“Beynəlxalq aləmdə insan hüquqları adı altında aparılan anti-Azərbaycan kampaniyası sistemli xarakter daşıyır, bir mərkəzdən idarə edilir”
Azərbaycanın Vətən müharibəsindəki parlaq Qələbəsindən, Qarabağın azad edilməsindən bədxahlarımız kifayət qədər narahat oldu. Postmüharibə dövründə ermənipərəst dairələrin müxtəlif təxribatlara əl atacağı da sirr deyildi. Hazırda sülh müqaviləsindən, sərhədlərin delimitasiyasından, paralel olaraq sülhməramlıların nəzarətindəki ərazilərimizdə mövcud olan separatçı rejimin ləğvinin şərt kimi qoyulduğu bir vaxtda Avropa coğrafiyasından növbəti dəfə Azərbaycana qarşı hücumlar, qarayaxma, böhtan kampaniyalarının artması müşahidə olunmaqdadır. Fransanın timsalında bir sıra Avropa dövlətləri, o cümlədən AŞ PA tərəfindən yenə də erməni təəssübkeşliyi, Azərbaycana qarşı siyasi məhbus iddiaları baş qaldırmaqdadır. Bu arada bəzi qərəzli şəxslər yenidən 96 nəfərlik bir “siyasi məhbus siyahısı” hazırlayaraq, dövriyyəyə buraxıblar. AŞ PA da güman ki, bunu həvəslə araşdıracaq…
Bütün bunlar yenə də Avropadakı anti-Azərbaycan, anti-türk, anti-islam dairələrin növbəti çirkin oyunlarıdır.
Bu oyunların daxili “anatomiya”sını Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti Elxan Süleymanov bir neçə il bundan qabaq Azərbaycan, ingilis və rus dillərində işıq üzü görmüş “Avropanın çirkli “demokratiya” oyunu” kitabında ətraflı təhlil edib. Hazırda bu məsələlərin müzakirəsi ciddi önəm daşıyır.
Odur ki, Elxan Süleymanovla bu mövzuda geniş polemika etdik, bu zaman olduqca ilginc faktlar ortaya çıxdı.
III hissə
(Əvvəli 03 və 04 mart 2023-cü il tarixli saylarımızda)
– Belə aydın olur ki, beynəlxalq qurumların Azərbaycanda seçki müşahidələri altında məkrli planları olub…
– Sirr deyil ki, seçki müşahidəsi vətəndaş cəmiyyəti və müxalif qüvvələri səfərbər etmək və siyasi rejimlərin sabitliyini pozmaq üçün effektiv bir alətdir. Bu baxımdan, ATƏT/DTİHB seçkiləri müşahidəni həyata keçirən qurum kimi, müxtəlif ölkələrdə hakimiyyət dəyişikliyini Qərbin əlində və onun effektiv nəzarətində saxlamaq üçün vasitədir. Bu üzdən DTİHB-in seçki müşahidəsini siyasi iğtişaş cəhdləri, səyləri ilə əlaqələndirmək yanlış deyil.
Bu qurum tərəfindən Azərbaycanda keçirilən seçkilərin qeyri-obyektiv qiymətləndirilməsi ölkənin müstəqillik əldə etməsindən sonra mütəmadi xarakter alıb. Xüsusilə AŞ PA, Avropa Parlamenti və ATƏT PA missiyalarının 2013-cü il prezident seçkilərinin nəticələrinə dair qiymətləndirmələri müsbət olduğu halda, DTİHB missiyasının qiymətləndirməsi qeyri-obyektiv və qərəzli olub.
Təhlillər göstərir ki, 2008-ci ildən bəri DTİHB-in bütün direktorları müxtəlif ölkələrdə sabitliyin pozulması və qloballaşdırıcı məqsədlərə xidmət edən Soros şəbəkəsi ilə əlaqədə olublar, yaxud bu şəbəkə ilə gizli sövdələşməyə girmək üçün ciddi səylər göstəriblər.
