Erməni hərbi birləşmələri və onların Bakıdakı mart soyqırımında rolu
1914-ci ilin iyulunda Birinci dünya müharibəsinin başlanması Rusiya imperiyasında vətənpərvərlik ruhunun görülməmiş yüksəlməsinə gətirib çıxardı. Çar hökumətinə, qulluq göstərməkdə canfəşanlıq edən qüvvələrin sırasında “Daşnaksutyun” partiyası xüsusi yer tuturdu.
Erməni “türk zülmündən” qurtarmaq üçün rus çarına və ordusuna inamının möhkəm əsasları var idi. Çünki hələ Osmanlı imperiyasına müharibə elan edilməmişdən əvvəl II Nikolay ermənilərə ünvanlanmış xüsusi bəyanat yayıb, onlara türklərin “despotik əsarətinə” çar hökumətinə yardım etdikləri halda, onlara “azadlıq və ədalət” vəd etmişdi. Bu çar tərəfindən görülməmiş “alicənab jest” idi, çünki bundan bir qədər əvvəl, 1909-cu ildə bütün Rusiya üzrə ardı-arası kəsilməyən və rus hökumət orqanlarının səbr kəsasını doldurmuş terror aktları törətmiş daşnak təşkilatları üzvlərinin kütləvi həbsləri keçirilmişdir. Həmin vaxtda bütün dünyada “Daşnaksutyun” partiyasının üzvlərinin sayı 165 minə çatırdı və yalnız Bakı təşkilatında 2 mindən artıq üzv var idi.
Məlum olduğu kimi, partiyanın əsas məqsədi Şərqi Anadolu ərazisində, sonra isə Qafqazda “Böyük Ermənistan” dövləti yaratmaq idi, bu məqsədə çatmaq üçün isə hər bir mübarizə vasitəsi qəbul olunurdu – terror aktlarından tutmuş hərbi üsyanadək. Bu məqsədlə partiya yarandığı zamandan başlayaraq iyirmi il ərzində yaxşı silahlanmış hərbi dəstələr yaratmaqla məşğul idi, bu birləşmələrin sayı isə dünyada artıq 100 min nəfərə çatmışdı. XX əsrin əvvəllərində daşnakların həm Turkiyədə, həm də Qafqazda törətdikləri terror aktları və qarətləri o səviyəyə çatmışdır ki, erməni əhalisi də bu qarətlərdən cana gəlib daşnakların tutulmasında polisə kömək edirdi.
1909-cu il ərzində Bakıda, Şuşada və Yelisavetpolda (Gəncədə) daşnakların kütləvi həbsi baş verdi.
1912-ci ildə Peterburqda keçirilən məhkəmədə bir çox daşnaklar müxtəlif müddətli cəzalara və sürgünə məhkum edildilər. Lakin 1914-ci ildə , dünya müharibəsi başlanan kimi II Nikolay “Daşnaksütyun” işi ilə məhkum olunan demək olar ki, bütün dustaqlara amnistiya elan etdi. Həmin zaman artıq daşnak hərbi birləşmələrindən təşkil olunmuş könüllülər dəstələrinin formalaşması haqqında qərar qəbul olunmuşdu. Ən maraqlısı odur ki, bu dəstələrin yaranması hələ Türkiyənin müharibəyə qoşulmasından, yəni 1914-cü ilin oktyabrından xeyli əvvəl baş vermişdi. Könüllü dəstələrin məqsədi heç kimdən gizlədilmirdi, bu rus ordusunun köməkliyi ilə ermənilərin yaşadığı Anadolu vilayətlərində muxtar və ya müstəqil erməni dövlətinin yaradılması idi. Lakin hərbi dəstələr (drujinalar) əsasən Cənubi Qafqaz ərazisində formalaşdırılırdı. Bu məqsədlə bura məşhur terroristlər və “generallar” Xeço (Q.Əmirov), Dro (Drazdamat Kanoyan), Andranik (Ozanyan), S.Tadevosyan və s. gəlmişdilər. 1915-ci ilin fevralında Tiflis şəhərində daşnakların qurultayı yığışdı. Qurultay bütün erməni hərbi dəstələrinin birləşməsini, yəni ordu yaratmaq haqqında qərar qəbul etdi. Qurultayda çıxış edən Andranik rus komandanlığından narazılığını bildirdi və birmənalı olaraq rusların erməni dövlətinin yaranmasında yardım etməyi təqdirdə öz silahlarını əks istiqamətə, yəni Rusiyaya qarşı çevirəcəyi barədə işarə etdi.
