Bir əsrə yaxındır erməni ideoloqları və onların havadarları dünyanı inandırmaq istəyirlər ki, 1915-ci ildə Osmanlı ərazisində “zavallı” erməni xalqına qarşı dövlət səviyyəsində qırğın törədilmişdir.
SSRİ dağılana qədər bu təbliğat bilavasitə Türkiyə Respublikasına qarşı yönəlmiş, dolayı yolla bu məsələdə bütün türk- müsəlman dünyası günahlandırılırdı. Çar Rusiyasının Osmanlı dövlətinə nifrəti SSRİ dövlətinin siyasətində və təbliğatında davam etdirilməyə başladı. Beləliklə, XX əsrin 60-cı illərində bu yalançı təbliğat ayaq tutaraq yeriməyə başladı.
Əslində soyqırımına məruz qalan kimlər olmuşdur?
Birinci Dünya müharibəsi ərəfəsində Osmanlı dövlətinin 3-cü ordusuna rəhbərlik edən Ənvər paşa Ərzurumda erməni liderləri ilə görüşündə yəqin etdi ki, ermənilər müharibə başlanacaq təqdirdə Osmanlı dövlətini müdafiə etməyəcəklər. Çünki çar Rusiyası gələcəkdə müharibənin nəticəsindən asılı olaraq osmanlı ərazisində erməni muxtar dövlətinin yaradılmasına təminat verməklə, Osmanlı dövlətinin tərkibində olan erməniləri Türkiyəyə qarşı müharibəyə cəlb edə bilmişdi. Birinci Dünya müharibəsi ərəfəsində II Nikolayın Qafqaza gəlişi və ermənilərə osmanlılara qarşı əməkdaşlıq təklif etməsi məsələni daha da ciddiləşdirdi. Çar Tiflisdəki nitqini: “Qoy, rus bayrağı altında üzən gəmilər Bosfor və Dardanel boğazlarında sərbəst hərəkət etsin. Qoy, erməni xalqı Rusiyanın köməyi ilə Osmanlı ərazisində öz müstəqil dövlətini qura bilsin!” kəlmələri ilə bitirdi. Beləliklə, II Nikolayın bu qərəzli və təhrikedici çıxışı ermənilərin Rusiya tərəfindən Türkiyəyə qarşı müharibədə iştirak etməsini təmin etdi. Türk torpaqlarının işğalına və əhalisinin məhv edilməsinə hazırlaşan erməni ideoloqları erməni kilsəsindən xeyir-dua aldılar.
Məlum olduğu kimi, 1914-cü il noyabrın 1-də rus ordusu Qafqaz istiqamətində Osmanlı sərhədlərini keçdi. Qars, Ərdəhan və Batum uğrunda döyüşlərdə hər iki tərəf böyük itki verdi. Lakin Sarıqamış yaxınlığındakı döyüşdə bir tərəfdən sərt qış, o biri tərəfdən rus ordusunun daha güclü hazırlığı türklərdən 90 min əsgər və zabitin əsir alınması ilə nəticələndi. Rus ordusunun Şərqi Anadoluya daxil olması ermənilərin türklərə qarşı qırğın törətməsi üçün şərait yaratdı. Rus ordusunun tərkibində xidmət edən ermənilərlə yerli ermənilər birləşərək heç bir günahı olmayan yüz minlərlə dinc əhalini qətlə yetirir və onları öz dədə-baba yurdlarından didərgin salırdılar. Erməni ideoloqlarının uzun illər boyu təbliğ etdikləri “Böyük Ermənistan” planının reallaşması üçün şərait yaranmışdı. Ermənilərin yerli əhaliyə qarşı bu münasibəti Osmanlı dövlətini müəyyən müdafiə tədbirləri görməyə məcbur etdi. Belə ki, 1915-ci il mayın ortalarında Van, Bitlis və Ərzurumdan erməni əhalisi döyüş meydanından uzaqlaşdırıldı. Bununla da türklərin rus və ingilislərə qarşı döyüşlərində ermənilərin neytrallığı təmin edildi. Eyni zamanda, Osmanlı dövlətinin hərbi rəhbərliyi türklərə və digər müsəlmanlara ermənilərə qarşı hər hansı zorakılıq törətməyi qadağan edən göstəriş verdi.
Antantanın təbliğat maşını və erməni millətçiləri sübut etmək istəyirlər ki, Birinci Dünya müharibəsi illərində Osmanlı ərazisində bir milyondan artıq erməni öldürülmüşdür. Bunun üçün fakt kimi müharibəyə qədər Osmanlı ərazisində ermənilərin 2,5 milyon nəfər olduğu göstərilirdi. Halbuki, Osmanlı dövlətinin rəsmi məlumatına görə müharibəyə qədər bu ərazidə 1.300 min erməni yaşayırdı. Göstərilən əhalinin yalnız yarısı döyüş əməliyyatları gedən ərazidə yaşayırdı. Müharibə dövründə yarım milyon erməni Türkiyədən Qafqaza və başqa yerlərə köçmüş, 150-200 min erməni Qərbi Avropa və ABŞ-a mühacirət etmiş və ehtimal etmək olar ki, ölən əhalinin sayı 200 min nəfər olmuşdur. Təbii ki, bu rəqəmin içində təkcə köçürmə nəticəsində ölənlər yox, aclıqdan, soyuqdan ölənlər və itkin düşənlər də vardır. “Tayms” qəzeti yazır: “Bu bir danılmaz həqiqətdir ki, müharibə illərində osmanlı ərazisində iki milyon türkün həyatına son qoyulmuşdur”.
