“Kvartet” rubrikasında psixoloq Xatirə Səfərova və həkim-dietoloq Leyla Zülfüqarova ilə energetik içkilərin fəsadlarından danışdıq.
Fuad Babayev: Energetik içkilərin insan sağlamlığına mənfi təsiri hətta Milli Məclisdə də müzakirə edilib.
Leyla Zülfüqarova: Hələ Milli Məclisdə müzakirə olunmazdan 3 gün əvvəl mənim açıqlamamı bir çox saytlar vermişdi. Elə orada da bu içkilərin insan orqanizmi üçün mənfi tərəflərini həkim-dietoloq olaraq açıqlamışdım. Bu içkilər inkişaf etmiş bir çox ölkələrdə çoxdan qadağan olunsa da bizim ölkəmizin bazarında niyə tüğyan edir? Sağlam qidanın tərəfdarı olan bir adam kimi ona görə də mən öhdəmə düşən işi görməyə çalışıram. Hətta məndən soruşurdular ki, bu cür içkilərin arxasında inhisarçı şirkətlər dayanır, nə əcəb onlardan çəkinmirsən? Mən cavab verirdim ki, bu işkilər təbliğ olunursa, ona qarşı əks-təbliğat apara biləcək insanlar da olmalıdır. Çox yaxşıdır ki, dövlətimiz də bu baxımdan bizim fikirlərimizi dəstəkləyir.
Fuad Babayev: Mən hər ikinizə bir sualla müraciət etmək istəyirəm: energetik içkinin insanın fiziki və ruhi sağlamlığına təsiri nədən ibarətdir?
Leyla Zülfüqarova: Onda mən fizioloji təsirindən danışacam. Bu içkilərin fizioloji baxımdan insan orqanizminə çox ciddi təsiri var. Biz ilk növbədə bu içkilərin tərkibini təhlil etməliyik. Energetik içkilərin tərkibində çox yüksək dozada kofein var. Kofein insan orqanizminə 140 mq-dan artıq daxil olmamalıdır, amma bu içkilərin tərkibindəki doza çox yüksəkdir. Bu içkilərin tərkibində taurin var. Taurin əhval-ruhiyyəni yüksəldən, hətta antidepressant təsiri verən bioloji tərkibdir. Vücudumuzda da istehsal olunan amin turşudur. Amma sintetik yolla orqanizmə daxil olanda sorulması, absorbsiyası müxtəlif əngəllər törədir. Bunların tərkibində dadartırıcılar var. Dilimizin üstündə dad reseptorları var. Tanrıdan bizə 5 dad mərkəzi verilib. Daha bir qlükonat-natrinin sayəsində səhv bir dad mərkəzini aktivləşdirmiş oluruq. Buna öyrəşən insan həftədə bir energetik işki istifadə etsə də, reseptor mərkəzini fəallaşdırır və insan ondan asılı vəziyyətə düşür.
Fuad Babayev: İnsan bu içkinin 250 qramlıq neçə bankasını içməlidir ki, onda asılılıq yaransın?
Leyla Zülfüqarova: Həftədə davamlı şəkildə bir ədəddən artıq içərsə, bir neçə həftə sonra artıq asılılıq başlayacaq. Çünki kofeinin də dozası yüksəkdir. Əslində çayın və qəhvənin də tərkibində kofein var. Onlar hətta təbii kofein ötürdükdə belə biz onun mənfi təsirini duya bilərik. Buradakı kofein isə təbii deyil. Bu içkilərin tərkibində üstəlik öküz və donuz spermasından qatqılar var. Onların tərkibində taurin var. İçkinin də tərkibində taurin varsa, deməli o, hardansa əldə edilməlidir. Taurin üzvi mənşəli maddədir. Ona görə də bunu heyvanlardan alırlar və bu barədə Youtube-da yetərincə videolar var. Bunun təsiri altında isə cəmiyyətdə mərhəmət hissi itir, insanlar quduzlaşır, aqressivləşir. Belə halların kökündə məhz energetik içkilər durur.
