Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarovun 2014-cü ilin yekunları ilə əlaqədar bəzi kütləvi informasiya vasitələrinə müsahibəsi
AzərTAc. Cavid Bədəlov. – 2014-cü ildə Azərbaycanın xarici siyasətini, onun təməl prinsiplərini və prioritetlərini necə səciyyələndirərdiniz?
– Azərbaycanın diplomatik xidmət orqanları rəhbərlərinin 7 iyul 2014-cü ildə keçirilmiş beşinci müşavirəsində çıxış edən Prezident İlham Əliyev Azərbaycanın xarici siyasətinin prinsipial və ardıcıl surətdə aparıldığını və Azərbaycan diplomatiyasının inkişaf dövrünü yaşadığını qeyd edərək, qarşıda yeni vəzifələr qoymuşdur.
Ölkə rəhbərliyi tərəfindən müəyyən edilmiş strateji xəttə və milli maraqlarımıza uyğun olaraq, Xarici İşlər Nazirliyi tərəfindən 2014-cü il ərzində də beynəlxalq arenada müstəqil, fəal və çevik xarici siyasət kursumuzun yürüdülməsi təmin edilmişdir ki, onun da əsasını xüsusilə son onillik ərzində Azərbaycanın siyasi, iqtisadi və sosial sahədə əldə etdiyi nailiyyətləri təşkil edir.
Beynəlxalq hüququn norma və prinsipləri, BMT nizamnaməsi əsasında xarici siyasətini həyata keçirən Azərbaycan dövlətlərarası davranışlarda da daim qanunun aliliyi və dövlətlər tərəfindən öz öhdəliklərinə riayət edilməsi kimi məsələləri təşviq etmişdir. Bu siyasətin nəticəsidir ki, Azərbaycan dünyada etibarlı tərəfdaş kimi qəbul olunur və Azərbaycan ilə sıx əməkdaşlıq etmək niyyətində olan tərəfdaşların sayı artır.
Geridə qoymaqda olduğumuz ildə beynəlxalq münasibətlər sistemi ziddiyyətlər və hərbi-siyasi bloklara bölünmə kimi meyllərinin dərinləşməsi, Ermənistanın Azərbaycana qarşı təcavüzündən irəli gələn təhlükələrlə bərabər, Azərbaycana yaxın regionlarda yeni münaqişə ocaqlarının yaranması, terrorun və transmilli təhdidlərin vüsət alması ilə xarakterizə olunmuşdur.
Belə bir təlatümlü şəraitdə ölkəmizin müstəqilliyi və suverenliyinin qorunması, Ermənistanın təcavüz və işğalının və nəticələrinin aradan qaldırılması və ərazi bütövlüyümüzün təmin edilməsi, ölkəmizə qarşı hədə və təhdidlərin siyasi-diplomatik vasitələrlə qarşısının alınması, iqtisadi maraqlarımız, enerji və nəqliyyat strategiyamızın təşviq edilməsi, ölkəmizin həqiqətlərinin dünyaya çatdırılması, mədəni və humanitar diplomatiya, Azərbaycan vətəndaşlarının hüquqlarının xaricdə qorunması və xaricdəki Azərbaycan diasporu ilə əlaqələr xarici siyasi fəaliyyətimizin əsas prioritetləri kimi davam etdirilmişdir.
İkitərəfli diplomatiya dünya dövlətləri ilə əlaqələrimizdə əsas əməkdaşlıq mexanizmi kimi inkişaf etdirilmişdir. Ümumiyyətlə isə ikitərəfli əlaqələrin fəlsəfəsinə və təməl prinsiplərinə uyğun olaraq, Azərbaycanın hər hansı bir dövlətlə olan ikitərəfli əlaqələri digər dövlətlə olan ikitərəfli əlaqələrinə təsir edə biləcək xarakter daşımır.
Ikitərəfli diplomatiyada qonşu dövlətlərlə əlaqələr əsas diqqət mərkəzində olmuşdur. Bu gün Azərbaycan ilə qonşu dövlətlər arasında mehriban qonşuluq, bir-birinin daxili işlərinə qarışmamaq, bərabər hüquqlu, qarşılıqlı hörmət və faydalı əməkdaşlıq prinsipləri əsasında strateji əməkdaşlıq münasibətlər formalaşmışdır. Uğurlu ikitərəfli əməkdaşlıq modeli əsasında regional əməkdaşlıq və sabitliyin daha da inkişafına töhfə verən Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-İran-Türkiyə və Azərbaycan-Türkmənistan-Türkiyə üçtərəfli əməkdaşlıq formatları inkişaf etdirilir.
Coğrafiya, tarix, ənənələr və geo-siyasət baxımdan Azərbaycanın xarici siyasətinin bir regionla məhdudlaşmadığı və Cənubi Qafqaz, Xəzər dənizi hövzəsi və Mərkəzi Asiya, Cənub-Şərqi Avropa, İslam dünyası, post-sovet və Avro-Atlantika məkanı kimi ölçülərə malik olduğuna görə çoxistiqamətli xarici siyasət kursumuz Xəzər, Qara, Aralıq və Adriatik dənizi hövzələri boyunca inkişaf etdirilmişdir. Ümid edirik ki, qarşıdan gələn illərdə Cənub-Cənub və Şərq-Qərb əməkdaşlıq istiqamətlərinə əlavə olaraq, şimal-cənub vektoru üzrə Baltik dənizi və İran körfəzi ölçüləridə xarici siyasətimizdə daha da inkişaf edəcəkdir.
Xüsusilə 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvülüyümüzdən sonra xarici siyasətimizin coğrafi ölçülərinin daha da genişləndiyi və qlobal proseslərə təsir imkanlarının artdığını nəzərə alaraq, ikitərəfli əlaqələrimiz Latın Amerikası ilə bərabər, Asiya və Afrika istiqamətləri üzrə inkişafı üçün əlverişli imkanlar əldə etmişdir. Bu regionlarda yeni diplomatik təmsilçiliklərimizin yaradılması və həyata keçirilən qarşılıqlı səfərlər əlaqələrimizin gələcək inkişafının və mövqeyimizin möhkəmlənməsinin ciddi əsasını təşkil edir.