Daşnakların hərbi səfərbərliyinin nəticəsində 1915-ci ilin mart-aprel ayında Van vilayətində üsyan qaldırıldı. Bu üsyan rus qoşunlarının hücumu ilə üst-üstə düşdü yerli türk əhalisinin kütləvi qırğınları ilə müşaiyət olundu. Nəticədə Osmanlı hökuməti ermənilərin cəbhəyanı vilayətlərdən Suriyaya deportasiyası haqqında qərar qəbul etdi. Bu hadisə günümüzədək erməni tarixşünaslığında və ictimai fikirdə qondarma “soyqırım” adlandırılır. Eyni zamanda türk əhalisinin verdiyi qurbanlar dünya ictmaiyyətindən gizlədilir. Lakin indiki erməni siyasətbazlardan fərqli olaraq, o hadisələrin şahidləri baş vermiş faciənin günahkarlarını gizlətmirdilər. Hətta 1918-ci ildə azərbaycan əhalisinin soyqırımını daşnaklar vasitəsi ilə təşkil edən S.Şaumyan da daşnakların o zamankı hərəkətlərini avantürist addım adlandırmışdı. Erməni cəmiyyətinin liberal dairələri “Mşak”, “Van-Tosp”, “Bakı” və digər qəzetlərdə acıq şəkildə daşnakları günahlandırırdılar. “Bakı” qəzeti ermənilərin “Van-Tosp” jurnalından sitat gətirərək, yazırdı: “bu hadisələrdə ən böyük məsuliyyəti ermənilərin özləri daşıyır, ən böyük günah o avam, təcrübəsiz, ölkə şəraitini pis bilən, lakin türk ermənilərinin müstəqillik hərəkatının başında duran insanların üstünə düşür…”
Lakin faciəli 1915-ci il daşnaklarçün dərs olmadı, onlar öz aqressiv siyasətlərindən əl çəkmək fikrində deyildilər.
1916-cı ilin yanvarında Tiflisdə daşnakların Şərq bürosunun təşkil etdiyi konfransda ermənilərin muxtariyyat haqqında tələblərinin rədd olunması təqdirində inqilabi hərəkata əl atmaq və yenə də könüllü hərbi dəstələrdən istifadə etmək və hətta həmin dəstələri atıcı batolyonlara çevirmək qərarı qəbul olundu. 1916-ci ildə Bakıda “Daşnaksutyun”un Amerika komitəsinin bəyanatı yayılmışdı, bəyanatda daşnakların əsas vəzifəsi Türkiyəyə qarşı “milli savaş” elan olundu. “Savaş, sonsuz savaş, Türkiyə xarabalığa çevrilincəyə qədər…” Cəza aksiyası özünü çox gözlətdirmədi. 1916-cı ilin yayında rus ordusunun hücumu nəticəsində bir sıra türk şəhərləri – Qars, Ərzurum, Trabzon, Ərzincan və s. rusların əlinə keçdi. Rus qoşunlarının arxasınca bu şəhərlərə daşnak hərbi birləşmələri daxil olaraq, orada yaşayan türk və azərbaycan əhalisinə qarşı görülməmiş vəhşiliklər törətdilər. Ən çox qırğınlara məruz qalan daha çox azərbaycanlı yaşayan Qars şəhəri oldu. Rus ordusunun tərkibində fəaliyyət göstərən