Fuad Babayev: Bunlar içkini qəbul etdikdən sonra insanın orqanizmində gedən sırf fiziki-kimyəvi proseslərdir. Bəs bizim beynimizdə hansı proseslər gedir?
Xatirə Səfərova: Leyla xanım bu içkinin fəsadlarını fizioloji baxımdan çox gözəl izah etdi. Psixoloji baxımdan deyə bilərəm ki, bu içki heç də insana enerji verib, hansısa qabiliyyətini oyatmır. Əksinə, dağıdıcı qabiliyyətini oyadır. Hər bir insanda dağıdıcılıq və quruculuq enerjisi var. Süni yolla gələn enerji onda dağıdıcılıq hissəsini aktivləşdirir. Bu dağıdıcı hissə insanın gündəlik enerjisini alır, onun yuxusu qaçır, aqressiyanı yüksəldir və süni formada çox qısa müddətdə əhval-ruhiyyəsini normallaşdırır. Bu müddət təqribən 10 dəqiqəyə yaxındır.
Fuad Babayev: Söhbət içki qəbul edildikdən sonrakı 10 dəqiqədən gedir?
Xatirə Səfərova: Bəli. 10 dəqiqə sonra, çox qısamüddətli süni eyforiya yaranır. Bundan sonrakı mərhələdə aqressiya formalaşır, yuxu pozğunluğu olur və insan distoniya xəstəliyi ilə üzləşir. Psixoloji davranış modellərinin dəyişməsinə təsir edir. İçkinin hansı saatlarda içilməsinin də önəmi var. Tutaq ki, səhər saatlarında içirsə, gün ərzində heç bir iş görə bilməyəcək, yalnız fiziki iş görməsi mükündür.
Fuad Babayev: Amma tutaq ki, imtahan verənə bunun heç bir təsiri olmayacaq?
Xatirə Səfərova: Əksinə, imtahana hazırlaşana əks təsir göstərərək, analitik bilgilərini unutduracaq. Bu içki heç bir enerji vermir, sadəcə insanı 10 dəqiqənin qurbanına çevirərək, onda psixi asılılıq yaradır. İçkini gecə qəbul etdikdə isə birbaşa insanın sinir sisteminə təsir edir. Bir gecəlik yuxusu pozulan insan həm də bir gününü itirir. Bir gününü itirən adama isə iki gün lazımdır ki, özünü bərpa etsin.
Fuad Babayev: Leyla xanım, hansısa səbəblərdən saysız-hesabsız insan siqaret çəkir. Elə bir o qədər də insan spirtli içki qəbul edir. Və bir çox hallarda siqaret çəkəndə və ya spirtli içki qəbul edəndə sivilizasiyalı dünyanın qaydalarını pozurlar.
Leyla Zülfüqarova: Mən dietoloq olaraq insanlara yemək yeyərkən qırmızı şərab içməyi tövsiyə edirəm. Qırmızı şərabın tərkibində antioksidantlar var. Hətta resveratrol adlı çox bahalı bir antioksidant var ki, onu biz apteklərdən dərman kimi də ala bilmirik.
Fuad Babayev: Deməli, hətta müəyyən dozalarda bəzi spirtli içkilər də faydalı ola bilər. Amma energetik içkinin ziyanlı olmasını həm dietoloq, həm də psixoloq çox sadə formada izah edir. Bəs energetik içkilərə aludə olan adam onu tərgitmək üçün nə etməlidir?
Leyla Zülfüqarova: Mən düşünürəm ki, miqyaslı aksiyalar keçirilməlidir ki, onların satışı qadağan olunsun.
Fuad Babayev: Bu bir az çətin məsələdir. Bəs qadağan edilənədək onun tərgidilməsi üçün nə etmək lazımdır? Məsələn, siqaretin satışı qadağan olunmayıb, amma üzərində insan səhhətinə ziyan olması ilə bağlı qeyd var.
