1905.az portalının suallarını Diasporla iş üzrə Dövlət Komitəsinin Analitik-informasiya şöbəsinin müdiri Elşad Miraləm cavablandırır
– Bəzilərində belə bir təsəvvür var ki, xaricdəki diasporumuz zəifdir, təşkilatlanmayıb, Azərbaycanın maraqlarını müdafiə etmək iqtidarında, bəzi hallarda isə marağında deyil. Niyə belə düşünənlər var sizcə? Diasporumuz doğrudan zəifdir, yoxsa, biz onu erməni diasporu ilə müqayisə etdiyimizdən zəif görünür? Və ümumiyyətlə, bizim diasporumuz necə olmalıdır?
– Bu əslində uzun illər ərzində formalaşmış, həm də müəyyən mənada birtərəfli informasiyaların təsiri ilə steorotipləşmiş bir təsəvvürdür və müasir dövrün reallıqları ilə üst-üstə düşmür. Erməni diasporu ilə Azərbaycan diasporunu müqayisə edəndə isə bir qədər tarixi-praktik məqamlara diqqət yetirilməlidir. Yəni burada təcrübə üstünlüyü ola bilər, güc üstünlüyü yox, bu isə tamamilə fərqli anlayışlardır. Məlumdur ki, ermənilər ikinci yüzillikdir ki, çalışırlar və yüzillik ərzində, uzun bir zaman içərisində indiki səviyyəyə gəlib çıxa biliblər. Azərbaycan diasporu isə müqayisədə, belə demək mümkünsə hələ xeyli gəncdir. O mənada ki, bizim diaspor quruculuğuna başlamağımız və təşkilatlanmağımız 20 ildən bir az artıq vaxt içərisindədir.
Bu gün azərbaycanlıların yaşadığı və təşkilatlandığı elə bir ölkə yoxdur ki, orada Azərbaycanın milli maraqları ilə bağlı məsələlərdə soydaşlarımızı səfərbər etmək hansısa çətinlik yaratsın. Bəlkə yerli idarəetmə orqanlarının, yaxud qanunların və ya dövlət aparatının yaratdığı müəyyən maneələr ola bilər, ancaq azərbaycanlıları bir araya gətirmək üçün bir işarə, bir çağırış kifayət edir. Aydındır ki, bunu on il, iyirmi il öncə təsəvvür etmək belə mümkün deyildi. Dövlətimizin ən yüksək səviyyədə diqqəti və bilavasitə dəstəyi sayəsində az bir vaxtda təşkilatlanma-quruculuq işi uğurla həyata keçirilib.
Azərbaycan diasporunun təşəbbüsü nəticəsində ABŞ-ın 10-a yaxın ştatında Xocalı soyqırımı ilə bağlı qətnamələr qəbul olunub. 2013-cü ildə Ağ Evin rəsmi saytında yerləşdirilmiş petisiyaya qısa müddət ərzində 125 min insan imza atdı. Ermənilər isə nə qədər çalışsalar da lazım olan səsi tələb olunan müddətdə toplaya bilmədilər. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyasının uğurları Azərbaycanın bu sahədə nə qədər ardıcıl bir fəaliyyət həyata keçirdiyini göstərir. Bu kampaniya nəticəsində qısa vaxtda beynəlxalq ictimaiyyətdə Xocalı soyqırımı haqqında təsəvvür formalaşdırmaq mümkün oldu. İsraildə, Estoniyada və başqa ölkələrdə erməni diasporu və lobbisi “soyqırım” iddiaları ilə bağlı layihələri parlamentlərin gündəliyinə çıxarmaq istədi, Azərbaycan diasporunun səyi nəticəsində bunun qarşısı alındı. Düzdür, bəziləri iddia edir ki, erməni diasporunun gücünü təsdiq edən əsas fakt bir sıra ölkələrdə “erməni soyqırımı”nı tanıyan qərarların qəbul olunmasıdır. Amma dünyada gedən prosesləri az-çox bilən və izləyən hər kəsə məlumdur ki, burada həlledici faktor erməni diasporu və ya lobbisi deyil, geosiyasi maraqlardır. Həmin dövlətlər də müəyyən dövr çərçivəsində siyasi manevr imkanlarını saxlamaq üçün qəbul etdikləri qərarları informasiya məkanında erməni diasporunun fəaliyyətinin nəticəsi kimi təqdim etməkdə maraqlı olublar. Beləliklə də erməni diasporu haqqında bir mif formalaşıb. O mif isə artıq dağılmaqdadır və bu proses daha da sürətlənir. Azərbaycan dövlətinin dünyada artan nüfuzu, getdikcə yüksəlməkdə olan iqtisadi və hərbi qüdrəti beynəlxalq ictimai rəyi şübhəsiz ki, bizim xeyrimizə dəyişir. Bu həm də Azərbaycan diasporunun fəaliyyət göstərdiyi ölkələrdə ictimai rəyə təsir imkanlarını artırır, siyasi dairələr diaspor təşkilatlarımıza əvvəlki illərlə müqayisədə daha ciddi yanaşmağa məcbur olur.
