Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti, Şamaxının millət vəkili Elxan Süleymanov 1905.az portalının suallarını cavablandırır.
– Elxan müəllim, AVCİYA yarandığı ilk gündən Ermənistanın Azərbaycana təcavüzünü, onun aradan qaldırılması yollarını ön plana çəkib. Bu illər ərzində AVCİYA-nın həyata keçirdiyi hansı mühüm layihələri qeyd edə bilərsiniz?
– Ermənistanın Azərbaycana təcavüzü mahiyyət etibarilə 1828-ci ildə ermənilərin bizim ərazilərimizə köçürülməsindən sonra həyata keçirilən soyqırım və deportasiya siyasətinin tərkib hissəsidir. Bu təcavüz və onun nəticəsində ölkəmizin üzləşdiyi acınacaqlı vəziyyətin nəticələrinin geniş dünya ictimaiyyətinə çatdırılması əslində hər bir təşkilatın və vətəndaşımızın ümdə vəzifələrindən biri olmalıdır. AVCİYA-nın üzvü olan təşkilatların adına sadəcə olaraq diqqət yetirsəniz, bu məsələyə bizim necə həssas yanaşdığımızın şahidi ola bilərsiniz. Burada bu problemlə həm birbaşa, həm də dolayısı ilə əlaqədar olan bir sıra qurumlar – qaçqın və məcburi köçkünlərin hüquqlarını müdafiə edən, insan hüquqları ilə bağlı, azadlıqdan məhrumetmə yerlərinin monitorinqini həyata keçirən və s. təşkilatlar təmsil olunub. AVCİYA-nın xəttilə bu ümummilli problemlə əlaqədar çoxsaylı konfrans və simpoziumlar keçirilib, xarici dillərdə müxtəlif kitablar nəşr etdirib. 2010-cu ildə ingilis dilində “Tarixi faktlar erməni miflərinə qarşı”, 2012-ci ildə isə daha bir məşum hadisə haqqında Azərbaycan və ingilis dillərində “Qaradağlı faciəsi” adlı kitab çap etdirilib. 2014-cü ildə çap etdirdiyimiz “Azərbaycanın erməni vətəndaşları: təhlükəsizlik təmin olunur!” adlı kitabda Azərbaycanın işğaldan kənar bölgələrində yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının həyat hekayələri öz əksini tapıb. 2012-ci ildə mənim və iqtisad elmləri doktoru Vurğun Süleymanovun müəllifliyimizlə “Ermənistanın Azərbaycana təcavüzü və işğalın ağır nəticələri” kitabı nəşr edildi. Kitabda təcavüz nəticəsində Azərbaycana vurulmuş maddi və mənəvi zərər ilk dəfə olaraq kompleks araşdırıldı, ölkəmizə dəyən zərərin 431 milyard dollar olduğu müəyyənləşdirildi. Qeyd edim ki, bu kitab növbəti ildə Vaşinqtonda ingilis, Parisdə fransız, Kiyevdə Ukrayna, Sankt-Peterburqda rus dilində, Bakıda isə həm də ərəb dilində çap olundu.
2014-cü ildə mənim dəstəyim və AVCİYA-ya daxil olan “İnsan Hüquqları XXI əsr-Azərbaycan” Fondunun təşkilatçılığı ilə Sabunçu rayonunun Bakıxanov qəsəbəsindəki Şəhidlər xiyabanında Ermənistanın Azərbaycana təcavüzü nəticəsində itkin düşmüş şəxslərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə abidə ucaldılıb.