Leyla Zülfüqarova: Əslində energetik içki siqaretdən daha təhlükəlidir, çünki birbaşa bioloji ölümü tezləşdirir. Faktlar var ki, Rusiyada ətrafları amputasiya edildikdən sonra ölən adamların ölmə səbəbləri müəyyənləşdirilib. Məlum olub ki, ardıcıl olaraq üç banka bu içkini qəbul edib. Bir də bəzi yeniyetmələr energetik içkiləri alkoqolla qarışdırıb içirlər. Bu, ani ölüm yaradır. Bu içkinin tərkibində bir dənə də faydalı maddə yoxdur.Ən acınacaqlısı isə odur ki, bu içkilərin qəbul edilməsi dəb xarakterini alıb. Bu içkiləri sanki qlamur həyatın göstəricisinə çeviriblər.
Xatirə Səfərova: Ən pisi isə odur ki, bu içkini uşaqlar da alıb içirlər.
Leyla Zülfüqarova: Yaxşı ki, qanun çıxdı – məktəblərdə satılması qadağan olunan 20 qidanın içinə energetik içkilər də daxil edildi.
Fuad Babayev: Hərçənd qutunun üzərində yazılıb ki, uşaqlara və hamilə qadınlara məsləhət görülmür.
Xatirə Səfərova: Amma mən özüm şahidi olmuşam ki, marketlərdə uşaqlara bu içkini sərbəst qaydada satırlar.
Leyla Zülfüqarova: Azərbaycanda ölümünün səbəbi bilinməyən xeyli gənc insanlar olub. Heç kəs anlamır ki, hansı səbəbdən ölüb. Xüsusi bir xəstəliyi olmayan insanın anidən ölməsi onun yeyib-içdiyi qidalarla bağlıdır. Bu içkilər bayaq Xatirə xanımın dediyi kimi, enerji vermir, əksinə enerjini dağıdır.
Fuad Babayev: Gündə bu içkidən 3-4 banka içən adam onu tərgitmək üçün nə etməlidir?
Leyla Zülfüqarova: Energetik içkilərdən uzaqlaşmaq üçün ilk növbədə həmin mayeyə alternativ tapılmalıdır. Çox təəssüflər olsun ki, insanlar belə içkiləri həm də mayeyə olan ehtiyaclarını ödəmək üçün içirlər. Ən gözəl maye sudur. Bizim ölkəmizin çox gözəl mineral suları var. Su yalnız susuzluq hissini yatırmır, orqanizmə daxil olaraq bütün kimyəvi reaksiyaları həll edir. Yeməkdan aldığımız maddələri su olmadan orqanizm qəbul etməyəcək. Bu boşluğu çay, qəhvə doldurmur. Mütləq su içməliyik. Biz suyun bioloji, kimyəvi və fiziki baxımdan təmizliyinə əmin olmalıyıq.
Fuad Babayev: Yəni biz energetik içkiləri qəbul edənlərə deyirik ki, ən azı susayanda bunu yox, su içsinlər?
Leyla Zülfüqarova: Həmin insanlara su içməyi öyrətməliyik. İnsan hər kiloqram çəkisinə görə 30 ml su içməlidir. Tutaq ki, 60 kq çəkisi olan insan gündə 2 ədəd energetik içki içirdisə, indi artıq 10 stəkan su içməlidir. Suda elə antidepressant xüsusiyyətlər var. İçdikcə görəcək ki, energetik içkini unudur.
