AVCİYA Prezidenti: “Cənab İlham Əliyevin rəhbərliyi ilə Qarabağın işğaldan azad edilməsi, ərazi bütövlüyünün, dövlət suverenliyinin tam təmin edilməsi göstərdi ki…”
Hər bir azərbaycanlının tarixi yaddaşına 1990-cı ilin 20 Yanvarı ümumxalq hüzn günü kimi həkk olunub. Belə ki, SSRİ rəhbərliyinin qərarı ilə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə yarısı Bakıya və Azərbaycanın bir sıra rayonlarına sovet ordusunun böyük kontingenti, daxili qoşun hissələri və xüsusi təyinatlılar yeridildi, respublikanın dinc əhalisinə qarşı xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət olunan cinayətlər törədildi.
Azərbaycanın paytaxtı Bakı şəhəri faciənin episentri kimi seçilmişdi. Rəsmi Moskvanın Azərbaycan xalqına qarşı məkrli planının həyata keçirilməsindən xeyli əvvəl Bakı şəhəri mühasirəyə alınmışdı. Yanvarın 20-də gecə yarısı müxtəlif istiqamətlərdən tanklar, zirehli transportyorlar, ağır silahlarla təchiz edilmiş ordu hissələri şəhərə daxil oldu. Tanklar və zirehli transportyorlar canlı insanların üstündən keçir, onlarla insanı yol boyu öldürürdülər və şikəst edirdilər. Zabitlərin və əsgərlərin vəhşiliklərinin həddi-hüdudu yox idi, onlar qaçan adamlar da daxil olmaqla, hər hansı bir hərəkət edən hədəfə, o cümlədən sərnişin avtobuslarına, təcili tibbi yardım maşınlarına atəş açırdılar. Sovet ordusunun mülki əhaliyə qarşı vəhşiliyinin həddi-hüdudu yox idi.
Faciənin araşdırılması üzrə Azərbaycan Ali Sovetinin Komissiyasının rəyinə görə, SSRİ rəhbərliyinin cinayətkar qərarı ilə həyata keçirilmiş qanlı Yanvar əməliyyatı nəticəsində 124 kişi, 7 qadın, 7 nəfər isə yetkinlik yaşına çatmamış uşaq olmaqla müxtəlif millətlərin nümayəndəsi olan 131 mülki şəxs – azərbaycanlılar, ruslar, yəhudilər, tatarlar və s., qətlə yetirilmiş, 744-dən çox insan yaralanmış, 841 nəfər isə həbs edilmişdi. Təcili yardım maşınları da daxil olmaqla 200 ev və 80 avtomobil dağıdılıb və yandırılmışdı.
Diqqəti çəkən məqam ondan ibarət idi ki, 20 Yanvar faciəsi SSRİ rəhbərliyinin Azərbaycana və Azərbaycan xalqına qarşı həyata keçirdiyi silsilə xarakterli məkrli planlarının tərkib hissəsi idi. Belə ki, Ümummilli Lider heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası (SovİKP) Siyasi Bürosu üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən uzaqlaşdırıldı. Bunun ardınca, SSRİ prezidenti M.Qorbaçovun iqtisadi məsələlər üzrə köməkçisi Aqanbekyan Fransada qondarma Dağlıq Qarabağ probleminin anonsunu verdi, 1988-ci ilin əvvəllərindən Azərbaycana qarşı ərazi iddialarının reallaşdırılması istiqamətində həm Ermənistan rəhbərliyi, həm də Azərbaycanın Qarabağ bölgəsində məskunlaşmış separatçı erməni qüvvələri praktiki fəaliyyətə başladılar. Qısa bir müddət ərzində 250 mindən artıq azərbaycanlı öz tarixi dədə-baba yurdu olan Qərbi Azərbaycandan deportasiya edildi. Əvvəlcə DQMV Ali Soveti. Bir qədər sonra isə Ermənistan Ali Soveti qondarma DQMV-nin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistana birləşdirlməsi haqqında qərarlar qəbul etdilər. Həm rəsmi İrəvanın, həm də Azərbaycanın Qarabağ bölgəsində məskunlaşmış separatçı ermənilərin bu cinayətkar əməlləri rəsmi Moskvanın susqunluqla müşayiət olunan razılığı fonunda baş verirdi.
