Filologiya elmləri doktoru Pərvanə Məmmədli və şair Tariyel Ümidlə Əli Tudə haqqında danışdıq.
Fuad Babayev: Əli Tudə haqqında vikipediyada yetərincə material var. Sovet dövründə Əli Tudənun 33 kitabı nəşr olunub.
Tariyel Ümid: 40-a yaxın kitabı çıxıb.
Fuad Babayev: Müstəqillik dövründə latın əlifbası ilə 20 kitabı cıxıb.
Pərvanə Məmmədli: Latın əlifbası ilə çap edilmiş həmin kitabların hamısı 20 cildlik bir nəşrdə toplanıb. Bəzi cildlərdə 3 kitab nəşr edilib. Bu 20 cildliyə Əli Tudənin əlyazmaları da daxil edilib.
Fuad Babayev: Keçən ilin sonlarında Əli Tudənin oğlu Natiq Cavadzadənin tərtib etdiyi “Əli Tudə – 100” kitabı işıq üzü görüb. Həmin kitabın Yazıçılar Birliyində təqdimatı da olub. Bu kitab Əli Tudənin 100 illik yubileyi üçün gözəl bir töhfədir. Əli Tudənin 100 illik yubileyi ilə bağlı başqa hansı tədbirlər nəzərdə tutulur?
Pərvanə Məmmədli: Əli Tudənin 100 illik yubileyi münasibətilə keçirilən tədbirlər təbii ki, ilboyu davam edəcək. Əli Tudə Azərbaycan ədəbiyyatına böyük töhfələr verib. Bu qəbildən olan yubiley tədbirləri orta məktəblərdə və kitabxanalarda da keçirilir.
Tariyel Ümid: Bu il Əli Tudə ilə bağlı ilk tədbir bizim İranlı Mühacirlər Cəmiyyətində keçirilib. Bindan başqa Yazıcılar Birlyində, Akademiyada (AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Əli Tudənin 100 illiyinə həsr olunmuş elmi sessiya nəzərdə tutulur – red.) və Yasamal rayon Heydər Əliyev Mərkəzində də Əli Tudənin 100 illik yubileyinə həsr edilmiş tədbirlər olub. Mənim bildiyimə görə, Yazıçılar Birliyində Əli Tudə adına mükafat təsis olunacaq.
Pərvanə Məmmədli: Tariyel müəllim mühacir, mən isə tədqiqatçı kimi İranlı Mühacirlər Cəmiyyətinin üzvüyük.
Tariyel Ümid: Pərvanə xanımla biz 1945-ci ildə İranda, Cənubi Azərbaycanda çap olunan “Şəfəq” jurnalının nəşrini bərpa etmişik.
Pərvanə Məmmədli: Jurnalın ilk sayında Əli Tudə haqqında böyük yazı da vermişik.
Təmkin Məmmədli: “Şəfəq” jurnalının dövriliyi necədir?
Pərvanə Məmmədli: Ayda bir dəfə çıxır. Hazırda jurnalın 5-ci sayı çapa hazırlanır.
Fuad Babayev: Çox gözəl bir haldır ki, Əli Tudə kimi böyük bir şairin 100 illik yubileyinə qətiyyən qayğı, diqqət defisiti yoxdur. Bəs bizim ədəbiyyatşünaslıq Əli Tudəni yetərincə öyrənib?
