Azərbaycan Dillər Universiteti Regionşünaslıq kafedrasının erməni dili müəllimi Hüseyn Əsgərov və siyasi elmlər doktoru, “Erməni dili” dərs vəsaitinin müəllifi Hatəm Cabbarlı ilə Azərbaycanda erməni dilinin tədrisinin vəziyyəti barədə söhbət etdik.
Fuad Babayev: 5 noyabr 2014-cü ildə portalımızda “Erməni dilini öyrədənlərimiz, öyrənənlərimiz” mövzusunda söhbətimiz dərc edilib. (http://1905.az/erməni-dilini-oyrədənlərimiz-oyrənənlərimiz/). Hüseyn müəllim, siz də həmin söhbətdə iştirak edirdiniz. Elə mövzular var ki, onlara tez-tez müraciət etmək lazımdır. 2014-cü ildən xeyli müddət keçib. Yəqin ki, bu sahədə müəyyən dəyişikliklər var. Təqdirəlayiqdir ki, son illərdə “Erməni dili” dərsliyi çap olunub, həmçinin Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində erməni dili kursları açılıb. Bəs bu gün erməni dilinin öyrədilməsi və öyrənilməsi sahəsində ümumi vəziyyət necədir?
Hüseyn Əsgərov: 2014-cü ildəki söhbətdən artıq 5 il keçib. O zaman mən Azərbaycan Dillər Universitetində ingilis dilini tədris edirdim. Sonra belə bir qərar gəldi ki, erməni dili dərsi keçirilsin və mənə də bu dili tələbələrə öyrətməyi təklif etdilər. Bilirdilər ki, Ermənistanda doğulmuşam və erməni dili dərsi keçmişəm. Mən də bu dili gənclərə öyrətmək qərarına gəldim. Amma o zaman əlimizdə erməni dilinə aid kitab, dərslik yox idi. Ona görə də ilk olaraq əlifbadan başladım, internetdən götürdüyüm bir çox materiallardan istifadə etdim: dialoqlar keçdik, bədii ədəbiyyatı oxuduq və yavaş-yavaş tələbələrə bu dili öyrətdim. Bununla yanaşı, dərs dediyim illər ərzində “Erməni dilinin qrammatikası” adlı kitab da hazırladım.
Universitetimizə daxil olan tələbələrin vətənpərvərlik ruhundan çox şey asılıdır. Onların dərsə hansı ruhda gəlməsi çox önəmlidir. Vətənpərvərlik ruhu yüksək olan tələbələr bu dili öyrənirlər. Bəziləri isə düşmənin dilidir deyə, məsələyə çox soyuq yanaşırlar. Məhz düşmən dili olduğuna görə, tələbələrdə bu dili öyrənməyə maraq yaratmaq çətindir.
Fuad Babayev: Hatəm müəllim, bəs Siz bu dilin öyrədilməsi və öyrənilməsini necə qiymətləndirirsiniz? Hal-hazırda durum necədir?
Hatəm Cabbarlı: Əslində, Azərbaycanda erməni dilinin tədris edilməsi və öyrənilməsi bir az kecikmiş prosesdir. Yanılmıramsa, ölkəmizdə erməni dilini ilk dəfə mən 2006-cı ildə Xəzər Universitetində tədris etmişəm. O zaman “Erməni dili” kitabını hazırlamışdım, ancaq hələ çap olunmamışdı. Təəssüf ki, bir ildən sonra Universitetdə bu dilin tədrisi dayandırıldı. Yalnız, təxminən 2011-2012-ci illərdə bu mövzu aktuallaşdı və erməni dili yenidən tədris olunmağa başladı. Bundan sonra Azərbaycanın öndə gedən ali məktəbləri – Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti başda olmaqla bir çox fakültələrdə erməni dili əlavə dərs olaraq keçirilməyə başlandı. Nəticədə, gənc nəslin nümayəndələrindən erməni dilini öyrənmiş müdavimlərimiz oldu.