Heydər Əliyev SSRİ rəhbərliyindən uzaqlaşdırıldıqdan sonra əli-qolu açılmış Kreml rəhbərləri eyni zamanda Dövlət Təhlükəsizlik Komitəsinin Azərbaycanın sənaye şəhəri olan Sumqayıtda qondarma “erməni qırğınları” ssenarisini işə saldı və etniklərarası münaqişə yaradaraq Azərbaycanda sabitliyin pozulmasına, respublikanın münaqişə ocağına çevrilməsinə çalışırdı.
Ermənistandan deportasiyalar və Qarabağda vəziyyətin gərginləşməsinin Kremlin susqunluğu və biganəliyi fonunda baş verməsinə etiraz əlaməti olaraq Azərbaycan xalqı öz hüquqları və azadlıqları uğrunda dinc kütləvi aksiyalara başladı. Bu dinc aksiyalarda Azərbaycan xalqı Qarabağın Ermənistana birləşdirilməsinə qarşı qəti etiraz edir və o zamankı Azərbaycan rəhbərliyinin istefasını tələb edirdi. Bunun müqabilində SSRİ rəhbərliyi erməni cinayətkarlarını məsuliyyətə cəlb etmək əvəzinə, Azərbaycan xalqını cəzalandırmaq variantını seçdi. İlkin olaraq Dövlət Təhlükəsizlik Komitəsinin Sumqayıtda həyata keçirdiyi ssenarini Bakı şəhərində də həyata keçirməyə başladı. Bu hadisələrin qarşısı alındıqda isə xeyli əvvəl Rusiyanın müxtəlif bölgələrindən gətirilmiş və ağır texnika ilə təchiz edilmiş hərbi hissələrin, xüsusi təyinatlıların faktiki mühasirəsində olan Bakı şəhərində qırğınlara başladı.
Qeyd edilənlər göstərir ki, müxtəlif silahlarla təchiz olunmuş qoşunların Bakıya yeridilməsi Qarabağ problemi, azərbaycanlıların Ermənistandan deportasiyası və Mərkəz tərəfindən silsilə təxribatçı fəaliyyətlər fonunda həyata keçirildi. Eyni zamanda qeyd edilməlidir ki, 1990-cı il yanvarın əvvəlindən SSRİ Ali Sovetinin Rəyasət Heyətinin sədri Y.Primakov, KP MK-nin katibi A.Qirenko, eləcə də digər xüsusi xidmət orqanları rəhbərləri qanlı əməliyyata nəzarət məqsədilə Bakıda idilər. Bundan əlavə, əməliyyata bilavasitə rəhbərlik etmək məqsədilə SSRİ müdafiə naziri Yazov və daxili işlər naziri Vadim Bakatin də 19 yanvarda Bakıya gəlmişdilər. Beləliklə, Azərbaycan xalqına qarşı törədilmiş qanlı cinayətlər hadisələrin təsadüfi gedişatı nəticəsində baş verməmişdi, Kreml tərəfindən öncədən planlaşdırılmış və hazırlanmış aksiya idi.
Əlbəttə ki, SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi bu qanlı əməliyyatın bir məqsədi var idi – Azərbaycan xalqının qürurunu tapdalamaq, öz iradəsinə tabe etmək, mənəvi cəhətdən sarsıtmaq və yenidən Azərbaycan ərazisini parçalamaq.