Pərvanə Məmmədli: Mən ilk növbədə bizim ədəbiyyatda Cənub mövzusunun yeri və onun necə öyrənilməsindən danımaq istəyirəm. Ümumiyyətlə, ötən əsrin 40-cı illəri tarixə çox mühüm hadisələrlə zəngin bir dövr kimi daxil olub. Həmin dövrdə konkret olaraq Cənubda böyük dəyişikliklər baş verdi. Bu dəyişikliklər zamanı həm Cənubda, həm də Şimalda şair və yazıcılarımız azadlıq hərəkatında iştirak ediblər. Cənubdakı bir illik möhtəşəm hakimiyyət (12 dekabr 1945-ci il dekabrın 12-dən 1946-cı ilin dekabrına kimi Cənubi Azərbaycanda fəaliyyət göstərmiş Azərbaycan Milli Hökuməti – red.) süquta uğrayandan sonra oradakı şair və yazıçıların əksəriyyəti Şimala mühacirət etdilər. Həmin şair və yazıçılar şahid olduqları, iştirak etdikləri milli-azadlıq hərəkatını unutmadılar, onu öz qəlblərində və əsərlərində yaşatdılar. Belə gözəl əsərlər yaradan şairlərdən biri də Əli Tudə idi. Ümumiyyətlə XX əsrin 40-cı illərində Cənubi Azərbaycan ədəbiyyatı çox güclü olub. Bu ədəbiyyat həm də siyasi hadisələri və xalq hərəkatını özündə əks etdirib. Əli Tudə də ədəbiyyatda siyasi lirikanın banilərindən biri sayılır. Əli Tudə ilə yanaşı Söhrab Tahirin, Balaş Azəroğlunun, Mədinə Gülgünün, Hökumə Billurinin, Mirzə İbrahimovun da əsərlərində 40-cı illərdə Cənubi Azərbaycanda baş verən ictimai-siyasi hadisələr yer alıb. Nasist Almaniyasının SSRİ-yə hücümundan (22 iyun 1941-ci il – red.) 2 ay sonra Sovet ordusu İrana daxil oldu. Sovet ordusu ilə yanaşı ideoloji iş aparmaq üçün ziyalılar da İrana göndərilmişdi. Həmin dövrdə İrana göndərilən mədəniyyət və incəsənət xadimləri arasında Əli Vəliyev, Mirzə İbrahimov kimi ədiblərimiz də da yer alırdı. Onların fəaliyyəti sayəsində Azərbaycan dilində “Vətən yolunda” qəzeti nəşr olunmağa başladı. Bu ziyalılar jurnal və qəzetlər çap edir, İrandakı qan qardaşları arasında sosializm ideyasını, həm də o taylı, bu taylı Vətən ədəbiyyatı və incəsənətini təbliğ edirdilər. Cənublu soydaşlarımıza yadırğadıqları Azərbaycan dili yenidən öyrədilirdi, onlar öz etnik kimliyinə qayıdırdı. İranda nəşr olunan mətbu orqanlarında təkcə bədii deyil, tarixi və fəlsəfi əsərlər də çap olunurdu. “Vətən yolunda” qəzetinin nəzdində “Şairlər məclisi” fəaliyyət göstərirdi. “Şairlər məclisi”ndə Cəfər Xəndan, Əvəz Sadıq, Mehdi Hüseyn, Mirzə İbrahimov, Süleyman Rüstəm əli qələm tutan yerli şair və yazıçılara ədəbiyyat dərsləri keçirdilər. Bu “məclis”də püxtələşən şairlərdən biri də Əli Tudə oldu.
Fuad Babayev: Bəs Azərbaycan filologiyasında Əli Tudə yaradıçılığı necə öyrənilib?