Erməni ideoloqları dünyanı inandırmaq istəyir ki, guya 1915-ci il aprelin 24-də daxili işlər naziri Tələt paşa erməni əhalisinin dövlət səviyyəsində qırılması haqda yazılı göstəriş vermişdir. Bu günə qədər erməni ideoloqları həmin sənədin əslini fakt kimi heç kimə göstərə bilmirlər. Ona görə ki, belə sənəd ümumiyyətlə yoxdur.
1919-cu il Paris sülh konfransı dövründə Osmanlı rəhbərlərinin gizli yazışmaları diqqətlə yoxlanıldıqdan sonra ermənilərin kütləvi surətdə öldürülməsi haqqında heç bir sənəd və əmr tapılmadı. Əksinə, Avropadan gələn məmurlar belə faktla rastlaşdılar ki, köçürülən erməni əhalisinin təhlükəsizliyini təmin etmək üçün Osmanlı dövləti tərəfindən onlarla əmr və göstəriş verilmişdir.
Osmanlı ərazisində müsəlman əhalisinə qarşı ilk soyqırımı 1915-ci il martın 14-də Van şəhərində erməni dəstələri tərəfindən törədildi. İki gün ərzində şəhərin müsəlman əhalisi qılıncdan keçirilərək onlara olmazın əzablar verildi. Osmanlı ərazisini işğal edən rus ordusunun himayəsi altında “Erməni Van dövləti” yaradıldı. Van soyqırımından sonra erməni və rus birləşmələrinin Bitlis vilayətinə hücumları başladı. Mosula qədər böyük bir ərazi erməni daşnak qüvvələrinin işğalı altına düşdü. 1915-ci il iyulun ortalarına qədər Van ərazisinə 250 min erməni köçürüldü. Halbuki, bu ərazidə 50 mindən artıq erməni yaşamamışdı.
1915-ci il iyulun ortalarından etibarən ermənilərin bu ərazilərdə törətdikləri cinayətlərin sayı-hesabı yox idi. İyulun ortalarından sonra Osmanlı ordusunun əks hücumu nəticəsində geri çəkilən rus-erməni ordusu ilə birlikdə erməni əhalisi də bu əraziləri tərk etməyə başladı. 200 minlik erməni əhalisi rus ordusunun müşayiəti ilə Cənubi Qafqaz istiqamətinə üz tutdu. Düzdür, bir çox yerlərdə bu əhali kürdlərin hücumlarına məruz qaldı. Çünki kürdlər də erməni soyqırımına məruz qalanlardan idilər.
Birinci Dünya müharibəsi illərində erməni-osmanlı münasibətlərinə dair həm obyektiv baxımdan, həm də sənədlərin əksəriyyəti qeyri-müsəlman müəlliflərinə məxsus olduğuna görə ABŞ Konqresi kitabxanasında saxlanılan “Bristolun sənədləri” diqqəti cəlb edir. Bu külliyyatda qeyd olunur ki, “dəqiq statistik mənbələrdən məlumdur ki, 1912-1922-ci illər ərzində 600 minə yaxın erməni həlak olmuşdur. 1,5-2 milyon erməninin ölümü ilə bağlı fikirlər fərziyyədən başqa bir şey deyildir. Müharibə gedən ərazidə insanların ölümü və itkin düşməsi adi bir haldır”. Bristolun sənədlərində göstərilir ki, qeyd olunan dövrdə isə 2,5 milyon türkün həyatına son qoyulmuşdur. Türklərin ölümü və öldürülməsi ermənilərin ölümündən daha faciəli olmuşdur.
Yuxarıdakı faktlardan belə nəticəyə gəlmək olar ki, I Dünya müharibəsi illərində Osmanlı ərazisində soyqırımına məruz qalan ermənilər yox, yerli türk əhalisi olmuşdur.
Erməni daşnaklarının həyata keçirdiyi soyqırımı siyasəti təkcə Osmanlı ərazisində deyil, Azərbaycan ərazisində də mərhələli şəkildə geniş miqyas almışdır. Bakıda soyqırımı planı hələ 1917-ci ildən “Daşnaksütyun” partiyası və Erməni Milli Komitəsi tərəfindən hazırlanırdı. Onlar dəfələrlə müsəlmanları bolşeviklərə qarşı silahlı çıxışa təhrik etməyə cəhd göstərmişdilər. Ermənilərin məqsədi bolşeviklərin əli ilə müsəlman əhalisini cismən məhv etmək idi. Adamların qətlə yetirilməsi və müsəlman məhəllələrinin darmadağın edilməsi planlı surətdə mütəşəkkil erməni hərbi hissələri tərəfindən şəhərin hər yerində qabaqcadan müəyyənləşdirilmiş sistem üzrə həyata keçirilirdi.