Azərbaycanın bu sahədə konkret məqsədlərə və hədəflərə ünvanlanmış vahid strateji xətti var və ən əsası da elə budur. Bütün dövlət qurumlarımız, ictimai birliklər, qeyri-hökumət təşkilatları, KİV və şübhəsiz ki, diaspor təşkilatlarımız hər biri öz fəaliyyətini bu strateji xəttə uyğun olaraq qurur. Bizim gücümüzü artıran, imkanlarımızı genişləndirən əsas amil budur. Ona görə də Azərbaycan diasporunun zəif olduğu barədə fikirlər indiki reallıqları əks etdirmir. Amma bu o demək deyil ki, biz əldə olunmuş uğurlarla kifayətlənməliyik. Diaspor da cəmiyyətin bir hissəsidir və cəmiyyətdə baş verən dəyişikliklər ona da təsir göstərir. Diaspor canlı bir orqanizm kimidir, ətraf mühitin təsirindən kənarda qalması mümkün deyil. Cəmiyyət təkmilləşdikcə, inkişaf etdikcə o da dəyişməli, təkmilləşməlidir. Aparılan təhlillər, araşdırmalar, müşahidələr göstərir ki, Azərbaycan diasporu qısa vaxt ərzində uzun bir məsafə qət edib, lakin şübhəsiz ki, qarşıda bizi hələ daha uzun və çətin bir yol gözləyir.
– Erməni diasporunun imkanları barədə nə demək olar? Aydındır ki, o güclüdür, mütəşəkkildir və s. Amma doğrudanmı o, haqqında danışılanlar qədər qüdrətlidir?
– Qeyd etdiyim kimi bu sadəcə olaraq müəyyən maraqlara, konyukturlara uyğun şəkildə formalaşdırılmış təsəvvürdür. Əlbəttə ki, erməni diasporunun mövcudluğunu və fəaliyyətinin tamamilə inkar etmək fikrindən uzağıq. Ancaq erməni diasporunun gücü iddia olunduğu səviyyədə deyil. Müxtəlif ölkələr öz milli maraqlarına uyğun olaraq erməni diasporu və lobbisinə daha geniş imkanlar tanıdığı, onların siyasi proseslərə təsir etməsinə şərait yaratdığı həqiqəti inkarolunmazdır. Amma bu, erməni diasporunun gücünün və effektiv fəaliyyətinin nəticəsi kimi qiymətləndirilə bilməz. Digər tərəfdən, çox önəmli bir faktı da nəzərə almaq lazımdır ki, ermənilərin tarixən heç vaxt öz dövlətləri olmayıb. Bunun da nəticəsində erməni diasporu erməni xalqının maraqlarını qoruyan yeganə təsisat kimi çıxış edib. Bu mənada əvvəlki suala cavabda da qeyd etdiyimiz kimi, təcrübə üstünlüyü var. Məhz bunun nəticəsidir ki, erməni diasporu bu gün Ermənistan dövləti ilə müqayisədə daha güclü bir təsisat kimi qəbul olunur. Heç kimə sirr deyil ki, Ermənistan dövlətinin siyasətinə, eləcə də cəmiyyətdə gedən proseslərə erməni diasporunun təsiri daha güclüdür. Yəni dövlət bir təsisat kimi diaspora daha çox möhtacdır. Bu dövlətin müasir dünyamızda hansı yeri tutduğu haqqında isə nə isə deməyə ehtiyac yoxdur. Faktiki müstəqilliyini itirmiş, geosiyasi proseslərin arxasınca sürünən, heç bir iqtisadi potensialı olmayan, çox ciddi demoqrafik problemlər yaşayan, gələcəyə ümidini itirmiş bir dövləti təmsil edən diaspor da təbii olaraq ildən-ilə öz gücünü itirir. Ona görə də bu gün erməni diasporu haqqında “güclü” və ya “qüdrətli” ifadələri onun potensialına heç cür uyğun gəlmir. Bu həm də psixoloji baxımdan bizdə özünəinamsızlıq yarada bilən bir yanaşmadır. Ermənilərə də lazım olan elə