İkitərəfli və çoxtərəfli əsasda həyata keçirdiyimiz uğurlu siyasətin nəticəsidir ki, Bakı bu gün regional və hətta daha geniş çərçivədə biznes, mədəniyyət, idman mərkəzi kimi statusları ilə bərabər, qlobal problemlərin müzakirə olunduğu “diplomatik paytaxt” statusunu qazanmaqdadır. İl ərzində beynəlxalq təşkilatların xətti ilə Bakıda keçirilən tədbirlər, ikitərəfli və çoxtərəfli əsasda həyata keçirilən səfərlər buna bir daha dəlalət edir.
Beləliklə, uğurlu daxili siyasətimizin davamı kimi müstəqil, prinsipial, çevik və ardıcıl xarici siyasətimiz milli maraqlarımıza xidmət etmiş, ətrafımızda cərəyan təlatümlü proseslərə baxmayaraq, Azərbaycan inkişaf edən və çiçəklənən əməkdaşlıq məkanı kimi öz mövqeyini daha da gücləndirmişdir.
Trend. Səba Ağayeva. – Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində cari il ərzində görülən işlər barədə məlumat verməyinizi xahiş edirik.
– Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalının nəticələrinin aradan qaldırılması və münaqişəsinin həlli qarşımızda duran prioritet vəzifədir. Münaqişənin həlli üçün aparılan danışıqlar prosesində mövqeyimizin əsasını Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması, münaqişənin fundamental əsasını təşkil edən işğal və təcavüzün aradan qaldırılması, azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin bərpa olunması təşkil edir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün münaqişənin həlli üzrə aparılan danışıqların predmeti olmadığı birmənalı olaraq bütün görüşlərdə tərəf müqabillərimizin diqqətinə çatdırılmışdır.
Mövqeyimizin siyasi və hüquqi əsasını beynəlxalq hüququn norma və prinsipləri, BMT Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələri və digər beynəlxalq təşkilatların qəbul etdikləri sənədlər təşkil edir.
Beynəlxalq ictimaiyyət tərəfindən münaqişənin həlli məhz sadaladığımız prinsiplər, xüsusilə Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində görülür. İl ərzində bu mövqeyin gücləndirilməsi istiqamətində beynəlxalq təşkilatlar çərçivəsində ardıcıl işlər görülmüşdür.
Belə ki, 4-5 sentyabr tarixlərində NATO-nun Uelsdə keçirilmiş sammitinin yekun bəyanatında NATO-nun üzv dövlətləri Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstəklərini ifadə edərək, Cənubi Qafqazdakı münaqişələrin məhz bu prinsiplər əsasında həllini dəstəklədiklərini vurğulamışlar. 18-19 iyun tarixlərində Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici işlər nazirləri şurasının Ciddə Bəyannaməsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Azərbaycanın ədalətli mövqeyi ilə həmrəylik ifadə olunmuş, Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğal olunmuş ərazilərimizdə tarixi və mədəni irsimizin dağıdılmasını qınayan qətnamələr qəbul edilmişdir. 28-29 may tarixlərində Qoşulmama hərəkatının Əlcəzairdə keçirilmiş XVII xarici işlər nazirləri iclasının yekununda qəbul olunmuş “Yekun Əlcəzair Sənədi”də münaqişənin BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində danışıqlar yolu ilə həlli dəstəklənmişdir. 120 dövlətin üzv olduğu Qoşulmama Hərəkatı BMT-dən sonra dünya miqyasında ən çox dövlətin təmsil olunduğu nüfuzlu beynəlxalq təsisatdır. 13 may tarixində Ər-Riyadda keçirilmiş Ərəb Dövlətləri Liqası – Mərkəzi Asiya – Azərbaycan Respublikası Əməkdaşlıq və İqtisadi Forumunun yekun bəyannaməsində Ermənistan-Azərbaycan münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında həllinin vacibliyi bir daha vurğulanmışdır.
Bundan əlavə, münaqişənin həllinə dair bu məlum mövqe Türkdilli dövlətlərin əməkdaşlıq şurası, Azərbaycan-Gürcüstan-Türkiyə və Azərbaycan-İran-Türkiyə üçtərəfli görüşlərinin yekun sənədlərində və ikitərəfli əsasda Azərbaycan ilə digər dövlətlərin birgə bəyanatlarında da öz təsbitini tapmışdır.
Ermənistan hər bir vəchlə münaqişənin məhz Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində həllinə çağıran sənədlərin qəbuluna mane olmağa çalışsa da, uğursuzluğa düçar olmuşdur.
Bəşəriyyətin üzləşdiyi ən dəhşətli faciələrdən biri olan Xocalı soyqırımının tanıdılması və anılması, Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması istiqamətində də bir sıra işlər görülmüşdür. Belə ki, bu günə qədər Kolumbiya, Çexiya, Rumıniya, Serbiya, Honduras, Peru, Panama, Pakistan, Meksika, İordaniya, Bosniya və Hersoqovina və Sudan parlamentlərində, Amerika Birləşmiş Ştatlarının 15 Ştatında Xocalı soyqırımı rəsmən tanınmış, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstək ifadə edilmiş, o cümlədən ölkəmiz bu dövlətlər tərəfindən etibarlı strateji tərəfdaş kimi qiymətləndirilmişdir.
İşğal edilmiş ərazilərimizdə qanunsuz fəaliyyətin qarşısının alınması, xarici ölkələrin fiziki və hüquqi şəxslərinin bu fəaliyyətə cəlb olunmasına yol verilməməsi Xarici İşlər Nazirliyi, o cümlədən diplomatik nümayəndəliklərimiz tərəfindən diqqətdə saxlanılır və bu istiqamətdə həm ikitərəfli, həm də çoxtərəfli formatlarda zəruri addımlar atılmaqdadır.
APA. Rüfət Əhmədzadə. – Azərbaycan Böyük Sülh Sazişi üzərində işləməyə hazır olduğunu dəfələrlə bəyan edib. Həmsədrlər də son bəyanatlarında Sülh Sazişi üzərində işə başlamağın tərəfdarı olduqlarını bildiriblər. Ermənistan tərəfinin bu məsələdə mövqeyi nədən ibarətdir? Sülh Sazişi üzərində işə başlanması nə dərəcədə realdır?
