1829-cu ilin əvvəlində qraf Paskeviç-Erivanskinin tapşırığı ilə kollec assesoru İ. Şopen erməni vilayətində kameral siyahıyaalma keçirmişdir. Əlyazması 20 cilddən ibarət olan bu siyahıyaalmanın nəticələri müəllifin 1852-ci ildə nəşr edilən ” Erməni vilayətinin Rusiya imperiyasına birləşdirilməsi dövrünün tarixi abidəsi” əsərində verilmişdir.
İ. Şopenə görə Erməni vilayətində 752 kənd olmuşdur. Onlardan 521-i İrəvan əyalətində, 179-u Naxçıvan əyalətində, 52-si Ordubad dairəsində olmuşdur Müharibə nəticəsində vilayətin ərazisində 359 kənd, o cümlədən 310 kənd İrəvan əyalətində, 42 kənd Naxçıvan əyalətində, 6 kənd Ordubad dairəsində xaraba qalmış, əhalisi didərgin düşmüşdü. Deməli, dağıdılmış, xaraba qoyulmuş kəndlərlə birlikdə Erməni vilayətində cəmisi 1111 kənd olmuşdur. İ. Şopenin hesablanmasına görə, xanlıqların işğal edilməsinədək Erməni vilayətinin ərazisində təxminən 23.730 ailə (İrəvan əyalətində 17.000 ailə, Naxçıvan əyalətində 4.600 ailə, Ordubad dairəsində 2.130 ailə) yaşamışdır ki, orta hesabla, hər ailədə 5 nəfər götürdükdə, bu, 118.650 nəfər təşkil edir. Siyahıyaalmanın nəticələrinə görə, vilayətdə 81.749 müsəlman və 25.131 yerli erməni qeydə alınmışdır. Bu siyahıyaalınmanın üstün cəhəti ondadır ki, ayrı-ayrı yaşayış məntəqələri üzrə İrəvandan və Türkiyədən köçürülən erməni ailələrinin sayı və onların hansı yaşayış məntəqəsində məskunlaşdırıldıqları göstərilmişdir.
1840-cı ildə Erməni vilayəti buraxılır. Əvəzində təşkil edilən İrəvan qəzası Gürcü-İmeretin quberniyasının tərkibinə daxil edilir. 1849-cu ildə İrəvan, Aleksandropol, Naxçıvan, Ordubad və Novo-Bayazid Yeni Bayazid qəzalarından ibarət İrəvan quberniyası təşkil edilir və 1917-ci ilə qədər bu struktur dəyişməz qalmışdır.
(Vaqif Arzumanlı, Nazim Mustafa, Tarixin qara səhifələri. Bakı, 1998, səh. 18-24)