“Əvvəl ayaqlarımı sındırdılar ki, onların qarşısında diz çöküm, ancaq nail ola bilmədilər, sonra qollarımı, 7 qabırğamı, körpücük sümüklərimi qırdılar”
100 minlərlə soydaşımızı ev-eşiksiz, minlərlə ailəni başsız, 10 minlərlə insanı isə xəstəxana çarpayılarına, əlil arabalarına məhkum edən müharibənin artıq 30-cu ili geridə qalır. Hələ də qeyri-müəyyən formada davam edən bu müharibənin ağrı-acısı hər birimizin həyatında hiss olunsa da, elə insanlar var ki, müharibənin özü, dəhşətləri və nəticəsi onların simasında daha aydın görünür.
Onların gördükləri bütün göstərilənlərdən, yaşadıqları bütün yazılanlardan daha dəhşətli və təsvir edilməzdir. Sputnik Azərbaycan bu gün sizləri belə insanlardan biri ilə tanış edəcək.
İlham Həmidov 1971-ci ildə Mingəçevir şəhərində anadan olub. Orta təhsilini doğulduğu şəhərdə aldıqdan sonra hərbi xidmətə yollanıb. Rusiyanın ən böyük adası olan Saxalində hərbi dəniz qüvvələrində xidmət çəkən İlham, 3 illik qulluğun ardından gələcək həyatını da ora ilə bağlamaq qərarına gəlib və gəmidə işə düzəlib. Lakin başladığı işin elə ilk günlərində qərarını anidən dəyişib.
Televiziyada Şuşanın ermənilər tərəfindən işğalını görən İlham, elə səhəri gün Azərbaycana yola düşüb. Evə gəlməmişdən əvvəl hərbi komissarlığa gedərək, yeni formalaşan milli ordu sıralarına yazılıb. Bir həftəlik təlimdən sonra birbaşa ön cəbhəyə – Qarabağa göndərilib. O, keçdiyi döyüş yolu, düşdüyü əsirlik və orada yaşadığı dəhşətlər barədə Sputnik Azərbaycanın bölgə müxbirinə danışıb.
İlham Həmidovun ilk döyüşü Ağdamın Qalayçılar kəndi istiqamətində keçirilən Qazançı əməliyyatı olub. Bundan sonra Ağdərə, Ağdam, Xocalı istiqamətlərində onlarla əməliyyatda iştirak edib. Uşaqlığından idmanla məşğul olması, çevikliyi sayəsində orduda kəşfiyyat-təxribat bölüyünün üzvü olaraq kəşfiyyat məlumatlarının toplanması, düşmənin canlı qüvvəsinin məhv edilməsi, hərbi texnikasının sıradan çıxarılması tapşırıqlarını uğurla yerinə yetirib.
O, əsir düşdüyü günü isə belə xatırlayır: “Heç vaxt yadımdan çıxmaz, ad günüm idi. Əməliyyata getdik, qayıdanda qar möhkəm yağmışdı deyə, bölüyə düşə bilmədik. Üç gün postda qalandan sonra noyabrın 10-da rəhmətlik komandirimiz “Kobra Elsevər” gəlib bizi düşürdü. Mənə gözaydınlığı verdi ki, “İlham, ad günündə gedə bilmədin, hazırlaş, evə gedirsən””.
“Yenicə düşüb yemək yeyirdik ki, döyüş başladı. Rabitəylə bizə əməliyyat tapşırığı verildi. Komandir razı olmasa da, dirəşdim ki, əməliyyata mən də gedirəm. Elə adət etmişdik ki, sanki gedib dükandan bir siqaret, bir şüşə su alıb qayıdırıq. İki saatlıq əməliyyata çıxıb, qayıdandan sonra evə gedəcəyimi fikirləşirdim. Elə oldu ki, yanımda mərmi partladı, kontuziyaya düşdüm. Ayılanda əsir götürüldüyümü gördüm” – Həmidov danışır.
Həmsöhbətimiz danışdıqca o günlərin ağırlığını, sanki bir daha yaşayır: “Əgər desələr ki, ya əsirliyinin ilk 10 gününü yaşayacaqsan, ya 10 il həbs yatacaqsan, inanın ki, mən 10 il həbsi seçərdim”.
İlham əsirlik həyatının dəhşətlərini də anladır: “İlk 10 gündə ağlagəlməz işgəncələr oldu. Əvvəl ayaqlarımı sındırdılar ki, mən onların qarşısında diz çöküm, ancaq nail ola bilmədilər. Qollarımı, 7 qabırğamı, körpücük sümüklərimi qırdılar. Bir il 8 ay zirzəmidə, dar, ayaqlarım tam uzada bilmədiyim yerdə saxlandım. Ondan sonra Şuşa türməsinə aparıldım. Əsir düşəndə 97-98 kilo idim, həmin vaxt 46 kilo qalmışdım. Yıxılırdım, ayaq üstə dura bilmirdim”.
Keçmiş əsir insanın nə qədər dözümlü ola biləcəyini əsirlik müddətində görüb. Olmazın əzab-əziyyətə, işgəncələrə məruz qalıb: “Əsirlik həyatıyla bağlı çox kitablar oxumuşam, çox filmlər izləmişəm. Lakin onların heç biri mənim gördüyüm dəhşətləri əks etdirmək iqtidarında deyil. Artıq həyatdan əlimizi üzmüşdük. Ümidimiz yox idi qayıtmağa. Allahin bir qismətiydi ki, biz ölməyib sağ qaldıq”.