erməni hərbi birləşmələrinin törətdiyi Qars qırğınları Azərbaycanda böyük həyəcan doğurmuşdu. Bu xəbərlər Bakıya gəlib çatandan sonra Ə.M.Topçubaşov başda olmaqla Bakı, Gəncə və İrəvan quberniyalarından tanınmış nümayəndələri Qarsa yola düşdülər. Səfərdə əsas məqsəd baş vermiş faciə haqqında məlumatlar toplayıb onu hakimiyyət orqanının diqqətinə çatdırmaq idi. Nümayəndə heyyəti ermənilər tərəfindən qətl edilmiş tatar (azərbaycan) ailələrinə yardım toplamaq üçün hakimiyyət orqanlarından icazə almalı idi. Onlar Qafqaz Cəbhəsi komandanının müavini general A.Z.Mışlayevsi ilə görüşüb baş vermiş hadisənin miqyasını onun diqqətinə çatdırdılar və tədbir görülməsini xahiş etdilər. General təkəbbürlü ermənilər haqqında tədbir görüləcəyinə söz verdi. IV Dövlət Dumasında Azərbaycanı təmsil edən M.Y.Cəfərov bu qanlı divana etiraz nümayiş etdirərək, bəyanatla çıxış etdi.
1917-ci ili Fevral inqilabından sonra Rusiyada Müvəqqəti hökumət hakimiyyətə gəldi və həmin ilin mayın 9-da Rusiyanın işğalı altında olan Şərqi Anadolunu erməni idarəsi altına vermək haqqında qərar qəbul etdi. Bura görə ruslar Şərqi Anadolunun Van, Ərzurum, Bitlis və Trabzon vilayətlərinə bölərək, onları ermənilərin rəhbərliyinə verirdi. Lakin ermənilər bu xülyalarını həyata keçirə bilmədilər, bolşeviklər hakimiyyətə gələndən sonra Almaniya və Osmanlı dövləti ilə Brest-Litovsk sazişi imzalandı və bu müqaviləyə görə bu torpaqlar Türkiyənin ərazisi olaraq qaldı. Şərqi Anadoluda məqsədlərinə çata bilməyən ermənilər bütün güclərini Cənubi Qafqaza, ələlxüsus Bakıya yönəltdilər. 1918-ci ilin noyabrın 2-dən fəaliyyətə başlayan Bakı Sovetində S.Şaumyan başda olmaqla bolşeviklər hakimiyyəti öz əllərinə keçirtdilər.
Bu dövrdə Bakıda Daşnaksütyun partiyası və Erməni Milli Şurasına tabe olan yaxşı silahlanmış hərbi dəstələr yerləşmişdi. Onlara keçmiş rus ordusundan böyük miqdarda silah qalmışdır. Qafqaz cəbhəsinin ləğvindən sonra cəbhədən qayıdan rus əsgərləri öz silah-sursatını demek olar ki, müftə ermənilərə (əsasən Erməni Milli Şurasına) və molokanlara satırdılar. Bundan başqa daşnaklar keçmişdən rus ordusunda xidmət edərək, hərbi təcrübəyə mindilər. “Daşnaksütyun” partiyası və Erməni Milli Şurası Bakıya toplaşan erməni silahlı qüvvələrinə nəzarət etdiyindən, onlar bu qüvvələrdən özlərinin Erməni dövləti yaratmaq məqsədləri üçün istifadə etmək niyyətində idilər.