budur. Digər tərəfdən, bu bəzi hallarda qarşıya qoyduğumuz məqsədlərə çatmayanda çox yaxşı bəhanəyə çevrilir – erməni diasporu güclüdür, ona görə biz istədiyimizə nail ola bilmədik. Əslində isə belə deyil. Diaspor artıq bütün dünyada beynəlxalq münasibətlərin bir subyekti kimi qəbul olunduğundan bəzən dövlətlər öz siyasətlərini ictimai rəydə pərdələmək, diplomatiya meydanında birbaşa ittihamlardan qaçmaq üçün əslində öz maraqları naminə atdığı, yaxud atılmasına rəvac verdiyi addımları hansısa diasporun, lobbinin fəaliyyəti kimi təqdim edirlər.
– Son illərin yadda qalan tədbirləri haqqında danışaq. Yaxın-uzaq xaricdə diaspor nümayəndələrimiz tərəfindən həyata keçirilən tədbirləri nəzərdə tuturam.
– Bu tədbirlərin sayı kifayət qədər çoxdur. Təkcə ötən il Azərbaycan diaspor təşkilatları tərəfindən dünyanın müxtəlif ölkələrində fərqli məzmun və formatda 500-ə yaxın tədbir keçirilib. Son iki ili nəzərdə tutsaq, ötən il may ayında Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Madrid Klubunun və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilmiş Forumu qeyd etmək olar. Bilirsiniz ki, bu forumda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak etmişdi. “2013-cü ilin Azərbaycan Respublikasında “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq 2-3 dekabr tarixlərində “BakuTel-2013” XIX Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi çərçivəsində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin iştirakı ilə “Dünya Azərbaycanlıların Onlayn Forumu” layihəsi təqdim edildi. Bundan başqa, ötən il həm də ABŞ-ın Nyu-Meksiko, Arkanzas, Oklahoma və digər ştatlarında Xocalı Soyqırımı ilə bağlı sənədlərin qəbul edilməsi ilə yadda qaldı.
Ötən il, iyun ayında Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin birinci Forumu keçirildi. Bu il Bakıda Dövlət Komitəsinin dəstəyi, Madrid Klubunun və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin birgə təşkilatçılığı ilə II Açıq Cəmiyyətlər Forumu baş tutdu. Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı dünyanın bir sıra ölkələrində müxtəlif kampaniyalar, aksiyalar təşkil olundu. Hazırda Xarici ölkələrdə yaşayan azərbaycanlı ziyalıların forumunun keçirilməsi ilə bağlı məsləhətləşmələr aparılır.
– Əgər bizim diasporun 20 ildən artıq müddət ərzində keçdiyi yolu mərhələlərə bölmək lazım gəlsəydi…
– Bu məsələyə Azərbaycan tədqiqatçılarının yanaşması müxtəlifdir. Lakin, aparılmış araşdırmaların nəticələrini ümumiləşdirsək, Azərbaycan diasporunun tarixində altı əsas mərhələni qeyd etmək olar: müstəqilliyin bərpasına qədərki dövr; 1991-1993-cü illər; 1993-cü ildən Dünya azərbaycanlılarının I qurultayına – yəni 2001-ci ilə qədər olan üçüncü mərhələ; 2001-ci ildən Dünya azərbaycanlılarının II qurultayına (2006-cı il) qədər olan dördüncü mərhələ; 2006-cı ildən Dünya azərbaycanlılarının III qurultayına qədər olan (2011-cı il) beşinci mərhələ; nəhayət 2011-ci ildən başlayan və hazırda davam edən mərhələ.