Eyni zamanda mənim təşəbbüsüm və təşkilatçılığımla 2012-ci ildə İtaliya Parlamentində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini dəstəkləyən konfrans, Finlandiya parlamentində Dağlıq Qarabağ mövzusunda, Belçika Federal Parlamentinin Nümayəndələr Palatasında “İşğal edilmiş ərazilər, unudulmuş ərazilər (Dağlıq Qaraba münaqişəsi – hüquq və humanitar aspektlər)” mövzusunda dinləmələr, Andorrada “Azərbaycan XXI əsrdə. Azərbaycan və Andorra arasında etibarın yaradılması” mövzusunda, İspaniya Senatında “Azərbaycan bu gün Avropadadır. Azərbaycanla İspaniya arasında etimadın tənzimlənməsi” mövzusunda konfranslar keçirilib. Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun, Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin müavini Sevinc Həsənovanın, millət vəkilləri Qüdrət Həsənquliyev, Fazil Mustafa, Zahid Oruc, Fərəc Quliyev və başqalarının iştirak etdikləri həmin tədbirlərdə qeyd olunan ölkələrin parlamenterilərinə Ermənistanın Azərbaycana təcavüzü və onun nəticələri ilə bağlı dolğun məlumat verilib, müvafiq sənədlər qəbul olunub.
– AVCİYA Xocalı soyqırımını daim diqqət mərkəzində saxlayan qeyri-hökumət təşkilatlarındandır.
-Mən bu barədə danışmazdan öncə, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın, Heydər Əliyev Fondunun vitse-prezidenti, “Xocalıya ədalət” kampaniyasının təşəbbüskarı Leyla xanım Əliyevanın bu soyqırımın dünyada tanıdılması ilə bağlı misilsiz fəaliyyətlərini xüsusi qeyd etmək istəyirəm.
AVCİYA da Ermənistanın Azərbaycana təcavüzünün ən dramatik hadisəsi – Xocalı soyqırımı ilə bağlı müxtəlif illərdə böyük əks-səda doğurmuş tədbirlər həyata keçirib. 2006-cı ili Qarabağ ili elan edən AVCİYA Xocalı faciəsi şahidlərinin ifadələrini, faktları, hadisənin dünya mətbuatındakı əks-sədası ilə bağlı materialları toplayaraq, Azərbaycan, ingilis və rus dillərində “Xocalı soyqırımı (sənədlər, faktlar və xarici mətbuatda)” adlı kitabda çap etdirib. 2007-ci ildə “Xocalı soyqırımı: milyon imza, bir tələb” şüarı altında miqyaslı aksiya çərçivəsində Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması tələbilə bir milyon Azərbaycan vətəndaşının imzası toplandı. İmzalar kitab halında çap etdirilərək, qabaqcıl dünya ölkələrinin parlamentlərinə və kitabxanalarına, universitetlərinə göndərildi, BMT, ATƏT, AŞPA, Beynəlxalq Cinayət Məhkəməsinə təqdim olundu. Xocalı hadisələri zamanı öldürülənlərin foto-şəkilləri bəzən ermənilər tərəfindən saxtalaşdırılaraq, erməni qurbanları kimi qələmə verilir. Növbəti erməni saxtakarlığının qarşısını almaq üçün AVCİYA 2010-cu ildə ingilis dilində “Bir faciə haqqında iki foto-söhbət” kitabını çap etdirdi. Kitaba Xocalı faciəsi ilə bağlı ən geniş yayılmış foto-şəkillərin müəllifi olan iki fotoqrafla söhbət və fotolar daxil edilib. Fotoqraflar fotoların lentə alındığı gün haqqında və həmin hadisələr barəsində öz təəssüratlarını söyləyirlər. Və hadisələrə heç bir qiymət vermədən mühakimə yürütmək hüququnu oxucunun öhdəsinə buraxırlar. AVCİYA-nın təşkilatçılığı ilə Xocalı faciəsinin 20-ci ildönümü ilə əlaqədar Bakı şəhərində 24 fevral 2012-ci il tarixində “İnsanlığa qarşı cinayətlər: Xocalı soyqırımı” adlı beynəlxalq konfrans keçirilib.
– AVCİYA-nın Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı layihələrindən danışanda ön plana çıxan əsas layihələrdən biri də “Sərsəng SOS”dur. Bu layihə ilə bağlı həyata keçirilən tədbirlər həqiqətən Ermənistan dövlətini lərzəyə gətirdi.
