“Onun heç bir əndazəyə sığmayan tərzdə tənqid və hətta təhqir olunması ilk növbədə ölkəmizin multikultural səciyyəsinə və xalqımızın tolerant imicinə xələl gətirir”
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti Elxan Süleymanov son günlər müzakirə mövzusu olan yazıçı Çingiz Abdullayevlə bağlı Musavat.com-un suallarını cavablandırıb. AVCİYA prezidenti ilə müsahibəni təqdim edirik:
-Hörmətli Elxan müəllim, son günlərdə mətbuatda, sosial şəbəkələrdə məşhur yazıçı Çingiz Abdullayev Azərbaycan dilində Bakı ləhcəsi ilə danışdığına, əsərlərini rus dilində yazdığına görə qınaq obyektinə çevrilib. Sosial şəbəkələrdə hətta onu təhqir edənlər də var. Nüfuzlu ictimai təşkilatın, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının rəhbəri, ağsaqqal kimi sizin bu hadisəyə münasibətinizi bilmək istərdik.
– Görkəmli yazıçı Çingiz Abdullayevə belə kütləvi hücumu mən qətiyyətlə pisləyirəm. Əvvəla ona görə ki, Çingiz Abdullayev çoxmillətli, tolerant ölkə olan Azərbaycanın və xüsusən də Bakı şəhərinin nümayəndəsidir. Onun məhz rus dilində yazmasına, rus dilinin çox işləndiyi Bakı şəhərinin ləhcəsində danışmasına görə belə kəskin, bəzən heç bir əndazəyə, ədəbə sığmayan tərzdə tənqid və hətta təhqir olunması ilk növbədə ölkəmizin multikultural səciyyəsinə və xalqımızın tolerant imicinə xələl gətirir. Əsərləri dünyanın əksər dillərində 20 milyondan çox tirajla dərc olunmuş, bir çox ölkələrdə ssenarilərinə, o cümlədən Azərbaycan dilində yazdığı ssenarilərinə filmlər çəkilmiş, yazıçı imzası, yaradıcılığı ilə Azərbaycanı dünyaya tanıtmış görkəmli yazıçıya belə təhqiramiz münasibət, yumşaq desək, ölkəmiz haqqında müsbət rəy yaratmır. Əksinə, xaricilərin bəyənərək tərif etdiyi tolerantlığımıza, başqa xalqlara loyal münasibətimizə kölgə salır. Yaşadığımız dövrdə, ətrafda məlum siyasi hadisələrin cərəyan etdiyi bir mühitdə bu kimi hallar bizim çoxkültürlü mühitimizə ifrat millətçilik kölgəsi sala bilər.
– Elxan müəllim, Çingiz Abdullayevin yaradıcılığı yəni bu qədərmi mühüm əhəmiyyət daşıyır?
– Mən ilk fəaliyyətimə mədəniyyət sahəsindən başlamışam. Hələ tələbə olarkən, sovet dövründə strateji-ideoloji müəssisələrdən hesab olunan mədəniyyət mərkəzinin, Fioletov adına Mədəniyyət klubunun müdiri olmuşam. Demək olar ki, ölkəmizin bütün görkəmli, böyük sənət və mədəniyyət xadimləri ilə əməkdaşlıq etmişəm. Onlardan çox şey öyrənmişəm. Rəhmətlik Mirzə Babayevlə həm də yaxın dostluq etmişəm. Onun bir sözü həmişə yadımdadır. Bir dəfə televiziyada bir müğənninin çıxışına baxarkən, dedim ki, yaxşı ifaçıdır. Cavab verdi ki, Elxan, bunlar Biləcəriyə qədər olan müğənnilərdir. Bizə isə dünya miqyasında olan, sərhədləri aşan sənətkarlar lazımdır. Çingiz Abdullayev məhz belə sənətkardır, axı onun, yazıçımızın əsərləri dünya dillərinə tərcümə olunaraq, xarici ölkələrdə 20 milyon tirajla nəşr olunub. Bu kitablarda Çingiz Abdullayev imzası var. Onun haqqında məlumat var. Milyonlarla oxucu məhz bunun sayəsində Azərbaycanı tanıyır, onların ölkəmizə marağı oyanır. Bununla fəxr edəsi deyilikmi? Belə bir istedadlı yazıçı həmvətinimizlə qürur duyası deyilikmi? Onu haqlı-haqsız aşağılamaqla nə qazanacağıq? Məşhur yazıçımıza belə haqsız, ədalətsiz və layiq olmayan münasibət ziyalılığa yaraşırmı?
– Bəs Xalq yazıçısının başqa dildə yazmasını, ana dili ilə müqayisədə rus dilində daha səlis danışmasını necə dəyərləndirək?
– Bir məsələni deyim. Yazıçının, şairin, alimin başqa dildə danışması müəyyən səbəblərdən tarix boyu aşkarlanan hadisədir. Şərqdə ərəb və fars dilləri olduğu kimi, Qərbdə də latın və fransız dilləri uzun müddət elm və ədəbiyyatın dili olmuşdur. Rusiya imperiyası yarandıqdan sonra və xüsusən də sovet dövründə rus dili keçmiş SSRİ məkanında əsas ünsiyyət dilinə, eyni zamanda beynəlxalq aləmə çıxmaq üçün əsas vasitəyə çevrildi. Bu dövrdə ədəbiyyatda rusdillilik yarandı. Hətta M.F.Axundov öz “Şairin ölümünə” əsərini özü rus dilinə tərcümə etdi və bunun sayəsində bu əsər geniş dairədə tanındı. Eləcə də türk xalqlarının böyük nümayəndələri Çingiz Aytmatov, Oljas Suleymenov vətənləri, türk xalqlarının mənafeyi yolunda böyük işlər görüblər. Başqa dildə yazmaq bir faktdır, təbii ki, anadillli ədəbiyyat mədəniyyətimizdə aparıcı mövqedə olmalıdır. Ancaq biz başqa dillərdə yazmış bir çox klassiklərimizdən də imtina edə bilmərik. Çingiz Abdullayev də rusdilli mühitdə formalaşıb və bəlkə də bu amilə görə əsərləri bütün dünyada yayılaraq, ölkəmizə, xalqımıza da başucalığı gətirib. Gəlin, onun əsərləri sevilə-sevilə oxunduğu halda yaradıcılığına kölgə salmayaq. Elə bu nüfuzuna görə də 44 günlük müharibə dövründə onun Rusiya televiziyasında çıxışının Azərbaycan həqiqətlərinin yayılmasında böyük rolu oldu. Mən xüsusən gənclərimizə tövsiyə edərdim ki, gəlin belə görkəmli ədiblərimizin qədrini bilək, istedadlı şəxsiyyətlərimizi təbliğ edək, onlarla fəxr edək və yeni əsərlərə onları ruhlandıraq.
Musavat.com