Əlbəttə ki, bu məsələ ətrafında müzakirələr və mübahisələri bitmiş hesab etmək olmaz. Sadəcə onu deyə bilərik ki, bu mərhələlərin hər birini səciyyələndirən müəyyən cəhətlər, tendensiyalar var. 1991-ci ilə qədər Azərbaycan müstəqil deyildi və diaspor hərəkatı da bu faktın təsiri ilə formalaşırdı. Bu dövrü daha çox Azərbaycanın müstəqilliyi uğrunda mübarizə ideyası səciyyələndirirdi. Azərbaycan müstəqillik əldə etdikdən sonra xarici ölkələrə miqrasiya edən həmvətnlərimizin sayı artdı, lakin bu sahədə vahid dövlət siyasəti mövcud deyildi. 1993-cü ildə ümummillli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra isə xaricdə yaşayan azərbaycanlılarla sistemli iş aparılmasına başlanıldı.
2001-ci ildə Dünya azərbaycanlılarının I qurultayında xarici ölklərdə yaşayan azərbaycanlılarla əlaqələrin qurulması dövlət siyasətinin prioritet istiqamətlərindən biri elan edildi. 2006-cı ildə keçirilən II qurultay isə diasporun təşkilatlanması prosesinin başa çatdığı bir dövrə təsadüf etdi və yeni prioritetlər müəyyənləşdirildi. 2011-ci ildə keçirilmiş III qurultayda Azərbaycan Prezidentinin nitqində bir sıra tövsiyələr öz əksini tapmışdı: xarici ölkələrdə yaşayan azərbaycanlıların ictimai-siyasi fəallıq səviyyəsinin yüksəldilməsi; Azərbaycan diaspоrunun iqtisadi və maliyyə gücünün artırılması. Bu baxımdan, Azərbaycan diasporu əslində ən çətin mərhələyə qədəm qoyub.
– Elşad müəllim, indi də Sizdən danışaq. Araşdırmalarınız, işləriniz nə yerdədir?
– Dissertasiyamın mövzusu milli ideologiyaların dövlətlərin sosial və siyasi inkişafına təsiri ilə bağlı olub. Çox dəyərli müəllimlərimin, dərin rəğbət bəslədiyim alimlərimizin tövsiyələri, verdikləri gözəl məsləhətlər bu tədqiqat işini başa çatdırmağımda müstəsna rol oynadı. Onların hər birinə təşəkkür etmək və elmi rəhbərim olmuş mərhum professor Yusif Rüstəmovun xatirəsinə ehtiramımı ifadə etmək istərdim. Araşdırmalara gəldikdə, bu sahədə tədqiqatlarımı davam etdirirəm. Tədqiq etdiyim mövzu ilə bağlı elmi konfranslara qatılmağa və bəzi elmi diskussiyalara da qoşulmağa çalışıram. Hazırda bir elmi məqalə üzərində işləyirəm və əgər məsləhət olsa milli ideologiya mövzusunda monoqrafiya hazırlamaq arzum var.
– Və nəhayət, 1905.az portalına nələri tövsiyə edərdiniz?
– İlk növbədə sizə və bütün kollektivinizə uğurlar arzulayıram. Müasir dövrdə bu qədər informasiya bolluğu şəraitində, xəbər portallarının və xəbər saytlarının çox olduğu, elektron KİV-lərin yüksək sürətlə inkişaf etdiyi bir dövrdə oxunaqlı bir sayt yaratmağın nə qədər çətin olduğunu təsəvvür etmək çətin deyil. Tövsiyə vermək düzgün səslənməz, ancaq portalın qarşıya qoyduğu missiyaya uyğun bir formada diaspor mövzusuna daha geniş yer verməyinizi arzulayardıq. Diqqətinizə və vaxt ayırdığınıza görə təşəkkür edir, uğurlar arzulayıram.
– Çox sağ olun, Elşad müəllim.
Fuad Babayev
1905.az