Bolşeviklər isə ermənilərin bu niyyətindən öz məqsədləri üçün məharətlə istifadə etdilər. Ümumiyyətlə, əgər Bakı Sovetinin silahlı qüvvəsi 6 min nəfərdən ibarət idisə, onlardan 3-4 minə qədərini daşnak qoşunları təşkil edirdi və bu qoşunlar Bakı Sovetinin ixtiyarına verilmişdi.Azərbaycanda milli hərəkatın genişlənməsi, milli maraqları üstün tutan “Müsavat” partiyasının nüfuzunun artması, “Böyük Ermənistan” yolunda ciddi maneəyə çevrilə bilərdi. St.Şaumyan öz çıxışlarında bildirirdi ki, “Müsəlman millətçiləri Bakını Azərbaycanın paytaxtı etməyi arzulayırdılar”. “Onlar Zaqafqaziyadan tamamilə ayrılmaq üçün mübarizə aparırdılar ki, Bakı Azərbaycanın paytaxtı olsun. Əgər onlar Bakıda üstünlük əldə etsəydilər, şəhər Azərbaycanın paytaxtı elan edilərdi”. Bu isə Şaumyan üçün də, Lenin üçün də əsl fəlakət demək idi. Türk-müsəlmanların əsas hissəsini öz arxasınca aparan “Müsavat” partiyası Bakı Sovetinə imkan vermirdi ki, şəhərdə hakimiyyəti tamamilə öz əlinə alsın.
Bolşeviklər partiyasının üzvü A.İvanov Öz xatirəsində mart hadisələri zamanı qüvvələrin düzülüşünü belə göstərmişdi: İcraiyyə Komitəsinin tərəfində yenicə formalaşdırılmış Qırmızı Ordunun beynəlmiləlçi batalyonu, fəhlə Qırmızı Ordusu, 35-ci Türküstan polku, 2-ci Erməni polku, daşnakların erməni drujinaları, “Qars” və “Ərdəhan” gəmiləri idi.
Bolşeviklərin tək hakimiyyətlərini yaratmaq üçün türk-müsəlmanları təxribata çəkmək lazım idi. İlk təxribat 1918-ci ilin yanvar ayında Müsəlman korpusunun komandiri general Əsəd bəy Talışinskinin Bakıda həbsi oldu ki, bu da şəhərin türk-müsəlman əhalisi arasında qəzəb doğurdu.İkinci təxribat isə “Evelina” gəmisində Lənkərana getməyə hazırlaşan əsgərlərin tərksilah edilməsi oldu. H.Z.Tağıyevin Lənkəranda xidmət edən oğlu Məhəmməd öz əlində silahın atəş açılmasından həlak olmuşdu və onun dəfninə qulluq etdiyi alayın zabitləri Bakıya gəlmişdilər.Martın 29-da, dəfn mərasimindən sonra məşhur kapital Ş.Əsədullayevin oğlu, zabit Ə.ƏsəduIlayevin komandanğı altında “Dikaya diviziya” hissələri Bakı limanında toplaşıb “Evelina” gəmisi ilə Lənkarana qayıtmalı idilər.
Bu məqamda əlverişli şəraitdən istifadə edən ermənilər şəhərdə belə şayiələr yaydılar ki, müsəlman zabitləri Lənkərana rus-molokan kəndlərini məhv eləmək üçün gedirlər. Nəticədə bütün qeyri-azərbaycanlı siyasi və hərbi qüvvələr “Evelina” gəmisinin tərksilah edilməsinə tərəfdar çıxdı. Martın 30-da təcili şəkildə S.Şaumyanın, A.Caparidzenin, Q.Korqanovun, İ.Suxartsevin, S.Saakyanın başçılığı ilə İngilabi Müdafiə Komitəsi yaradıldı .Limanda toplaşan müsəlman zabit və əsgərlərini St.Şaumyanın tapşırığı ilə tərksilah etdilər. Türk-müsəlman əsgərlərini tərksilah etməsi əhalidə bərk narahatlıq yaratdı, həmin gün N.Nərimanovun evində Şaunyanla keçirilən görüşdə və bundan bir az sonra İngilabi Müdafiə Komitəsində M.Ə.Rəsulzadənin keçirdiyi görüşdə silahları qaytarmağa söz verilsə də erməni-bolşevik koalisiyası buna əməl etmədi. Həmin gün axşam Bakı Sovetinin təcili iclası keçirildi və döyüşə başlamaq haqqında qərar qəbul edildi, təlim qərargahı açıldı. Qərargahın işinə A.Mikoyanla N.Anançenko rəhbərlik edirdilər. Müsəlman dəstələrinin toplandığı yerə qəfil hücumlar onların məğlubiyyəti ilə başa çatdı.
