Fevralın 15-də Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupu tərəfindən Azərbaycan və ingilis dillərində nəşr edilmiş “Erməni əsirliyində: işgəncə və qətl antologiyası” adlı kitabın təqdimat mərasimi keçirilir.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı şəhid olmuş qəhrəman Vətən övladlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri açan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, işçi qrupun rəhbəri İsmayıl Axundov kitabın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi əsasında Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri general-leytenant Mədət Quliyevin nəzarəti ilə tərtib edildiyini diqqətə çatdırıb. O qeyd edib ki, “Erməni əsirliyində: işgəncə və qətl antologiyası” adlı kitabla tanış olarkən əsir və girovlara qeyri-adi üsullarla verilmiş işgəncə faktları əlbəttə ki, oxucunu dəhşətə gətirə bilər. Bunlar danılmaz faktlardır və hadisə qurbanlarının şahid ifadələridir. Kitabda Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı Ermənistan hərbçiləri və erməni separatçı, terrorçu-quldur dəstələri tərəfindən əsir və girov götürülmüş azərbaycanlılara, o cümlədən digər xalqların nümayəndələrinə qarşı adi insani dəyərlərin və beynəlxalq humanitar hüquq normalarının pozulması faktları toplanıb. Kitab müxtəlif yaşa məxsus insanların xatirələri əsasında tərtib edilib. Bunlar adi xatirələr deyil, insanlığa və bəşəriyyətə qarşı törədilmiş cinayət əməllərini təsdiq edən ifadələrdir. Xatirələr qadın, uşaq, qocalara, eyni zamanda, həm mülki şəxslərə, həm də hərbçilərə aiddir. Kitabda əsir və girovluqdan azad edilmiş 339 nəfərin ifadəsi əksini tapıb.
Sonra mədəniyyət və turizm nazirinin müavini, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvü Ədalət Vəliyev kitabın ərsəyə gəlməsində əməyi olanlara təşəkkürünü bildirib. O, Dövlət Komissiyasının son illər xalqımızın haqq səsinin dünyaya çatdırılması istiqamətində gördüyü işləri qeyd edib.
Tədbir kitabla bağlı müzakirələrlə davam etdirilir.