Təhqiqat Komissiyası tərəfindən şahid kimi dindirilmiş Bakı şəhərinin sakini A.N.Kvasnikin ifadəsində deyilir: “Müsəlman əhalisinin əvvəlcə Bakı şəhərində, sonra isə onun ətraflarında cismən məhv edilməsi, onların əmlakının və bütün var-dövlətlərinin qarət olunması və siyasi üstünlüyün ermənilərin əlinə keçməsi ermənilərin müsəlmanlara qarşı təşkil etdikləri qanlı qəsd idi.””. (ARDA, f.1061, siy.1, iş 95, vər.2). Azğınlaşmış və vəhşiləşmiş erməni quldurlar dinc azərbaycanlı əhalini qırıb-çatmaq üçün ən amansız üsullara əl atırdılar. Fövqəladə Təhqiqat Komissiyasının üzvü A.Y.Kluge bu komissiyanın sədrinə yazırdı: “Yaxşı silahlanmış, təlim keçmiş erməni əsgərlər çoxlu miqdarda pulemyotların müşayiəti ilə hücum edirdilər… ermənilər müsəlmanların evlərinə soxulur, bu evlərin sakinlərini qırır, onları qılınc və xəncərlərlə doğram-doğram və süngülərlə deşik-deşik edir, uşaqları yanan evin alovları içərisinə atır, üç-dörd günlük çağaları süngünün ucunda oynadır, öldürülən valideynlərin südəmər körpələrinə rəhm etmir, hamısını öldürürdülər” (ARDSPİHA, f.277, siy.2, iş 16, vər.20).
Təhqiqat Komissiyasının sənədlərinə əsasən məlum olur ki, 1918-ci ilin mart soyqırımı zamanı Bakı şəhərində 11 min nəfərədək türk-müsəlman öldürülmüşdür. Onların çoxunun meyitləri tapılmamışdır. Çünki şahidlərin dediklərinə görə, ermənilər meyitləri od-alova bürünmüş evlərə, dənizə və quyulara atırdılar ki, cinayətin izini itirsinlər. (ARDSPİHA, f.277, siy.2, iş 16, vər.18). Sənədlərdən məlum olur ki, Bakının şəhər camaatından 400 milyon manatlıq daş-qaş və əmlak müsadirə olunmuşdur. Xalqın bir çox ziyarətgahları və tarixi abidələri dağıdılıb yerlə-yeksan edilmişdir. Uzaqvuran toplarla Təzəpir məscidi zədələnmişdir. Daşnaklar Bakıda dünya memarlığının incilərindən sayılan “İsmailiyyə” binasına od vurub yandırmışdılar (ARDSPİHA, f.277, siy.2, iş 13-16, vər.25-26).
Mart talanlarında yaxşı təşkil olunmuş hərbi hissələrlə yanaşı erməni ziyalıları, gəncləri də iştirak edirdilər. Təhqiqat Komissiyasının materiallarında göstərilirdi ki, “erməni əhalisinin bütün siniflərini təmsil edən nümayəndələr bu “müharibə”də iştirak etməyi özlərinə borc bilirdilər. Burada neftxudalar, mühəndislər, həkimlər, kontor işçiləri var idi, bir sözlə, erməni əhalisinin bütün təbəqələri öz “vətəndaş borcu”nu yerinə yetirirdi” (ARDA, f.100, siy.2, iş 791, vər.791).
“Nikolay Buniatov” paroxodu komandirinin köməkçisi Kazım Axundov yazır: Martın 25-dən Nikolayev küçəsindəki meyitlərin yığışdırılmasına başladıq. Onların arasında süngülərlə didik-didik edilmiş və qılıncla tikə-tikə doğranmış 3 müsəlman gimnaziyaçısının, 11 gimnaziyaçı qızın, 1 rus qadının, 3-5 yaşlarında 3 müsəlman oğlan uşağının, 8 rus kişinin, 19 İran təbəəli müsəlman qadınının və müxtəlif peşə sahibləri olan 67 azərbaycanlının meyitləri var idi. Bundan başqa, “Vulkan” cəmiyyətinin köhnə yanalma körpüsünə müsəlman kişilərin, qadın və uşaqların 6748 meyiti gətirilmişdi. Axundov öz tanışı texnik Vladimir Sokolovu “Kərpicxana” deyilən yerə aparmışdı. Burada o, 3 fotoşəkil çəkmişdi. Birinci şəkildə başında güllə yarası, bədənində beş süngü yarası olan və sağ körpücük sümüyünə qılınc zərbəsi endirilmiş qadın meyiti təsvir olunmuşdur. Onun sağ döşü üstündə hələ sağ olan körpə uzanmışdır. Anasının döşünü əmən bu körpənin ayağında süngü yarası vardır.
İkinci şəkildə iri mismarla divara vurulmuş 2 yaşlı uşaq təsvir edilmişdir. Mismarın başından aydın görünür ki, onu divara daşla vurmuşlar. Daş elə oradaca idi. Üçüncü şəkildə 13-14 yaşlı qızın meyitidir. Biçarənin bədənindən görünür ki, onu bir dəstə kişi (əgər bu alçaqlara “kişi” demək mümkündürsə) zorlamışdır.
Axundovla Sokolov 4-cü evə daxil olduqda onlar dəhşətli bir mənzərə görmüşdülər: geniş bir otağın döşəməsi üstündə 22-23 yaşlı bir qadının, iki qarının, 9 yaşlı qızın, 8 yaşlı oğlanın və südəmər körpənin meyitləri var idi. Körpənin əl-ayağını itlər gəmirib yemişdi. Təsvir olunan mənzərə Sokolova elə ağır təsir göstərmişdi ki, o daha fotoşəkil çəkə bilməmişdi.