– Ermənistan və Azərbaycan Prezidentlərinin ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin iştirakı ilə Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə 10 avqust 2014-cü ildə Soçi, ABŞ dövlət katibi Con Kerrinin təşəbbüsü ilə 4 sentyabr tarixində Uels və Fransa Prezidenti Fransua Ollandın təşəbbüsü ilə 27 oktyabr tarixində Parisdə keçirilmiş görüşlərində münaqişənin həllinə dair müsbət meyllər müşahidə olunmuşdur. Paris görüşündən sonra Fransa Prezidenti Fransua Olland münaqişə tərəfləri olan Ermənistan və Azərbaycanı Böyük Sülh Sazişi üzərində işləməyə çağırmışdır. 4 dekabr tarixində ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri xarici işlər nazirləri səviyyəsində verdikləri bəyanatda da tərəfləri tezliklə sülh sazişi üzərində işləməyə çağırmışlar. Azərbaycan sülh sazişi üzərində işləməyə hazır olduğunu qəti şəkildə bəyan etmişdir.
Amma münaqişənin həlli istiqamətində müsbət meyllərin olduğunu görən Ermənistan danışıqlara xələl gətirmək və məqsədyönlü şəkildə vəziyyəti gərginləşdirmək üçün təxribata üz tutmuşdur. İyul ayında təmas xəttində baş verən hadisə, Prezidentlərin Paris görüşündən sonra böyük sayda canlı qüvvə və hərbi texnika ilə Azərbaycanın işğal olunmuş ərazilərində genişmiqyaslı hərbi təlimin keçirilməsi Ermənistan tərəfindən təxribata hesablanmış addımlar idi. Azərbaycan cəmiyyətinin həssas hisslərinə toxunmaq üçün eləcə də öz doğma torpaqlarında ata-analarının qəbirlərini ziyarət edən soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyev zorakı yolla girov götürülmüş, onların üzərində qurama məhkəmə təşkil edilmiş və digər soydaşımız Həsən Həsənov isə vəhşicəsinə öldürülmüşdür. Atəşkəs rejiminin Ermənistan tərəfindən intensiv şəkildə pozulması, qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhəddi boyunca mülki əhalinin hədəfə alınması, işğal olunmuş ərazilərin demoqrafik tərkibinin dəyişdirilməsi kimi təxribatçı addımlar da davam etdirilmişdir.
Azərbaycana qarşı törədilmiş işğal və təcavüz və qanlı etnik təmizləmə əməllərinə görə beynəlxalq hüquq və BMT nizamnaməsi əsasında Ermənistan təcavüzkar dövlət kimi bütün meyarlar üzrə sanksiyaların tətbiq edilməli olduğu ölkədir. Təəssüf ki, Ermənistana münasibətdə indiyə qədər bu kimi tədbirlər görülməmişdir. Ermənistana qarşı vaxtında sanksiyalar tətbiq edilsəydi, onun Azərbaycana qarşı işğal və təcavüzü bu həddə çatmazdı və bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşməzdi. Danışıqlar prosesində Ermənistanın bəhanə və təxribatlarına son qoyması və konstruktiv mövqe tutması və nəhayət, sülh sazişi üzərində işə başlaması üçün ATƏT-in Minsk Qrupu tərəfindən lazımı praktiki tədbirlər görülməli və o cümlədən, Ermənistana sanksiyaların tətbiq edilməsi ciddi surətdə nəzərdən keçirilməlidir.
Münaqişənin həll edilməməsi regional sülh və təhlükəsizlik üçün ən böyük təhdiddir və buna görə işğalçı dövlət kimi bütün məsuliyyət Ermənistanın üzərinə düşür. Münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün ilk növbədə Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır.
Report. Viktoria Dementiyeva. – 2014-cü ildə Azərbaycanın BMT ilə əməkdaşlığı və qlobal proseslərdə iştirakı ilə bağlı nə deyə bilərsiniz?
– Çoxtərəfli diplomatiyamızın əsasını təşkil edən beynəlxalq təşkilatlarla fəal iş aparılmış və bu sırada BMT-dəki fəaliyyətimiz xüsusi əhəmiyyət kəsb etmişdir.
2015-ci ildən sonrakı dövr üçün dünya qarşısında duran yeni inkişaf məqsədlərinin müəyyən edilməsi mövzusuna həsr edilmiş BMT Baş Assambleyasının 69-cu sessiyasının ümumi müzakirələr hissəsində Azərbaycan çıxış etmiş və qlobal inkişaf baxımdan öz baxışlarını təqdim etmişdir.
2000-ci ildə keçirilmiş minillik sammitində dövlətlər tərəfindən 2015-ci ilə qədər həyata keçirilməsi nəzərdə tutulan Minilliyin inkişaf məqsədləri müəyyən edilmişdir.
2015-ci ildə BMT-nin 70-ci ildönümüdür. Bu öz simvolik əhəmiyyəti ilə yanaşı, BMT-nin ötən 70 ildə əldə etdiyi uğurlara nəzər salmaq, həmçinin qarşıdan gələn vəzifələri müəyyənləşdirmək üçün də əlverişli imkan vəd edir. Beynəlxalq nizamın gələcəyi ilə bağlı BMT-nin məqsədlərinə bütöv şəkildə baxmaq lazımdır. Bu baxımdan, 70 illik yubiley prosesləri çərçivəsində sülh və təhlükəsizlik məsələləri ilə yanaşı, rifah və inkişaf məsələsinə də diqqət yetirilməsini vacib hesab edirik. Bu müfəssəl yanaşmadan çıxış edərək, hesab edirik ki, BMT çərçivəsində islahatlar məsələsi təkcə BMT Təhlükəsizlik Şurası ilə yekunlaşmamalı, bütövlükdə BMT sisteminin effektivliyi məsələsinə hərtərəfli şəkildə baxılmalıdır.