Pərvanə Məmmədli: Ağahüseyn Şükürov (filologiya üzrə fəlsəfə doktoru – red.) Əli Tudənin həyat və yaradıcılığını çox gözəl tədqiq edib. Ümumiyyətlə, onun haqqında dövrün şair və yazıçıları çox gözəl məqalələr yazıb, elmi tədqiqat işləri aparıblar. Bu məqalə və tədqiqatların əksəriyyəti “Əli Tudə – 100” kitabında çap olunub. Başqa şairlərdən fərqli olaraq Əli Tudənin təhkiyəsi (bədii əsərdə müəllifin və ya hadisələri nəql edən obrazın nitqi; personajların vasitəsiz nitqini, dialoqları çıxmaqla əsərin bütün mətni – red.) də var idi. O, hekayə və gözəl memuar (müəllifin xatirələrini əks etdirən bədii-publisistik əsər – red.) ədəbiyyatı yaratmışdı. Cənubi Azərbaycanda memuar ədəbiyyatımızın gözəl nümunələrini yaradan yazıçılardan biri də Gəncəli Sabahi (1906-1990 – red.) olub. Əli Tudə yüz ilin işini bir ildə görən Milli Hökumətin möhtəşəm salnaməsini “Öz gözlərimlə” əsərində çox gözəl təsvir edib. “Həyatım, xatirələrim…” Əli Tudənin son kitabıdır. Geniş yayılmasa da, mən onun təhkiyəsini, nəsr əsərlərini çox bəyənirəm. Əli Tudəyə nasir də demək olar. Onun elmi məqalələri və gözəl tərcümə əsərləri də var. “Ədəbiyyat” qəzetinin müxbiri olub.
Tariyel Ümid: Əli Tudə qədər təbliğ olunan çox az şair olar. Yarım əsrə yaxın “Bakı” qəzetində Əli Tudənin şeirləri hər həftə çap edilib. Natiq Cavadzadənin tərtib etdiyi “Əli Tudə – 100” kitabında alimlərimizin, ən tanınmış şair və yazıçılarımızın onun haqqında mətbuatda yazdıqları məqalələr toplanıb.
Pərvanə Məmmədli: Sona Xəyalın Əli Tudə haqqında yazdığı kitabda da şairin həyat və yaradıcılığı haqqında ətraflı məlumat almaq olar.
Tariyel Ümid: Əli Tudəni, Balaş Azəroğlunu və Mədinə Gülgünü ən çox Sabir Nəbioğlu (1926 – 2014, ədəbiyyatşünas, filologiya elmləri doktoru – red.) tədqiq edirdi.
Fuad Babayev: Əli Tudə yaradıcılığına tədqiqat nöqteyi-nəzərindən Sovet və müstəqillik dövründəki münasibət arasında bir fərq var?
Tariyel Ümid: Əli Tudə yaradıcılığının təbliğatında onun oğlu Natiq Cavadzadənin çox böyük əməyi var.
Pərvanə Məmmədli: Natiq müəllim Əli Tudənin sovet dönəmində nəşr edilmiş bütün əsərlərini 20 cildlikdə birləşdirərək öz vəsaiti hesabına latın əlifbası ilə yenidən çap etdirib.
Fuad Babayev: Əli Tudənin oğlu hansı sahədə çalışır?
Tariyel Ümid: Televiziyada işləyir. “Mədəniyyət” kanalının rejissorudur.
Fuad Babayev: Əli Tudənin neçə övladı olub?
Pərvanə Məmmədli: Üç qızı, bir oğlu var.
Fuad Babayev: Onlar Azərbaycanda yaşayırıar?
Tariyel Ümid: Bəli.
Fuad Babayev: Orta və ali məktəb dərsliklərində Əli Tudəyə yer ayrılır?
Tariyel Ümid: Dərsliklərdə bir çox xalq şairlərinin yaradıcılığına rast gəlmək mümkün deyil. Nəinki Əli Tudə, Söhrab Tahir, Balaş Azəroğlu, Hökumə Billuri də dərsliklərə salınmayıb.
Pərvanə Məmmədli: Son illərdə Mirzə İbrahimov dərsliklərə daxil edilib. Ümumiyyətlə, Cənub haqqında Azərbaycanda nə bilirlər? Bu mövzuda söhbətlər adətən Vətən məhəbbəti və həsrət motivləri üzərində qurulur. Əli Tudə başqalarından nə ilə seçilirdi? Əli Tudə bizə nə gətirdi və biz Cənub ədəbiyyatına nə verdik? Bu məsələlər araşdırılmayıb. Əli Tudənin Qarabağla bağlı gözəl şeirləri var. Əli Tudə yazırdı ki, şəhidlərə ağı demək lazım deyil, onları cəngi ilə son mənzilə yola salmaq lazımdır. O, deyirdi ki, şəhidin qəbrinə qar yağmasın, cəngi yağsın gərək. Təbrizi Azərbaycana arxa-dayaq hesab edən Əli Tudə uzaqgörənliklə yazırdı:
Başdan-başa dünya qovğadır,
Müharibə dəniz, hücum dalğadır.