Bu gün də Ermənistan ilə Azərbaycanın müharibə şəraitində olduğunu nəzərə alsaq, 1988-ci ildən bu günə kimi erməni dilinin öyrənilməsində bu qədər gec qalmağımız heç cür anlaşılan deyil. Əlbəttə, Azərbaycan Respublikasının aidiyyəti olan bir çox dövlət orqanlarında erməni dilini bilənlər var idi və indi də peşəkar fəaliyyət göstərirlər. Lakin bu dilin tədrisi yalnız 7-8 il qabaq başlayıb.
Fuad Babayev: Dediniz ki, erməni dili ilk dəfə 2006-cı ildə Xəzər Universitetində tədris edilib. Bəs bu dilin tədris edilməsi fikri Sizə aid olub, yoxsa Sizi bu işə cəlb etmişdilər?
Hatəm Cabbarlı: Fikir mənə aid olmayıb. Məsələ belə olub ki, mən o zaman Azərbaycan Dövlət İqtisad Universitetində dərs deyirdim. Bir müəllim yoldaşım Xəzər Universitetində kafedra müdiri işləyən qardaşına demişdi ki, bizdə (Dövlət İqtisad Universitetində – red.) ermənicə bilən bir müəllim var, əgər sizə maraqlı olarsa, Xəzər Universitetində erməni dilini tədris edə bilər.
Fuad Babayev: Bəs nəyə görə bir ildən sonra erməni dilinin tədrisi dayandırıldı?
Hatəm Cabbarlı: Əslində, səbəbini mən də bilmirəm. Bəlkə siyasi, bəlkə də maddi səbəblərdən dayanıb, o zaman soruşmadım. Amma baxmayaraq ki, erməni dili 7-8 ildir tədris olunur, bu sahədə xeyli irəliləyiş var.
Bir məsələ də var ki, erməni dili lokal dildir. Azərbaycanda bu dili öyrənən adam sabah işlə təmin olunmalıdır. Məsələn, ingilis, alman və yaxud fransız dillərini öyrənən şəxs həm ölkəmizdə, həm də xaricdə iş tapa bilər. Erməni dilini öyrənən adamın isə hər hansı hədəfi olmalıdır, yaxud bu adama işlə təmin olunmaq imkanı verilməlidir. Əgər bir adam ermənicəni öyrənib ailəsinə çörək pulu apara bilməyəcəksə, o zaman bunun ona heç bir əhəmiyyəti yoxdur.
Fuad Babayev: Yəqin ki, erməni dilinin öyrədilməsinin bu dərəcədə gecikdirilməsinin bir səbəbi də odur ki, dövlətin müəyyən ehtiyaclarının ödənilməsi üçün erməni dilini bilən kadrlarımız olub. Ötən görüşümüzdə iştirak edən insanlarımız da vaxtilə ermənicəni öyrəniblər və erməni dilini bilmək nöqteyi-nəzərdən lazım olan “ağırlıq yükü”nü çiyinlərində daşıyıblar. Amma yaş amili məsələsi də var. İnsanlar yaşlaşır, ola bilsin ki, artıq o insanların içində səhhəti ilə bağlı əmək qabiliyyətini itirənlər də var.
Hüseyn Əsgərov: Hətta dünyasını dəyişənlər də var. Vaxtı ilə bu adamlar erməni dilinin öyrənilməsinə cəlb olunsa idilər, bəlkə də bu işdə daha çox irəliləyiş olardı. Amma hayıf ki, ölkəmizdə bu işə çox gec başlanıldı.