Fərəhdoğurucu haldır ki, Azərbaycan minilliyin inkişaf məqsədlərini çox qısa zamanda icra etmiş və tamamilə yeni bir inkişaf mərhələsinə qədəm qoymuş dövlətdir. Milli səviyyədə yüksək inkişafa nail olmuş Azərbaycan bu gün təşəbbüskarı və bilavasitə iştirakçısı olduğu irimiqyaslı layihələr vasitəsilə region və onun hüdudları boyunca əməkdaşlıq və inkişafa töhfə verir. Trans-Anadolu və Trans-Adriatik qaz kəmərləri, Trans Avrasiya Super İnformasiya Magistrali (TASİM) və Bakı-Tbilis-Qars kimi layihələr 2015-ci ildən sonra BMT tərəfindən dünya qarşısında müəyyən olunmuş inkişaf məqsədlərinə töhfə verə biləcək layihələrdir. Başqa sözlə desək, artıq Azərbaycan milli səviyyədə deyil, region və daha geniş çərçivədə BMT-nin inkişaf məqsədlərinə, qlobal inkişafa və sabitliyə töhfə verən dövlətdir.
Azərbaycanın multikulturalizm və dinlər və mədəniyyətlərarası dialoq nümunəsi olaraq əldə etdiyi nailiyyətlərinin beynəlxalq səviyyədə təbliği istiqamətində BMT-nin Sivilizasiyalar Alyansı ilə qarşılıqlı faydalı əməkdaşlıq uğurla inkişaf etdirilməkdədir. Azərbaycanın bu istiqamətdə qlobal səviyyədə gördüyü işlərə verilən yüksək qiymətin təzahürü olaraq, 26 sentyabr 2014-cü il tarixində Alyansın Dostlar Qrupunun xarici işlər nazirləri səviyyəsində keçirilmiş iclasında BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 2016-cı ilin yazında Bakıda keçirilməsi haqqında qərar qəbul edilmişdir. 28-30 oktyabr 2014-cü il tarixlərində Bakıda Gənclər siyasəti üzrə 1-ci Qlobal Forumu keçirilmişdir. Bu forum ölkəmizdə milli səviyyədə həyata keçirilən uğurlu gənclər siyasətinin bir nümunə kimi qlobal səviyyədə təşviqində mühüm rol oynamışdır.
Qeyd olunanlarla bərabər, Azərbaycan beynəlxalq sülh və təhlükəsizlik, terrorizmə qarşı mübarizə, tərksilah və yayılmama, ətraf mühit, davamlı inkişaf kimi qlobal məsələlərin müzakirəsində yaxından iştirak etmiş və öz töhfəsini vermişdir.
İnterfax Azərbaycan. Fuad Hüseynzadə, Fərdin İsazadə. – Müxtəlif ekspertlər tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin müqabilində Azərbaycanın Avrasiya iqtisadi birliyinə üzvlüyü barəsində fikirlər səsləndirilir. Bunu necə şərh edərdiniz?
– İlk növbədə onu vurğulamaq istərdim ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri heç bir halda sövdələşmə obyekti ola bilməz.
Qeyd etdiyiniz inteqrasiya proseslərinə gəldikdə isə Azərbaycan hər bir dövlətin suveren qərarlarına hörmətlə yanaşır. Hal-hazırda müstəqil siyasət yürüdən Azərbaycan Respublikası siyasi, iqtisadi və ticarət əlaqələrində ikitərəfli formata üstünlük verir və qarşılıqlı faydalı əməkdaşlıq baxımdan bu da tam şəkildə özünü doğruldur. Ümumiyyətlə, hər hansı bir inteqrasiya prosesləri ilə əlaqədar bütün ölkə ictimaiyyətinin də qənaəti çox önəmlidir.
Azərbaycana haqqında bəhs olunan quruma üzvlük barəsində rəsmi müraciət olmayıb və Azərbaycanın gündəliyində belə bir üzvlük məsələsi yoxdur.
RİA Novosti. Nigar Orucova. – Rusiya Azərbaycan əlaqələrinin davamlı surətdə inkişafı və intensiv qarşılıqlı səfərlər özünü göstərir. Azərbaycan-Rusiya əlaqələrinin mövcud vəziyyətini necə qiymətləndirərdiniz?
– Azərbaycan ilə Rusiya arasında qarşılıqlı hörmət və faydalı əməkdaşlığa əsaslanan dost və mehriban münasibətlər vardır. Əlaqələrimizin əhatə dairəsinin genişliyi və buraya siyasi, iqtisadi, ticarət, hərbi və hərbi-texniki, qarşılıqlı investisiyalar, təhlükəsizlik və terrorizmə qarşı mübarizə, humanitar və digər sahələrin daxil olması olduqca məmnunedici haldır. Qonşu dövlət kimi Rusiya eləcə də Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Ticarət dövriyyəsinin hər il artım dinamikasını göstərməsi çox müsbət bir təzahürdür. Əlaqələrimizin inkişafında hökumətlərarası komissiya və xüsusilə Rusiya Federasiyasının regionları ilə əməkdaşlıq məsələsini xüsusilə qeyd etmək istəyərdim. 2011-ci ildən keçirilən Azərbaycan-Rusiya regionlararası forumun 5-cisi 23-24 iyun 2014-cü il tarixində Qəbələ şəhərində keçirilmişdir.
Azərbaycan-Rusiya əlaqələrinin xarakterik xüsusiyyətlərindən biri də humanitar əlaqələrdir. Bu sırada elm, təhsil, mədəniyyət əlaqələri, Rusiyanın mədəniyyət qruplarının Azərbaycana qastrol səfərləri, Azərbaycan mədəniyyətinin Rusiyada tanıdılması, tələbə mübadiləsi və xüsusilə insanlararası təmaslar qeyd edilməlidir. İkitərəfli əlaqələrimizin inkişaf dinamikasına uyğun olaraq, Azərbaycan və Rusiya arasında bütün səviyyələrdə qarşılıqlı səfərlərin intensivliyi bizi yalnız sevindirir.
Trend. Səba Ağayeva. – Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi, Avropa İttifaqı və digər təşkilatlarla əlaqələrini necə qiymətləndirirsiniz?
– Azərbaycan Respublikası 2001-ci ildə Avropa Şurasına (AŞ) üzv olduqdan sonra ilk dəfə 14 may 2014-cü il tarixindən altı aylıq dövr üçün AŞ Nazirlər Komitəsində sədrlik etmişdir. Sədrlik dövründə Azərbaycan Respublikası AŞ-nin fəaliyyətinin əsas sütunlarını təşkil edən insan hüquqları, qanunun aliliyi və demokratiyanın daha da inkişafı istiqamətində mühüm səylər göstərmiş, bu xüsusda AŞ-nin üzv ölkələri və qurumun müxtəlif təsisatları ilə qarşılıqlı anlaşma şəraitində çalışmışdır.