– 25 ildən artıq işğal altında qalmış Sərsəng su anbarı 6 cəbhəyanı rayonda məskunlaşmış 400 min mülki əhali üçün real təhlükə mənbəyinə çevrilib. Ermənistan hakimiyyətinin bu su anbarının yüksəklikdə yerləşməsindən istifadə edərək istənilən an planlı və düşünülmüş şəkildə cəbhəyanı zonada azərbaycanlı əhalini kütləvi şəkildə məhv etmək məqsədilə silah kimi istifadə edəcəyi şübhə doğurmur. “Sərsəng SOS” layihəsi vasitəsilə biz diqqəti Azərbaycanın işğal edilməmiş ətraf rayonlarının əhalisi üçün həyati əhəmiyyətə malik Sərsəng su anbarının işğal nəticəsində baxımsızlıqdan təhlükəli vəziyyətə düşməsinə və hər an dağılma ehtimalına yönəltmək istəyirik. Bu məqsədlə “Sərsəng harayı” mövzusunda Tərtər şəhərində beynəlxalq konfrans, Yevlax şəhərində isə regional toplantı, jurnalistlər və gənc rəssamlar arasında “Sərsəng harayı” mövzusunda müsabiqə keçirildi. Sərsənglə bağlı hər hansı bir fəlakət baş verəcəyi təqdirdə məhv olmaq təhlükəsi ilə üzləşə biləcək tarix və mədəniyyət abidələri, məhvə məhkum ətraf mühit, humanitar böhran təhdidi ilə bağlı kitabçalar nəşr etdirdik. Bundan sonra biz problemin həllini təmin etmək məqsədilə beynəlxalq təşkilatlarda fəliyyətə başladıq. Bakıda keçirilən Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Parlament Şəbəkəsinin İllik Konfransı və Vyanada keçirilmiş “Azərbaycanın geosiyasəti və Avropanın enerji təhlükəsizliyi” beynəlxalq konfransının tribunalarından Sərsəng su anbarı ilə bağlı məsələnin ciddiliyi səsləndirildi. Nəhayət, 2014-cü ilin mayında bütün təzyiqlərə rəğmən, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Sosial Məsələlər, Səhiyyə və Davamlı İnkişaf Komitəsinin Nikosiyadakı iclasında mənim təqdim etdiyim “Azərbaycanın cəbhəyanı rayonlarında mülki əhalinin qəsdən sudan məhrum edilməsinə dair” qətnamə layihəsi əsasında məruzəçi təyin olundu. Avropa Şurasının Sərsəng bəndi ilə bağlı məruzəçisi xanım Milica Markoviç və onu müşayiət edən şəxslərlə görüşdüm. Görüşdə Sərsəng bəndinin yaratdığı sosial fəlakət, ekoloji böhran Yevlax, Bərdə, Ağdam, Tərtər, Goranboy və Ağcabədi rayonlarının su ilə təmnatında mövcud olan acınacaqlı vəziyyət və s. məsələlər ətraflı müzakirə olundu. Nəhayət, bütün səylərimizin nəticəsi olaraq AŞPA-nın 2085 saylı qətnaməsi qəbul edildi. Bu yeni qətnamə sayəsində beynəlxalq ictimaiyyət və xüsusilə Avropa ictimaiyyəti başa düşdü ki, təkcə Dağlıq Qarabağ deyil, həm də Azərbaycanın digər yeddi rayonu Ermənistanın əsassız və qeyri-qanuni silahlı işğalından əziyyət çəkirlər
– AŞPA-nın qəbul etdiyi 2085 saylı qətnamə Azərbaycan diplomatiyasının 2016-cı ildəki ən böyük uğurlarından biri oldu. İki il ərzində uğrunda mübarizə apardığınız qətnamə qəbul edildi və ilk dəfə olaraq nüfuzlu Avropa təşkilatı Ermənistanı təcavüzkar kimi tanıdı.