Qədim Azərbaycan şəhəri Şamaxı dəhşətli talan və vəhşiliklərə məruz qalmışdır. Şamaxı şəhəri və Şamaxı qəzası üzrə ermənilərin törətdikləri vəhşiliklər haqqında 7 cild, 925 vərəqdən ibarət təhqiqat materialları toplanmışdı. Burada bədnam S.Lalayevin başçılıq etdiyi əsgərlər və T.Əmirovun dəstəsi azğınlaşaraq müsəlmanları soyub-talayır və qırırdılar. Şamaxının müsəlmanlar yaşayan hissəsinin hamısına od vurulmuşdu. 13 məhəllə məscidi və məşhur müqəddəs ocaq – Cümə məscidi yandırılmışdı. Bu məscid müsəlmanlara həm bir qibləgah, həm də qədim abidə kimi əziz idi. Erməni quldurlar minlərlə dinc adamı qətlə yetirmişdi (ARDA, f.1061, siy.1, iş 108, vər.8-10).
Şamaxıda böyük hörmət sahibi olan axund Cəfərquluya olmazın işgəncələr verilmişdi. Ermənilər ona axund olduğu məsciddə dəhşətli əzab-əziyyət verərək, bu allah bəndəsinin saqqalının tüklərini bir-bir yolmuş, dişlərini, gözlərini çıxarmış, qulaqlarını və burnunu kəsmişdilər. Ermənilər axunda pənah gətirmiş saysız-hesabsız qadın və uşağı da öldürmüşdülər. Hacı axundun tamamilə yandırılmış evinin həyətində sonralar Təhqiqat Komissiyasının üzvləri tərəfindən çoxlu miqdarda insan sümükləri aşkar edilmişdi. Qafqaz-İslam ordusu 1918-ci ilin iyulunda Şamaxını ermənilərdən azad edərkən meyitlərin iri sümüklərini yığıb basdırmışdılar. Komissiya üzvləri 1918-ci ilin oktyabr və noyabrında bu barədə hazırladığı məruzədə qeyd edirdilər ki, həyətdə hələ də çürümüş meyitlərin qalıqları qalmaqdadır (ARDSPİHA, f.277, siy.2, iş 16, vər.18). Şamaxı qəzasının müsəlmanlar yaşayan təxminən 80 kəndinin taleyi də bu cür olmuşdur. Daşnakların törətdiyi vəhşiliklərin hədd-hüdudu yox idi.
1919-cu il martın 30-da “Azərbaycan” qəzetində Fövqəladə Təhqiqat Komissiyasının “Çağırış”ı dərc edilmişdir. Komissiyanın sədri Ə.Xasməmmədovun imzaladığı bu sənəddə deyilirdi: “Şamaxının yalnız xarabalıqları qalmışdır. Şəhərin müsəlman hissəsindəki bu xarabalıqlarda məscidlərin ən qədimi 800 ildən çox tarixi olan Cümə məscidinin ancaq yanıb qaralmış minarələri görünür, şəhərin on beş minlik müsəlman əhalisindən sağ qalanlar isə bütün Zaqafqaziyaya dağılmış, əllərində qoltuq ağacı və bellərində torba qapı-qapı düşüb dilənirlər ki, acından ölməsinlər. Adlarını “bolşevik” qoyan qaçaq-quldur dəstələrinin əlindən qaçıb can qurtaran əhalinin qalan hissəsi türk qoşunları Azərbaycana gəldikdən sonra öz el-obalarına qayıtmışdır. Onlar qayıdıb gəldikdə əsrlərdən bəri yaşadıqları ocaqlarını yandırılmış və yerlə-yeksan edilmiş halda görmüşlər”.
Fövqəladə Təhqiqat Komissiyasının Şamaxı qəzasının ayrı-ayrı kəndləri üzrə apardığı təhqiqatlarının – şahid ifadələri, zərərçəkənlərin dindirmə protokolları, rəsmi idarələrin əhalinin sayı və əmlaklarının dəyəri haqqında məlumatları, ölən və yaralananların siyahısı və s. əsasında 53 kənd üzrə tərtib olunmuş yekun aktlarında ayrı-ayrı kəndlər üzrə öldürülənlərin sayı və hər bir kəndə dəymiş ümumi zərərin miqdarı göstərilmişdir. Bu aktlarda olan rəqəmlərə əsasən Şamaxı qəzasının 53 kəndində ermənilər 8027 azərbaycanlını qətlə yetirmişlər. Onlardan 4190 nəfəri kişi, 2560 nəfəri qadın və 1277 nəfəri uşaqlar olmuşdur. Bu kəndlərə dəyən ümumi maddi zərər o dövrün qiymətləri ilə 339.5 milyon manat, Şamaxı şəhərinin azərbaycanlı əhalisinə vurulmuş ziyan orta hesabla bir milyard manatdan çox olmuşdur (ARDA, f.1061, siy.2, iş 85, 87,100).
Əvvəlcədən qurulmuş plana görə, daşnak-bolşevik qoşunu Şamaxını işğal etdikdən sonra Quba qəzasına daxil olmalı idi. Xaçmazda yaşayan ermənilər bu barədə xəbərdar edilmiş, onlara xeyli əlavə silah və sursat göndərilmişdi. Quba qəzasında qırğınlar əvvəlcədən düşünülmüş və buna geniş hazırlıq işləri görülmüşdü.
Bakıdan böyük bir silahlı dəstə ilə Qubaya gələn Amazasp və onun əlaltıları küçədə qarşılarına çıxan bütün adamları ucdantutma gülləyə tutur, yerə yıxılmış yaralıların bədənlərini tüfənglərin süngüləri ilə deşik-deşik edir, gözlərini ovurdular. Yaxınlıqdakı meşəyə qaça bilməyənlər evlərinə girib qapıları bağlamışdılar. Onları evlərindən zorla çıxarır, yerindəcə güllələyir və yaxud qabaqlarına qatıb meydana aparırdılar. Bir neçə saatın ərzində yüzlərlə insan qətlə yetirildi.