Lakin Kreml bu məkrli məqsədlərinə nail ola bilmədi. Bəli, Azərbaycan xalqı böyük bir faciə ilə üzləşdi, ona qarşı qanlı cinayətlər törədildi, SSRİ hərb maşını Azərbaycan ərazisinə silahlı təcavüz etdi, Azərbaycan xalqı hərbi, siyasi, mənəvi cinayətlərə məruz qaldı. Lakin Kremlin, SSRİ rəhbərliyinin gözlədiyinin əksinə olaraq, Azərbaycan xalqı əyilmədi. Əksinə, Azərbaycan xalqının törədilmiş faciə fonunda nümayiş etdirdiyi birlik və mətinlik SSRİ totalitar rejiminin geosiyasi varlıq kimi sonluğunu yaxınlaşdırdı.
Yanvarın 22-ci Bakıda bir milyon yarıma qədər insan dişlərinə qədər silahlanmış hərbçilərə məhəl qoymadan küçələrə axışaraq birlik nümayiş etdirdi və SSRİ hərbçilərinin törətdiyi faciənin qurbanlarını son mənzilə yola saldılar. Faciə qurbanlarının dəfn mərasimində toplaşmış insanlar bir daha sübut etdi ki, Azərbaycan xalqı öz ləyaqətini qorumaq üçün istənilən qurban verməyə hazırdır. 20 Yanvar faciəsi əyani şəkildə göstərdi ki, dişinə qədər silahlanmış totalitar rejim milyonlarla silahsız insan qarşısında acizdir, ayrı-ayrı şəxsləri və ya şəxslər qrupunu silah gücünə öz iradənə tabe etmək mümkün olsa da, bütöv bir xalqı əzmək mümkün deyil. Eyni zamanda, Azərbaycan xalqı 20 Yanvar faciəsindən sonra birmənalı şəkildə müstəqil dövlət quruculuğu yolunu seçdi. Odur ki, 20 Yanvar Azərbaycan xalqı üçün hüzn günü olmaqla bərabər, ləyaqət və şərəf günü kimi tarixə düşdü.
Beləliklə, 20 Yanvar Azərbaycan xalqı üçün hüzn günü olmaqla bərabər, həm də qürur günüdür. Belə ki, bu təcavüz xalqımızı mənəvi cəhətdən çox sarsıtsa da, itkilərə məruz qoysa da, onun mənliyini tapdalaya bilmədi, qürurunu sındıra bilmədi, qəhrəmanlıq salnaməsinə yeni bir səhifə kimi yazıldı. Məhz ona görə də, Ümummilli lider Heydər Əliyev bu faciəni xarakterizə edərkən bildirirdi ki, “Azərbaycan xalqı 20 Yanvarda hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirdi”.
Artıq Azərbaycan xalqının totalitar rejimin hərbi, siyasi, mənəvi təcavüzü ilə üzbəüz qaldığı, Ermənistanın silahlı hücumu və ərazilərimizin 20 faizinin işğal edildiyi 1990-cı illər arxada qalıb. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Cənubi Qafqaz regionunun ən güclü dövlətinə çevrilib, müstəqil iqtisadiyyata və güclü orduya malik ölkədir, beynəlxalq səviyyədə etibarlı tərəfdaş imici qazanıb.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri 2020-ci ildə cəmi 44 gün ərzində ərazilərimizi işğaldan azad etdi, 2023-cü ilin sentyabrında cəmi 24 saata yaxın vaxt ərzində dövlət suverenliyini tam bərpa etdi. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqı yenidən milli maraqlar ətrafında vahid mövqedən çıxış edərək birlik nümayiş etdirdi.
Azərbaycan ərazilərinin işğaldan azad edilməsi, ərazi bütövlüyünün bərpası, dövlət suverenliyinin tam təmin edilməsi göstərdi ki, ölkəmizin beynəlxalq cinayətlərin hədəfində olduğu ağır dövrlərdə, o cümlədən 20 Yanvar faciəsi zamanı verdiyi şəhidlərin qanı yerdə qalmayıb, bu gün onların ruhu şaddır.
Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi uğrunda həlak olmuş bütün şəhidlərimizə Allah rəhmət eləsin!
Elxan Süleymanov,
AVCİYA-nın prezidenti