Təbriz yaman gündə sənə arxadır,
Könlü intizardır, qaysaq altında.
Əli Tudə Cənubda filarmoniyada işləməzdən əvvəl nəşriyyat direktoru olub. O, Seyid Cəfər Pişəvərinin (1945-1946-cı illərdə Cənubi Azərbaycanda fəaliyyət göstərmiş Milli Hökumətin rəhbəri – red. ) mənəvi əsgəri olub. Əslən Ərdəbildən olan gözəl müğənnimiz Rübabə Muradovanı (Azərbaycan xalq artisti – red.) səhnəmiz üçün kəşf edən məhz Əli Tudə olub. Rübabə xanımın atasının ruhani olduğunu nəzərə alsaq, həmin dövrdə onun hansı çətinliklərlə səhnəyə gəlməsini təsəvvür edə bilərik. Bundan başqa Əli Tudə ucqar bir kənddə yaşayan aşıq Hüseyn Cavanın (1916-1985 – red.) da tanınmasında müstəsna xidməti var. Nəşriyyatda işləyərkən Əli Tudə topladığı əlyazmalar əsasında “Ana dili” kitabını tərtib edib.
Tariyel Ümid: Əli Tudənin qələmi silah idi. Bir fədai kimi onun şeirləri mətbuatda çap olunurdu.
Pərvanə Məmmədli: Əli Tudə, Balaş Azəroğlu, Mədinə Gülgün Bakıda təhsil alıblar. O, Bakı Pionerlər Sarayının nəzdində xalq şairi Osman Sarıvəllinin rəhbərlik etdiyi ədəbiyyat dərnəyinin fəal üzvü olub. Bu dərnəkdə Əli Tudə ilə yanaşı Şıxəli Qurbanov, Bəxtiyar Vahabzadə, Hüseyn Abbaszadə də ilk addımlarını atırdı. Artıq 13 yaşında ikən Əli Tudənin ilk şeirləri Bakıda qəzetlərdə çap olunub.
Təmkin Məmmdli: Heydər Rzazadə imzası ilə mətbuata gələn gənc şair necə Əli Tudə oldu?
Pərvanə Məmmədli: Anadan olanda Əli Tudəyə cavan yaşında rəhmətə gedən əmisi Rza Əli adını qoysalar da heç kim onu öz adı ilə çağırmırdı. İranda olarkən “Tudə” partiyasına yazılan, mitinqlərdə şeir deyən Əliyə Tudə təxəllüsü verilib. İranda o, artıq şair kimi tanınırdı.
Tariyel Ümid: “Tudə” həm də partiya adıdır, mənası “xalq” deməkdir. Bizim “Demokrat” firqəsindən (partiya – red.) əvvəl “Tudə” yaranıb. Pişəvəri qələbə çaldıqdan sonra “Tudə” partiyasının 60 min üzvü bir gecədə bizim “Demokrat” firqəsinə yazıldı. Mən Əli Tudə yaradıcılığını başqa şairlərdən fərqləndirən xüsusiyyətlərə diqqət çəkmək istəyirəm.
Səməd Vurğundan üzü bu yana şairlərimizin əksəriyyəti Arazı bir xalqı iki yerə bölən çay kimi qamçılayırdılar. Amma Əli Tudənin bu məsələyə yanaşması tamam fərqli idi:
Durub Xudafərində açacağam yaxamı.