Bu haqda dəqiqlik üçün kitabımdan konkret sitat gətirməyi doğru hesab edirəm: “DTİHB-in 2008-2014-cü illərdə direktoru Yanez Lenarçiç (Sloveniya) olub. Bu vəzifədə onu 2014-2017-ci illərdə Maykl Georq Link (Almaniya) əvəz edib. İngibyörq Solrun Gisladöttir (İslandiya) 2017-ci ilin iyulundan indiyədək DTİHB-in direktorudur.
DTİHB rəhbərliyi, Soros və bəzi QHT-lər arasında hər hansı bağın olmasını və onların hər ikisi arasında hər hansı koordinasiyanın olub-olmamasını araşdırarkən məlum olur ki, 2008-2014-cü illərdə direktor vəzifəsini daşımış səfir Janez Lenarçikin Corc Sorosla və onun Avropada ən etibarlı əməkdaşı, Avropa Sabitlik Təşəbbüsünün (ESİ) direktoru Gerald Knausla şəxsi münasibətləri var. ESİ təşkilatı Soros tərəfindən maliyyələşdirilir, “Açıq Cəmiyyət İnstitutu”na məxsusdur və öz fəaliyyətini Azərbaycandakı sabitliyi pozmaq üçün ölkə hökumətini tənqid etməyə həsr edib.
– Soros. Bu soyad postsovet məkanında çox səslənib. Özü də siyasi, sözü əsl mənasında taleyüklü məsələlərlə bağlı. Anti-Azərbaycan planlarda Soros izi haqqında nə demək olar?
– Məlumdur ki, “Açıq Cəmiyyət İnstitutu”nun keçmiş SSRİ ölkələrində və digər coğrafiyada seçki proseslərinə qarışması bir sıra ictimai hərəkatlara təkan verib və bu, bəzən “rəngli inqilablar” vasitəsilə Sorosla dost olmayan hökumətlərin devrilməsi ilə kuliminasiya nöqtəsinə çatıb…
Sorosun “Açıq Cəmiyyəti”nin öz lobbiçiliyi barədə müvafiq qaydada hesabat vermədən illərlə DTİHB-in fəaliyyətinə təsir göstərməsi barədə kifayət qədər dəlillər var… Bir-biri ilə çoxsaylı əlaqələri olan, digərinin nə etməsi barədə çox məlumatı olan və eyni məqsəd uğrunda əzmlə çalışan bu iki təsisatın əməkdaşlıq etmək üçün yol tapa bilməməsi bu məqamda həqiqətən də nəzərəçarpan bir təsadüf olardı.
Baxın, Azərbaycanda müxtəlif seçki illərində hazırlanmış hesabatlarda cümlələr, ifadələr və ya sözlər davamlı olaraq təkrarlanır, bu hesabatlarda əsasən dəyişən yalnız rəqəmlərdir. Aydındır ki, qeyd edilən seçkilərdə müşahidə missiyalarının rəhbərləri və üzvləri müxtəlif adamlar olub. Belə olan halda, 2008, 2013 və 2018-ci illərdə hazırlanmış hesabatlarda eyni cümlələri, eyni fikirləri olduğu kimi təkrarlamaq necə mümkündür və buna görə kim məsuliyyət daşıyır? Bu eynilik eyni mərkəzdən gələn təlimatdır.
– Kitabda Azərbaycanın Avropa Şurasının ali orqanı olan Nazirlər Komitəsinə sədrliyi qəbul edəcəyi 14 may 2014-cü il tarixi ərəfəsində bir sıra ənənəvi anti-Azərbaycan təşkilatların ölkəmizə qarşı kampaniyalarının yeni dalğası geniş vüsət aldığına xüsusi diqqət ayırmışınız. Təsadüfidirmi?
– Azərbaycana qarşı planlarda bu təşkilatlar arasında əvvəllər olduğu kimi, onda da və indi də Avropa Sanbitlik Təşəbbüsü, “Freedom House”, “Human Rights Watch”, “Freedom Files” və digərləri xüsusi canfəşanlıqları ilə seçiliblər.
