Məlum olduğu kimi, Ukraynada baş verən hadisələrlə bağlı ABŞ, Avropa İttifaqı və Avropa Şurası tərəfindən Rusiyaya qarşı sanksiyalar tətbiq edildi. Hətta AŞPA 10 aprel 2014-cü ildə qəbul etdiyi 1990 (2014) saylı Qətnamə ilə Rusiya nümayəndə heyətinin səsvermə hüquqlarını dayandırdı və onu rəhbər orqanlardan çıxardı. Əlbəttə, uzun illərdir Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistan dövlətinə qarşı analoji sanksiyaların tətbiq edilməməsi, işğala məruz qalmış tərəf olan Azərbaycana münasibətdə Ukrayna səviyyəsində dəstəyin göstərilməməsi bizi ciddi düşündürürdü. Ukrayna hadisələri ilə bağlı Rusiyaya qarşı sanksiyaların tətbiq edilməsi bizim haqlı tələblərlə çıxış etməyimizə münbit şərait yaratdı.
Odur ki, AŞPA-da mənim müəllifliyimlə Azərbaycan ərazilərini silahlı işğal altında saxladığına görə Ermənistana qarşı eyni sanksiyalar tətbiq edilməsinə dair qətnamə layihəsi irəli sürüldü. Qətnamə layihəsində deyilir ki, “AŞPA-da eyni standarta hörmət edərək, Assambleyanı Azərbaycan ərazilərinin qeyri-qanuni işğalına son qoyulana qədər Ermənistan nümayəndə heyətinə məhz Ukraynadakı kimi eyni sanksiyaları – AŞPA-da onların səsvermə hüquqlarının dayandırılmasını və rəhbər orqanlardan çıxarılmalarını tətbiq etməyə çağırırıq”.
Qeyd etməliyəm ki, qətnamə layihəsi imzalanan zaman Ermənistan nümayəndə heyətinə qarşı sanksiyaların tətbiq edilməsi məsələsində bəzi AŞPA üzvləri Ukraynaya verdikləri dəstək səviyyəsində Azərbaycana dəstək vermir və müxtəlif bəhanələrlə imza etməkdən boyun qaçırırdılar. Buna baxmayaraq, Ermənistan nümayəndə heyətinə qarşı sanksiyaların tətbiq edilməsinə dair qətnamə layihəsi 14 dövləti təmsil edən 58 AŞPA üzvü tərəfindən imzalandı. Onu da qeyd etməliyəm ki, Avropanın müxtəlif dövlətlərini təmsil edən 58 deputatın qətnamə layihəsini imzalaması AŞPA-da obyektivliyi ilə seçilən kifayət qədər üzvlərin olmasını bir daha təsdiq etmiş oldu. Yeri gəlmişkən, qətnamə layihəsini imzalamaqla haqqın, ədalətin səsinə səs verən bütün həmkarlarıma minnətdarlığımı bildirirəm.
Nəhayət, bu qətnamə layihəsi Prosedur Qaydalarına əsasən gündəliyə daxil edilməsi üçün sessiyadan 14 gün əvvəl AŞPA-nın katibliyinə göndərildi, daha sonra isə Sədarət Komitəsində və Büroda müzakirə edilmək üçün gündəliyə daxil edildivə Avropa Şurasının saytında yerləşdirildi. Bu sənəd 22 il ərzində ilk dəfə olaraq beynəlxalq bir təşkilatda – AŞPA səviyyəsində Azərbaycan ərazilərini işğal altında saxladığına görə Ermənistana qarşı sanksiyaların tətbiq edilməsini tələb edən ilk qətnamə layihəsidir.
Prosedur Qaydalarına əsasən qətnamə layihəsi sessiyadan əvvəl 22 iyunda Sədarət Komitəsinin və 23 iyunda isə Büronun iclasında müzakirəyə çıxarılmalıdır. Burada əsasən iki gözlənti ola bilər. Birinci və normal gözlənti ondan ibarətdir ki, qətnamə layihəsi Sədarət Komitəsinin rəyindən sonra Büro iclasında müzakirə edilir və məlumat üçün və ya məruzəçi təyin edilməsi üçün Siyasi Komitəyə və ya Monitorinq Komitəsinə göndərilir. Əlbəttə ki, qətnamə layihəsinin komitəyə məlumat üçün göndərilməsi Azərbaycana qarşı ayrıseçkiliyin növbəti bariz nümunəsi ola bilər. İkinci gözlənti isə ondan ibarətdir ki, AŞPA prezidenti məsələyə veto qoya bilər və bununla da Ermənistana qarşı sanksiyaların tətbiq edilməsi istiqamətində prosesləri dayandırmış olar.