Bütün beynəlxalq qurumlarda olduğu kimi AŞPA-da da Azərbaycanın düşmənləri çoxdur, erməni lobbisi kifayət qədər gücə malikdir. Biz bu sənədin qəbul edilməsi uğrunda iki ildən çox mübarizə apardıq. Bu qətnamə həqiqətən də, fərqli xarakter daşıyır. Qeyd etdiyiniz kimi ilk dəfə olaraq Avropa təşkilatının sənədində bütün məsuliyyət təcavüzkar kimi, açıq-aydın Ermənistan hakimiyyətinin üzərinə qoyulur və Azərbaycan vətəndaşlarını Ermənistan təcavüzünün qurbanları kimi təqdim edilir. Qətnamədə bildirilir ki, Ermənistan hakimiyyəti Sərsəng hövzəsinin suyundan, bəndin və irriqasiya kanallarının bərbad vəziyyətindən ekoloji təcavüz kimi sui-istifadə edir və bu, Aşağı Qarabağ vadisində yaşayan Azərbaycan vətəndaşları üçün ekoloji fəlakət yaratmaq məqsədi daşıyan zorakı hərəkətdir. Qətnamədə Ermənistan hakimiyyətinin su ehtiyatlarından münaqişə tərəflərinin yalnız birinin xeyrinə siyasi təsir yaxud təzyiq vasitəsi kimi istifadə etməsini dayandırmaq tələb edilir.
Bütün əvvəlki qətnamələrdən fərqli olaraq, bu qətnamədə təcavüzün birgə məsuliyyət olduğu qeyd edilmir. Bu gün bu təcavüzə görə açıq-aydın məsuliyyət daşıyan yeganə tərəf Ermənistan hakimiyyətidir və Ermənistana bu tələbləri yerinə yetirmək çağırışı edilir. Eyni zamanda, şübhəsiz, qəbul edilmiş 2085 (2016) saylı bu qətnamənin ən mühüm hissəsi odur ki, AŞPA “Ermənistanı açıq-aydın Azərbaycanın Dağlıq Qarabağ və digər qonşu ərazilərinin işğalçısı” kimi təqdim edir və AŞPA “Ermənistan silahlı qüvvələrinin bölgədən dərhal geri çəkilməsi üçün rəsmi tələb” qəbul etdi.
Bundan əlavə, Avropa Şurası Parlament Assambleyası qəbul edilmiş mətnə Azərbaycanın maraqlarının əleyhinə olan heç bir hissə daxil etməyib. Bu məsələdə klassik istinad olan əvvəlki qətnamələrdən, o cümlədən 2005-ci il qətnaməsindən fərqli olaraq, yeni qəbul edilmiş qətnamədə artıq “nəzarətdə saxlayan separatçı qüvvələr” sözləri yoxdur.
2016-cı ildə bu qətnamənin qəbul edilməsi ilə, nəhayət, AŞPA, həqiqətən də, birmənalı şəkildə bəyan edir ki, “Ermənistan Azərbaycanın Dağlıq Qarabağ və digər qonşu ərazilərini işğal altında saxlayır.”
Qətnamə layihəsinin 4-cü paraqrafında öz əksini tapan bu mövqe müzakirələrdə də erməniləri hiddətləndirirdi, çünki onlar bu paraqrafın dəhşətli miqyasını və gələcək mövqeləri üçün siyasi nəticəsini çox yaxşı anlayırdılar. 2085 (2016) saylı qətnamə artıq Avropa Şurası Parlament Assambleyasının yekun, dəyişməz və rəsmi sənədidir və əvvəlki 1416 (2005) saylı qətnamə ilə birlikdə nəzərdən keçirilə bilər. Bu yeni 2016-cı il qətnaməsi əvvəlki 2005-ci il qətnaməsi ilə bərabər, istənilən müzakirədə, istənilən formatda yeni hüquqi istinad kimi, Azərbaycanın istənilən rəsmisi və ya Azərbaycanın dostları üçün hüquqi dəstəkdir. Beləliklə, bu qətnamə yalnız su ilə bağlı deyil. AŞPA bu qətnaməni qəbul etməklə Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan dövləti tərəfindən işğal edilməsi və indiyədək işğal altında saxlanmasını vurğulayır, Ermənistanın silahlı qüvvələrinin işğal bölgəsindən dərhal geri çəkilməsini tələb edir, Ermənistanın sudan silah kimi istifadə etməsini “ekoloji təcavüz” hesab edir, Sərsəng su anbarının səbəb olacağı humanitar fəlakətin, Azərbaycanın cəbhəyanı bölgəsindəki 6 rayonun 400 mindən çox sakininin bu fəlakətin qurbanına çevrilməsinin məsuliyyətini birmənalı şəkildə Ermənistan dövlətinin üzərinə qoyur, bundan sonra Ermənistanın danışıqlarda Dağlıq Qarabağı tərəf kimi təqdim etməsini mümkünsüz edir. Düşünürəm ki, 2085 (2016) saylı qətnamə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən Azərbaycan xarici siyasətinin növbəti uğurudur.
– Bəs 2085 saylı qətnamədə qeyd olunmuş müddəaların təsirli vasitəyə çevrilməsi üçün Azərbaycan nə etməlidir?
– Hesab edirəm ki, biz döyüş meydanlarından öncə informasiya meydanında Ermənistanı məğlub etməliyik. 2085 saylı qətnamə ilk növbədə bu müharibədə bizim əsas silahımız, daim istifadə edə biləcəyimiz istinaddır. Biz hər zaman bu sənədə istinad etməklə Ermənistan təbliğat maşınını susdura, Ermənistanın işğal etdiyi tarixi Azərbaycan torpaqlarını özününküləşdirməsinin qarşısını almağa nail ola bilərik. Qətnaməni qəbul etmiş AŞPA torpaqlarımızı Ermənistanın işğalından azad edəcək gücə malik bir qurum deyil, lakin biz mütəmadi olaraq bu barədə məsələ qaldırmalı, Ermənistana qarşı sansksiyaların tətbiq edilməsinə nail olmalıyıq. Bununla yanaşı, bütün mövcud beynəlxalq platformalarda da iş aparılmalı, Ermənistana qarşı beynəlxalq təzyiqlərin olunmasını tələb etməliyik. Yeri gəlmişkən, ötən ilin dekabrında Bakıda keçirilən “2085 (2016) saylı AŞPA qətnaməsi: praktikadan nəzəriyyəyə” mövzusunda elmi-nəzəri konfransda bu məsələlər ətraflı müzakirə olundu.
– Qətnamənin qəbul edilməsi qeyd etdiyiniz kimi, həqiqətən də Azərbaycanın böyük uğurudur. Yəqin ki, ötən il AVCİYA-nın ABŞ Prezident Administrasiyasına ünvanlanan və bütün ölkəni əhatə edən “Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə” petisiyasında da məqsəd dünyanın diqqətini 2085 (2016) saylı qətnamənin müddəalarına cəlb etməkdən ibarət idi?
Biz Azərbaycanın haqq səsinin bütün dünyaya çatdırılmasını istədik. Ağ Evin “Biz Xalqıq” platforması bunun üçün tam uyğun bir meydan idi. Bu səbəbdən “Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması naminə” petisiyası ilə ABŞ Prezidenti Administrasiyasına müraciət etdik. Məqsədimiz həm Ermənistanın işğalçı siyasəti ilə bağlı bütün dünyanı məlumatlandırmaq, həm də torpaqlarımızın işğaldan azad edilməsi üçün ABŞ kimi nəhəng bir güc mərkəzinin dəstəyini almaq idi. Layihəyə aprel ayının 6-da AVCİYA prezidenti kimi mənim imzamla start verildi, Ağ ev Administrasiyasının internet resursunda Azərbaycan xalqının Obama Administrasiyasına müraciəti yerləşdirildi. Müraciətdə AŞPA-nın 2085 (2016) saylı qətnaməsində vurğulanan Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan dövləti tərəfindən işğal edilməsi, Ermənistanın Azərbaycana qarşı qəsdən törətdiyi ekoloji böhranın ekoloji təcavüz olması faktı, Ermənistan silahlı qüvvələrinin işğal bölgəsindən dərhal geri çəkilməsi tələbi, Azərbaycanın işğal edilmiş ərazilərində yerləşən Sərsəng su anbarının hazırki durumunun humanitar fəlakətlə nəticələnə biləcəyi xəbərdarlığı diqqətə çatdırılır, Administrasiyaya AŞPA-nın 2085 (2016) saylı qətnaməsini dəstəkləməsi, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqlarının azad edilməsinə və bölgədə humanitar fəlakətin qarşısının alınmasına yardım edilməsi üçün çağırış edilirdi. Platformanın qaydalarına görə, 1 ay ərzində müraciəti 100 min nəfərin imzalaması lazım idi. Lakin AVCİYA-nın apardığı genişmiqyaslı kampaniyanın nəticəsi olaraq 331,914 imza toplandı.
Birincisi, petisiyaya bütün Azərbaycan xalqı, bütün türk dünyası qoşuldu və zəruri olan imza sayından bir neçə dəfə artıq imza toplandı. İkincisi, Ağ Evin müraciətimizə cavabı Azərbaycan üçün böyük bir siyasi dəstək idi. ABŞ bu cavabında Dağlıq Qarabağ ətrafı ərazilərin Azərbaycanın nəzarətinə qaytarılmasına və Dağlıq Qarabağın statusunun müəyyən olunmasına dair təcili danışıqlar aparmağa çağırış etdi. Ağ Evin cavabında deyilirdi: “Biz tərəfləri münaqişənin hərtərəfli nizamlanmasına, o cümlədən Dağlıq Qarabağ ətrafı ərazilərin Azərbaycanın nəzarətinə qaytarılmasına və Dağlıq Qarabağın statusunun müəyyən olunmasına dair təcili danışıqlar aparmağa və təmkinli olmağa çağırırıq”. Petisiya Ağ Evin “Biz Xalqıq” platformasının çoxmilyonlu izləyicisinin diqqətini bir daha bu məsələyə yönəltdi, Ermənistanın işğalçı siyasəti yenidən aktuallaşdırıldı. Bütövlükdə bu petisiya Azərbaycan xalqının informasiya müharibəsində çox mühüm intellektual qələbəsi idi.
– Yeri gəlmişkən, Amerika Tədqiqat Mərkəzi AVCİYA-nın bu petisiyasını Ağ Evin “Biz xalqıq” platformasında toplanan səslərin sayına görə ikinci ən məşhur petisiya elan etdi.
Doğrudan da, Amerikanın Pew Tədqiqat Mərkəzi dekabrın 28-də dərc etdiyi hesabatda Ağ Ev Administrasiyasının rəsmi saytında yerləşdirilmiş “Biz Xalqıq” platformasının 2011-2016-cı illər ərzində olan fəaliyyətini və bu platforma vasitəsilə Ağ Ev Administrasiyasına ünvanlanan müraciətlər və bu müraciətlərin cavablandırılması vəziyyətini araşdırıb.
Öncə vurğulamaq istərdim ki, “Biz Xalqıq” platforması 2011-ci ildə Barak Obama Administrasiyası tərəfindən yaradılmış və kifayət qədər ciddi bir platformadır. Həm bu saytın bütün dünyada çoxmilyonlu izləyiciləri var, həm də sayta edilən müraciətlərə Ağ Evin rəsmi reaksiyasını almaq mümkündür. Bu platforma ilə bağlı araşdırma aparmış Mərkəz özü də dünya səviyyəsində tanınmış bir sosioloji araşdırma qurumudur. Bu Mərkəz Amerikanı və dünyanı formalaşdıran məsələləri araşdırır, ABŞ siyasəti və strategiyasını, ABŞ-ın sosial və demoqrafik istiqamətlərini öyrənir, bu kimi sahələrdə peşəkar təhlillər aparır. Pew Tədqiqat Mərkəzinin bu hesabatında bildirilir ki, 5 il ərzində Ağ Ev Administrasiyasına ümumilikdə 4799 petisiya ünvanlanıb və bunlardan cəmi 227-nə Administrasiya tərəfindən cavab verilib, “Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması naminə” adlı petisiya isə Ağ Evə müraciət platforması tarixində ikinci ən məşhur petisiyadır.
– Elxan müəllim, 2010-cu ildən Siz Şamaxı rayonunu Azərbaycan Respublikasının Milli Məclisində təmsil edirsiniz. Məlumdur ki, 1918-ci il mart-aprel aylarında ermənilərin Azərbaycana qarşı törətdikləri soyqırımın ən dəhşətli hadisələri Şamaxıda cərəyan edib.