Azərbaycan Respublikasının sədrliyinin prioritetləri AŞ-nin gündəliyində duran aktual məsələlər, üzv dövlətlərin üzləşdikləri təhdidlər, Azərbaycanın müsbət təcrübəsi və fərqli üstünlükləri nəzərə alınmaqla, korrupsiyaya qarşı mübarizə, mədəniyyətlər və dinlərarası dialoq, sosial həmrəylik və sosial davamlılıq, gənclərin hüquqi maarifləndirilməsi kimi sahələr üzrə müəyyən edilmişdir. Sözügedən prioritetlərin dəstəklənməsi məqsədilə Azərbaycanda 18 mühüm beynəlxalq tədbir keçirilmişdir.
Bərabər hüquqlu və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq prinsiplərinin təşviqi Azərbaycanın Avropa İttifaqı (Aİ) ilə münasibətlərinin özəyini təşkil etmişdir. Şərq Tərəfdaşlığı və Aİ ölkələrinin Vilnüs Zirvə Toplantısı və ondan sonrakı dövrdə imzalanmış ikitərəfli sənədlər və onların icrası istiqamətində aparılan iş Azərbaycanın Aİ ilə əməkdaşlığının əsas tərkib hissəsi olmuşdur. İşgüzar dairələr arasında əlaqələrin artırılması, turizmin genişləndirilməsi, xüsusən elm, təhsil və tədqiqatlar sahəsində çalışan Azərbaycan vətəndaşlarının Aİ ölkələrinə səfərini asanlaşdırılan Viza rejiminin sadələşdirilməsi və Readmissiya haqqında Sazişin yaratdığı imkanlar təşviq edilmişdir. Eyni zamanda, Avropa Komissiyasının sabiq prezidenti Joze M. Barrozunun 14 iyun 2014-cü il tarixində ölkəmizə rəsmi səfəri zamanı Azərbaycanın Aİ proqramlarında iştirakına dair imzalanmış Protokol müvafiq dövlət qurumlarında kadr potensialının gücləndirilməsinə, iqtisadi, mədəni və humanitar sahədə təcrübə mübadiləsinə şərait yaradan mühüm sənəd olmuşdur.
Azərbaycanla Aİ arasında enerji sahəsində strateji tərəfdaşlığın inkişaf etdirilməsi üzrə xarici siyasət kursu uğurla davam etdirilmişdir.
Azərbaycanın Aİ üzv ölkələri ilə geniş əlaqələri Azərbaycan-Aİ münasibətlərinin inkişaf etdirilməsi istiqamətində aparılan fəaliyyətə təkan vermişdir. Belə ki, bu ölkələrlə fərdi qaydada siyasi, iqtisadi və mədəni-humanitar sahədə genişləndirilən dialoq Aİ ilə əməkdaşlıq gündəliyinin zənginləşdirilməsi və bərabər hüquqlu tərəfdaşlığın inkişafı istiqamətində aparılan işə müsbət töhfə vermişdir. Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın özünü etibarlı tərəfdaş kimi təsdiq etməsi, eləcə də Aİ-də strateji tərəfdaşlarının sayının artması Azərbaycanın bu təşkilatla əməkdaşlığının strateji ruhda köklənməsini zəruri etmişdir.
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində İslam ölkələri ilə siyasi, iqtisadi-ticarət və əlaqələrin inkişafı diqqət mərkəzində olmuşdur.
ATƏT ilə əməkdaşlıq çərçivəsində ATƏT-in Fəaliyyətdə olan Sədri, İsveçrə Konfederasiyasının Prezidenti və xarici işlər naziri cənab Didier Burkalterin ölkəmizə səfər etməsini, ilk dəfə olaraq ATƏT Parlament Assambleyasının illik sessiyasının Bakıda keçirilməsini qeyd etmək olar.
20 ildir ki ölkəmiz YUNESKO ilə təşkilatın bütün vacib istiqamətləri, o cümlədən, təhsil, elm, mədəniyyət, kommunikasiya və digər sahələr üzrə sıx əməkdaşlıq edir. Azərbaycan təşkilatın demək olar ki, bütün konvensiyalarına qoşulmuş, müxtəlif komitələrinin üzvü olmuş, bir çox beynəlxalq tədbirlərinə ev sahibliyi etmişdir. Azərbaycan-YUNESKO münasibətlərinin inkişaf etdirilməsi, mədəni irs nümunələrimizin dünyada təbliği, onların qorunması və gələcək nəsillərə ötürülməsində Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun gördüyü işlər xüsusi əhəmiyyət kəsb edir.
4 iyun 2014-cü il tarixində Türkiyənin Bodrum şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Təşkilatının (TDƏŞ) Zirvə Görüşü keçirilmiş və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev görüşdə iştirak etmişdir. TDƏŞ üzv dövlətlərinin prezidentlərinin qərarına uyğun olaraq TDƏŞ-in yeni Baş katibi vəzifəsinə 2014-cü ilin sentyabr ayından Azərbaycanın nümayəndəsi təyin edilmişdir.
Ölkəmiz tərəfindən Ümumdünya Əqli Mülkiyyət Təşkilatı, BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı, Ümumdünya Gömrük Təşkilatı, Beynəlxalq Telekommunikasiya İttifaqı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Beynəlxalq Bərpa olunan Enerji Agentliyi, BMT-nin Sənaye İnkişafı Təşkilatı və digər təsisatların işində fəal şəkildə iştirak etmişdir.
AzərTAc. Cavid Bədəlov. – Məlumdur ki, Azərbaycan artıq yardım alan ölkədən donor ölkəyə çevrilib və beynəlxalq miqyasda bu istiqamətdə müxtəlif yardım layihələri həyata keçirir. Xarici İşlər Nazirliyinin nəzdində təsis edilmiş Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) 2014-cü ildə bununla əlaqədar fəaliyyəti haqqında məlumat verməyinizi xahiş edirik.