Amazasp Quba camaatını meydana yığıb bildirdi: “Mən minlərlə türkün başını kəsən Ərzurum ermənisiyəm. 200-dən çox türk kəndini yandırıb xaraba qoymuşam. Uzun müddət türklərlə vuruşmuşam, erməni xalqının mənafeyini müdafiə etmişəm. Buraya da ona görə gəlmişəm. Əgər müqavimət göstərsəniz, hamınızı bir nəfər kimi qıracağam”. Şahidlərdən biri yazır: “Amazasp daşnak dəstəsinə bələdçilik edən qubalı erməni Harun Hayrapetovu yanına çağırdı və ona nəsə dedi. Harun cibindən bir siyahı çıxarıb oxumağa başladı. Həmin siyahıda Qubanın varlılarından 26 nəfərin adı var idi. Amazasp həmin adamların dalınca silahlı əsgərlərindən bir neçə nəfərini göndərdi. Silahlı əsgərlər həmin ailələrdən altı nəfərlə geri qayıdanda daşnak komandiri daha da qızışdı. Gətirilənlərin 4-ü qadın, 2-si yeniyetmə idi. Amazaspın tapşırığı ilə yeniyetmələrin başlarını kəsdilər. Qadınları uşaqlarının qanını içməyə məcbur etdilər. Onlar şivən qoparıb daşnakların üstünə atılanda qarınlarını süngülərlə deşdilər. Sonra qılıncla bədənlərini tən ortadan ikiyə böldülər. Meydanda ah-nalə yüksələndə Amazasp əsgərləri cərgə ilə düzdürüb əliyalın, günahsız əhaliyə atəş açmağı onlara əmr etdi. Yüzlərlə adam qırıldı. İnanmaq olmurdu ki, insan-insana qarşı bu qədər vəhşilik törətsin”. “Mən sizin qanınızı içəcəyəm”-deyən Amazasp siyahıda adları çəkilən adamların mülklərini odlayıb külə döndərmək üçün əmr verdi. Bütün bu hərəkətləri ilə o, son dərəcə qəddar və qaniçən olduğunu sübuta yetirirdi.
Amazasp Bakıdan mənfur Şaumyan rejimindən belə bir tapşırıq almışdı: Quba qəzasında bütün müsəlmanları qırıb məhv etmək, onların yaşayış məntəqələrini dağıtmaq, sonra isə bu qırğını sünni və şiə məzhəbləri arasında toqquşma kimi qələmə vermək.
Təhqiqat materiallarından məlum olur ki, 1918-ci il mayın 1-də Qubaya girən daşnak-bolşevik birləşmələrinin sayı 5 mindən artıq olmuşdur. Ona görə də onlar silahsız dinc əhaliyə azğınlıqla divan tuta bilmişdilər. Həmin azğınlığın miqyasını təsəvvür etmək üçün iki gün ərzində yalnız Quba şəhərində 4 minədək müsəlmanın öldürüldüyünü xatırlamaq kifayətdir. Bu rəqəm Quba şəhər əhalisinin beşdə biri demək idi.
Qırğının canlı şahidlərindən biri yazır: Ermənilər dindarları Qubanın mərkəzinə gətirdilər. Bu döyülən insanlar qəzanın ən hörmətli ağsaqqalları sayılırdılar. Amazasp hamının tanıdığı Quba ermənisi Harunu çağırdı. Harun azərbaycanca dedi ki, sünnilər və şiələr hərəsi bir tərəfə çəkilib üz-üzə dursunlar. Elə o cür də durdular. Aralarında 20-30 metr olardı. Sonra iki tüfəng gətirib dedilər ki, onsuz da sizin hamınızı qıracağıq. Kim sağ qalmaq istəyirsə, dediyimizə əməl etsin. Sünnilər və şiələr növbə ilə bir-birilərinə güllə atsın. Sağ qalanlarla işimiz olmayacaq. Birinci iki nəfəri irəli çıxarıb tüfəngləri onlara verdilər. Biri ləzgi Məhəmməd, o birisi isə şiələrin ağsaqqalı Məşədi Mirsadıq idi. Onların heç biri erməni silahını əlinə almaq istəmirdi. Qundaqla başlarını yarıb onları tüfəng götürməyə məcbur etdilər. İkisi də tüfənglərini qaldırıb bir-birlərini nişan aldı. Hamı məəttəl qalmışdı. Nisbətən cavan olan Məhəmməd heç kimin gözləmədiyi halda geri döndü və bir daşnakı yerə sərdi. Qarışıqlıqdan istifadə edən Məşədi Mirsadıq da bir ermənini öldürdü. Qaçmaq istəyən yüzlərlə adamı pulemyotlarla qırdılar. Ölənlərin çoxu qadınlar və uşaqlar idi. Əvvəlcə Məhəmmədin qollarını kəsdilər, sonra ayaqlarını. Başını kəsib süngüyə keçirdilər və hamı görsün deyə yuxarı qaldırdılar. Məşədi Mirsadığın gözlərini çıxarıb, qollarını sındırdılar və boynunu qırdılar. Həmin gün daşnaklar məscidi dağıdıb, həm sünnilərdən, həm də şiələrdən 20-dən çox din xadimini qətlə yetirdilər”. A.Novatski məsələni dəqiqləşdirmək üçün qeyd edir ki, müsəlmanların dini heysiyyətınə toxunaraq, məscidlərə od vurub yandıran daşnaklar təkcə Quba, Qusar və Xaçmaz ərazisində 26 məscidi yandırmışdılar.
