1905.az portalının suallarını internet texnologiyaları üzrə mütəxəssis, Azərbaycan Dövlət Neft Akademiyasının müəllimi Elviz İsmayılov cavablandırır.
– Elviz müəllim, işğalçı dövlət atəşkəsi təkcə cəbhə xəttində deyil, internet məkanında da pozur. Əslində, internetdə atəşkəs rejimi heç yoxdur da..
– Bəli, tamamilə doğrudur. Müasir dünyada internet ən qızğın informasiya müharibəsinin aparıldığı məkandır. Ümumdünya şəbəkəsində istifadəçilərin informasiya mübadiləsi apardıqları çoxsaylı forumlar, bloqlar, sosial şəbəkələr mövcuddur. Buna görə də internet “yoluxucu informasiya”nın yayılması üçün fəal istifadə olunur. İnformasiya müharibəsini elan edənlər siyasətçilər, döyüşçüləri isə jurnalistlər, adi internet istifadəçiləridir. İnsanların virtual aləmdə get-gedə daha artıq vaxt keçirmələri ilə birlikdə ənənəvi anlamdakı təcavüz anlayışı həm də sırf informasiya sferasına da keçir. Belə deyək ki, hərbi əməliyyatlar meydanı tədricən insan şüuruna keçir. İnformasiya müharibəsinin nəticələri əsil müharibələrdəki kimi qlobal və uzunmüddətli ola bilər. Bir çox saytlarda bizim dövlətçiliyimizdən, Ermənistanın Azərbaycana təcavüzündən tutmuş milli musiqimizə, mətbəx nümunələrimizə kimi hər çür informasiyaların saxtalaşdırılması prosesi gedir. Sadə bir misal göstərmək olar ki, bizim dövlət xəritəmiz internet məkanında dəfələrlə təhrif olunub. Buna görə də ayıq olmalı, bu kimi hallara qarşı gündəlik olaraq mübarizə aparmalıyıq.
– Azərbaycan Əsgəri işğalçını susdurmağa hazır olduğunu dəfələrlə sübut edib. Bəs internet cəbhəsində “döyüşə”, ya da “müdafiə oluna” bilirikmi?
– Təbii ki, müdafiə oluna bilərik. Bunun üçün əsas internet resurslarından düzgün istifadə etmək lazımdır. İnformasiya müharibəsi yalnız intellektlərin deyil, həm də resursların mübarizəsidir. İlk növbədə internet resurslarının müntəzəm monitorinqi aparılmalıdır, bu təhlükəli tendensiyanı müəyyənləşdirməyə və hərəkət planını işləyib hazırlamağa kömək edə bilər.
– Azərbaycan əsgərinin sərəncamında ən müasir silahlar var. İnternet cəbhəsində mövqelərimizi müdafiə edənlərin sərəncamındakı texnologiyalar necə, köhnə deyil ki?
– Xeyr, köhnə deyil. Ümumiyyətlə, texnologiyalara gəldikdə bizim əlimizdə son texnologiyaların hamısı var. Qeyd etmək istərdim ki, bu texnologiyalar tez-tez yenilənir. Burada yalnız qurğuları nəzərdə tutmuram. Əlavə olaraq Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi yaradılıb. Burada çalışan əməkdaşlar Cənubi Koreyada treninqlərdə də iştirak ediblər. Bunu tam olaraq virtual müharibəyə hazırlıq saymaq olar. Sonra AMEA İnformasiya Texnologiyaları İnstitutunda informasiya təhlükəsizliyi, kriptoqrafiya və digər istiqamətlərdə beynəlxalq səviyyəli tədqiqatlar aparılır.
– Bəs çatışmayan nədir? Axı erməniliyin internet resurslarının bizə meydan oxuması göz önündədir…
– Bunun üçün bu sahəyə investisiya qoyulmalıdır. Tələbələr arasında çoxlu sayda müsabiqələr təşkil olunmalıdır. Əlavə olaraq kibertəhlükəsizlik və kiber hücumlar haqqında konfranslar keçirilməlidir. Bu isə öz növbəsində tələbələr arasında bu sahəyə marağın artmasına gətirib çıxarmalıdır.
– Nə etməliyik?
– İlk növbədə maariflənməliyik. İnformasiya təhlükəsizliyimizi möhkəmləndirməliyik. Kiber təhlükəsizliklə məşğul olan müvafiq qurumları genişləndirməli, maliyyə və texniki cəhətdən təmin etməli, fəaliyyətlərini lazımi hüquqi qanunvericiliklə möhkəmləndirməliyik. Düşmənin informasiya zərbələri səriştə ilə dəf edilməli, saxta materiallar ifşa olunmalıdır. Müvafiq sahədə çalışan və təhsil alan gənclərin biliklərindən bacarıqlı istifadə də informasiya müharibəsində öz töhfəsini verə bilər. Məsələn, Wikipedia açıq ensiklopediyasında tarixi arayışların müxtəlif dillərdə internet məkanda yerləşdirilməsi, sosial şəbəkələrdə informasiyaların yayılması bu baxımdan olduqca önəmli işlərdir. Qeyd olunanları düzgün yerinə yetirməklə internet məkanda informasiya müharibəsində vəziyyəti əsaslı surətdə xeyrimizə dəyişə bilərik.
– Sonda Sizin elmi planlarınız haqqında danışaq.
– Elmi planlara gəldikdə, deyə bilərəm ki, dissertasiya üzərində işimi davam etdirirəm. Mənim elmi işim bir qədər fərqli istiqamətdədir. Daha dəqiq desək, süni neyron şəbəkələrinə aiddir. Bu sahəyə son 10 ildə maraq xeyli artıb və bu istiqamətdə xeyli işlər görülür. Düşünürəm ki, tədqiq etdiyim mövzu ilə bağlı maraqlı nəticələr əldə edəcəyəm.
– Sizə uğurlar arzulayırıq.
– Minnətdaram.
1905.az