Qətnamə layihəsini imzalayan deputatların sayının çox olması AŞPA prezidenti xanım Ann Brossorun veto hüququndan istifadə etmə imkanlarını faktiki olaraq məhdudlaşdırsa da, bu ehtimal qalır və bunu istisna etmək olmaz. Ümidvar olmaq istərdim ki, o, öz statusuna hörmət edəcək və ayrıseçkilik etməyəcəkdir.
Tamamilə doğru olaraq soruşa bilərsiniz: Ermənistana qarşı sanksiyaların tətbiq edilməsinin qarşısını almaq üçün AŞPA prezidenti veto hüququndan istifadə edəcəyi halda nə etməli?
Biz uzun illərdir Avropa Şurasında və digər beynəlxalq təşkilatlarda işğalçı Ermənistanla işğala məruz qalan Azərbaycan arasında heç bir fərqin qoyulmamasının şahidi olmuşuq. Biz daim beynəlxalq təşkilatlarda Ermənistanın işğalı ilə bağlı məsələ qaldırdıqda müxtəlif bəhanələrlə ölkəmizə qarşı davamlı, qəsdən və qərəzlitəzyiqlərlə, Azərbaycana beynəlxalq aləmdə neqativ imic formalaşdırmaq cəhdləri ilə üzləşmişik. Bu təzyiqlərin əsas məqsədi bir tərəfdən Ermənistana qəyyumluq etmək və onun toxunulmazlığını təmin etməkdən, digər tərəfdən isə Azərbaycanın və ölkə ictimaiyyətinin başını ikinci dərəcəli məsələlərlə məşğul etmək, ölkənin 20% ərazisinin Ermənistan tərəfindən açıq-aydın işğal altında saxlanılması faktının yekun və qəti fakt kimi qəbul edilməsinənail olmaqdan ibarətdir.
Hesab edirəm ki, Ermənistana qarşı sanksiyaların tətbiq edilməsini tələb edən qətnamə layihəsi AŞPA rəhbərliyini tarixi seçim qarşısında qoyacaq. Belə ki, Ermənistana qarşı sanksiyaların tətbiq edilməsi ilə bağlı AŞPA rəhbərliyinin qərarı obyektiv olacağı halda, bu qərar qurumun ayrıseçkiliyə və ikili standartlara son qoymaq istiqamətində addımlarının nümayişi olacaq. Əksinə, Ermənistana qarşı sanksiyaların tətbiq edilməsinin qarşısının alınması bir daha AŞPA-da bəyan edilmiş demokratiya, hüququn aliliyi, dövlətlərin bərabər hüquqluluğu və digər prinsiplərə hörmətsizliyin və qurumun korporativ maraqlara xidmət etməsinin nümayişi olacaq. Belə olduqda, bu qurum özünü beynəlxalq aləmdə ifşa edəcəkdir. Belə olan halda isə, mən şəxsən vətəndaş mövqeyimi ortaya qoyaraq ölkəmizin belə bir qurumda qalmasının faydasız olduğunu görürəm.
Sonda qeyd etmək istərdim ki, AVCİYA-nın layihəsindən qidalanan Sərsəng harayı nəhayət AŞPA-da məruzəçi təyinatı ilə davam edir. Məruzəçinin təyin edilməsində əsas məqsəd Sərsəng su anbarının işğal altında olması səbəbindən ətraf rayonlara vurduğu zərərin, onun törədə biləcəyi humanitar faciənin və böhranın nəticələrinin qiymətləndirilməsi üzrə hesabatın hazırlanmasından ibarətdir. Xüsusilə vurğulamaq istərdim ki, Sərsəng su anbarı ilə bağlı məruzəçinin hazırlayacağı hesabat işğal altında qalmış strateji obyektlərlə bağlı ilk beynəlxalq sənəd olacaq.
Eyni zamanda, AVCİYA ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırım cinayətlərinin 110 illiyini əks etdirən həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində genişmiqyaslı layihə həyata keçirir. Layihə çərçivəsində 1905.az saytı 12 dildə fəaliyyət göstərir, müxtəlif dillərdə kitabların nəşr edilməsi, beynəlxalq konfransların keçirilməsi, dünya mətbuatında məqalələrin yerləşdirilməsi planlaşdırılır və bu istiqamətdə artıq bir sıra işlər görülmüşdür. Bütün bunlar ermənilərin dünya ictimaiyyətinə yanlış informasiya çatdırma siyasətinə zərbədir.
Elxan Süleymanov,
Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü