24-27 avqust 2015-ci il tarixlərində “Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” üzrə AŞPA məruzəçisi xanım Miliça Markoviçin Azərbaycana növbəti səfəri baş tutacaqdır. Məruzəçi 5 nəfərlik nümayəndə heyəti ilə ölkəmizə gəlir. Nümayəndə heyətinə müstəqil ekspert Styliani Lydia Vamvakeriou da daxildir. Səfər zamanı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Xarici İşlər Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyində, Su Ehtiyatları Dövlət Agentliyində, eləcə də AŞPA-dakı milli nümayəndə heyətinin üzvləri, Dünya Bankının Azərbaycan Ofisinin nümayəndələri və Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının təmsilçiləri ilə görüşlər planlaşdırılır. Məruzəçi avqustun 26-sı regiona, Sərsəng su anbarının təsiri altında olan rayonlara səfər edəcək, müvafiq qurumlarla, yerli icma ilə görüşlər keçirəcək və Sərsəng su anbarının yerli sosial-iqtisadi duruma təsiri vəziyyətini araşdıracaqdır.
Xatırladım ki, 2014-ci ilin 14-20 dekabr tarixlərində məruzəçi Azərbaycana ilk səfərini etdi. Bundan sonra xanım Miliça Markoviç Ermənistana da səfər etməli idi. Lakin işğalçı Ermənistan və onun havadarları hər vəchlə bu səfərin qarşısını almağa çalışırlar. Miliça Markoviç ötən ilin oktyabr ayından bəri bu səfərin baş tutmasına çalışsa da, Ermənistan tərəfindən razılıq alınmasına nail ola bilməmişdir. AŞPA Sosial Məsələlər, Səhiyyə və Davamlı İnkişaf Komitəsi tərəfindən məsələ ilə bağlı Ermənistan hökumətinə rəsmi məktub göndərilsə də, hələ də müsbət nəticə əldə olunmamışdır.
Bosniya və Herseqovinanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Miliça Markoviç 2014-ci il mayın 12-də AŞPA-da təqdim etdiyim “Azərbaycanın cəbhəyanı rayonlarında mülki əhalinin qəsdən sudan məhrum edilməsinə dair” qətnamə layihəm əsasında məruzəçi təyin edilib. Ermənistan tərəfi məruzəçinin təyin olunmasının qarşısını almaq məqsədilə bütün resurslarını səfərbər etmiş, hətta ölkə başçısı səviyyəsində buna mane olmaq istədilər. Nəinki Ermənistan tərəfi, onların işğalçı siyasətinə, işğala dəstək verən AŞPA-dakı tərəfdarları da bizə qarşı çıxdılar. Hətta bu məsələ ilə bağlı təklif etdiyim ilk qətnamə layihəsinə AŞPA Prezidenti tərəfindən 3 dəfə veto qoyulmuşdu. Bütün bu maneələrə baxmayaraq davamlı mübarizənin nəticəsində məruzəçi təyin edildi və Ermənistanın işğalçı tərəf olması növbəti dəfə beynəlxalq səviyyədə bəyan olundu.
Lakin Sərsəng su anbarı nə qədər ki Ermənistanın işğalı altındadır bu işi davam etdirmək, nəinki AŞPA, bütün beynəlxalq təşkilatları, bütün dünya birliyini Azərbaycana qarşı ögəy münasibətdən, ikili standartlardan əl çəkməyə çağırmaq, xalqımızı gözləyən böyük fəlakətin qarşısını almağa dəstək vermələrinə nail olmaq olduqca zəruridir. Çünki, bir tərəfdən işğalçı Ermənistan Sərsəng su anbarını qış aylarında suyu buraxmaqla 6 rayonu sel altında qoymaq üçün, yay mövsümündə isə, əksinə suyun qarşısını kəsməklə cəbhəyanı rayonların kənd təsərrüfatına ciddi ziyan vurmaq üçün istifadə edir, digər tərəfdən Sərsəng su anbarı işğalçı Ermənistanın əlində Azərbaycana qarşı çox təhlükəli bir silahdır.
Sərsəng su anbarı işğal altında olması səbəbindən texniki qurğular baxımsızlıq təhlükəsi ilə üzləşib və onlara xidmət göstərilməməsi səbəbindən hazırda qəza vəziyyətinə düşüb. Odur ki, bu su anbarının təbii fəlakət, texniki və əvvəlcədən düşünülmüş təxribat xarakterli səbəblər üzündən dağılma ehtimalı böyükdür.
Statistik göstəricilərə görə, dünyada su anbarlarının partlaması və ya daşması nəticəsində son 50 ildə 179.815 insan həlak olub. Sərsəng su anbarının partladılması və ya baxımsızlıqdan hər hansı bir qəzanın baş verməsi bütün dünyada son 50 ildə baş vermiş bu kimi hadisələrin nəticələrinin cəmindən daha çox insanın (400 000) həlak olmasına, ev – eşiyindən didərgin düşməsinə və daha böyük faciəyə səbəb ola bilər. Bu göstərici Sərsəng su anbarının işğalçı Ermənistanın, qatil, cinayətkar ermənilərin əlində nə dərəcədə ciddi və təhlükəli silah olduğunu açıq-aydın göstərir.
Məlumat üçün bildirim ki, bu məsələ ilk dəfə 2013-cü ilin may ayında Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) “Sərsəng – humanitar faciənin qarşısının alınması” layihəsinin icrasına başlaması ilə gündəmə gətirildi. AVCİYA-nın fəaliyyətində prioritet istiqamətlərdən biri ermənilərin Azərbaycan xalqına qarşı sistemli və davamlı şəkildə həyata keçirdiyi soyqırımı cinayətləri, Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü, işğal altında olan ərazilərdə xalqa qarşı həyata keçirdiyi etnik təmizləmə siyasəti, müharibə cinayətləri, insanlığa qarşı cinayətlər haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasıdır. Qeyd olunan bu layihə də bu qəbildən olan layihələrdən biri idi.
Hesab edirəm ki, vətəndaş cəmiyyəti Sərsəngin işğalı nəticəsində yaranan böhranlı vəziyyətin dünyaya çatdırılmasında fəal olmalı, KİV bu problemi yetərincə işıqlandırmalıdır.