Rusların Xezər dənizində olan hərbi donanması ermənilərin fitvasına uyaraq şəhərin müsəlmanların sıx yaşadığı məhəllələri top atəşinə tutdular. Bu atəş nəticəsində müsəlmanların əsas ibadət yeri sayılan “Təzə pir” məscidinin minarələri ağır zədə aldı. Ermənilər rus matroslarını aldadaraq, inandırmışdılar ki, müsəlmanlar rusları, ümumiyyətlə, bütün xristianların hamısını doğrayıblar. Lakin matroslara aydın olanda ki, müsəlmanlar ruslara nəinki toxunmayıblar, əksinə onları müdafiə ediblər və yedizdiriblər, yalnız bundan sonra toplardan atəşi dayandırdılar. Bütün bunlara baxmayaraq, bu top atəşləri nəticəsində şəhərin tikililərinə və əhalisinə böyük ziyan dəymişdi.Erməni daşnakları bolşevik bayrağı altında, əvvəlcədən hazırladıqları plana uyğun olaraq, Bakı şəhərində 1918-ci il martın 30-dan aprelin 1-nə kimi, üç gün erzində türk xalqına qarşı qırğın törətdilər ki, bu da minlərlə insanın ölümü ilə nəticələndi. Seyid Cəfər Pişəvəri “Bakıdakı ilk Sovet hökumətinin müqəddəratı” adlı məqaləsində yazırdı: “Mən daşnakların vəhşiliklərini, saysız-hesabsız günahsız adamların, xüsusilə bitərəf iranlıların öldürülüb karvansaralarda meyitlərinin yandırılmasını öz gözümlə görmüşdüm. Bu çox faciəli və nifrətləndirici bir hərəkət olmuşdu. Heç bir əsas və ünvan olmadan yalnız kin və ədavət üzündən daşnakların törətdikləri cinayət hər bir insanın ruhunu sıxıb kədərləndirirdi”. Bir çox şahidlərin sözlərinə görə, erməni dəstələrinin törətdiyi vəhşiliklər, qadınların diri-diri divarlara mıxlanması, qulaqların, burunların kəsilməsi, qarınların yırtılması və s. hətta başqa millətlərin nümayyəndələrini dəhşətə gətirmişdi. Qaçıb canını qurtarmaq istəyən əhalini isə gülləyə tutmaq üçün əvvəlcədən şəhərin müvafiq yerlərində pulemyotlar qoyulmuşdu. Onlar həm liman tərəfə qaçanları,həm də İçərişəhərdən çıxmaq istəyənləri məhv edirdilər. Şəhərdə Bakı Sovetinin erməni-rus bolşevik qüvvələri azərbaycanlılara qarşı qanlı qırğınlar zamanı ictimai və şəxsi binalara da çox böyük ziyan dəymişdir. Belə ki, “Açıq söz” və “Kaspi” qəzetlərinin redaksiyaları yandırılmış, Bakıda ən iri məscid bombalanmışdı.
Beləliklə, üç gün (30 mart-1 aprel) ərzində Bakıda əks-inqilabçı adı ilə 12 mindən çox türk-müsəlman əhalisi qətlə yetirildi.
