Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının 06.04.2016-cı il tarixində icrasına start verdiyi “Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması naminə” adlı petisiya layihəsinin (https://petitions.whitehouse.gov/petition/establish-justice-and-prevent-great-catastrophe) rayonlarda, ali məktəb və müəssisələrdə müzakirəsi davam edir.
15 apreldə Azərbaycan Dövlət Pedaqoji Universitetində bu qəbildən növbəti tədbir baş tutub. Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbiri giriş sözü ilə universitetin rektoru, Azərbaycan MEA-nın müxbir üzvü, professor Yusif Məmmədov açdı. Y.Məmmədov petisiya müraciətinin müəllifi, millət vəkili Elxan Süleymanovun beynəlxalq fəaliyyəti barədə və petisiyanın mahiyyəti ilə bağlı məlumat verdi. Rektor qeyd etdi ki, son vaxtlar baş verən hadisələr göstərdi ki, Azərbaycanın ərazi bütövlüyünü öz qanı və canı hesabına müdafiə etməyə hazır olan gənc nəsil formalaşıb. Natiq ölkəmizin qarşısında duran problemlərin həllində gənclərin üzərinə böyük vəzifələr düşdüyünü qeyd edərək, petisyaya səs verilməsi prosesində də gəncləri fəal olmağa dəvət etdi.
Sonra çıxış edən AVCİYA-nın prezidenti, millət vəkili Elxan Süleymanov qeyd etdi ki, petisiyanın ən böyük əhəmiyyəti Azərbaycan həqiqətlərinin dünyaya çatdırmasında oynadığı roldur. Çünki bu həqiqətlər AŞPA-nın 2086 (2016) saylı qətnaməsinin müddəasında olduğu kimi çatdırılır. Millət vəkili bildirdi ki, petisiyaya səs verilməsi yalnız indiyədək bu prosesdə fəal iştirak edən Azərbaycan və Türkiyə əhalisinin deyil, dünyanın bütün sülhsevər və ədalətpərvər insanlarının vicdan borcu olmalıdır. Ağ Ev Administarasiyasının internet səhifəsini hər gün ziyarət edən yüz minlərlə insan Azərbaycanın haqq işi uğrunda mübarizəsindən xəbər tutmalıdır. Bu günədək 130 minədək insanın səs verdiyini söyləyən Elxan Süleymanov qeyd etdi ki, bu rəqəm dəfələrlə çox olmalıdır, çünki hər bir səs işğalçı Ermənistanın iç üzünü dünyaya açacaq. Natiq ölkəmizin ərazisinin 20 faizinin erməni silahlı birləşmələri tərəfindən işğalı faktının yalnız Azərbaycan üçün deyil, həm də Ermənistanın özü üçün faciə olduğunu vurğuladı. Belə ki, bu amil Ermənistanın inkişafını ləngidir.
AVCİYA-nın eksperti İradə Yaqubova petisiyaya səsvermə proseduru ilə tədbir iştirakçılarını məlumatlandırdı və bildirdi ki, hər bir qurğudan (kompüter, mobil telefon və s.) yalnız bir səs vermək olar.
Petisiyaya bu linkdən səs verə bilərsiniz:
https://petitions.whitehouse.gov/petition/establish-justice-and-prevent-great-catastrophe