1988-ci ildə münaqişə başlamamışdan öncə bizi ingilis dilini tədris edən müəllim kimi İrəvana konfransa göndərmişdilər. Orada mənə Azərbaycan dilini tədris edən bir İran ermənisini təqdim etdilər. O, İran əsilli erməni dilimizdə çox gözəl danışırdı. Demək istəyirəm ki, ermənilər hələ o vaxtdan dilimizi tədris edirdilər. Azərbaycan Dillər Universitetində erməni dili yalnız 2011-ci ildən tədris olunmağa başlayıb. Dərs dediyim müddətdə yazdığım “Erməni dilinin qrammatikası”, həmçinin Hatəm müəlllimin müəllifi olduğu “Erməni dili” kitabından, o cümlədən Kayseri Erciyes Universitetinin Ədəbiyyat fakültəsi Erməni dili və ədəbiyyatı kafedrasının müəllimi professor Qafar Çaxmaqlının “Ermənicə dərslər” kitabından dərs vəsaiti kimi istifadə etmişəm. Qafar müəllim mənim kitabıma rəy də verib. O, erməni dilinin tədrisinə xüsusi fikir verir, çünki bu dil vasitəsi ilə düşmənin mediasına giriş əldə edirik. Yəni bu dili öyrənən tələbələr ermənilərin yazdıqlarını oxuyub tərcümə edirlər, həmçinin bizim informasiyanı da tərcümə edib internetdə bəzi saytlar: “Armenia.az”, “Hayatsk.info”, “İrevanaz.com” və s. vasitəsilə yayırlar.
Çalışırıq ki, tələbələrimiz erməni dilini yüksək səviyyədə öyrənsinlər. Bununla bərabər, onlarda ruh yüksəkliyi və maraq da yaratmaq lazımdır. Məsələ ondadır ki, tələbələrdə vətənpərvərlik ruhu yüksək olur, amma görürlər ki, universiteti qurtarıb işlə təmin olunmaq çətindir, erməni dilini öyrənməyə maraq zəifləyir.
Hatəm Cabbarlı: Burada əsas prinsip peşəkar yanaşma olmalıdır. Əslində, vəziyyət belədir: tələbə Ermənistan üzrə mütəxəssis olmaq istəyirsə, erməni dilini öyrənməlidir. Amma bu o demək deyil ki, ermənicə öyrənənlərin hamısı Ermənistan üzrə mütəxəssis olacaq. Əgər 20 tələbədən 3-4 nəfər 10 ildən sonra Ermənistan üzrə mütəxəssis ola bilirsə, bu, müəllimlərin və Azərbaycanın uğurudur.
Təəssüf ki, erməni dilini öyrənən gənclər bu işə peşəkar kimi baxa, bu dil mənə nə verəcək, dili öyrənsəm nə edə bilərəm kimi suallara cavab tapa bilmirlər. Əslində, hədəf olmalıdır və o hədəfə doğru getməlisən. Burada jurnalistlərimizin, tarixçilərimizin, hüquqşünaslarımızın, beynəlxalq münasibətlərdən məzun olan tələbələrimizin üzərinə böyük yük düşür.
Ermənilər Cənubi Qafqaza köçürüləndən bu yana, təxminən iki yüz ildir ki, onlar ilə həmişə problem yaşamışıq. Biz, sadəcə, ermənilərin gündəlik KİV-lərini izləməklə kifayətlənməli deyilik. Azərbaycanda ermənicə bilən və Ermənistanın sosial-iqtisadi həyatı, təhlükəsizliyi, tarixi, ədəbiyyatı, coğrafiyası, sosiologiyası və s. sahələrini araşdıra bilən mütəxəssislər yetişməlidir. Təkcə tarixçi deyil, hüquqşünas da erməni dilini bilməlidir. Çünki iki yüz ildir bizi ittiham edirlər, biz isə gecikmiş cavablar veririk. Bu işdə gecikmək Azərbaycanın milli maraqlarına cavab vermir. Yuxarıda sadaladığım sahələrdə ermənicə bilən mütəxəssislərimiz bir araya gələrsə, bu, Azərbaycanı Ermənistandan bir addım önə keçirməsə də, ən azı Ermənistan ilə bərabər səviyyəyə gətirər.
Fuad Babayev: Belə düşünürəm ki, Ermənistanda Azərbaycan dilini bilən kadr qıtlığı yoxdur. Çünki orada Türk dilini bilənlər kifayət qədərdir. Məndə elə təəssürat formalaşıb ki, daha çox ermənilər Azərbaycan dilini bilirlər, nəinki azərbaycanlılar erməni dilini.