– Azərbaycan Respublikasının son illər ərzində sürətli inkişafı ölkəmizin dünyanın donor dövlətləri ailəsinə daxil olmasına və Azərbaycanın xarici siyasətinin yeni xətti olan humanitar diplomatiyanın inkişafına şərait yaratmışdır.
Ümumiyyətlə, yardım etmək və ehtiyacı olana əl tutmaq Azərbaycan xalqının malik olduğu çoxsaylı yüksək əxlaqı dəyərlərdən biridir. Bu xüsusda, ölkə daxilində və onun hüdudlarından kənarda nəcib humanitar missiyalar həyata keçirən Heydər Əliyev Fondunun rolu xüsusilə qeyd edilməlidir.
2011-ci ildə Xarici İşlər Nazirliyinin nəzdində Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) təsis edilmişdir.
AİDA və İslam İnkişaf Bankı tərəfindən bir sıra Afrika ölkələrində həyata keçirilmiş göz əməliyyatları nəticəsində kataraktadan əziyyət çəkən minlərlə insan görmə qabiliyyətini bərpa edilmişdir.
Ölkəmiz həmçinin, təbii fəlakətlər nəzticəsində zərər çəkmiş ölkələrə yardım göstərilməsini diqqət mərkəzində saxlamışdır. Belə ki, Əfqanıstan, Serbiya, Bosniya və Hersoqovina, Sent Vinsent və Qrenadin, Pakistan və Qəzza bölgəsinə humanitar yardımlar göstərilmişdir. Misal üçün qeyd etmək istərdim ki, Pakistanda sentyabr ayında yağan güclü leysanlar nəticəsində zərərçəkmiş əhaliyə AİDA və Pakistandakı Səfirliyimiz tərəfindən ölkənin 8 şəhərində humanitar aksiyalar keçirilmiş və təqribən 25 min insana qida məhsullarından ibarət humanitar yardım paylanılmışdır.
Xüsusilə qeyd etmək istərdim ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ərəfəsində Pakistanın Dera İsmayil Xan ərazisinin Tank bölgəsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü və himayəsi ilə AİDA və Azərbaycan Respublikasının Pakistandakı Səfirliyi tərəfindən “Heydər Əliyev Su Təchizatı layihəsi” həyata keçirilmişdir. Bu layihə nəticəsində içməli sudan məhrum olmuş, əsrlər boyu yağış suyunu yığan kollektordan məişət məqsədləri üçün istifadə edən on minlərlə bölgə sakininin keyfiyyətli içməli su ilə bağlı problemi tamamilə həll olunmuşdur.
AİDA tərəfindən bu il beşinci dəfə təşkil olunmuş neft hasilatının artırılması texnologiyaları üzrə ixtisasartırma təlimləri qədim neft ölkəsi olan Azərbaycanın bu sahədə qazandığı bilik və təcrübənin inkişaf etməkdə olan ölkələrə ötürülməsinə imkan verir, eləcə də xarici dövlətlərin neft yataqlarında birgə tədqiqtların aparılması ilə Azərbaycanın neft elminin dünyada yenidən öz yüksək yerini tutmasına şərait yaradır.
Bununla yanaşı, Azərbaycan həqiqətlərinin və ölkəmizin əldə etdiyi nailiyyətlərin xarici dövlətlərin rəsmi, eləcə də elmi-ictimai dairələrinə çatdırılması məqsədilə AİDA tanınmış beynəlxalq tədqiqat mərkəzləri ilə əməkdaşlıq proqramlarını həyata keçirir, həmçinin inkişaf etməkdə olan dövlətlərin tələbələrinə Azərbaycanın aparıcı universitetlərində təhsil almaq və seçdikləri ixtisaslara yiyələnmək üçün təqaüdlər ayırmaqla onların insan kapitalının formalaşmasına dəstək verir.
Beləliklə, AİDA öz proqram və layihələri vasitəsilə qlobal səviyyədə davamlı inkişafa və humanitar missiyalara töhfə verir. Bundan sonra da bu nəcib missiya davam etdiriləcəkdir.
Bloomberg News. Zülfüqar Ağayev. – 2014-cü il ərzində Azərbaycanın xarici iqtisadi-ticarət əlaqələrinin inkişafını necə qiymətləndirirsiniz?
– Ötən illərdə olduğu kimi, 2014-cü ildə də Azərbaycan Respublikasının xarici ölkələrlə iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi istiqamətində bir sıra mühüm işlər və tədbirlər görülmüşdür.
İqtisadiyyat və Sənaye Nazirliyi və digər dövlət qurumları ilə əlaqəli şəkildə Azərbaycanın xarici iqtisadi əlaqələrinin inkişaf etdirilməsi, ölkə iqtisadiyyatının potensialının xaricdə təşviq olunması, Azərbaycanın və xarici ölkələrin dövlət və işgüzar dairələrinin nümayəndələrinin səfərlərinin təşkili, iqtisadi əməkdaşlıq üzrə Azərbaycanın xarici dövlətlərlə birgə hökumətlərarası komissiyalarının və işçi qruplarının keçirilməsi, ölkəmizin qeyri-neft sektorunun şaxələndirilməsi, ixracının təşviqi və genişləndirilməsi, xarici sərmayələrin ölkəmizə cəlb edilməsi, tərəfdaş ölkələrə Azərbaycan sərmayələrinin yatırılmasının təşviqi, ölkəmizdə istehsal olunan məhsulların və xidmətlərin yeni bazarlara çıxarılması, eyni zamanda xarici ölkələrdə tətbiq olunan müasir texnologiyaların ölkəmizə cəlb edilməsi ikitərəfli əməkdaşlıqda əsas istiqamətlərdən olmuşdur.
