– Fəxriyyə xanım, bu gün dinləyici və tamaşaçı, hər halda hazırlıqlı dinləyici və tamaşaçı orta statistik aparıcımızdan narazıdır. Siz necə, orta statistik dinləyicinizdən razısınızmı?
– Əgər orta statistik dinləyicilər aparıcılardan narazıdırsa demək ki, qarşı tərəfin təhlil qabiliyyəti və qiyməti müqayisə etibarilə yüksəkdi. İstənilən halda hər tamaşaçı və dinləyicinin öz marağı və bu maraqları özündə əks etdirən öz aparıcıları var. Razılığa gəlincə son zamanlar çox müzakirə olunan kütlə təfəkkürü ilə razı deyiləm. Yetərincə düşüncəli və tələbkar tamaşaçı və dinləyici var. Yetər ki, bu auditoriyanı öz ətrafında toplaya biləcək layihələr olsun.
KİV BİRBAŞA İDEOLOGİYAYA XİDMƏT EDƏN ƏSAS VASİTƏDİR
– Qarabağ düyününün çözülməsinin əhəmiyyətlilik əmsalının nə qədər böyük olması hamımıza bəllidir. Bu missiyanın həyata keçirilməsində media mənsubunun iştirakı necə olmalıdır?
– İstər media, istərsə də hər hansı bədii vasitə (əsər, tamaşa, film, klip və s.) təsir gücünə görə öndədir. Güclü mənəviyyata söykənməyən güc mütləq kor-koranə ve nəticəsiz qalacaq. Bu səbəbdən KİV birbasa ideologiyaya xidmət edən əsas vasitədir. Və çox güclü vasitədir. Bu istiqamətdə xidmət edən istənilən media mənsubu oz məsuliyyətini yetərincə dərk etməli və istənilən addım da cox dəqiq olmalıdır.
– Yaradıcılıq yolunuzu hansı mərhələlərə bölərdiniz?
– İstənilən insan üçün istənilən yolda mərhələlər yalnız təkamül ve inkişafa söykənməlidir.
– Təxəllüsünüz… Necə oldu ki, bu seçimi etdiniz?
– Lilpar daglarda bulaq başında bitən güldür. Bulaq başına gedən insanlar bulaqdan su içmək üçün təmiz sayılan lilparın yarpağını bükərək dolça kimi istifadə edirlər. Təmizliyinə arxayındırlar çünki. Hətta xalq şairi Hüseyn Arif şeirlərinin birində yazır ki, lilpar olan yerdə dolça nə lazım. Lilpar həm də dünyasını erkən dəyişən anamın adıdır.
– Allah rəhmət eləsin! İndi də planlarınız haqda danışaq.
– Planlar haqqında belə bir deyim var –Allahı güldürmək istəyirsənsə, planlarından danış. Planlarım coxdur. Bir neçə telelayihə üzərində çalışırıq. Elmi fəaliyyətimin bir qismi də bu il demək olar ki, yekunlaşır və s. Təbii ki, Allah izn verərsə…
VƏTƏN ƏRAZİSİNİN BÖYÜKLÜYÜ İLƏ DEYİL, ÖZ VƏTƏNDAŞININ BÖYÜKLÜYÜ İLƏ ÖLÇÜLÜR.
– Və nəhayət. 1905.az portalına tövsiyyələrinizi bilmək istərdik.
– Portalınızla ətraflı tanış oldum. Vətən ərazisinin böyüklüyü ilə deyil, öz vətəndaşının böyüklüyü ilə ölçülür. Dinindən, dilindən, irqindən asılı olmayaraq insanın gücü onun güvəndiyi torpağına atdığı addımın gücü ilə ölçülür. Hesab edirəm ki, sizin meyar da bu məqsədə yönəlib. Alqışlayıram və uğurlar arzu edirəm.
– Minnətdaram.
Fuad Babayev,
1905.az