olmaq mümkün deyil. Amma taktiki yaxınlaşma ola bilər və biz bunun şahidiyik.
Bir müddət əvvəl Donald Tramp İranla bağlı haqqında danışdığımız müraciətini etdi. Avropa Sizin də qeyd etdiyiniz kimi İranla əməkdaşlıqda maraqlıdır, Netanyahu isə Trampın bu müraciətini qızğınlıqla müdafiə etdi. Vaşinqton-Tehran münsibətlərinin yaxın gələcəkdə perspektivini necə görürsünüz?
Mənim fikrimcə yəhudi və Səudiyyə lobbiləri Trampın İranla barışmasına yol verməyəcəklər.
Yəni Tramp körpüləri yandırdımı?
Tam yandırmadı. Amma yandırmasına çalışırdılar. Həmin dairələrin minimum məqsədləri İranla barışığın olmamasıdır. Maksimum məqsədləri isə İrana hərbi müdaxilədir, yaxud bu dövlətin hərbi infrastrukturuna zərbələrin vurulması, yeni sanksiyaların tətbiqidir. Nə qədər ki, Tramp hakimiyyətdədir, ABŞ-İran barışığı olmayacaq. Çünki İrana qarşı çıxmaqla Tramp həm də ona əks gedən respublikaçıların da dəstəyini alır. Bu da çox vacib məsələdir. İran isə hər vəchlə çalışacaq ki, regiondakı fəliyyətini daha da genişləndirsin. Bu, xüsusilə İranın Suriya, İraq, Livan, Yəmən və Bəhreyndəki fəaliyyətidir.
Fuad Babayev, Gündüz Nəsibov, 1905.az