– Bir neçə yaddaqalan telelayihəniz olub. “Qəfəs” də, “Rəsmilər, qeyri-rəsmi” də Sizin layihələrinizdir. TV yolunuzu uğurlu saymaq olar?
– Televiziyadan öncəki fəaliyyətim 1997-ci ildə ilk rəsmi iş yerim olan radio ilə başlayıb. 2 il ərzində ANS ÇM radiosunda çalışmışam. 2004-cü ildə birbaşa icraçı direktor kimi Azad Azərbaycan radiosu açmışam. 2004-cü ildən 2012-ci ilə kimi bu radionun müdiri olmuşam. 106.3 FM dalğası Azərbaycanda milli formatda fəaliyyət göstərən ilk dalğa olub. Eyni zamanda orada aparıcı kimi fəaliyyət göstərmişəm. Radioda həmişə “Milli musiqi, milli radioda” şüarına üstünlük vermişik. FM dalğada milli formatda yalnız Azərbaycan mahnılarını yayımlayan radio məhz Azad Azərbaycan olub. Ola bilər bu işlər haqqında cəmiyyət bir qədər məlumatsızdır. Amma bu məlumatsızlığın günahkarı yəqin ki, özüməm. Belə bir söz var ki, özün haqqında danışmırsansa sənin haqqında qeyri-dəqiq məlumatlar yayılacaq.
Televiziya fəaliyyətim “Space” kanalında “Səhər” verilişi ilə başlayıb. Sonra səs-küylü “Qəfəs”, “Rəsmilər, qeyri-rəsmi” və ondan sonra sadəcə “Qeyri-rəsmi” adını saxlayaraq başqa verilişlərlə efirə çıxdıq. Təxminən 6 il əvvəl tamamilə fərqli istiqamətdə “Emin Müsəvinin kampaniyası” fəaliyyətə başladı. Çox təvazökar adı var.(gülür) Bu şirkət PR, media xidmətləri göstərir. Böyük layihələrimiz Latvianın Azərbaycandakı səfirliyi ilə bağlıdır və ölkənin Azərbaycanda tanınması üçün yaradıcı heyətlə bərabər bir neçə film çəkmişik. Latviyanın indiki prezidenti Azərbaycana gələndə səfərin PR tərəfini biz həyata keçirirdik. Eyni zamanda səfirlik və dövlət strukturları ilə birlikdə 2 il ərzində Latviya günləri təşkil etmişik. Sloqanımız “Latviyanı duyun!” olub. Bu tədbirlərdən sonra Latviyanın hazırki xarici işlər nazirinin dəvəti ilə Riqaya gəldim və burada fəxri diplomla təltif olundum. Diplom Latviyanın tək Azərbaycanda yox, bütün dünyada təbliğinə görə verilmişdi. Milli Olimpiya Komitəsi, Sosial Müdafiə Nazirliyi, Latviya səfirliyi, Azərcell və s kimi dövlət qurumları və şirkətlərlə əməkdaşlıq etmişik. İndi Riqada restoran biznesi-Azərbaycan mətbəxinin xaricdə təbliği, tanıtımı işi ilə məşğulam. Riqada Azərbaycan restoranı var. Hazırda bu biznesə cavabdeh şəxs mənəm və bir neçə illik müqaviləyə əsasən burada olacağam. Ümumiyyətlə, milli mövzular, Azərbaycanın xaricdə düzgün istiqamətdə tanınması kimi səpkili işlər özümə də çox maraqlıdır. Onu da deyim ki, Azərbaycan mətbəxi xaricdə, xüsusən də Latviyada çox məhşurdur. Sualınızın konkret cavabına gələndə ümumiyyətlə, gördüyüm işlərə tənqidi yanaşıram. Çalışıram hər dəfə daha yaxşısını təqdim edim. Məncə insan televiziyada fəaliyyət göstəribsə onun digər sahələrdə də bəxti gətirmiş olur. İnsanın uzun illər televiziyada çalışması, tamaşaçıya informasiya ötürməsi həm gözəl duyğu, həm böyük məsuliyyətdir. Amma mən layihələrimdən razı olmuşam həmişə. Ən tənqid olunan layihədən tutmuş, ən bəyənilən layihəyə kimi. “Qəfəs” realiti şousunun müəllifi mən olmamışam. Mən sadəcə o layihənin aparıcısı idim. “Rəsmilər qeyri-rəsmi”, sadəcə “Qeyri-rəsmi”, “22-ci saat” tok-şousu layihələrinin isə müəllifi olmuşam. Əlbəttə, o layihələrdə heç nə icad etməmişəm. Sadəcə onları öz baxış bucağımdan təqdim etmişəm. Layihələrimi kifayət qədər uğurlu sayıram.
– İndi isə saytda da çalışırsınız. TV-dən sonra sayt geriyə addımdır, yoxsa irəliyə?
