“AVCİYA-nın Şuşa ili ilə bağlı dörd layihəsi də bu ilin sonunadək ictimaiyyətə təqdim olunacaq”
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) növbəti layihəsi olan “Göyçay tarixi” kitabını təqdim edilib. AVCİYA prezidenti Elxan Süleymanov bununla bağlı məqalə yazıb.
Musavat.com onun məqaləsini təqdim edir:
– Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) fəaliyyət dövründə ölkəmiz üçün aktuallıq kəsb edən problemlər üzrə müxtəlif istiqamətlərdə layihələr həyata keçirmiş, araşdırmalar aparmış və beynəlxalq ekspertlərin iştirakı ilə ölkə daxilində və xarici ölkələrdə çoxsaylı konfranslar təşkil etmişdir.
Əlbəttə, Azərbaycanın Qarabağ və digər ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi ilə bağlı layihələr bu sıradan ən prioritet yer tutmuşdur. AVCİYA-nın bu qəbildən olan işləri sırasında üç dildə nəşr edilmiş “Xocalı soyqırımı: milyon imza – bir tələb” kitabını, AŞPA-da 2085(2016) saylı “Azərbaycanın cəbhəyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” qətnamənin qəbul edilməsilə nəticələnmiş irimiqyaslı “Sərsəng harayı” layihəsini, yeddi dildə müxtəlif ölkələrdə (Azərbaycan, ABŞ, Rusiya, Belçika, Ukrayna və d.) çap olunmuş “Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü” (2012), dörd dildə “Sərsəng SOS: Təhlükə altında qalan tarixi və mədəniyyət abidələri” (2014), “Sərsəng harayı” (2017), “Xocalı yaddaşı” (2017), “Ermənistanın işğalçı siyasətinin ifşası (məqalələr toplusu)” (2019) və s. kitabları göstərmək olar.
AVCİYA Azərbaycanın möhtəşəm qələbəsi ilə başa çatmış 44 günlük İkinci Qarabağ müharibəsindən sonra da bu istiqamətdə fəaliyyətini davam etdirir, Zəfər müharibəsinin müxtəlif aspektləri ilə bağlı layihələr həyata keçirməyə davam edir. Bu qəbildən 2021-ci ildə nəşr edilmiş “İlham Əliyev: Əziz Şuşa, biz qayıtmışıq!” albom-kitabını göstərmək olar. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən 2022-ci ilin ölkəmizdə “Şuşa ili” elan edilməsi ilə bağlı AVCİYA bir sıra layihələr həyata keçirməkdədir. AVCİYA-nın Şuşa ili ilə bağlı dörd layihəsi bu ilin sonunadək ictimaiyyətə təqdim olunacaq.
Ölkəmizin ayrı-ayrı regionlarının tarixinin araşdırılması, həmin regionların ensiklopediyasının hazırlanaraq nəşr edilməsi, müxtəlif hərbi-siyasi məsələlərin tədqiqi AVCİYA-nın fəaliyyətində mühüm istiqamətlərdən birini təşkil edir. Bu kontekstdən qeyd edilməlidir ki, indiyədək AVCİYA “Şamaxı ensiklopediyası” (2015) kimi fundamental tədqiqatı çap edərək oxucular auditoriyasına təqdim edib. Bununla yanaşı, qədim Şamaxı bölgəsi ilə bağlı 2 dildə “Şamaxı soyqırımı 1918” (2014), “Şamaxı qırmızı terrorun hədəfində” (2015) adlı tədqiqat əsərləri kitab şəklində çap edilib.
Bir neçə ildir ki, AVCİYA kollektivi Azərbaycanın digər inzibati bölgəsi olan qədim Göyçayla bağlı ensiklopedik tədqiqatlar aparır və 2023-cü ildə “Göyçay ensiklopediyası” fündamental əsərini ölkə ictimaiyyətinə təqdim etməyi planlaşdırır. AVCİYA artıq “Göyçay ensiklopediyası” silsiləsindən “Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi Göyçay döyüşləri” (2017), “Göyçay döyüşləri Türkiyə tarixşünaslığında” (2018) kitablarını nəşr edərək, geniş ictimaiyyətin diqqətinə çatdırıb.
AVCİYA bu günlərdə “Göyçay ensiklopediyası” silsiləsindən növbəti əsəri olan və Göyçayın tarixinin tədqiqinə həsr edilmiş “Göyçay tarixi” (2022) adlı kitabını Azərbaycan ictimaiyyətinin diqqətinə təqdim edib.
Təvazökarlıqdan uzaq olsa da, qeyd etməliyəm ki, Assosiasiyanın həyata keçirdiyi digər layihələr kimi “Göyçay ensiklopediyası” silsilə layihəsinin, o cümlədən “Göyçay tarixi” kitabının da ideya müəllifi və layihə rəhbəri AVCİYA prezidenti kimi mən çıxış edirəm. Adı çəkilən kitabın müəllifi isə AVCİYA-nın vitse-prezidenti, tarix elmləri doktoru Məhərrəm Zülfüqarlıdır.