Hatəm Cabbarlı: Əslində, elə deməzdim. Məsələn, Ermənistanda Azərbaycan dilini bilən xeyli erməni var idi. Orada qarışıq yaşayış məntəqələrində dilimizi kifayət qədər gözəl bilirdilər. Onlar danışanda, bilmək olmurdu ki, ermənidirlər. Lakin Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların ermənicə bilməsini günün reallıqları da tələb edirdi. Çünki şəhərə çıxanda, dövlət idarəsinə gedəndə ermənicə danışmalısan. Ermənicə TV kanallarına baxırdın və istər-istəməz o dili öyrənməli olurdun. Yəni istənilən azərbaycanlıya kənddən kənara çıxdıqda özünü ifadə etmək üçün Ermənistanda ermənicə bilmək lazım idi. Mənə elə gəlir ki, 1988-ci ilə qədər Ermənistan SSR-də yaşayan və ermənicə bilən, bu dildə təhsil alan azərbaycanlılar say etibarı ilə Azərbaycan SSR-də yaşayan ermənilərdən daha çox idi. Çünki adətən, Azərbaycanda yaşayan ermənilər, əgər erməni dilində məktəb vardısa, övladlarını ora, yox idisə, rus dilli məktəblərə qoyurdular. O zaman Ermənistanda çalışan alimlərimiz var idi, İrəvanda Ermənistan Dövlət Pedaqoji Universitetində Azərbaycan şöbəsində dərs deyən müəllimlərin əksəriyyəti ermənicə bilirdi. Bu baxımdan, biz onlardan öndə idik.
Ancaq 1988-ci ildən sonra ermənilər Azərbaycan dilini öyrənməyə üstünlük verməyə başladılar. Dövlətin nəzarəti ilə xüsusi kurslar açıldı. Bu gün Ermənistan İctimai Radiosunda Azərbaycan bölməsi mövcuddur. Yəni onlar bu işə bizdən daha tez başlayıblar.
Ermənistanda Türkologiya həmişə ön planda olub. Ona görə də erməniəsilli çoxlu türkoloqlar var. Türk dilini bilmələri erməni türkoloqlara Azərbaycan dilini öyrənməkdə kömək edir.
Fuad Babayev: Məlumdur ki, Azərbaycan və Ermənistan arasında diplomatik münasibətlər, iqtisadi, mədəni əlaqələr yoxdur, bu da, erməni dilinə marağı əhəmiyyətli dərəcədə azaldır. Ermənilərin bizə düşmən olduqlarını da əlavə etsək, bu marağın azlığını başa düşmək çətin deyil. Başqa müstəvilərdə olan kontaktlar zamanı isə ortaq dil kimi ya rus, ya da ingilis dilindən istifadə olunur. Bu da müəyyən dərəcədə ermənicəyə tələbatı azaldır. Və ermənicəni öyrəndikdən sonra iş tapa bilməmək də bu dilin öyrənilməsinə marağı azaldır.
Hatəm Cabbarlı: Erməni dili kursuna, ya dərsinə getmək ilə onu öyrənmək eyni şey deyildir. Ermənicə bir neçə il dərs keçən tələbələr ilə söhbət etmişəm, gündəlik danışıq mövzusunda onlardan adi söz soruşuram, bilmirlər. Erməni dili dərsində oturan tələbənin “mən ermənicə bilirəm” deməsi doğru deyildir. Tələbə əgər iki il ərzində erməni dilini öyrənirsə, minimum orta səviyyədən bir pillə yuxarı ermənicə bilməlidir. Sizi inandırıram ki, orta səviyyədən bir pillə yuxarı ermənicə bilən, Ermənistan KİV-lərini oxuyub 60-70 faiz başa düşən bir tələbə işsiz qalmaz.