Yosunlu divarlara verəcəyəm arxamı.
Məni də sellər sular, ya Sara tək aparsın,
Ya səsim sahil boyu bir fırtına qoparsın.
Şeirlərini ürəyinin qanı ilə yazmasını şair belə ifadə edirdi:
“Mən yanar ürəyimə bəzən ürək desəm də,
Bir mürəkkəbqabıtək gəzdirmişəm sinəmdə”.
Əli Tudədən başqa hansı şair qaranquşu saxlayıb Vətəni soruşub?
Dilim yorulmadı Vətən deməkdən,
Yox yalnız əridi bədənim mənim
Uçan qaranquşdan, əsən küləkdən,
Soruşdum necədir Vətənim mənim.
Eh Vətən, bir yol da görsəydim səni,
Dünyanın hüsnünü səndə duyardım.
Qınamasaydılar dostlarım məni,
Adımı dəyişib Vətən qoyardım.
Əli Tudənin nəşr olunan bütün kitabları Vətən məhəbbətindən, Vətən həsrətindən bəhs edir. Əli Tudəni başqa şairlərimizdən fərqləndirən onun ədalətsizliyə qarşı etirazıdır. O, sadə, təmiz Azərbaycan dilində yazırdı, onun şeirlərində bir kəlmə fars sözü yoxdur.
Təmkin Məmmədli: Cənubi Azərbaycanda heca vəznində yazan ilk şairlərdən biri olub.
Pərvanə Məmmədli: Bəli.
Tariyel Ümid: Mən bir dəfə Əli Tudəyə oxuduğum şeirdə “yaman” sözünü işlətmişdim. Səməd Vurğun demişkən, Bil ki, qullar dünyasınn intiqamı yaman olur. Təbii ki, Azərbaycan dilində “yaman” sözü var. Amma Əli Tudə mənə dedi ki, “Tariyel, yaman pis deməkdir, sən o sözü çıxart oradan”. Bu tövsiyədən sonra mən artıq şeirlərimdə “yaman” sözü işlətmirəm. Əli Tudə çox əzəmətli şair idi. O, şeir oxuyanda adamı sanki hipnoz edirdi.
Fuad Babayev: Əli Tudənin istər Sovet, istərsə də müstəqillik dövründə pasportu olmayıb. Bunun səbəbi nə idi?
Tariyel Ümid: Əli Tudə Azərbaycanı bütöv görürdü. O, birləşmiş Azərbaycanın vətəndaşı olmaq istəyirdi. Əli Tudə vahid Azərbaycan şairi idi. Onun bir gözü Təbriz idi, bir gözü Bakı. Mənim adım Tariyel, soyadım isə Pərdəşünasdır. Ümid təxəllüsü isə mənim vahid Azərbaycana olan inamımı əks etdurir.
Pərvanə Məmmədli: Əli Tudə özü sovet pasportu almaq istəməyib.
Fuad Babayev: Müstəqil Azərbaycanın da pasportunu almaq istəməyib?
Pərvanə Məmmədli: Tariyel müəllimin də qeyd etdiyi kimi o, bütöv Azərbaycanın pasportunu almaq arzusu ilə yaşayırdı. İkinci səbəbi isə o idi ki, Əli Tudə İrana qayıtmaq istəyirdi, amma qayıda bilmirdi.
Tariyel Ümid: İranda ona ölüm hökmü kəsildiyi üçün o heç vaxt qayıda bilməzdi.
Fuad Babayev: Bəli, şahın dövründə ona məhkəməsiz ölüm hökmü verilmişdi.
Tariyel Ümid: Əli Tudəni ölümdən görkəmli bəstəkarlarımız Cahangir Cahangirov və Hacı Xanməmmədov xilas edib. O, İrandan qaçmaq istəmirdi.
Təmkin Məmmədli: Cahangir Cahangirov həm də Azərbaycan Milli Hökumətinin himninin bəstəkarı olub.