Xatirə Səfərova: Hətta qəhvənin də tərkibində kofein olduğundan, qəhvə içəndən sonra üstündən iki böyük fincan su içilməlidir. Tərkibində süni kofein olan energetik içkini içəndə isə sanki ilan udursan. O ilanı öldürmək isə yalnız su içməklə mümkün ola bilər. Su içmək insana psixoloji cəhətdən ağır gələ bilər və onun faydasına inanmaz. Biz ümumiyyətlə su içmək baxımından çox tənbəlik. Biz şərqli, qafqazlı olaraq o qədər rəng sevənik ki, rəngli içki də bizə o dəqiqə təsir edir. Qırmızı bankada energetik içki əvəzinə su satsan, əhali daha həvəslə alar. Su isə sadə və primitiv qabda satıldığından, bizləri cəlb etmir.
Fuad Babayev: Yaxşı, su içməkdən başqa insanlar bunu tərgitmək üçün daha nə etməlidirlər? İnanın ki, sabah satışını dayandırsalar, bizim insanlarımız bu içkilərə daha çox meyl edəcəklər. Hər halda qadağan edilən meyvə daha cəlbedicidir.
Leyla Zülfüqarova: İnsanlar bu içkinin ziyanlı olmasını birmənalı qarşılamaq istəmirlər. “Ola bilməz ki, ziyandır”, deyirlər. İnanmaq istəyirlər ki, həmin içkilər xeyirlidir. Mən bunu öz pasiyentlərimdə də görmüşəm. Yalnız tam inandırandan sonra, tam asılı vəziyyətdə olanlar da bu içkinin istifadəsini dayandırıblar. Doğru qida qəbul etdikdən sonra bu içkilərə də, “fast-food”a da maraqları itəcək. İnsana onun tutduğu yolun səhv olduğunu inandırmalıyıq.
Xatirə Səfərova: İkinci mərhələ adaptasiya dönəmidir.
Fuad Babayev: Yəni energetik içkidən imtinaya adaptasiya?
Xatirə Səfərova: Bəli. İnsanlar həmişə neqativ adlara, neqativ mövzulara meyillidir. Təsəvvür edin ki, bir uşaq yolda su paylayır, bu, heç kimə maraqlı olmayan görüntüdür. Ancaq hansısa bir dava varsa, hamı oraya toplanacaq. İnsanlar neqativ hadisələrə meyillidilər. Əslində bunun özü də müdafiə mexanizmidir, eqonun müdafiəsidir. Energetik içkilərin adları da onların mahiyyətini ortaya qoyur və bunu danmırlar. Onlar özləri insanları anti-reklamla cəlb edirlər. Çünki anti-reklam elə ən güclü reklamdır. Çox az miqdarda bir suya baha qiymət ödəyirsən. Etiraf etməliyik ki, bu içkilər yetərincə bahadır.
Leyla Zülfüqarova: Həm də bu içkilərin qablaşdırılmasına fikir versək, elə qabı bahadır. İçindəki isə deməli çox ucuz başa gəlir.
Fuad Babayev: Üstəlik nəqliyyat xərcləri də bunun üzərinə əlavə olunanda görürsən ki, qabın içindəki içkinin özü çox ucuzdur.
Xatirə Səfərova: İnsan öz orqanizminə nə qədər hörmət etməməlidir ki, bu içkilərdən istifadə etsin. Orqanizminə hörmət etməyən insan ilk növbədə öz düşüncəsini parçalayır. Axı hər şey düşüncədən başlayır. Bu içkini içəndən sonra dostlarınıza, tanışlarınıza məsləhət lazım olarsa, sizin düşüncələriniz yalnız pafosdan ibarət olacaq və heç kimə fayda verməyəcək. İnsanın psixologiyası, həyat tərzi, düşüncə tərzi, eqosunun matrisasının formalaşmasında qida birinci yerdə gedir.
Fuad Babayev: Mən oxumuşdum ki, Ramzan Kadırov bu içkini Çeçenistanda qadağan edib. Sizin sərəncamınızda elə bilgilər varmı ki, bu içki hansısa dövlətlərdə qadağandır?
