Epitetlər həmişə və deyəsən bütün dillərdə olub. Hətta elə vaxtlar olub ki, insanlar epitetlərdən istifadə ediblər, amma faydalandıqları sözlərin epitet olduğunu bilməyiblər…
Sonralar dilçilər epitetin tərifini verdilər… Amma epitetlərin süqutu artıq başlanmışdı.
Lap qabaqlar epitetləri məhz kimlər gözdən salıb? Düzü, saray şairlərindən möhkəm şübhələnməyimə rəğmən cavab verməkdə çətinlik çəkirəm.
Sovet dövründə epitetlərin gözdən düşməsi işində şura hokumətini, ya da əmək qabaqcıllarını, müəyyən hallarda isə hansısa hadisələri, prosesləri vəsf eləyən adamlar öncül yerləri tutublar.
Eyni zamanda epitetlərin süqutu prosesi cürbəcür məclislərdə sağlıq deyənlərin sayəsində sürətlənirdi.
Bütün bunlar onunla nəticələndi ki, tükü-tükdən seçməyi bacaran insanlarımız hansısa epiteti yüzüncü dəfə eşidəndə həmin epitetə də, epiteti səsləndirən adama da və əlbəttə haqqında danışılan fərdə (hadisəyə?) də açıq-aşkar sezilən istehza ilə yanaşmağa başladılar.
Epitetlər çoxdan süqut edib, amma bu sözlərdən istifadə səngimir. İndi bu sözlərdən istifadə imkanlarından əsasən media mənsubları faydalanırlar. Özü də yeri gəldi gəlmədi…
Çox tez-tez “damarlarda qan donduran” hadisələr haqqında oxuyuruq. Əlbəttə, hansısa hadisə damarlarda qanı dondurursa, bu hadisənin dəhşətlilik əmsalının böyüklüyündən xəbər verməlidir. Amma çox tez-tez elə də qorxulu olmayan hadisələrin, bəzi hallarda isə hadisəciklərin “qandondurucu” kimi təqdim olunmasının şahidi oluruq.
Mütəmadi olaraq kiminsə “parlaq istedad”a malik olması haqqında eşidirik, oxuyuruq. Və heç də həmişə bu fikirlə razılaşmırıq. Ümumiyyətlə, “parlaq istedad” məsələsi qəliz məsələdir. Belə böyük “kalibri” istedada malik olduğu söylənilən adam bu söz birləşməsinə ehtiramla yanaşmağa meyllidir. Yerdə qalan, yəni istedadı vəsf edilməyən adamlar bu ifadəyə yüngül kinayə ilə yanaşmağa meylli olurlar.
Diqqətinizi “qızıl ürək” ifadəsinə də çəkmək istəyirəm. Aydındır ki, ürək döş qəfəsinin orta döş xəttindən solda yerləşən əzadır. Və əgər kiminsə ürəyinin guya sarı metaldan olduğu barədə hansısa məlumata rast gəlmisinizsə, burada “qızıl” sözü epitetdən başqa bir çey deyil. Üstəlik heç də həmişə yerinə düşməyən, necə deyərlər reallıqla səsləşməyən epitetdir…
Düşünürəm ki, epitetlərdən kiməsə yaltaqlanmaq yox, oxucu cəlb etmək məqsədilə istifadə toya getməlidir.
“Toya getməli” epitetdir?
Fuad Babayev