Avropa Parlamentinin Prezidenti
cənab Martin Şultsa
Avropa Parlamentinin bütün üzvlərinə
Avronest PA-nın Ermənistan nümayəndəsi istisna olmaqla,
Büro üzvlərinə
Azərbaycan nə üçün Avronest Parlament Assambleyasında üzvlüyünü davam etdirməlidir?
Hörmətli üzvlər,
Azərbaycanın Avronest Parlament Assambleyası Təşəbbüsünə üzvlüyü və bu qurumda iştirakı ilə bağlı son addım kimi sizə yazıram. Avropa Parlamentinin böyük sayda üzvünü dünyada sülh və əməkdaşlığın dostları hesab etdiyimiz üçün bu mühüm məsələyə dair sizin cavabınızı, sizin fikrinizi öyrənmək istərdim.
Mən bildirirəm ki, Avronest uğursuzluğa uğramış bir təşəbbüsdür. Bu təşəbbüs müzakirə üçün yeni beynəlxalq forum yaratmaq cəhdi idi, lakin hazırda qərarsızlıq, bayağılıq və ikili standartlarla xarakterizə olunur. Təşkilat həm Avropa İttifaqı, həm də Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukraynaya təsir göstərən əsas problemlərə ümumi həll yolu tapmaq əvəzinə, yalnız ən az vacib, ən qeyri-müəyyən məsələləri müzakirə edir və sonda bəyanat və qərarlardan başqa, heç bir nəticə əldə edilmir.
Bunların ən pisi Avropa Parlamentinin rəftarıdır. Guya etibarlı tərəfdaş olan Parlament tərəfdaşlarına münasibətdə ikili standart nümayiş etdirir. Əgər AP davamlı olaraq mənfi və səmərəsiz məruzə və qətnamələr dərc etdirir və qəbul edirsə, Azərbaycan nümayəndə heyətinin üzvləri AP deputatlarının bəyanatları, vədləri və bəyannamələrinə necə inana bilər? Parlament Avronest-də açıq və dostyana ismarışlar verdiyi halda, Strasburq plenar iclasında ölkəmizə qarşı ağır və əsassız ittihamlar irəli sürən sənədlər qəbul edirsə, o, necə legitimlik iddia edə bilər?
Avropa Parlamenti bir tərəfdən hüququn aliliyini önə çəkən sənədlər dərc etdirən, digər tərəfdən isə tərəfdaş ölkələrinin məhkəmə proseslərinə fəal müdaxilə etməyə cəhd göstərən tərəfdaşla əməkdaşlıq edərdimi? Düşünmürəm. Eyni zamanda artıq düşünmürəm ki, Azərbaycan Parlamenti belə riyakarlığı legitim hesab edər.
Hörmətli üzvlər, eyni zamanda bir faktı bir daha bəyan etmək istəyirəm ki, Avronest “Şərq Tərəfdaşları”nın ən böyük narahatlıqları ilə məşğul olmağa qadir təşkilat elan edilsə də, elə davranır ki, sanki erməni əsgərləri Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarını işğal etməyib! Avronest saysız-hesabsız BMT, ATƏT və hətta AP qətnamə və sənədlərinin pozulmasını xatırlatmamaq və bununla məşğul olmamaqla, erməni təcavüzkarlarının xeyrinə açıq qərəz nümayiş etdirir. Bundan əlavə, Ermənistan Avrasiya Gömrük İttifaqına qoşulmasına və Avropa İttifaqı ilə əməkdaşlığı etibarıszlaşdıran akt imzalamasına baxmayaraq, hələ də Avronest-in üzvüdür. Bununla bağlı Avropa Parlamenti hələ də heç bir bəyanat verməyib.
Əziz üzvlər, biz bütün bunlardan nə nəticəyə gəlirik? Biz belə bir nəticəyə gəlirik ki, nə baş verirsə-versin, Ermənistan mükafatlandırılacaq, Azərbaycan isə təhqir ediləcək, maraqları diqqətdən kənarda qalacaq, hüququn aliliyi əməkdaşlıq və dostluq istədiyini iddia edən qurum tərəfindən daima hücumlara məruz qalacaq.
Hörmətli üzvlər,
Bu səbəbdən sizdən soruşuram: Azərbaycan nə üçün Avronest-də üzvlüyünü davam etdirməlidir? Biz həqiqi bərabər münasibət gözləyə bilərikmi? Cavabınızı bilmək istəyirəm.
Əziz nümayəndələr, sizə dərin hörmətimi ifadə edir və salamımı çatdırıram.
Elxan Süleymanov
Azərbaycanın Avronest PA-da Nümayəndə heyətinin rəhbəri