– Həqiqətən də Şamaxıda ermənilərin törətdikləri qırğın həm qurbanlarının sayına, həm də əhatə dairəsinə görə fərqlənir. O zaman qəza mərkəzi olan Şamaxı şəhərini ermənilər fürsətdən istifadə edərək ələ keçirmək istəyirdilər. 1918-ci ilin mart ayında başda Stepan Şaumyanın əlaltısı olan Şamaxı ermənisi Lalayan olmaqla Bakı Sovetinin erməni-daşnaklardan ibarət cəllad dəstələri dinc, günahsız şamaxılılara, sözün həqiqi mənasında, divan tutdular. Şamaxı soyqırımı bəşəriyyət tarixinin ən qatı cinayətlərindən biridir. Ona görə də bu soyqırım haqqında həqiqətlərin çatdırılması bizim əsas prioritetlərimizdən biridir. AVCİYA 2011-ci ilin martından başlayaraq “Azərbaycanda erməni terrorunun izləri – Şamaxı soyqırımı (1918-ci il)” adlı layihə həyata keçirməyə başlayıb. Layihə çərçivəsində 2011-ci ilin martında Şamaxıda yüksək səviyyədə beynəlxalq konfrans keçirilib, həqiqətləri çatdırmaq üçün Azərbaycan və ingilis dillərində “Şamaxı soyqırımı” adlı kitab nəşr edilərək müxtəlif ölkələrə yayılıb. 2012-ci ilin martında Bakıda “İnsanlıq əleyhinə cinayətlər: Şamaxı soyqırımı” mövzusunda eilmi-praktik konfrans keçirilib. Assosiasiya erməni cinayətlərinin dünyaya çatdırılması sahəsindəki məqsədyönlü işini davam etdirərək, 2012-ci ilin oktyabr ayında “Şamaxı qırmızı terrorun hədəfində (XX əsrin 30-cu illər repressiyaları)” kitabını nəşr etdirib. Ötən il nəşr etdirdiyimiz “Şamaxı Ensiklopediyası”nda da ermənilərin və onların əlaltılarının Şamaxıda törətdikləri soyqırım və onun nəticələrindən ətraflı bəhs olunur.
– Elxan müəllim, qarşıdan Xocalı soyqırımının 25-ci ildönümü gəlir. Yəqin ki, AVCİYA-nın da bu tarixlə bağlı planları var.
– Əlbəttə. Bu hadisə ilə bağlı artıq tədbirlər planı hazırlanıb. Amma bu tədbirlər içərisində ilk növbədə mənim təşəbbüsümlə “1905.az kitabı” seriyasında nəşr olunacaq “Xocalı yaddaşı” kitabını qeyd etmək istəyirəm. Şərti olaraq bir neçə hissəyə bölünən kitabda Xocalı faciəsinədək olan dövr, bilavasitə faciə, faciənin qiymətləndirilməsi ilə bağlı materiallar, orijinal müsahibələr daxil edilməsi nəzərdə tutulub.
Yeri gəlmişkən, qeyd etmək istərdim ki, bu, “1905.az kitabı” seriyasından artıq ikinci kitabdır. Daha öncə bu seriyadan tanınmış tarixçi Aqil Şahmuradovun “Ermənilər Cənubi Qafqazda” (məskunlaşma tarixindən) kitabı çap edilib. Kitabda ermənilərin mənşəyi, miqrasiya prosesləri nəticəsində Balkanlardan Anadolunun şərqinə gəlmələri, Rusiya imperiyasının yardımı ilə Cənubi Qafqaza köçürülmələri, yerli xalqların mədəniyyətini və tarixini mənimsəmələri erməni və xarici mənbələrlə sübuta yetirilir.
Əminəm ki, “Xocalı yaddaşı” kitabı da Ermənistanla informasiya müharibəsində mühüm “silah”larımızdan olacaq.
Fuad Babayev, Gündüz Nəsibov
1905.az
Müsahibə ilk dəfə 10 fevral 2017-ci ildə dərc edilib