Əsirlik müddətində şahidi olduqlarından danışan müsahibimiz bildirir ki, Qarabağ erməniləri müharibəyə çox peşman idilər, Ermənistan ermənilərini sevmirdilər: “Qarabağ erməniləri Azərbaycanla bir olanda daha yaxşı yaşadıqlarını, hazırda isə acından öldüklərini deyirdilər. Ümumiyyətlə, onlar döyüşmək istəmirdilər, Qarabağda Fransadan, Suriyadan gəlmiş ermənilər “at oynadırdı”. Hətta adım da Beynəlxalq Qırmızı Xaç Komitəsinin əsirlər siyahısına Qarabağ ermənisi tərəfindən salındı”.
“Həbsxanaya köçürüləndən sonra bizi ağır işlərdə işlədirdilər. Bir dəfə işlədiyim yerdə arxadan bir erməni yaxınlaşdı və azərbaycanca arxaya çevrilməməyimi, hiss etdirmədən adımı, soyadımı ona söyləməyimi istədi. Bundan sonra mənim də adım itkinlər siyahısından əsirlər siyahısına düşdü” – deyən keçmiş əsir əks halda, heç vaxt vətən üzü görməyəcəyini də etiraf edib.
O, qeyd edib ki, bu sözlərlə erməniləri tərifləmək niyyətində deyil: “Mən Qarabağ ermənilərini tərifləmirəm, onlardan çox zülm görmüşəm. Bu gün iflicəm, ağır kəllə-beyin travması ilə xəstəxanadayam, ağır vəziyyətdə osteparozam. “Korset” olmadan dayana bilmirəm, protez olmasa, ayaq üstə dura bilmirəm, qırılır sümüklərim, qabırğalarım. Əsir düşdüyüm gündən bəri 153 dəfə sümüklərim sınıb. Budur mənim vəziyyətim. Budur onların mənə etdikləri”.
İlham hər il 7-8 ay xəstəxanada yatmaq məcburiyyətindədir: “Bura artıq mənim evimdir. Evimdən çox burda oluram, bu həkimlərin hesabına həyatda qalıram. Mingəçevir şəhər xəstəxanasında, İcbari Tibbi Sığorta hesabına yaşayıram. Həyatda qalmağım üçün bu qurumlar əlindən gələni əsirgəmir”.
İ.Həmidov 1996-cı ilin mayında Azərbaycan prezidenti Heydər Əliyevin Ermənistan prezidenti ilə əsir və girovların dəyişdiriliməsi məsələsində razılığa gəldiyindən sonra əsirlikdən azad olunub: “Xəbəri radioda eşidəndə şok yaşadıq, azadlıq ümidlərimiz yarandı. Azərbaycana göndərmək üçün bizi Yerevana gətirib, son dəfə möhkəm döydülər. Ondan sonra aeroporta gətirdilər. Burada qurulmuş ssenari əsasında müsahibə verməliydik. Mənə düşən suallardan biri o idi ki, Qarabağda döyüşməyimə peşmanammı və bir daha müharibə başlarsa, yenidən döyüşlərə qatılacağammı. Cavabları da yazıb vermişdilər, mən orda, “bəli, peşmanam və bir daha iştirak etməyəcəyəm” cavabını verməliydim”.
“Müxbir mikrofonu uzadaraq birinci sualı verdi. Mən, “bəli, peşmanam ki, əlimə avtomat alaraq gəlib Qarabağda vuruşmuşam” – dedim. Ardınca, “bir daha müharibə başlarsa, döyüşlərdə iştirak edəcəksən?” sualını verdi. Ermənilər arxadan əllərilə, başlarıyla “yox” göstərsələr də, “Əgər Qarabağda yenidən müharibə başlarsa, əlimə iriçaplı pulemyot götürüb birbaşa ön cəbhədə vuruşacağam”-deyərək trapa qalxdım. Bu cavabla mən hər şeyi gözləyirdi, ancaq Rusiyanın xarici işlər naziri Primakovun təyyarəsi orda idi deyə, cürət edib mənə heç bir şey etmədilər” – deyə müsahibim danışır.
İlham Həmidov onun missiyasının bitmədiyini, döyüşlər başlayarsa, yenidən Qarabağa getməyə hazır olduğunu da vurğulayır: “Heç kim məni Qarabağa məcburi aparmayıb. Heç kim mənə söz verməyib ki, müharibəyə getsəm, mənə ev, maşın veriləcək, pensiya kəsiləcək. Vətəndaşlıq borcum olaraq müharibədə iştirak etmişəm və müharibə başlayarsa, əlil arabasında olsa belə, gedib öz borcumu yerinə yetirəcəm. Qarabağın düşmən tapdağı altda qalmasını, ən azı, qeyrətimizə sığışdırmamalıyıq”.
İlham Mustafa, Sputnik Azərbaycan
https://sputnik.az/karabakh/20181219/418442394/ilk-10-gun-agilasigmaz-ishgence-verirler.html