Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi çoxsaylı etnik təmizləmə əməllərini dünya da etiraf edir
Erməni millətçiləri XIX-XX əsrlər boyu Azərbaycan xalqına qarşı soyqırımı siyasəti həyata keçiriblər. Faşist xislətli işğalçılar iki əsrlik zaman ərzində mütəmadi olaraq xalqımıza qarşı tarixdə bənzəri olmayan faciələr törədiblər.
İşğalçı Ermənistan Birinci Qarabağ müharibəsi dövründə də beynəlxalq hüquq normalarını və beynəlxalq humanitar hüququn tələblərini kobud şəkildə pozaraq müharibə cinayətləri törədib. Müharibə qaydalarına zidd olaraq, mülki əhalini girov götürüb, soydaşlarımıza olmazın işgəncələr verib, xüsusi amansızlıqla öldürüblər. Həmin dövrdə erməni qatilləri Ballıqaya, Qaradağlı, Ağdaban, Xocalı və digər qətliamları həyata keçiriblər.
44 günlük Vətən müharibəsində qazandığımız parlaq qələbədən sonra erməni cəlladlarının azərbaycanlılara qarşı törətdikləri neçə-neçə qandondurucu qətliamlar da üzə çıxıb. Xocavəndin Edilli kəndində, Ağdam, Füzuli, Xocavənd və Şuşa şəhərinin ətraflarında, Xocalı rayonunun Fərrux kəndi ərazisində kütləvi məzarlıqlar aşkarlandı. Ermənistan tərəfindən həyata keçirilən çoxsaylı müharibə cinayətlərindən biri də 1993-cü ilin 18 aprelində Kəlbəcərin Başlıbel kəndində törətdikləri faciədir.
Kənddə mülki əhaliyə qarşı xüsusi amansızlıq və qəddarlıq nümayiş etdirilib
Kəlbəcərin işğalı zamanı Ermənistan silahlı qüvvələrinin Başlıbel kəndində dinc əhaliyə qarşı törətdiyi kütləvi qətllər Azərbaycan Respublikası Baş Prokurorluğunun apardığı istintaqla da rəsmi təsdiqini tapıb. Cinayət işinin istintaqı zamanı kənddə mülki əhaliyə qarşı xüsusi amansızlıq və qəddarlıq nümayiş etdirildiyi sübuta yetirilib.
Belə ki, 24 aprel 2021-ci ildə Baş Prokurorluğun İstintaq idarəsinin müstəntiqləri tərəfindən məhkəmənin meyitlərin ekshumasiyası haqqında qərarına əsasən, Başlıbel kəndində müvafiq istintaq hərəkətləri keçirilərək 50 sm dərinlikdə torpağa basdırılmış kəskin çürüməyə məruz qalaraq skletləşmiş 12 nəfərin meyitlərinin qalıqları aşkar edilib.
Başlıbeldə qətlə yetirilənlərdən 12 nəfərin cəsədi ötən ilin aprelində ekshumasiya edilərək Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə gətirilərək müvafiq istintaq hərəkətləri aparılıb. Faciə qurbanlarının meyit qalıqlarından və həmin şəxslərin ailə üzvlərindən götürülmüş DNT analizlərinin, molekulyar-genetik və digər xüsusuatların araşdırlması üçün tibbi-kriminalistik ekspertizaların nəticələri onların erməni hərbçiləri tərəfindən güllələnərək qətlə yetirildiyini təsdiqləyib.
Mağaralara sığınan köməksiz sakinlər qətlə yetirilib
1993-cü il aprelin 3-də Ermənistan silahlı qüvvələri Başlıbel kəndinə silahlı hücum edərək kənd sakinlərinə məxsus evləri kütləvi surətdə qarət edib və tamamilə yandırıb. Kəndi tərk edə bilməyən 62 nəfər təxminən 3 kilometr aralıda, kəndin ən hündür hissəsində yerləşən “Portda” adlanan dağ relyefli ərazidəki təbii mağaralara sığınıb. Həmin 62 nəfərdən 48-i Başlıbel, 1-i Taxtabaşı kəndlərinin, 4-ü Laçın rayonu sakini, 9 nəfər isə kəndi müdafiə edən hərbi qulluqçular olub.
Törətdiyi vəhşiliklə kifayətlənməyən Ermənistan silahlı qüvvələrinin avtomat və iriçaplı silahlarla silahlanmış ünsürləri öz azğınlıqlarını davam etdirərək 1993-cü il aprelin 18-də silahsız mülki şəxslərin doğma kəndlərində qayalara sığındığı yerləri axtararaq aşkarlayıb, köməksiz vəziyyətdə qalmış mülki şəxslərin gizləndiyi mağaraları həmin gün saat 15-21 aralığında atəşə tutmağa başlayıblar. Nəticədə silahsız, hər hansı müqavimət göstərmək imkanına malik olmayan 12 nəfər (1-i 12 yaşlı uşaq, 1-i 16 yaşlı yeniyetmə, o cümlədən 6 qadın və 6 kişi olmaqla) – 63 yaşlı Yaqub Səmədov, 54 yaşlı Büsat Əhmədova, 12 yaşlı Zövqiyyə Əhmədova, 60 yaşlı Məhəmməd Əmralıyev, 29 yaşlı Surxay Əmralıyev, 21 yaşlı Çingiz Əmralıyev, 16 yaşlı Aygün Əmralıyeva, 67 yaşlı Çiçək Həsənova, 68 yaşlı Gülara Cəfərova, 95 yaşlı Gülgəz Cəfərova, 22 yaşlı Vüqar Abdullayev və 52 yaşlı Əhliman Əsgərov sığındıqları yerdə öldürülüblər.