Belə ki, 2014-cü il ərzində Azərbaycan Respublikasının xarici ölkələrlə ticarət-iqtisadi əlaqələrinin inkişaf etdirilməsi məqsədilə 18 birgə hökumətlərarası iqtisadi komissiyanın və 2 işçi qrupun iclası keçirilmişdir. Keçirilmiş iclaslarda Azərbaycanın bu ölkələrlə ticarət-iqtisadi, sənaye, enerji, nəqliyyat, informasiya və telekommunikasiya texnologiyaları, kənd təsərrüfatı və aqrar sənayesi, turizm və elmi-texniki sahələrdə əməkdaşlığın genişləndirilməsi məqsədilə konkret razılaşmalar əldə olunmuş və gələcək əməkdaşlıq istiqamətləri müəyyən edilmişdir. Bununla yanaşı, Azərbaycanın bir sıra mühüm ölkələrlə keçirdiyi hökumətlərarası iqtisadi komissiya və işçi qruplarının iclasları zamanı qəbul olunmuş sənədlərdə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və digər işğal altında olan ərazilərində Ermənistan tərəfindən həyata keçirilən qeyri-qanuni iqtisadi fəaliyyətin qarşısının alınması məqsədilə Azərbaycanın həmin ölkələrlə birgə səylərinin aparılması üzrə razılıqlar əldə olunmuşdur.
Ölkə iqtisadiyyatımızın potensialının xaricdə təşviq olunması, işgüzar dairələr arasında əməkdaşlığın inkişaf etdirilməsi, ölkəmizin iqtisadi imkanları, biznes və sərmayə mühitinin xarici sərmayədarlara tanıdılması, şirkətlərimizin istehsal etdiyi məhsul və xidmətlərinin xarici bazarlar çıxarılması, eyni zamanda xarici ölkələrdə tətbiq olunan müasir texnologiyaların ölkəmizə cəlb edilməsi üçün 23 biznes forum keçirilmişdir.
2014-cü il ərzində ölkəmizdə aparılmış islahatlar və həyata keçirilən iqtisadi siyasət nəticəsində yaradılmış əlverişli biznes mühitinə maraq göstərən xarici şirkətlərin və ölkəmizlə əməkdaşlıq istiqamətində irəli sürülən təkliflərin sayı davamlı olaraq artmışdır. Bu təkliflərin ölkəmizin maraqlarına uyğun olaraq rəqabətlilik əsasında seçilməsi məqsədilə xarici şirkətlər tərəfindən edilən işgüzar müraciətlərin təhlil edilməsi, iqtisadiyyatımıza verə biləcəyi töhfənin əsaslandırılması, əməkdaşlığın gələcək səmərəliliyi, ölkəmiz üçün faydalılığı, xüsusən yeni texnologiyaların ölkəmizə gətirilməsi, istehsal sahəsində uzunmüddətli sərmayə yatırmaq niyyəti olan şirkətlərin cəlb edilməsinə səy göstərilmişdir.
Anadolu. Ruslan Rəhimov. – 2015-ci ildə ermənilər “soyqırım” iddialarının 100 illiyini keçirəcək. Daha öncə Azərbaycan və Türkiyənin bu iddialara qarşı birlikdə cavab verəcəyi açıqlanmışdı. Bu çərçivədə Azərbaycanın planları necədir?
– Tarixin saxtalaşdırılması və eləcə də tarixin siyasi möhtəkirlik obyektinə çevirərək, müəyyən məqsədlər üçün istifadə edilməsi qəbuledilməzdir. Qondarma “erməni soyqırımı” məsələsində aparılan kampaniya bunun bariz nümunəsidir.
Təəssüflər olsun ki, Ermənistan Azərbaycana qarşı işğal və təcavüzünə, digər qonşu dövlətlərə qarşı iddialarına son qoymaq və normal və sivil əlaqələr qurmaq əvəzinə bu kimi əməllərlə məşğuldur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Türkiyənin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın bu ilin sentyabrında Bakıya səfəri zamanı keçirdikləri birgə mətbuat konfransında Türkiyə ilə Azərbaycan xarici işlər nazirlikləri, diplomatik nümayəndəlikləri və diaspor təşkilatlarının qondarma “erməni soyqırımı”nın ifşası ilə bağlı əlaqələndirilmiş şəkildə birgə iş apardıqlarını qeyd etmişdir. Prezident İlham Əliyev onu da əlavə etmişdir ki, Ermənistan və dünya erməniliyi beynəlxalq ictimai rəyi çaşdırmaq, yalan üzərində tarix qurmaq istəyərək, Türkiyəyə qarşı əsassız ittihamlar irəli sürür, bunların heç bir tarixi əsası yoxdur və bu, yalandır, böhtandır, iftiradır.
Bundan çıxış edərək, hər iki ölkənin xarici işlər nazirlikləri və digər müvafiq qurumları tərəfindən əlaqələndirilmiş iş aparılır. Burada əsas diqqət erməni yalanlarının ifşası və faktlara əsasən tarixi həqiqətin təqdim olunmasına yetirilir.
Eyni zamanda ermənilər tərəfindən 1918-ci ilin martında Bakı, Şamaxı, Quba və indi Ermənistanın ərazisi olan digər tarixi Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı kütləvi soyqırım əməlləri, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində Xocalıda törədilmiş soyqırım və işğal olunmuş Azərbaycan ərazilərində və Ermənistanın öz ərazisində bir milyondan artıq azərbaycanlının qanlı etnik təmizləməyə məruz qalması kimi faktlar daha geniş şəkildə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılır. Bütün bunlara görə beynəlxalq humanitar hüquq əsasında Ermənistan məsuliyyət daşıyır. Tarixi təhrif etmək əvəzinə Ermənistanın törətdiyi bu soyqırım əməllərinə cavab verməlidir.
Bu istiqamətlərdə birgə fəaliyyətimiz davam etdiriləcəkdir.
Haqqın.az. Zaur Rəsulzadə. – Son dövrlərdə insan hüquqları adı altında Azərbaycana qarşı olan bəyanatları və ümumiyyətlə, Azərbaycan-ABŞ əlaqələrini necə görürsünüz?
– Təəssüflər olsun ki, bir sıra dairələr insan hüquqlarını xarici siyasət alətinə çevirərək, məqsədyönlü şəkildə bəzi dövlətlərə qarşı əlaqələndirilmiş kampaniya aparırlar. Demokratiya və insan hüquqları ümumbəşəri dəyərdir və demokratiyanın vahid modeli də mövcud deyildir. Heç bir dövlətin bu sahədə mükəmməlikdən danışmağa və digərlərinə dərs keçməyə haqqı yoxdur.