Avropa Sabitlik Təşəbbüsü təşkilatı hazırladığı materialın sonunda maraqlı və təhlükəli çağırış edirdi: “Hərəkət etmək vaxtıdır. Həmişəki tədbirlər artıq çıxış yolu deyil”. Sizcə, belə bir çağırış etməklə və həmişəki tədbirlərin vaxtının keçdiyini, onların çıxış yolu olmadığını vurğulayan bu təşkilat hansı hərəkətlərin vaxtı olduğunu nəzərdə tuturdu?
Təşkilatın əvvəlcədən hazırlanmış, proqramlaşdırılmış məqsədləri Azərbaycanda siyasi sabitliyi pozmaq, iğtişaşlar yaratmaq və beləliklə diqqəti işğalçı Ermənistandan yayındırmaq, işğalçını dəstəkləmək, ona kömək etmək cəhdləri kimi qiymətləndirilməlidir.
Bütövlükdə, zaman-zaman baş verən hadisələrin analizi göstərir ki, beynəlxalq aləmdə insan hüquqları adı altında aparılan anti-Azərbaycan kampaniyası sistemli xarakter daşıyır, bir mərkəzdən idarə edilir.
Onu da bildirim ki, Azərbaycanda fəaliyyət göstərən bir neçə yerli QHT bu anti-Azərbaycan qüvvələrlə işbirliyi qurub. Həmin “milli” QHT-lər onları maliyyələşdirən xarici mərkəzlərin sifarişləri ilə müxtəlif qondarma siyasi məhbus siyahıları tərtib edirlər və öz qəyyumları olan anti-Azərbaycan qüvvələrlə birlikdə beynəlxalq təşkilatlarda Azərbaycanda çoxlu siyasi məhbus olması iddiaları ilə kampaniyada aktiv iştirak edirlər.
– Memuarınızda bədnam qonşularımızın korrupsiya əməllərinin “unudulmasından” da söz açmısınız.
– AŞ PA-nın mətbuat azadlığı haqqında “Avropada jurnalistlərə və mətbuat azadlığına qarşı hücumlar” adlı məruzənin məruzəçisi, ukraynalı deputat Volodimir Ariev 24 yanvar 2017-ci ildə öz Facebook səhifəsində yazdığı mətndə son illər bəzi deputatların həqiqətlərə məhəl qoymadan AŞ PA-dan şəxsi maraqları naminə istifadə etdiyini açıqlamışdı.
Ariev bildirib ki, üç deputat anti-Azərbaycan planın üzrə 40 il yaşı olan 1400 avro dəyərində bir şüşə erməni konyakı ilə onu ələ almağa çalışıblar.
Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi (ASKTM) bu məlumatla bağlı araşdırmalar aparmışdı və bu araşdırmaların nəticələrinə dair 6 mart 2017-ci ildə hesabatla çıxış etmişdi. Hesabatda qeyd edilirdi: “Arievin ermənilərin tələbinə tabe olmaqdan imtina etməsi zorakı təzyiq və böhtan kampaniyası ilə nəticələndi. Ermənistan nümayəndə heyətinin üzvləri, o cümlədən Arievin siyasi partiyasından olan üzvlər 2017-ci il qış parlament sessiyası boyu bu hücumlara rəhbərlik etmişdir”. Daha dəhşətlisi ondan ibarət idi ki, “Arievin nənəsi azərbaycanlıdır” iddiası ortaya atıldı və onun milli mənşəyi Azərbaycan mənşəli ola bilməsi barədə iddialarla sual altına qoyuldu.
ASKTM hesabatında vurğulanırdı ki, daha çox narahatlıq doğuran məqam Ariev işinin daha dəhşətli sistemli probnlemin yalnız görünən tərəfi olmasıdır və beynəlxalq hüquqa zidd olaraq, Ermənistanın mənafeyinə xidmət edən bir neçə parlamentaridən ibarət mütəşəkkil şəbəkənin aydın sübutudur. Araşdırmalar zamanı Ermənistanla və Avropa erməni diaspor təşkilatları ilə işbirliyi qurmuş, onlarla sıx əlaqədə olan bir qrup avropalı deputatın və Avropa Sabitlik Təşəbbüsü təşkilatının Azərbaycana qarşı təzyiq kampaniyaları təşkil etmək məqsədilə AŞ PA-da geniş və dərin kök salmış rüşvət şəbəkəsi yaratdığı məlum olub.