Fuad Babayev: İndi kimi dindirirsən, deyir ki, kursa gedirəm. Kursa getmək, orada öyrədilən ixtisası bilmək demək deyildir. Doğru buyurdunuz ki, 60-70 faiz dil biliyi olan insanın işsiz qalmaq ehtimalı yoxdur. Belə çıxır ki, işsiz qalan insanlar, əslində, bu dili mənimsəməyənlərdir.
Hatəm Cabbarlı: Sadəcə, erməni dili kursuna gedib, amma fikri başqa yerdə olub, oxumayıb, üzərində çalışmayıb və hədəfi olmayıb. Təəssüf ki, bir çox gənclərin hədəfi yoxdur. Tələbələrin əksəriyyəti məsuliyyət hiss etmir, hədəfi görə bilmir. Məncə, məsuliyyət hiss etməyən tələbənin perspektivi də yoxdur. Məsuliyyət nədir? Ailənə qarşı məsuliyyətli olursan – ailənin başını aşağı etməməlisən, ali məktəbə qarşı məsuliyyətli olursan – dərslərini yaxşı oxumalısan, özünə qarşı məsuliyyətli olursan – gələcəyini qura biləsən.
Fuad Babayev: Aydındır ki, hədəflərin olmaması gənclərimizin öz günahıdır. Amma bəlkə burada cəmiyyətimizin də günahı var?
Hatəm Cabbarlı: Yonulmuş daş heç vaxt yerdə qalmaz. O daşı bir nəfər götürüb, bina tikəndə istifadə edir. Siz kiminsə əyri-üyrü daşı həyətinə gətirdiyini görmüşünüz? Bəli, ali məktəbi qırmızı diplomla bitirən adam bəlkə bir il, yaxud il yarım işsiz qala bilər, amma gec, ya tez aidiyyəti orqanlar tərəfindən dəyərləndiriləcək və iş tapacaq.
Mehman İbrahimov: Bəlkə bu işsiz qalma problemini həll etmək üçün sifariş ilə işləmək lazımdır? Tutaq ki, hansısa qurumdan sifariş gəlir ki, mənim üçün 2-3 nəfər ermənicə bilən kadr hazırlayın. Yaxud Milli Televiziya və Radio Şurasından deyirlər ki, Azərbaycanda erməni radio kanalı açılacaq, ora mütəxəssis lazımdır. Bunun üçün də təkcə erməni dilini bilmək kifayət deyil. Hər sahənin öz xüsusiyyətləri var. Ola bilsin ki, tələbə dili öyrənir, amma həmin kiriteriyalara cavab vermir. Ona görə də dil ilə paralel olaraq müəyyən sahələri, ixtisasları da öyrənmək lazımdır.
Hüseyn Əsgərov: Universitetə gələn tələbəyə müəyyən dərsləri keçmək lazımdır ki, o, qiymətli mütəxəssis kimi ortaya çıxsın. Bəs bu tələbələr üçün hansı dərslər tədris olunmalıdır? Bizim Universitetin Qafqazşünaslıq kafedrasında Qafqaza aid nə varsa, tədris olunur. Amma biz ermənişünaslığı, erməni dilini öyrədirik və lazımdır ki, ermənişünaslıq mərkəzi yaradılsın. Bu mərkəzdə isə erməni dili və kafedrası olsun. Erməni dili və qrammatikası ilə yanaşı, ermənilərin tarixini öyrənmək lazımdır. Bundan başqa, Ermənistan coğrafiyası da öyrədilməlidir. Bayaq qeyd etdiniz, müəyyən idarələr sifariş verməlidir, tutaq ki, mənə coğrafiya ixtisaslı erməni dilini bilən kadr hazırla. Tələbəyə topoqrafiya dərsi keçmək lazımdır ki, xəritələri oxuya bilsin.