Tarixi faktlar, müəllif əsərləri, arxiv sənədləri, mətbuat materialları əsasında hazırlanmış “Göyçay tarixi” kitabında ölkəmizin inkişafında, ərazi bütövlüyünün qorunub-saxlanılmasında vacib rol oynamış Göyçay rayonunun tarixi qədim zamanlardan indiyədək geniş dövrü əhatə edir. Məlumdur ki, qədim dövrlərdən zəmanəmizədək Göyçayın yerləşdiyi inzibati ərazinin adı və hüdudları dəfələrlə dəyişiklərə məruz qalıb. Odur ki, kitabda sistemli şəkildə araşdırma aparmaq məqsədilə Göyçayın tarixi iki mərhələyə bölünərək sistemləşdirilib. Birinci mərhələ qədim dövrlərdən 1930-cu ildə sovet dönəmində rayonlaşmaya qədərki mərhələni əhatə edir. İkinci mərhələ isə 1930-cu il rayonlaşmadan sonrakı mərhələdir . Bu mərhələ Azərbaycanın SSRİ tərkibində olduğu illəri (08.08.1930 – 18.10.1991) və müasir Azərbaycan Respublikası dövrünü (1991 – hazırkı dövr) əhatə edir. Kitabda qədim dövrlərdən başlayaraq zəmanəmizədək Göyçay inzibati ərazisində baş vermiş tarixi hadisələr qısa formada sistemləşdirilərək təhlil edilir və oxucuların diqqətinə təqdim edilir.
Kitabın vacib bir hissəsi 1918-ci il Göyçay döyüşlərinə və bu döyüşlərin nəticələrinin Azərbaycanın dövlətçilik tarixində əhəmiyyətinin təhlilinə həsr edilib. Kitabda haqlı olaraq nəticə çıxarılıb ki, Göyçay döyüşlərindəki qələbə Şərqin ilk demokratik Respublikasının beşikdəcə boğulmasına imkan vermədi, Azərbaycan Xalq Cümhuriyyətinin ömrünü uzatmaqla, onun dünya dövlətləri tərəfindən tanınmasına şərait yaratdı, Bakının azad edilməsinin əsasını qoydu. Göyçay döyüşlərindəki qələbə eyni zamanda Azərbaycanda marağı olan Rusiya, Böyük Britaniya, Fransa, Almaniya və s. kimi böyük dövlətlərin planlarını alt-üst etməklə bərabər Türkiyə ilə Azərbaycan arasında mənəvi birliyi, qardaşlığı daha da möhkəmləndirdi, Azərbaycan xalqının vətənpərvərlik hissinin, milli şüurunun, milli birliyinin daha da möhkəmlənməsində mühüm rol oynadı.
Kitabda göyçaylıların Azərbaycanın dövlət quruculuğunda, ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda döyüşlərdə, İkinci Dünya müharibəsində iştirakı, ölkəmizin ictimai-siyasi həyatında rolu kimi məsələlər diqqəti cəlb edən məqamlardandır. Kitabda göstərilib ki, göyçaylılar Azərbaycan dövlət quruculuğunda aktiv rol oynayıb. Belə ki, Azərbaycan Xalq Cümhuriyyəti parlamentində təmsilçilik üçün ayrılan kvotaya görə, Göyçay qəzasından biri şəhərdən, biri isə qəzanın kəndlərindən olmaqla 2 millət vəkilinin təmsilçiliyi nəzərdə tutulsa da, müəyyən edilib ki, AXC parlamentində Göyçay qəzasını 4 millət vəkili təmsil edib. Bu qəzadan Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları kimi tarixə düşən şəxsiyyətlər — Sadıq bəy Hacı İsmayıl oğlu Ağabəyzadə (1865-1944), Mustafa Mahmudov (1878-1937), Rza bəy Həzrət bəy oğlu Ağabəyov, Hacı Hüseyn Əfəndiyev. (1887-1920). Göyçay şəhərindən parlamentə seçilmiş, İttihad fraksiyasının üzvü kimi 1918-ci il 15 dekabrdan – 1919-cu il fevralın 4-ə kimi parlamentdə deputat olmuş Sadıq bəy Hacı İsmayıl oğlu Ağabəyzadə sonradan daxili işlər nazirinin müavini vəzifəsinə təyin edilib. Göstərilib ki, Sovetlər birliyi dönəmində göyçaylılar respublikamızın icitmai-siyasi həyatında aktiv iştirak ediblər. Göyçay rayonundan 6 000-dən çox insan İkinci Dünya Müharibəsində iştirak edib, onlardan təxminən yarısı geri qayıtmayıb.
Göyçaylılar həm Azərbaycan Xalq Cümhuriyyəti dövründə, həm də müasir Azərbaycan Respublikası dövründə Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda döyüşlərdə aktiv iştirak etmişlər. Göyçay rayonunun sakinləri Birinci və İkinci Qarabağ müharibələri dövründə Ermənistanın işğalına qarşı döyüşlərdə fədakarlıqlar göstəriblər, ümumiliklə, Göyçay rayonu Vətənimizin ərazi bütövlüyü uğrunda daha çox şəhid vermiş rayonlardan olub. Vətən müharibəsində iştirak edən könüllülərin sayına görə də Göyçay ilk sıralardadır.
Ümumiliklə, oxucuların diqqətinə təqdim edilmiş “Göyçay tarixi” kitabı maraqlı tarixi faktlarla zəngindir, Göyçay rayonunun tarixinə həsr edilmiş ilk kompleks əsər olaraq gələcək tədqiqatlar üçün yol açır. İnanıram ki, AVCİYA-nın “Göyçay ensikopediyası” silsiləsindən olan “Göyçay tarixi” kitabı təkcə göyçaylılar üçün deyil, vətən tarixi ilə maraqlanan hər kəs üçün əhəmiyyətli olacaq.
Elxan Süleymanov,
AVCİYA prezidenti