Qeyd edilməlidir ki, Soros yalnız Avropa hakimiyyətinin arxa səhnəsində müdaxilə etmir. O, hələ də Birləşmiş Ştatlarda böyük Ermənistan yönümlü strategiya aparmaq üçün xeyriyyə şəbəkəsindən istifadə edir. O, bu məqsədlə Açıq Cəmiyyət İnstitutunun İrəvan filialını Ermənistan diplomatiyasının aparıcı elementinə çevirib. Soros eyni zamanda “Azərbaycanda sabitliyi pozmaq məqsədilə Ermənistanla oynamaq” strategiyasını işə salmaq üçün Amerikadakı erməni lobbisi ilə sıx əlaqədədir.
– Əsərinizdə Avropa Şurasında bizim əleyhimizə fəaliyyət göstərən gizli şəbəkədən söz açmısınız…
– Qısa analizlər və şəxsən şahidi olduqlarım 2012-ci ildən bəri Avropa Şurasında Azərbaycana qarşı səfərbər edilmiş gizli şəbəkənin fəaliyyət göstərdiyini sübut edir.
Bu şəbəkə özündə bir sıra parlamentariləri və beynəlxalq QHT-ləri birləşdirir və Soros fondu tərəfindən maliyyələşdirilir. Bu şəbəkənin həyata keçirdiyi təhlükəli siyasət AŞ PA-nın etibarlılığını və prinsiplərini şübhə altına alır.
Bir faktla bunu isbatlamaq mümkündür: Azərbaycan tərəfinin davamlı mübarizəsi ilə 2085 (2016) saylı qətnamənin qəbul edilməsi nəticəsində Ermənistan tərəfi, ermənipərəst və anti-Azərbaycan qüvvələr səylərini daha da birləşdirdilər və dövlətimizi imicinə zərər vurulması, onun dövlət səviyyəsində korrupsiya ilə məşğul olması kimi əsassız iddialar gündəmə gətirildi. Bu çirkin plan üzrə Azərbaycanın dövlət səviyyəsində korrupsiya ilə məşğul olmasını sübuta yetirmək üçün motivlər lazım idi. Bu motivlər də tapıldı: Belə sərsəm iddialar səsləndirildi ki, guya 2013-cü ildə Ştrasserin məruzəsinin qəbul olunmaması, 2016-da 2085 saylı qətnamənin qəbul edilməsi, 2008, 2010, 2013-cü illərdə keçirilmiş seçkilərə AŞ PA müşahidə missiyasının verdiyi müsbət qiymətləndirmələrin guya Azərbaycan hakimiyyətinin AŞ PA üzvlərini ələ alması nəticəsində baş verməsi haqda fikir formalaşdırılmasına start verildi. Azərbaycanın qeyd edilən uğurlarının əldə edilməsinə töhfə vermiş vicdanlı AŞ PA üzvlərinə qarşı rüşvət almaq iddiaları irəli sürüldü.
Anti-Azərbaycan qüvvələr daha inamlı görünməsi üçün Ştrasserin məruzəsinin qəbul edilməməsinin mənim (Elxan Süleymanov) keçmiş AŞ PA üzvü Luka Volonteyə pul verməyim müqabilində mümkün olması iddiası ilə çıxış etdilər. Beləliklə, Azərbaycana qarşı təzyiqləri davam etdirmək və gücləndirmək məqsədilə mənə və keçmiş deputat Müslüm Məmmədova qarşı əsassız korrupsiya ittihamı irəli sürüldü, hüququn aliliyinə xidmət edən beynəlxalq qurum olan AŞ PA-da isə bəziləri heç bir məhkəmə qərarı olmadan bu əsassız ittihamlara inandılar…
Anti-Azərbaycan qüvvələr həm AŞ PA üzvlərini, həm də beynəlxalq ictimaiyyəti inandırmaq üçün Avropa Sabitlik Təşəbbüsü Təşkilatı vasitəsilə hesabatların hazırlanmasına, İtaliyanın RAİ telekanalında, digər KİV-lərdə mənim keçmiş AŞ PA üzvü Luko Volonteyə pul verməyim, AŞ PA-nı korrupsiya məkanına çevirməyim kimi sərsəm iddiaları əks etdirən silsilə materialların yayımlanmasına nail oldular. Burada anti-Azərbaycan qüvvələr nasizmin baş ideoloqu Gebbelsin “yalan nə qədər çox təkrar edilərsə, o daha çox həqiqətə çevrilir” fikrindən istifadə edirdi.