Amazaspın vəhşilikləri nəticəsində 1918-ci ilin ilk beş ayı ərzində Quba qəzasında üst-üstə 16 mindən çox insan məhv edilmişdir. Ayrı-ayrı mənbələrə və şahidlərin dediklərinə əsasən, qırğın zamanı 12 minədək ləzgi, 4 mindən çox azəri türkü və tat əhalisi öldürülmüşdü. 1918-ci ilin qırğınları zamanı daşnak-bolşevik birləşmələri Quba qəzasında 162 kəndi dağıtmışdılar ki, bunlardan 35-i hazırda mövcud deyildir.
Lənkəranda olan “Dikaya diviziya”nı tərksilah etmək üçün dəniz vasitəsilə bolşevik dəstələri göndərilmişdi. Bunların hamısı Erməni Milli Şurasının göstərişi ilə edilirdi. Bolşevik əsgərləri yolda qabaqlarına çıxan müsəlman kəndlərini dağıdıb talayırdılar. Astara bolşevik əsgərləri tərəfindən topa tutularaq darmadağın edildi, əhalinin əksəriyyəti yaşayış yerlərini tərk etməyə məcbur oldu. Xəzər dənizi sahilində Qızılağac ilə Lənkəran arasındakı müsəlman kəndləri “Aleksandr Candar” paroxodu tərəfindən top atəşinə tutuldu. Yanvarda başlanan bu qırğınlar martda daha da şiddət etdi.
Osmanlı qoşunlarının Bakını azad etməsindən bir az əvvəl Lənkərana iki min nəfərlik erməni dəstəsi gələrək yerli əhaliyə divan tutmağa başladı. Ermənilər bu bölgədə yüzlərlə ev dağıtdılar və minlərlə günahsız insanın həyatına son qoydular. 1918-ci ilin yanvarından 1919-cu ilin avqustunda “Molokan qiyamı” yatırılana qədər bu bölgədə erməni və rus birləşmələri tərəfindən 2 min insanın həyatına son qoyulmuşdu.
1918-1920-ci illərdə erməni vəhşiliklərindən ən çox ziyan çəkən Azərbaycan bölgələrindən biri də Zəngəzur qəzası olmuşdur. Daşnak qüvvələrinin təcavüzü nəticəsində bu qəzanın Şuşa ilə əlaqələri tamamilə, Cəbrayıl qəzası ilə qismən kəsilmişdi. Qəzanın müsəlman əhalisinin vəziyyəti bir də ona görə ağırlaşmışdı ki, erməni kəndlərindəki silahlı quldur dəstələri ilə yanaşı bu qəzada general Andranikin erməni əsgərlərindən ibarət yaxşı təşkil olunmuş nizami qoşunları da var idi. Andranik erməni hökumətinin tapşırığı ilə Azərbaycan ərazisinə soxularaq müsəlman əhalisindən tələb edirdi ki, ya Ermənistan hökumətinə tabe olsunlar, ya da qəzanın ərazisini tərk etsinlər. Guya bu ərazi Ermənistan Respublikasına daxildir. Qəzanın çox zəif silahlanmış müsəlman əhalisi Andranikin bu tələblərini rədd etdiyinə görə ermənilər həmin əhaliyə qarşı görünməmiş vəhşiliklər törətdilər.
Fövqəladə Təhqiqat Komissiyasının məruzəsində Zəngəzur qəzasında 115 müsəlman kəndinin ermənilər tərəfindən dağıdılaraq yer üzərindən silindiyi qeyd olunur. Dağıdılmış bütün kəndlərin adları bu sənədlərdə sadalanır.
Dağıdılan bu 115 kənd üzrə 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülmüş, 1060 kişi, 794 qadın və 485 uşaq yaralanmışdır. Nəticədə təkcə Zəngəzur qəzasında komissiyanın məruzəsi hazırlanana qədər 10068 nəfər azərbaycanlı öldürülüb və ya şikəsi edilmişdir.
Erməni millətçilərinin azərbaycanlılara qarşı Zəngəzurdakı vəhşiliklləri 1920-ci ilin əvvələrində daha amansız bir şəkil aldı. 1920-ci ilin yanvarından Zəngəzurda baş verən bütün hadisələrin bilavasitə təşkilatçısı məhz Ararat Respublikasının özü idi. Burada da əsas məqsəd Zəngəzur qəzasını tamamilə müsəlmanlardan təmizələyərək Paris sülh konfransı dövlətlərinin əli ilə buranı Ermənistanın tərkibinə daxil etmək idi. Bu təmizləmə əməliyyatlarında erməni quldur dəstələri ilə yanaşı Ararat Respublikasının on mindən yuxarı nizami qoşun dəstələri iştirak edirdi.
Ermənilərin irimiqyaslı hücumları ilə əlaqədar 1920-ci il yanvarından Azərbaycan Respublikasının Parlamentinə, hökumətinə müxtəlif partiya fraksiyalarının rəhbərlərinə Zəngəzurdan çoxlu həyəcanlı xəbərlər daxil olurdu.