– Fəaliyyətim xoşbəxtlikdən sırf sayt deyil. O işlərdən biridir. Saytda sadəcə təsisçiyəm. Show.az saytının ideası mənə aiddir. Bu sayt 2007-ci ildən fəaliyət göstərir. Çox yox, arabir fəaliyyətindən razı qalıram. Bilirsiniz ki, şou-biznes mövzusu kütləni maraqlandıran bir sahədir. Bu xəbərlərdə insan onu yükləməyən informasiyalar qəbul edir. Sayt fəaliyyətini geriyə addım hesab etmirəm. Çünki heç kimə sirr deyil ki, bu gün virtual aləm real aləmə qalib gəlib. Zəmanə dəyişib və bu gün hamı müəyyən dərəcədə sosial fəaliyyətlə məşğuldur. İstər feysbukda, istər instagram və digər sosial şəbəkələrdə. Zəmanə ilə uyğunlaşmaq lazımdır.
– Şou xəbərləri yayılma arealının genilşliyinə görə rəqib tanımır. Üstəlik, bu xəbərlər təkcə yaradıcılıq məsələlərini deyil, sənət adamlarının həyat tərzini, geyimlərini, mütəmadi olaraq küsüb-barışmalarını və buna bənzər başqa məsələləri də əhatə edir. Bu sahəyə ifrat tamaşaçı, oxucu, dinləyici marağını necə izah edərdiniz?
– Təəssüflər olsun ki, bəzən biz insanlar başqalarının həyatı ilə yaşamağa üstünlük veririk. Məsələn, “Aygün Kazımova nişanlandı və ya yox?” tipli xəbər başlıqları insanlara daha çox maraqlı olur. Yəni müğənninin şəxsi həyatı. Bu bizim xoşumuza gəlməsə də təəssüf ki, hər yerdə- həm Rusiyada, həm Amerikada, həm də Azərbaycanda bu belədir. Biz də çalışırıq dəqiq və təsdiqlənmiş informasiya yayaq. Bəzi şeylərlə isə mən də razı deyiləm. Şou-biznesdə olan insanlar bəzən reytinq xətrinə anormal hərəkətlər edir, özlərini elə pis formada təqdim edirlər ki, onlara görə adam xəcalət çəkməyə bilmir. Bir tərəfdən normal deyil, amma digər tərəfdən də əgər onun pulu toydan, şoudan çıxırsa bəlkə o da məcburdur belə davranmağa. Amma şounu da sivil təqdim etmə yolları var. Müğənninin icraçı prodüseri və yaxın adamı ona məsləhət etməlidir ki, bunu bu formada etmək doğru deyil. Çox yaxşı olar ki, müğənni, aktyor və aparıcı öz sənəti, fəaliyyəti ilə reytinqini qaldırsın.
– Ermənilərin Cənubi Qafqaza köçürülmələri, azərbaycanlıların məruz qaldıqları soyqırım aktları, tarixi Azərbaycan torpaqlarında erməni dövlətinin yaranması, soydaşlarımızın əzəli torpaqlarından deportasiya edilmələri, Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü kimi məsələlərlə bağlı TV layihəni təsəvvür edirsinizmi?
– Dedikləriniz çox ciddi layihədir. Düşünürəm ki, əyləncə ilə yanaşı, komandamız Azərbaycanın təbliği istiqamətində də xaricdə müəyyən işlər görüb. Məsələn, biz böyük orkestrlə Mənsum İbrahimovun çıxışı, muğam musiqisinin təbliği sahəsində 74 nəfərlik heyətlə Latviyanın ən böyük firlarmoniya zalında konsert təşkil etmişdik. Bundan əlavə, bir sıra filmlər çəkmişik. Onlar bu gün də xaricdə göstərilir. Belə bir ciddi layihə haqqında isə əlbəttə, düşünürəm. Sırf siz dediyiniz formada olmasa da. Ağıllı, intelektual tamaşaçılar kifayət qədər çoxdur. Belə verilişlərə baxıb, qiymət verən mütləq tapılacaq. Təbii ki, bəyənməyəni də olacaq. Bu səpkili verilişlər mütləq dinamik, səviyyəli və günün nəbzinə uyğun formada təşkil edilməlidir. Uzun-uzadı verilişlər, filmlər artıq heç kimə maraqlı deyil. Bu tək televiziyaya yox, eləcə də internetdə yayımlanan video və materiallara aiddir.
– İndi də gələcək planlarınızdan danışaq.
– Televiziya ilə vidalaşmamışam. İnşallah, zamanı gələndə böyük məmnuniyyətlə televiziya və ya internet layihəsi mütləq olacaq. Sadəcə indi vaxtın azlığından bu mümkün deyil. Bayaq haqqında danışdığım, Riqadakı Azərbaycan restoranı biznesi ilə məşğulam. Hələ ki Azərbaycanın xaricdə təmsili istiqamətində sistem qururuq. Gələcəkdə bu fəaliyyəti də genişləndirəcəyik.
– Minnətdaram sizə.
– Mən də sizə yada saldığınız üçün minnətdaram. Uğurlar.
Fuad Babayev, Aynur Hüseynova
1905.az