– Kitabınızda vurğulayırsınız ki, yaradılan Kənar İstintaq Orqanı müstəqil deyildi.
– Elədir. Təsəvvür edin, kənar ekspertlərdən ibarət istintaq orqanına assambleya üzvlərinin fəaliyyəti ilə bağlı faktlarla təsdiq edilməmiş hər hansı əsassız iddiaları araşdırmaq məqsədilə istənilən deputatı sorğu-suala tutmaq, üzv dövlətlərdən tələb etmək və s. kimi əlahiddə səlahiyyətlər verilirdi. Kənar istintaq orqanına belə səlahiyyətlərin verilməsi AŞ PA üzvlərinə açıq-aşkar inamsızlıq və hörmətsizlik idi. Belə ki, AŞ PA üzvü olmaq üçün mandatı milli parlamentlər verir, üzv dövlətlər deputatların toxunulmazlığına zəmanət verir və onun toxunulmazlığı zəruri hallarda milli dövlət orqanları tərəfindən ləğv edilə bilər. Odur ki, AŞ PA-nın, onun yaratdığı hər hansı qurumun belə bir səlahiyyəti ola bilməz.
Ən dəhşətlisi odur ki, 2088-ci ildən sonrakı müddətdə AŞ PA-da bütöv araşdırma aparmaq adı altında yaradılan İstintaq Orqanının üzvləri hesabatı hazırlayarkən, öz mandatlarını Azərbaycanla məhdudlaşdırıb, Azərbaycan dövləti tərəfindən birbaşa və ya dolayı yolla təşkil edilməsi iddia edilən korrupsiya aktlarını “araşdırıblar”…
Hesabatda hər hansı konkret korrupsiya iddiası göstərilərkən isə istinad kimi “müəyyən edilməmiş bir mənbənin iddiasına görə”, “eşitdiyinə görə”, “özünün eşitdiyi söz-söhbətə görə” kimi ifadələrdən istifadə edilir. Bu aşkar bir qərəzdir. Hesabatda Azərbaycanla əməkdaşlıq edən AŞ PA üzvlərinə qarşı irəli sürdüyü korrupsiya şübhələrini heç bir faktla təsdiq etmir. Onlar öz şübhələrini əsaslandırmaq üçün Azərbaycanın daxilində olan və xaricdə sığınacaq tapmış bir sıra radikal fikirli müxalifət nümayəndəsinin və xarici anti-Azərbaycan elementlərin müxtəlif KİV-lərdə səsləndirdikləri iddialara və İstintaq Orqanına verdikləri ifadələrinə istinad edirlər. Hesabatda korrupsiya iddiaları rəsmən öz təsdiqini tapmamışdı.
İstintaq Orqanının istinad etdiyi mənbələrdən biri Azərbaycana qarşı düşmən mövqedən çıxış edən və Azərbaycanla bağlı qondarma korrupsiya iddialarının müəlliflərindən biri olan Avropada fəaliyyət göstərən Avropa Sabitlik Təşəbbüsü (ESİ) təşkilatının hesabatlarıdır. Maraqlıdır ki, bir müddət əvvəl Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi (ASKTM) öz hesabatında ESİ-nin Corc Soros tərəfindən təşkil edildiyini və erməni məsələsinin xeyrinə Azərbaycanda qeyri-sabitlik yaratmaq məqsədi daşıdığını vurğulamışdı…
(Davamı növbəti saylarımızda)
“Yeni Müsavat”