Erməni millətçilərinin Zəngəzurdakı dəhşətli cinayətləri və onlara layiqli cavab verilməməsi azərbaycanlı əhali arasında ümidsizlik doğururdu. 1920-ci il yanvar ayının 23-də Cəbrayıldan müəllim Hüseyn Axundzadənin vurduğu təkrar teleqramda deyilirdi: “Zəngəzur müsəlmanları tərəfindən başınız sağ olsun. Nə qədər zəngəzurlular ağladılarsa da, nalələri Zəngəzur dağları, dərələri və obalarından kənara çıxmadı. Qarı arvadların namusu təhqir olunmuş, məsum balaların başsız bədənləri qırmızı qanlarına bulaşmış çöllərdə qalıblar. Qızlar və gəlinlər ermənilərin əlinə keçmiş, onların namuslarına təcavüz edilmişdir. Zəngəzurda düşmənə müqavimət göstərən çox az kişi qalıb. Lakin onlar da tam ümidsiz vəziyyətdədirlər. Üzümüzü Azərbaycan dindarlarına çevirir, onları Zəngəzurdakı qardaşlarımızın, bacılarımızın, məsum balaların məlumanə şəkildə şəhid olmalarına qarşı kömək, kömək deyə yalvarışlarına cavab verməyə çağırırıq”. (ARDA: f. 895, siy. 1, iş 299, vər. 8-12 ).
1918-ci ilin avqustunda İğdır və Eçmiədzin qəzalarında azərbaycanlıların qırğını Dronun rəhbərliyi altında həyata keçirilirdi. Onun göstərişi ilə bu regionda azərbaycanlıların 60-dan çox kəndi dağıdılmış, yandırılmış, əhalisinə qarşı ən sərt tədbirlər görülmüşdü.
Çəmbərəkənd (Krasnoselo) rayonunun Ağbulaq, Ardanış, Bəriyabad, Qaraqaya, Əmirxeyir, Yanıqtəpə, Gölkənd (Qaraqoyunlu), Toğluca, Çaykənd, Cıvıxlı, Cil, Şorca və başqa kəndlərə hücum etmiş Andranikin quldur dəstəsi əhalini qırmış, kəndi dağıtmış, xalqın var-dövlətini talan edib aparmış, əhalinin bir qisminə ağır işgəncələr vermiş, qaça bilməyənləri, qocaları, qadın və uşaqları vəhşicəsinə qılıncdan keçirmişdir. Eçmiədzin rayonunda 1918-ci ildə azərbaycanlılar sayca üstünlük təşkil etsələr də, bu rayonun əksər kəndləri ermənilərin vəhşiliyinə, işgəncələrinə məruz qalmışdılar.
1918-ci ilin martına qədər İrəvan qəzasının 199 azərbaycanlı kəndi, 1919-cu ilin sentyabr ayına qədər isə Eçmiədzin qəzasına məxsus 62 azərbaycanlı kəndi bütünlüklə yerlə-yeksan edilmişdir. 1919-cu ilin axırında isə Zəngibasarın bir neçə kəndi istisna olunmaqla, İrəvan qəzasının, o cümlədən Vedibasarın bütün kəndləri məhv edilmiş, əhalisi vəhşicəsinə öldürülmüş, sağ qalanlar canlarını xilas edərək başqa yerlərə qaçmışlar. Əhali İran, Osmanlı və Azərbaycana pənah gətirmişlər.
Quqark rayonunun Vartanlı kəndində isə faciə belə başlandı: Aprel ayının ortalarında iclas keçirmək adı altında azərbaycanlıları bir komaya yığırlar. Təxminən 1200-1500 adam bu komaya toplaşır. Keşiş Vahan iclası açır, bir neçə kəlmə ilə bu iki xalqın bir kənddə mehriban yaşaması haqqında fikir söyləyir. Bir qədər sonra silahlı ermənilər içəri daxıl olub keşişi bayıra çıxarır, komanın qapısına bağlayaraq damından içəriyə saman qarışıq neft töküb camaatı yandırmağa başlayırlar. Uşaq, qoca, qadın qışqırtısı ərşə dayanır, tüstüdən boğulanlar, özlərini itirənlər qapıya hücum çəkirlər. Əliyalın xalqın müqaviməti nəticəsiz qalır.