Hücum nəticəsində 14 nəfər – 93 yaşlı Kübra Babayeva, 23 yaşlı Arzu Əmralıyeva, 56 yaşlı Binnət Əhmədov, 13 yaşlı Niyyət Əhmədov, 15 yaşlı Şərqiyyə Əhmədova, 56 yaşlı Zibeydə Əmralıyeva, 67 yaşlı Leyli Həsənova, 58 yaşlı Mərmər Həsənova, 63 yaşlı Şamama Həsənova, 36 yaşlı Zeynəb Həsənova, 63 yaşlı Tutu Qasımova, 2 yaşlı Hökmdar Məhəmmədov, 73 yaşlı Şamama Yusifova və 65 yaşlı Hüseyn Mənsimov girov götürülüb. Həmin şəxslər sonradan girovluqdan azad edilsələr də, onlardan 9-u aldıqları mənəvi və psixoloji sarsıntılardan vəfat edib.
İstintaq materialları ilə həmçinin müəyyən olunub ki, cinayətkar qruplaşmanın üzvlərinin əlindən digər mağaralara qaçaraq gizlənən və vəhşilərdən canını qurtarmağa çalışan 36 şəxsdən 7 nəfəri də mühasirə şəraitində aldıqları xəsarətlərdən Kəlbəcər rayonunun müxtəlif kəndlərində dünyasını dəyişiblər.
113 gün mühasirədə
Sağ qalmış Başlıbel kənd sakinləri sonrakı tarixlərdə iki qrupa bölünməklə müxtəlif mağaralarda gizlənib, həyatları üçün yaranmış təhlükələrə baxmayaraq, 1993-cü il mayın 12-də gecə saatlarında həmyerlilərinin qətlə yetirildiyi mağaraların yanına yaxınlaşıb odlu silahlarla qətlə yetirilmiş 12 nəfərin meyitlərini paltarlı vəziyyətdə iki cərgə (hər cərgədə 6 qəbir olmaqla) qəbirlər qazmaqla dəfn etdikdən sonra hadisə yerindən uzaqlaşıblar.
1993-cü il aprelin 19-dan sonrakı tarixlərdə isə sağ qalmış 29 nəfər 113 gün mühasirə həyatı yaşadıqdan sonra çətin dağlıq yollarla Kəlbəcər rayonunun Çaykənd kəndinə, oradan Tərtər çayını və Qoşqar dağını keçməklə iyul ayında Daşkəsən rayonunun Zivlən kəndinə çataraq həyatlarını xilas edə biliblər.
Dörd ay davam edən istintaqdan sonra ekshumasiya edilmiş cəsədlərin əvvəlki yerinə qaytarılması və orada dəfn edilməsi barədə qərar qəbul olunub. Azərbaycan bayrağına bükülmüş cənazələr əvvəlki yerində dəfn olunmaq üçün Başlıbel kəndinə yola salınıb. Dəfn mərasimində faciə qurbanlarının ailə üzvləri ilə yanaşı, qətliama şahidlik etmiş kənd sakinləri də iştirak ediblər.
Daha erməni yalanlarına heç kim inanmır
Göründüyü kimi, zaman hər ötən gün ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri insanlıq əleyhinə cinayətləri faktlarla ortaya çıxarır. O da reallıqdır ki, indiyə qədər beynəlxalq aləm tərəfindən ermənilərin cinayətlərinə göz yumulub, bu qətliamları, soyqırımlarını törədən faşist xislətlilər hələ də cəzalandırılmayıblar. Ermənistan tərəfindən törədilmiş müharibə cinayətlərinin araşdırılması istiqamətində heç bir addım atılmayıb.
Lakin daha erməni yalanlarının dünyada at oynatdığı o əyyamlar geridə qalıb, artıq beynəlxalq aləm də faktlarla sübut edilən erməni faşizminin qanlı əməllərini görür, işğalçı erməni qatillərinin Azərbaycan xalqının başına gətirdiyi soyqırımlara, faciələrə, qətliamlara əvvəlki kimi laqeyd qalmır.
Başlıbel faciəsi ilə bağlı məlumatların ABŞ Dövlət Departamentinin Demokratiya, İnsan Hüquqları və Əmək Bürosunun 2021-ci il dünya ölkələrində insan hüquqlarının vəziyyətinə dair illik hesabatında yer alması da buna bariz nümunələrdən biridir.
Hesabatda Ermənistanın Azərbaycana qarşı törətdiyi vəhşi əməllər haqqında bir sıra informasiyalar qeyd edilib. Hesabatın Ermənistan hissəsində bildirilib ki, 2020-ci ildə etnik erməni qüvvələri bəzi azərbaycanlı əsirləri qanunsuz şəkildə qətlə yetirib və işgəncələrə, ləyaqəti alçaldan rəftarlara məruz qoyublar. Hesabatda o da bildirilir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu Kəlbəcər rayonunun Başlıbel kəndində 1993-cü ildə erməni silahlı qüvvələri tərəfindən öldürüldüyü bildirilən azərbaycanlılara aid məzarların axtarışına başlayıb. Həmçinin Füzuli, Ağdam, Zəngilan, Kəlbəcər və Cəbrayılda azərbaycanlılara məxsus onlarca qəbiristanlığın dağıdılması ilə bağlı sübutlar üzə çıxıb.
Artıq dünya işğalçı və faşist xislətli ermənilərin əsl üzünü görür, onların qanlı əməllərini etiraf edir.
Tezliklə Ermənistan Azərbaycana qarşı həm Birinci, həm də İkinci Qarabağ müharibələri dövründə törətdiyi müharibə cinayətlərinə görə ədalət və hüquq qarşısında cavab verməli olacaq.
Yasəmən MUSAYEVA,
“Azərbaycan”