İngilis jurnalisti Skotland-Liddel 1919-cu ildə yazırdı: “Ermənilər dünyada ən yaxşı təbliğatçılardır. Onların təbliğatı son ayların işi deyil, uzun illər ərzində sistematik olaraq aparılmışdır. Nə Rusiyada, nə də Qafqazda ermənilər haqqında hər hansı xoş söz deyən adam tapa bilməzsiniz. Ruslar, tatarlar, gürcülər ermənilərə nifrət edirlər və onları görən gözləri yoxdur. Bunun həqiqət olub-olmaması mənim deməyimlə deyil, lakin fakt göz qarşısındadır – ermənilər nifrət edilən irqdi. Ancaq xaricdə onların təbliğatı elə qurulub ki, Avropa və bütün dünya onların tərəfindədir…” (Скотланд-Лидделл. Армяно-татарское соглашение. Наступление мира в Карабахе. // История Азербайджана по документам и публикациям. Баку 1990, с. 239-240).
Bəli, ingilis jurnalisti Skotland-Liddelin qeyd etdiyi kimi, erməni təbliğatı uzun illər boyu davam etmiş, heç bir əndazəyə sığmayan yalanların və saxtakarlığın təbliğinə yönələn fəaliyyət bu gün də davam edir. Nəticədə, məzmununu erməni uydurmaları təşkil edən minlərlə kitab, məqalə və s. çap materialı meydana gəlmiş, onlar dünyanın ən nüfuzlu kitabxanalarına, elmi müəssisələrinə göndərilmişdir. Şübhəsiz ki, Qafqazda ermənilərin özlərindən başqa bu yalanlara inanan kiməsə rast gəlmək təsadüf ola bilər, lakin dünyanın digər regionlarında ermənilərin həqiqi tarixindən məlumatsız olan oxucunun onların təsiri altına düşməsi kifayət qədər mümkün olan bir haldır.
Ermənilər öz təbliğatlarında müxtəlif yollardan, xüsusilə erməni saxtakarlıqlarını tirajlamaqla məşğul olan tipoqrafiyaların yaradılması praktikasından istifadə edirlər. Erməni kilsəsi, erməni mənşəli iş adamları, müxtəlif ölkələrin dövlət strukturlarında yer alan ermənilər bu sahədə geniş fəaliyyət göstərirlər. Sonuncular sırasında 1747-ci ildə Rusiyada məskunlaşan erməni Lazar Nazaroviçin varisləri xüsusi yer tutur.
Rusiyada məskunlaşandan sonra Lazarevlər ailəsi Moskva və S.Peterburqda mülk sahibi olmuş, erməni kilsələri tikmiş, mətbəələr açmışdılar.
1815-ci ildə Lazarevlər Moskvada erməni məktəbi açmış, 1827-ci ildə bu məktəbin bazasında Şərq Dilləri Lazarev İnstitutunu yaratmış və sonuncunun nəzdində tipoqrafiya təsis etmişdilər. Bu mətbəələrdə həm ermənilərin özləri tərəfindən, həm də onların sifarişi ilə yazılmış cəfəng fikirlər kitab halına salınaraq yayılırdı. Ermənilərin sifarişlə tarix yazdırmaları haqda çoxlu fakt mövcuddur. Məsələn, M. Xorenasi özünün elmiliyi dünyanın nüfuzlu alimləri tərəfindən şübhə altına alınan “Ermənistan tarixi” əsərini sifarişlə uydurmuşdur. V.T. Sirotenko qeyd edir ki, “Qədim Ermənistan tarixçisi, erməni naxararı Saka Baqratuninin sifarişi ilə işləyən Moisey Xorenasi “Ermənistan tarixi” əsərini yazmışdır.” (Умеров Э. Ш.Мовсес Хоренаци – письменный источник по истории государства «Magna Bulgaria» с II в. до н. эры по VII в. н. эры // Ученые записки Таврического национального университета имени В. И. Вернадского. Серия «Филология. Социальные коммуникации». Том 26 (65). № 1, ч. 1. 2013 г. с. 460). Digər bir nümunə, fransız arxeoloqu Jak de Morqan 1919-cu ildə Parisdə fransız dilində işıq üzü görmüş “Erməni xalqının tarixi” kitabını Fransada Türkiyə əleyhinə qruplar yaradan Arşak Çobanyanın sifarişi və onun təqdim etdiyi materiallar əsasında yazmışdır. (Гюрюн К. Армянское досье. Баку, 1993, с. 8-12).
XIX əsrin 30-cu illərindən başlayaraq Lazarevlərin Moskvadakı mətbəəsində ermənilər haqqında bir-birinin ardınca kitablar nəşr olunmağa başlandı. Bu kitabların müəllifləri hər vasitə ilə ermənilərin Qafqazda ən qədim xalq olduğunu “sübut etməyə” , başqalarının tarixi və mədəniyyətini onların adına çıxarmağa cəhd edirdilər. Başqa sözlə, bu tipoqrafiya erməni saxtakarlığının mərkəzinə çevrilmişdi. Hal-hazırda bir çox tədqiqatçının tarixi mənbə kimi qəbul etdiyi bu kitablar (Глинка С.Н. Описание переселения армян аддербиджанских в пределы России. М., Типография Лазаревых, 1831; Глинка С. Н. Обозрение истории армянского народа. М.: Типография Лазаревых, 1832; Собрание актов относящихся к обозрению истории Армянскаго народа. М., Типография Лазаревых, Т. 1, 1833; Собрание актов относящихся к обозрению истории Армянскаго народа. М., Типография Лазаревых, Т. 2 1838; Собрание актов относящихся к обозрению истории Армянскаго народа. М., Типография Лазаревых, Т. 3, 1838 və s.) onların müəlliflərindən daha çox, Lazarevlərin səyləri nəticəsində və erməni iş adamlarına məxsus pul kisəsinin kömyi ilə ortaya çıxmışdır. Ermənilərin keçmişi ilə bağlı ciddi araşdırmalar aparmaq iddiasında olan müəlliflər bu məqamı hökmən nəzərə almalıdırlar.
Aqil Şahmuradov, 1905.az
Material ilk dəfə 23 yanvar 2015-ci ildə dərc edilib