Tariyel Ümid: Bəli. Milli Hökumətin süqutundan sonra Moskvaya gələn İranın baş naziri Əhməd Qəvvam (Qəvvam əs-Səltənə – red.) yalnız üç gündən sonra Stalinin qəbuluna düşə bilir. Çünki Stalinin Pişəvəri hökumətinə müəyyən rəğbəti var idi. Qəvvam azərbaycanlıların Milli hökumət qurmasından, Firudin İbrahiminin (1945 – 1946-cı illərdə Azərbaycan Milli Hökumətinin baş prokuroru – red.) Paris Sülh Konfransına göndərilməsindən şikayət edir, Cənubi və Şimali Azərbaycanın birləşmək arzusunda olduğunu bildirir. Stalin isə Qəvvama deyir ki, buna imkan verilməyəcək. qoymarıq”. Yəni başda Stalin olmaqla şurəvi (sovet – red.) qoşunları bizim birləşməyimizi istəmirdi. Əli Tudə belə bir dövrdə yaşamışdı.
Pərvanə Məmmədli: Bəli. 1946-cı ildə BMT-nin iclasında Azərbaycan məsələsi müzakirə olunarkən təcavüzkar elan edilən SSRİ-yə embarqo (dövlət hakimiyyəti və ya beynəlxalq qurumlar tərəfindən hər hansı bir ölkə ilə iqtisadi əlaqələrə – mal ixracına və ya idxalına qoyulan qadağa – red.) qoyuldu. İngiltərə və ABŞ Azərbaycanın birləşməsinin qəti əleyhinə idi. Stalin bu embarqodan sonra sovet qoşunlarını İrandan çıxardı.
Tariyel Ümid: Əli Tudə ustad şair idi. Ustadlarımızın ustadı idi.
Pərvanə Məmmədli: Ümumiyyətlə, Əli Tudə mühacirət ədəbiyyatının yaradıcılarından biri idi.
Tariyel Ümid: Xalq şairi Söhrab Tahir ona həmişə ustad deyə müraciət edərdi.
Təmkin Məmmədli: Amma Əli Tudə Xalq şairi deyildi.
Pərvanə Məmmədli: Mənə elə gəlir ki, pasport almadığı üçün ona xalq şairi adı verilmədi. Ötən əsrin 40-cı illərində mühacirət ədəbiyyatını yaradanlar Azərbaycana Cənub həsrət ədəbiyyatını gətirdilər. Süleyman Rüstəm, Mirzə İbrahimov İranda bu hadisələrin şahidi olmuşdular. Cənubdan Şimala mühacirət edən şairlərimiz isə özləri ilə həm də azadlıq ideyalarını gətirdilər. Həmin dövrdə mühacirət ədəbiyyatının nümayəndələri SSRİ-də icazə verilməyən azadlıq, demokratiya ideyalarını qələmə alırdılar.
Fuad Babayev: Amma mühacir ədəbiyyatına belə demək mümkünsə, “yaşıl işıq” yandırılmışdı.
Pərvanə Məmmədli: Tam icazə verilmişdi demək olmaz. Söhrab Tahir danışırdı ki, bir dəfə onu Dövlət Təhlükəsizlik Orqanına çağıraraq şeirlərindəki antisovet təbliğata görə günahlandırıblar. O isə diplomatik şəkildə deyib ki, mən görmək istədiyim azad dövlətdən yazanda İranı nəzərdə tutmuşam.
Fuad Babayev: Əslində bu ideyalar Şimalda da fikirləri dəyişirdi. Çox maraqlı detaldır.
Tariyel Ümid: Mühacir ədəbiyyatının nümayəndələri bizim şərqşünas alimlərə tədqiqat üçün çox mövzu veriblər. Çünki onlar fars dilini mükəmməl bilirdilər.