Yerevan şəhərinin şimal-şərqində yerləşən Kotayk rayonu ərazisində də 1918-ci ildə erməni quldur dəstələri azərbaycanlılara qarşı geniş soyqırımı həyata keçirdilər. 1918-ci ilin məlum hadisələrinə qədər bu rayonda yaşayan əhali arasında azərbaycanlılar üstünlük təşkil edirdi. Lakin həmin dövrdə rayonun Avdallar, Artiz, Aşağı Qaxt, Başkənd, Bozkosa, Qayaxaraba, Qaraçala, Qaraçörək, Qızqala, Qurbağalı, Damagirməz, Dəlləkli, Əkərək, Zər, Yelqovan, Yellicə, Kamal, Kənxan, Kərpicli, Küzəcik, Göykilsə, Güllücə, Nurnus, Oxçu qalası, Təzəxarab, Çobangörükməz və s. kəndlərindən azərbaycanlı əhali böyük işgəncələrlə qovulmuşdur. Onların əksəriyyəti Andranikin və daşnak hökumətinin silahlı erməni dəstələri tərəfindən öldürülmüşdür. Andranikin quldur qoşununun və daşnakların 1918-1920-ci illərdə azərbaycanlılara qarşı apardıqları soyqırımı nəticəsində indiki Ermənistan ərazisində, yəni Qərbi Azərbaycan torpaqlarında yaşayan əhalinin çox böyük hissəsi, təxminən 565 min nəfəri vəhşicəsinə qırılmış, yaxud öz dədə-baba torpaqlarından qovulmuş, didərgin salınmışdır. Erməni müəllifləri özləri bu faktı təsdiq edirlər. Tarixçi Z.Korkodyan “Sovet Ermənistanının əhalisi 1831-1931-ci illər” kitabında göstərir ki, 1920-ci ildə Ermənistanda Sovet hökuməti qurularkən bu ərazidə 10 min nəfərdən bir qədər çox türk azərbaycanlı qalmışdı. 1918-ci ildə “İrəvan quberniyasında 211, Qars vilayətində 92 Azərbaycan kəndi dağıdılmış, yandırılmış və talan edilmişdi. İrəvan azərbaycanlılarının çoxsaylı müraciətlərindən birində göstərilir ki, qısa müddət ərzində bu tarixi Azərbaycan şəhərində (İrəvan) və onun çevrəsində 88 kənd dağılmış, 1920 ev yandırılmış, 132 min azərbaycanlı məhv edilmişdir. Erməni cəza dəstələrinin törətdikləri vəhşiliklər, daşnak hakimiyyəti dövründə yürüdülən “türksüz Ermənistan” siyasəti nəticəsində İrəvan quberniyasının azərbaycanlı əhalisinin sayı 1916-cı ildə 375 min nəfərdən 1922-ci ildə 70 min nəfərə enmişdir. 1920-ci il aprelin 27-də XI Qırmızı Ordunun Bakını, sonra isə Azərbaycanın bütün bölgələrini işğal etməsi Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün Azərbaycan Xalq Cümhuriyyətinin gördüyü tədbirləri başa çatdırmağa imkan vermədi. Ermənistan sovetləşən Zəngəzur qəzası daxil olmaqla həmin ərazilər Sovet Ermənistanına bağışlandı. Beləliklə, 1918-1920-ci illərdə türk-müsəlman əhalisinə qarşı həyata keçirilən qətllər və kütləvi insan qırğını təsadüfi hadisə deyil, “Daşnaksütyun” partiyasının “Böyük Ermənistan” yaratmaq planını reallaşdırmaq yolunda atılan addım və soyqırımı siyasəti olmuşdur.
Xalqımıza qarşı 1918-ci ildə törədilən mart soyqırımı kimi faciəli bir tariximizin saxtalaşdırılması və ört-basdır edilməsini təkcə tarixi bir anın unudulması kimi qəbul etmək olmaz. Mart hadisələrinin saxtalaşdırılması xalqımıza qarşı tarixən düşmən münasibət bəsləyən erməni xislətinin gizlədilməsi oldu. Bu isə özlüyündə XX əsr tariximizdə yeni-yeni qanlı səhifələrin açılmasına gətirib çıxardı ki, bunlardan aşağıdakılara diqqəti cəlb etmək yerinə düşər:
– 1920-ci ilin aprel işğalı ilə Azərbaycan Milli hökuməti devrildi, bolşevik bayrağı altında ermənilər Azərbaycanda faktiki olaraq ikinci dəfə hakimiyyəti ələ keçirdilər. Nəticədə respublikada nəinki ziyalılara, hətta milli baxışlı kommunistlərə də divan tutuldu, milli adət-ənənələrimiz ayaq altına atıldı, bütün bu işlərin icraçıları ermənilər oldu.
– bu gün müstəqil Azərbaycanın ən ağır probleminə və xalqın ən ağır dərdinə çevrilən Qarabağ məsələsinin əsası 20-ci illərdə qoyuldu.
– bolşevik cildinə girən daşnaklar Zəngəzur torpaqlarını zorla Azərbaycandan qoparmağa nail oldular.
– otuzuncu illərin repressiyalarında erməni xisləti üçün yaranmış fürsətdən məharətlə istifadə edildi.
– 1947-53-cü illərdə yüz minlərlə soydaşımız öz ata-baba torpaqlarından (Qərbi Azərbaycan) didərgin salındı.
– 1990-cı ilin yanvar faciəsi, 1992-ci ilin fevralında Xocalı soyqırımı, 1992-ci ildən başlayaraq Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan, ümumiyyətlə, 20 faiz torpaq itkisi erməni məkrinin, ən əsası isə mart soyqırımının unudulmasının bilavasitə nəticəsidir.
– 1918-ci ilin martında erməni vəhşiliyindən canını qurtarıb Bakını tərk edən soydaşlarımızın qaçqın həyatı qan yaddaşımıza həkk olunsaydı, fikrimizcə, bu gün biz bir milyon insanı qaçqınlıq taleyini yaşamağa məcbur edən erməni məkri qarşısında aciz qalmazdıq.
Nəhayət, Ü.Hacıbəyovun 1919-cu ildə mart soyqırımının ildönümü ilə əlaqədar yazdığı “31 mart” adlı məqaləsindən bu gün üçün də aktuallığını saxlayan bir fikri xatırlamaq yerinə düşər: “Bugünkü vəzifəmiz o qara günləri yaddan çıxarmamaq və buna görə də həmişə və hər an hər şeyə hazır olmalıyıq. Borcumuz bu vətəni gələcəkdə hər cür təcavüzdən qorumaq və məmləkətimizi şərəflə yaşatmağa çalışmaqdır”.
Anar İSGƏNDƏROV,
BDU-nun kafedra müdiri,
tarix elmləri doktoru, professor
http://www.muallim.edu.az/arxiv/2012/12/22.htm