Bəzi dairələr ümumi vəziyyətə qiymət vermək əvəzinə, konkret və fərdi halları və bir çox hallarda arxasında cinayət tərkibi olan məsələləri əsas götürərək, bunu siyasi təzyiq göstərmək və qarayaxma kampaniyasına çevirməyə çalışırlar.
Azərbaycanda insan hüquqları qorunması və demokratikləşmə sahəsində davamlı addımlar atılır. Demokratik inkişaf Azərbaycan xalqının və dövlətinin şüurlu seçimidir və aparılan islahatlar kimisə məmnun etmək üçün deyil, ilk növbədə Azərbaycan xalqının mənafeyi üçün edilir.
Azərbaycanın əzmli siyasi iradəsi vardır və Azərbaycan öz uğurlu siyasi-iqtisadi və inkişaf yolu ilə addımlarını davam etdirəcəkdir.
Azərbaycanın ABŞ ilə əlaqələri Azərbaycanın qlobal enerji təhlükəsizliyinə, terrorizmə və transmilli hədə və təhdidlərə qarşı mübarizəyə töhfələri, Əfqanıstan əməliyyatına maddi-texniki, tranzit və maliyyə dəstəyi ilə xarakterizə olunur. Eyni zamanda ABŞ ATƏT-in Minsk Qrupunun həmsədri kimi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlarda Rusiya və Fransa ilə birlikdə vasitəçi rolunda çıxış edir. ABŞ bu məsələnin Azərbaycan cəmiyyəti üçün nə dərəcədə həssas və ağrılı olduğunu bilir və Azərbaycanın digər həmsədrlər kimi ABŞ-dan da gözləntisi ondan ibarətdir ki, münaqişənin tezliklə beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həlli istiqamətində səylərini daha da artırsın. ABŞ tərəfindən Ermənistanın təcavüzü nəticəsində insan hüquqlarının qorunması üzrə beynəlxalq sənədlərdə təsbit olunmuş ən əsas hüquqlarından məhrum olunmuş azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqlarına da diqqət göstərilməsi məqsədəuyğun olardı.
Azərbaycan əməkdaşlıq etdiyi bütün tərəfdaşları ilə açıq və səmimidir. Bu prinsiplər əsasında dünya dövlətləri ilə xoşniyyətli əməkdaşlıq edir.
APA. Rüfət Əhmədzadə. – Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunları ilə əlaqədar vizaların verilməsi prosedurlarının təkmilləşdirilməsi üzrə əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Ümumiyyətlə, Azərbaycanda turizmin inkişafı kontekstində viza sistemində nə kimi işlər görülür?
– “I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 8 avqust 2014-cü il tarixli 675 saylı Sərəncamına əsasən, Xarici İşlər Nazirliyinin üzərinə düşən tədbirlərin icrası istiqamətində ardıcıl iş aparılır. Viza prosedurlarının sadələşdirilməsi barədə Avropa Olimpiya Komitəsi, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA), Beynəlxalq Mülki Aviasiya Təşkilatına (ICAO) dolğun məlumatların verilməsi və ölkəmizə səfər edəcək əcnəbilərə və xarici dövlətlərdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirilməsi qaydalarının Xarici İşlər Nazirliyi və xaricdəki diplomatik nümayəndəliklərimizin resurslarında yerləşdirilməsi təmin olunur.
Azərbayan Respublikasında turizmin inkişafı ilə əlaqədar ölkəmizə səfər edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə vizalarının rəsmiləşdirilməsi işinin daha yüksək səviyyədə təşkili məqsədi ilə “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemində (İAMAS) mövcud proqram təminatının təkmilləşdirilməsi, bu sahədə müfəssəl statistik təhlillərin aparılması; Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlikləri və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi arasında məlumat mübadiləsini təkmilləşdirmək üçün “Azerspace-1” telekommunikasiya peyki vasitəsilə səfirlik və konsulluqların peyk rabitəsi ilə təchiz edilməsi üzrə ardıcıl tədbirlər görülür. Eyni zamanda, ölkəmizə səfər edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə vizaların rəsmiləşdirilməsi işinin operativliyini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına uyğun olaraq, Xarici İşlər Nazirliyi və diplomatik nümayəndəliklərin əməkdaşlarının ştat sayının artırılması sahəsində müvafiq işlər görülməkdədir.
Azərbaycan Respublikasına səfər edən turistlərə vizaların elektron qaydada verilməsi işi müvəffəqiyyətlə həyata keçirilir. Bunun sübutu kimi elektron vizaya müraciət edən turistlərin sayının getdikcə artmasını göstərmək mümkündür.
Aparılmış uğurlu fəaliyyət nəticəsində 2014-cü ilin 1 sentyabr tarixindən etibarən “Azərbaycan Respublikası və Avropa İttifaqı arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında Saziş” qüvvəyə minmişdir. Sazişin tətbiq edilmədiyi Danimarka, Birləşmiş Krallıq, İrlandiya, İslandiya, Norveç, İsveçrə və Lixtenşteyn ilə diplomatik və xidməti pasportlara malik şəxslərin vizasız gediş-gəlişi barədə ikitərəfli sazişlərin imzalanması istiqamətində müvafiq işlərin aparılmasına başlanılmışdır. Norveç Krallığı ilə Azərbaycan Respublikası arasında “diplomatik və xidməti pasportlara malik şəxslərin vizasız gediş-gəlişi barədə” ikitərəfli saziş artıq imzalanmışdır.
Xarici ölkələrlə konsulluq sahəsində əməkdaşlığın qurulması və genişləndirilməsi, xarici ölkələrdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarının hüquqlarının müdafiəsinin qanuni əsaslarının təkmilləşdirilməsi, həmçinin Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrə səyahətinin asanlaşdırılması məqsədilə bir sıra dövlətlərlə ölkəmiz arasında “konsulluq sahəsində əməkdaşlıq haqqında”, “konsulluq sahəsində qarşılıqlı yardım göstərilməsi haqqında”, “diplomatik və xidməti pasportlara malik vətəndaşların vizasız gediş-gəlişi haqqında” ikitərəfli sazişlərin hazırlanması zərurəti araşdırılmışdır.
http://az.trend.az/azerbaijan/politics/2347695.html