Artıq öz məqsədlərinə nail olduqlarını görən Şaumyan 1918-ci il aprelin 1-də Müsəlman təşkilatlarına qarşısında ultimatumla çıxış etdi. Həmin ultimatuma görə: 1) Bakı Sovetinin hakimiyyətini tanımalı və onun bütün sərancamlarına tamamilə tabe olunmalıdır; 2) əksinqilabçı əsgəri hissə olan “Dikaya diviziya” Bakı və onun rayonları ərazisində saxlanıla bilməzdi. Digər müsəlman milli əsgəri hissələri, habelə erməni əsgəri hissələri ya şəhərdən çıxarılmalı, ya da tamamilə fəhlə, əsgər və matros deputatları Sovetinə tabe edilməlidirlər. Əhalinin bütün silahı fəhlə, əsgər və matros deputatları Sovetinin nəzarəti və uçotu altında olmalıdır; 3) Bakıdan Tiflisə qədər va Bakıdan Petrovska qədər dəmir yol xəttinin açılması üçün təcili tədbirlər görülməlidir. Bu tələblərin yerinə yetirilməsi müddəti 1918-ci il aprelin 1-də, gündüz saat 3-ə təyin olunmuşdu. Danışıqlarında inqilabı müdafiə komitəsindən Caparidze, Saakyan, Zevin, Fioletov və Dudin, “Müsavat” partiyasından Kazımzadə, “Rusiyada Müsəlmançılıq” partiyasından Tağıyev, şəhərin rəisi İlyuşkin, Zaqafqaziya Milli Komitəsinin üzvi A.M.Topçubaşov, Molla Hacı Mir Mirmöhsün və Hacı Hüseyn Tağıyev, Erməni Milli Şurasından L.Atabek- yan və Ter-Mikaelyan, görkəmli müsəlman və erməni ictimai xadimləri, İranın konsulu və başqaları iştirak etmişdi.
Lakin bu razılaşmaya baxmayaraq, erməni-bolşevik silahlı dəstələri Bakıda kütləvi qırğınları və soyğunçuluğu aprelin 2-dək davam etdirmişdilər. Bu fəlakətli günlərdən sonra imzalanmış saziş haqqında Bakı Sovetinin yığıncağında məlumat verən I.Suxartsev böyük sevinclə elan etdi ki, “Müsavat” firqəsi darmadağın edildi və “Türkiyənin Bakı cəbhəsi alındı”. Bakıda törədilən soyqırıma isə “vətəndaş müharibəsi” donu geyindirilməsində və qətl edilənlərin sayının azaldılmasında ilk cəhdi elə hadisələri törədən Şaumyan özü oldu.
1918-ci il aprelin 13-də RSFSR Xalq Komissarları Sovetinə göndərdiyi məktubunda Şaumyan qeyd edilirdi ki, “martın 30-31-də və aprelin 1-də Bakı şəhərində baş vermiş vuruşmada bizim tərəfdən sovet qırmızı qvardiyası, təşkil etdiyimiz beynəlmiləl qırmızı ordu, qırmızı donanma və erməni milli hissələri vuruşurdular …o biri tərəfdən “Musavat” partiyasının başçılıq etdiyi müsəlman “dikaya diviziyası” və silahlı müsəlman quldur dəstələri vuruşurdular… Bizə aviasiya məktəbinin hidroaeroplanları da kömək edirdi”. Daha sonra o, həm yerli Sovetin, həm də Bakıya gəlmiş Qafqaz ordusunun qüvvələrini birləşdirərək 61 nəfər yaxşı silahlı qüvvə təşkil edə bildiklərindən yazır.O, Daşnaksütyun”un da 3-4 min nəfərlik milli hissələri bolşeviklərin ixtiyarında olduğunan bəhs edir. “Milli hissələrin iştirakı vətəndaş müharibəsinə qismən milli qırğın xarakteri vermişdi, Iakin buna yol verməmək mümkün deyildi. Biz bilərəkdən buna yol verirdik. Müsəlman yoxsulları böyük zərər görmüşlər”.Sonda isə Şaumyan bu qırğının əsl məqsədini birmənalı olaraq açıqlayır: “Biz döyüşlə parlaq nəticələr əldə etmişik. Düşmən tamamilə darmadağın ediImişdir…Hər iki tərəfdən öldürülən üç mindən artıqdır… Onlar Bakıda üstün gəlsəydilər, şəhər Azərbaycanın paytaxtı elan edilərdi, bütün qeyri-müsəlman ünsürləri tərksilah edib qırardılar”. Beləliklə, bu qədər insan tələfatı ilə nəticələnən (Şaumyan bu rəqəmləri üç dəfə azaltmışdı) mart soyqırımın yeganə məqsədi nəyin bahasına olursa olsun Bakını azərbaycanlıların əlindən almaq və sovet Rusiyasnın neft xammal bazasına çevirməkdən ibarət idi.