Hatəm Cabbarlı: Bunlar hamısı gözəl ideyadır. Ancaq bütün bunların mülkü bir universitetdə tədris edilməsi nə dərəcədə uyğundur? Hüseyn müəllimin sadaladığı dərsləri dövlətin aidiyyəti olan təhsil ocaqları keçir. Həm də erməni dilini öyrənən gəncin sağlamlığının bu iş üçün imkan verib verməyəcəyi, yaxud ailəsinin bu işə razı olub olmayacağı kimi məsələlər var. Lakin aidiyyəti orqanların təhsil ocaqlarında oxuyanlar əvvəlcədən bu işi qəbul ediblər. Onlar bu dildə tədris də alırlar və onların sıralarından yaxşı kadrlar da yetişir. Biz, sadəcə, müəllim kadrların hazırlanmasına çalışmalıyıq. Çünki erməni dilini bilən adamların sayı azalma üzrə davam edir. Ona görə də bizdən sonra bu tendensiyanı davam etdirə biləcək adamlar yetişdirməliyik.
Fuad Babayev: Əsas məsələlərdən biri də bu tendensiyanı müəyyənləşdirməkdir. Mən 2014-cü ildə 1905.az portalında Hüseyn müəllimin də iştirak etdiyi erməni dili ilə bağlı söhbətdən bir sualı yenidən təkrarlamaq və Hüseyn müəllimin cavabını da oxumaq istərdim.
Mən sual verirəm: “Yeri gəlmişkən, lüğətlərin səviyyəsi nə yerdədir?”
Hüseyn müəllim cavab verir: “Lüğətlər var. Amma SSRİ dövründə hazırlanan lüğətlərdir.”
Bakı Dövlət Universitetinin Qafqazşünaslıq ixtisası üzrə tələbəsi bildirir: “Lüğət böyük problemdir. Bütün tələbələr üçün. Bu, 2-3 müəllimin yarada biləcəyi şey deyil. Vəsait ayrılmalıdır dövlət səviyyəsində. Lüğətlər çoxdur. Ancaq rus-erməni, ingilis-erməni və s. Bu, dili bizə tam öyrənməyə imkan vermir. Çünki ingilis və rus dillərini mükəmməl bilmirik. Dili öyrənmək üçün isə lüğətdəki sözləri mükəmməl bilmək şərtdir.”
2014-cü ildən keçən müddət ərzində lüğət bazasında nə dəyişib? Yeni bir lüğət çıxıbmı?
Hüseyn Əsgərov: Mən özüm lüğət hazırlanması üzərində işləyirəm. Ancaq lüğət hazırlamaq məsuliyyətli və çətin işdir. Lüğət hazırlayarkən, hər bir hərfi ayrı-ayrılıqda fərdi iş kimi tələbələrə vermişəm. Hərə bir hərfi hazırlayıb mənə kömək edib. Lüğət artıq hazırdır, ancaq hələ çap olunmayıb.
Hatəm Cabbarlı: Əslində, azərbaycanca-ermənicə və ermənicə-azərbaycanca lüğətlər çoxdan var. Bunlar R.Baqramyan və İ.Xəlilovun hazırladığı lüğətlərdir.
Fuad Babayev: Yəni Sovet dövründə çıxan lüğətlər.
Hatəm Cabbarlı: Bəli, 1978-ci və 1987-ci illərdə İrəvanda nəşr olunub. Hər biri təxminən 600-700 səhifəlik lüğətdir və çox gözəl mənbələrdir. Məndə ermənicə də, Azərbaycanca da nüsxələri var. Sadəcə olaraq, müəyyən vəsait ayrılmalı və bu kitablar kirildən latın əlifbasına dəyişirilməli, kitabda olmayan, yəni son 30-40 ildə bizim, o cümlədən ermənilərin də dilinə daxil olan yeni sözlər əlavə edilib çap edilməlidir. “Azərbaycanca-Ermənicə lüğət” və “Ermənicə-Azərbaycanca lüğət“ adlı hər iki kitabı Almaz adlı tələbəmin köməkliyi ilə pdf formasında internetə yükləmişəm.
