“Ümumiyyətlə, prezidentlər səviyyəsində hər bir görüş müsbətdir. Bu kimi görüşlər münaqişənin həlli prosesini irəli aparmaq məqsədilə qarşı tərəfin yanaşmasını başa düşməyə yardım göstərir. Paris görüşündə gün ərzində danışıqlar bir neçə mərhələdə keçirilərək, hələlik inkişafa nail olunmamış məsələlərə baxılıb. Prezident İlham Əliyev bir daha Azərbaycanın prinsipial mövqeyini səsləndirərək qeyd edib ki, münaqişənin sülh yolu ilə həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasına nail olmaq lazımdır”.
Bunu APA-ya açıqlamasında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Ermənistanın xarici işlər naziri Eduard Nalbəndyanın Paris görüşünün nəticələri barəsində səsləndirdiyi fikirlərinə münasibət bildirirkən deyib.
Nazir qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən də aydın şəkildə dəstəklənən və BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrində təsbit olunmuş Azərbaycanın bu tələbənin yerinə yetirilməsi ilə regionda təhlükəsizlik, sərhəd və kommunikasiyaların açılması və etimad quruculuğu tədbirləri üzrə məsələlərin razılaşdırılması üçün geniş imkanlar yaranacaq: “Belə ki, Ermənistan qoşunları Azərbaycan ərazilərində olmadığı halda, snayperlərə ehtiyac qalmayacaq və hərbi insidentlər əsaslı şəkildə azalacaq. Biz sülhü bərqərar edəcəyik və regionu inkişaf etdirəcəyik. Görüşün əsas nəticələrindən biri kimi mən Fransa prezidenti Fransua Ollandın böyük sülh sazişinin layihəsi üzərində işə başlamağın zəruriliyi barəsində münaqişə tərəfləri kimi Ermənistan və Azərbaycana çağırışını qeyd edərdim. Azərbaycan dəfələrlə bəyan edib ki, bu işə hazırdır”.