Məlum olduğu kimi, türk-müsəlman soyqırımı təkcə Bakı ilə məhdudlaşmadı. Aprelin ilk günlərindən kütləvi qırğınlar Şamaxıda, Qubada, Lənkəranda, Səlyanda və Hacıqabulda törədildi. Azərbaycan qəzalarına sovet qoşunları adı altında göndərilən cəza dəstələrinə T.Əmiryan, S. LaIayan, Hamazasp rəhbərlik edirdilər. Onların vəhşicəsinə müsəlman əhalisini güllə-baran etdikləri nəticəsində yalnız Şamaxnın 53 kəndi məhv edilmiş, 7 minə qədər insan öldürülmüşdü.Quba qəzasında 122 müsəlman kəndi dağıdılmış, minlərlə türk və ləzgi əhalisi məhv edilmişdi.
1918-ci il aprelində Cənubi Qafqaz Seyminin yığıncağında azərbaycanlı nümayəndələri Bakı və qəzalardakı soyqımları məsələsini kəskin şəkildə müzakirəyə çıxarmışdılar. Seymin ədliyyə naziri olan Fətəlixan Xoyski təcili olaraq Bakıya Seym tərəfindən hərbi yardım etməyi tələb etmişdi, əks halda bu faciəvi vəziyyət yaradar, “çünki Bakı məsələsi Respublikanın (yeni yaradılmış Zaqafqaziya respublikası nəzərdə tutulurdu – İ.B.) olum və ya ölüm məsələsidir”. Burada sosialist müsəlman blokunun nümayəndəsi A.Səfikürdski də, bolşevik-erməni silahlı qüvvələrinin qanlı əməllərinə son qoymaq üçün, Cənubi Qafqaz Seymindən ciddi tədbirlər görülməsini tələb etmişdi. Səfikürdski bolşeviklərlə mübarizə aparan müsəlman bloku adından hökuməti xəbərdar etmişdi ki, əgər Seym qətiyyətli ölçü götürməsə, “onda biz özümüz onları darmadağın edəcəyik”.Seymin iclasında “Müsavat” partiyasının rəhbəri M.Ə.Rəsulzadə kəskin çıxış edərək, müsəlman sosialist blokunun nümayədəsinin tələblərini haqlı sayaraq təcili tədbirlər görülməsini tələb etmişdi. Seymin hesabat yazısında göstərilirdi ki, “Bakı şəhərində bolşeviklərin müsəlmanlara qarşı silahlı çıxışından sonra dinc müsəlman əhalisinə qarşı misli görünməmiş cinayətlər törədilmişdir. Zaqafqaziya Seymi bolşevik çıxışlarını ləğv etmək üçün Zaqafqaziya hökumətinə Iazımı göstərişlər verməyi qərara aldı”.
Cənubi Qafqaz Seymi Bakı Sovetinə qarşı 100 min manat pul, piyada qoşun və süvari hissələri, iki təyyarə, zirehli qatar, çoxlu silah və sursat ayırmışdı. 1918-ci il aprelin əvvəllərində knyaz Maqalovun komandanlığı ilə 2 minə yaxın silahlı dəstə Tiflis və Gəncə tərəfdən irəliləyərək, Hacıqabul stansiyasını tutmuşdu. Lakin üstünlük təşkil edən soveti qoşunlarının hücumu nəticəsində Zakseym qoşunları Kürdəmir stansiyasına geri çəkilməyə məcbur oldu.Eyni zamanda şimaldan, Dağıstan tərəfdən, Bakı istiqamətində Nəcməddin Qotsinskinin qüvvələri hücuma keçmişdi, lakin onlar da bolşevik-daşnak qoşunları tərəfindən məğlub edildi. Beləliklə azərbaycanlıların ümidi yalnız türk qoşunlarına qaldı və gələcək hadisələr bu seçimin düzgün olduğunu göstərdi.