Leyla Zülfüqarova: Mən Fransada və Danimarkada qadağan olunduğunu bilirəm. Hətta Fransada məhkəmə predmetinə səbəb ola biləcək bir hadisə də baş verib, energetik içkilərlə bağlı. Təqribən 2 il bu içki qadağan olunub, sonra bu içki markası məhkəməni udub. Və beləcə 2011-ci ildə öz markasını yenidən bazara sala bilib. Yəni bu şirkətlərin arxasında böyük güclər dayanır.
Gündüz Nəsibov: Mən belə bir məlumat oxumuşdum ki, 2009-cu ilə qədər bu içkilər Fransa və Danimarkada aptekdə satılıb.
Xatirə Səfərova: Müəyyən dövrə qədər bu içkilərə münasibət normal idi, qadağalar sonradan başladı.
Leyla Zülfüqarova: Həmin ölkələrdə bu içkilər satılsa da böyük fəsad törətməyəcək. Çünki o ölkələrin vətəndaşlarının genotipi də sağlamdır. Bizim isə xalq olaraq genotipimizdə oturuşmuş xəstəliklər var. Ürək və qan-damar xəstəlikləri çox geniş yayılıb və xəstəlik üzündən bioloji ölüm tezləşir. Biz impulsiv xalqıq və müdafiə mexanizmimiz daha zəifdir. Ona görə də mən qida mütəxəssisi olaraq energetik içkilərin qadağan olunmasını təkidlə istəyirəm. Bu içkiləri gətirən şirkətlərin arxasında hansı qüvvələrin durmasından asılı olmayaraq, dövlətimizə inanıram.
Xatirə Səfərova: Avtobus və taksi sürücülərinin kobud davranışları əslində daha çox energetik içkilərlə bağlıdır. Çünki onlar həmin içkilərdən daha çox istifadə edirlər.
Leyla Zülfüqarova: Media nümayəndələri araşdırma aparsalar, bu fakta diqqət yetirərlər ki, gərgin işlə məşğul olan insanlar tez hazırlanan yeməklər yeyir və energetik içkilər içirlər. Bu ikisi bir arada insan ölümünü bəlkə də 10 il tezləşdirən amillərdir. Nə üçün xərçəng xəstəliyi bizim cəmiyyətimizdə bu qədər geniş yayılıb? Bunlar mənfi tərkibli qidaların nəticəsidir. Yaxud problemlər içində olan insan ani xoşbəxt olmaq istəyir və fikirləşir ki, bu içkidən birini alsın, həm yeməyi olsun, həm də içməyi.
Xatirə Səfərova: İnsan sadəcə 3 gün çörəkdən imtina edərsə, əlbəttə ki, söhbət daha az faydalı ağ çörəkdən, artıq karbohidratdan gedir, o dövr ərzində əziyyət çəkər, amma 3 gündən sonra artıq özü ağ çörəkdən imtina edər.
Leyla Zülfüqarova: Bu adaptasiya metodu energetik içkiyə də aiddir. Yetər ki, insan özü “Stop!” deməyi bacarsın. 3 gün istifadə etməsə, orqanizm özü həmin içkidən imtina edəcək. Bizim orqanizmimiz ən ağıllı laboratoriyadır.
Fuad Babayev: Biz sadəcə ona qulaq asmağı bacarmalıyıq…
Xatirə Səfərova: Bəli. Elə siqaretdən də çox rahat şəkildə imtina etmək olar. Amma metodunu bilmirlər. Axı siqaret yemək deyil ki, ondan həzz alasan. İnsan siqaretin özündən yox, şüuraltı tüstüsündən həzz alır. Orqanizmdə zatən nikotin var, ikinci bir siqaretə nə ehtiyac var? Deməli, bu, psixoloji məqamdır. Siqareti tərgitmək istəyənlər gözlərini yumub, çəksinlər. Gözüyumulu siqaret çəkən ondan həzz almayacaq. Bu, psixoloji lövbərdir.
Hazırladı: Gündüz Nəsibov, 1905.az
Material ilk dəfə 3 noyabr 2017-ci ildə dərc edilib