Lüğət hazırlamaq olduqca çətin və yorucu bir prosesdir. Məsələn, mən müəyyən bir sahədə lüğət hazırlamaq istəyirdim, bir sözə bəzən səkkiz dəqiqə vaxt sərf edirdim. Ortalama bir söz 2-3 dəqiqəyə başa gəlir. Bizim şəxsi vəsaitimiz də o qədər deyil ki, bu işi öz öhdəmizə götürə bilək, bunun üçün bizə dövlətin dəstəyi lazımdır.
Mehman İbrahimov: Bəs Ermənistanda necə, orada da 1980-ci illərdən sonra bu iş dayanıb, heç bir lüğət çap olunmayıb?
Hatəm Cabbarlı: Xeyr, sonradan Azərbaycanca-Ermənicə heç bir lüğət çap olunmayıb. İngiliscə-Ermənicə, Rusca-Ermənicə kifayət qədər lüğət var. Sadəcə olaraq, dediyim kimi, o iki kitabın son 30-40 ildə yeni yaranan sözləri də əlavə edib latın əlifbası ilə yenidən çap olunması məqsədəuyğun olardı.
Fuad Babayev: Adını çəkdiyiniz kitablar İrəvanda çıxıb. Bəs Sovet dövründə Azərbaycanda buna bənzər lüğət çıxmayıb?
Hatəm Cabbarlı: Mənə elə gəlir ki, çıxmayıb.
Fuad Babayev: Siz Qərbi Azərbaycanda dünyaya gəlmisiniz. Gözünüzü açandan ermənilərlə təmasda olmusunuz və yəqin ki, erməni dilini mükəmməl bilmənizdə bu amilin də rolu var. Ancaq, tutaq ki, Qubada anadan olan bir gəncə izah etmək, yol göstərmək lazımdır, yaxud o gəncin özünün ciddi fikri olmalıdır ki, erməni dilini öyrənib tədqiqatçı və s. ola bilsin.
Erməni dili Azərbaycanın ərazisini işğal etmiş, insanlarımızı qətlə yetirmiş, işgəncələr vermiş, soydaşlarımızı deportasiyaya məruz qoymuş bir toplumun dilidir. Həm də doğru olaraq qeyd etdiniz ki, lokal bir dildir və əsasən Ermənistan ərazisində danışılır. Belə olan halda, xüsusi həvəsləndirməyə ehtiyac yoxdurmu?
Hatəm Cabbarlı: Qubada, Şəkidə, Şamaxıda və s. yerdə, fərq etməz, bu dili öyrənmək mümkündür. Orta məktəbi bitirib universitetdə Qafqazşünaslıq, regionşünaslıq oxuyan tələbələr, hansı bölgədə doğulmasından asılı olmayaraq, Cənubi Qafqaz üzrə mütəxəssis olmaq istəyirsə, mütləq gürcü, ya erməni dilini bilməlidir.
Biz, müəllimik. Auditoriyada əgər 25 tələbə varsa, onlardan 2-3 nəfərin bu dili mənimsəmə ehtimalı daha yüksəkdir. Bunu, demək olar ki, onuncu dərsdən sonra artıq başa düşürük. Biz o 2-3 tələbə ilə daha çox işləməli, onları həvəsləndirməliyik. 25 tələbənin hamısının erməni dilini mükəmməl və ya orta səviyyədə bilməsini gözləmirik də. Auditoriyaya dərs deməklə yanaşı, o 2-3 nəfəri xüsusi diqqətdə saxlayırıq. Görəndə ki, tələbənin bu dili öyrənməyə potensialı və həvəsi var, o zaman biz də tələbəni həvəsləndiririk ki, sənə bu dili öyrənmək gələcəkdə nə verə bilər, hansı yerlərdə işləmək ehtimalı mövcuddur. 25 tələbədən 2-3 tələbəni istiqamətləndirə biliriksə, bu bizim üçün böyük uğur sayıla bilər.
Materialda maps.tpu.ru saytının fotosundan istifadə edilmişdir.
Hazırladı: Mehman İbrahimov, 1905.az