Pərvanə Məmmədli: Cənubdan gələn mühacir şair və yazıçılarımız klassiklərin öyrənilmsəsində və tərcüməsində böyük rol oynayıblar. Nizaminin, Qətran Təbrizinin (farsdilli Azərbaycan saray ədəbiyyatının XI əsrdə yaşamış ilk görkəmli nümayəndəsi – red.), Saib Təbrizinin (XVII əsrdə yaşamış, Azərbaycan türkcəsi və fars dilində yazıb-yaradan klassik Azərbaycan ədəbiyyatının ən tanınmış nümayəndələrindən biri – red.), Şəhriyarın fars dilində yazdığı şeirləri Həmid Məmmədzadə, Qulamhüseyn Beqdeli, Məmmədtağı Zehtabi kimi ədiblərin tərcüməsində oxumaq imkanı qazandıq.
Tariyel Ümid: Nizamişünas Firuz Sadıqzadəni də xüsusilə qeyd etmək istəyirəm.
Təmkin Məmmədli: Milli hökumətn dövründə Əli Tudənin İranda kitabı nəşr olunub?
Pərvanə Məmmədli: Bəli. “Cənub nəğmələri” kitabı 1946-cı ildə İranda çap olunub. Amma mətbəədə qalıb.
Tariyel Ümid: İşıq üzü görməyib, o kitabı yandırıblar.
Pərvanə Məmmədli: Həmin kitab 1950-ci ildə Bakıda çap olunub.
Təmkin Məmmədli: Vətən həsrəti, Təbriz mövzusu həmişə Əli Tudə yaradıcılığının ana xəttini təşkil edib. Bəs sosializm ideologiyasının təbliği Əli Tudə şeirlərində necə əks olunub?
Tariyel Ümid: Əli Tudə sosializmi də azadlıq kimi qələmə verirdi.
Pərvanə Məmmədli: Onun Ərdəbidə yazdığı ilk şeiri sovet ordusuna həsr olunub. Çünki o, sovetin əsgərlərinə faşizm üzərində qələbə çalan, bütöv Azərbaycana azadlıq gətirən ordu kimi baxırdı.
Tariyel Ümid: 1946-cı ildə Əli Tudə Azərbaycana gələndə Naxçıvanda dizinin üstündə “Mən nə gətirdim” şeirini yazıb. Bu gözəl şeir sonralar bizim mühacir demokrat şairlərin manifesti oldu:
Mən öz qardaşıma mehman gələndə
Bir qələm, bir dəftər, bir can gətirdim.
Dağların döşünü toplar dələndə
Bir ləkə düşməyən vicdan gətirdim.
Pərvanə Məmmədli: Cənub şairlərinin, o cümlədən Əli Tudənin şeirlərində Araz həsrəti ilə yanaşı həmişə əsas ideyanı Vətənə qayıtmaq ümidi təşkil edirdi. Əli Tudə “Mən nə gətirdim” şeirində də özünü burada mehman sayır.
Tariyel Ümid: Əli Tudə həmin şeirinin axırında deyir:
Gərək mən Təbrizə qayıdan zaman
Deyəm ki, təzə bir dövran gətirdim.
Təmkin Məmmədli: Tariyel müəllim, Sizin özünüzün Əli Tudə ilə bağlı xatirələriniz var?
Tariyel Ümid: Mən Əli Tudə haqqında maraqlı lətifələr danışa bilərəm. Səməd Vurğun Əli Tudəyə çox böyük rəğbət bəsləyirdi. Əli Tudə Yazıçılar İttifaqına gələndən sonra Səməd Vurğun ona deyib ki, mən elə bilirdim, sən yaşlı adamsan, amma sən cavan oğlansan ki… Bir dəfə də Əli Tudənin Yazıçılar İttifaqında çıxışı zamanı Səməd Vurğunu yaxşı şair adlandırması gedib Süleyman Rüstəmin qulağına çatır. Müəyyən müddətdən sonra Əli Tudə ilə Yazıçılar İttifaqında rastlaşan Süleyman Rüstəm ondan soruşur: “Əli, eşitdim çıxışında demisən ki, Səməd Vurğun yaxşı şairdir. Bəs mənim adımı çəkməmisən. Mən yaxşı şair deyiləm?” Süleyman Rüstəmin incidiyini görən Əli Tudə onu qucaqlayaraq deyib: “Sən yaxşı şairsən e, amma Səməd Vurğun əla şairdir.