Artıq türk-azərbaycan qoşunları Bakını ələ keçirəndən və Azərbaycan Xalq Cümhuriyyəti hökuməti öz paytaxtına köçəndən sonra yeni qurulmuş dövlətin ilk tədbirlərindən biri mart qırğınları hadisələrini araşdırmaq günahkarları cəzalandırmaq olur. Hələ 1918-ci il avqustun 31-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin sədri F.X.Xoyski Gəncə şəhərində imzaladığı qərara əsasən,7 nəfərdən ibarət Fövqəladə Təhqiqat Komissiyası (FTK)yaradıldı. Komissiyanın sədri Ələkbər bəy Xasməmmədov, üzvləri isə – Gəncə dairə məhkəməsinin üzvləri – İsmayıl bəy Şahmalıyev, Andrey Novatski, həmin dairə məhkəməsi prokurorunun müavini Nəsrəddin bəy Səfikürdski Gəncə köçürmə idarəsindən Nikolay Mixaylov, həqiqi müşavir V.V.Qubvillo və müəllim Mirzə Cavad Axundzadə təyin olunurlar.FTK xarici işlər nazirliyi yanında təşkil edilməsinə baxmayaraq, o, artıq həmin ilin sentyabrından Ədliyyə Nazirliyi nəzdində fəaliyyət göstərməyə başlayır. Qısa bir müddət ərzində Fövqəladə Təhqiqat komisiyası erməni quldur dəstələrinin qanlı əməllərinin təhqiqi sahəsində böyük işlər görmüşdür. FTK-nın materialları 3500 sahifədə çap olunmuş 36 cilddən ibarət idi, 128 məruzə hazırlanıb, 194 şəxsə qarşı cinayət işi qaldırılmışdı.Zərər çəkmiş yüzlərlə vətəndaş və şahid dindirilmiş, çoxlu material, maddi dəlil – sübut, fotosənəd toplanmışdı. Bu sənədlər böyük əhəmiyyətə malik idilər, çünki onların nəticəsində bir sıra şəxsləri cinayət məsuliyyətinə cəlb etmək mümkün oldu. Məsələn, ən çox başkəsən quldur Stepan Lalayev (Lalayan) öz həyatnı türmədə başa çatdırdı. Bir neçə günahkara qarşı cinayət işi açılsa da, onların ölümü səbəbindən (S.Şaumyan və Korqanov) icra etmək mümkün olmadı. Ən başlıcası isə Azərbaycan nümayyəndə heyyətinin Versal Sülh konfransına qatıldığı zaman, onların əlində Fövqəladə Təhqiqat Komissiyasının topladığı 6 cildlik sanəd və 95 şəkildən ibarət olan materialları var idi. Bununla da FTK-nm sənədləri xaricdə yayılmağa başladı və ermənilərin azərbaycanlılara qarşı başlanılan kampaniyasının heç bir əsası olmadığını nümayiş etdirdi.
Mart soyqırımı Azərbaycan xalqının yaddaşında qanlı faciə kimi qalmasına baxmayaraq, sovet dövründə bolşeviklər bu dəhşətli qırğınları tarixin səhifələrindən silmək üçün var gücündən və imkanlarından istifadə edirdilər. Buna baxmayaraq, bu qanlı səhifələri insanların yaddaşından silmək mümkün olmadı. SSRİ dağılandan və müstəqilliyimizi bərpa etdikdən sonra minlərlə arxiv sənədi üzə çıxdı, tarixin ağ ləkələri silinməyə başlandı və xalqımız öz tarixinə sahib oldu.
İradə Bağırova
Tarix elmləri doktoru
“31 mart Azərbaycanlıların soyqırımı günüdür”. Məqalələr toplusu. Bakı, “Elm və təhsil”, 2015