Fuad Babayev: Poeziya ilə, nəsr ilə maraqlanan Azərbaycan oxucusuna Əli Tudənin hansı əsərlərini oxumağı Siz təkidlə tövsiyə edərdiniz? Əli Tudənin hansı şeirlərinin hər bir azərbaycanlının oxumasında fayda var?
Pərvanə Məmmədli: Mən onun təhkiyəsinin, nəsr əsərlərinin üzərində dayanardım. Bunlar əsasən memuar, xatirə ədəbiyyatıdır. Bu əsərlər Azərbaycan tarixinin bir hissədidir. Son illərdə nəşr olunmuş üç hissədən ibarət “Həyatım, xatirələrim…” kitabında həm Əli Tudənin ömür yolu, həm şeirləri, həm də 1945-1946-cı illərdə fəaliyyət göstərmiş Milli Hökumətimizim bir illik möhtəşəm islahatları yer alıb. Onun ilk şeir kitabı “Cənub nəğmələri”ndə oxucuya lirik, incə və saf duyğular aşılanır. O, gənc yaşlarından folkloru gözəl bilib, yaradıcılığında xalq deyimlərindən istifadə edib. Onun şeirində mayakın gözü yol çəkdiyi üçün qızarıb. Əsərlərində “axşam”ı “ağ şanı”ya”, “zəfəran”ı “Azərbaycanın şəfəq”inə bənzədən Əli Tudənin gözəl epitetləri var.
Tariyel Ümid: Şairi kitablarının sayı ilə tanımaq düzgün deyil.
Fuad Babayev: Əlbəttə.
Tariyel Ümid: Şairi bir şeiri ilə tanıyarlar. Misal üçün Musa Yaqub cavan vaxtı yazdığı bu dörd misraya görə mən ona xalq şairi adını verərdim:
Bəlkə də borcundan çıxmadım, Vətən,
Ömür bahar deyil bir də qayıtsın.
Ölsəm də qoynunda qoy ölüm ki mən,
Çürüyüm, bir ovuc torpağın artsın…
Bu dörd misrada Musa Yaqub elə xalq şairi idi.
“İki bölünməkdən elə qorxmuşam,
Çöpü də ikiyə bölmərəm daha…” deyən Söhrab Tahirin dahiliyi bu iki misradadır. Başqa bir şeirində Söhrab Tahirin böyüklüyü özünü belə büruzə verir:
Mənim qollarımı iynə-sap edin
Tikin Astaranı bir-birinə.
Çayları, yolları iynə-sap edin
Tikin Culfaları biri-birinə.
Məmməd Araz Əli Tudəyə həsr etdiyi “Bir şair küsüb” şeirində yazırdı:
Gülüşü varlığa bahar nəsimi,
Kədəri, hiddəti sırsıralı qış.
Ay kimi, Mars kimi, Venera kimi
Qəlbinin çox sirri kəşf olunmamış…
Əli Tudəni tanımaq üçün də “Mən nə gətirdim” və “Vətən həsrəti” şeirlərini oxumaq lazımdır. “Mən nə gətirdim şeiri” elə Əli Tudədir. Əli Tudənin bu iki şeirini dərsliklərə, ədəbiyyat müntəxəbatına salsalar, kifayətdir. Bu iki şeirlə Əli Tudə şair kimi yaşayacaq.
Hazırladı: Təmkin Məmmədli, 1905.az
Söhbət 3 may 2024-cü ildə baş tutub.