Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Teas Press” nəşriyyat evi ilə əməkdaşlığı nəticəsində “Qafqazda “erməni məsələsi”. Rusiya arxiv sənədləri və nəşrləri üzrə” üçcildliyi MEK-ə daxil olub.
MEK-dən AZƏRTAC-a bildirilib ki, Avropa Azərbaycan Cəmiyyəti (AAC) tərəfindən hazırlanan üçcildlik Londonda tanınmış “Garnet” nəşriyyatında ingilis dilində nəşr olunub. Nəşrin baş redaktoru AAC-ın sədri Tale Heydərovdur.
Üçcildlik topluda dünya tarixşünaslığında ilk dəfə Qafqazda “erməni məsələsi” (1724-1914-cü illər) xüsusi problem kimi irəli sürülür. Bu problem Rusiya Dövlət Tarix Arxivi (Sankt-Peterburq) və Rusiya Dövlət Hərbi Tarix Arxivindən (Moskva) aşkarlanmış, uzun müddət “məxfi” və “tamamilə məxfi” qrifi ilə mühafizə olunan otuzdan çox müxtəlif işlərdən toplanmış nadir sənədlər və nəşrlər əsasında kompleks şəkildə təqdim edilir.
Birinci cild xronoloji cəhətdən 1724-1904-cü illəri əhatə edir. Birinci bölmədə sənəd və materialların təhlili, ikinci bölmədə isə onların surəti verilib. Bu cilddə təqdim olunan sənəd və materiallardan on biri elmi dövriyyəyə ilk dəfə cəlb olunub.
İkinci cild 1905-1906-cı illəri əhatə edir. İlk cildin əsas strukturu saxlanılmaqla, birinci bölmədə sənəd və materiallar hərtərəfli təhlil edilib, müvafiq indekslə təmin olunub, ikinci bölmədə isə sənəd və materialların surəti verilib. Təqdim olunan sənəd və materiallardan 14-ü yenidir, elmi dövriyyəyə ilk dəfə cəlb edilib. “Bakı qubernatoru Nakaşidzeyə qarşı sui-qəsd və öldürülməsi haqqında” sənədlər kompleks şəkildə təqdim olunub.
Sonuncu cilddə isə 1905-1906-cı illər erməni-müsəlman davasının qiymətləndirilməsi, bu hadisədən sonrakı vəziyyətin bəzi məsələləri nəzərdən keçirilir. İrəvan – Naxçıvan və Şuşa bölgələrində əhalinin etnik tərkibi haqqında rəqəm məlumatları verilir, aparıcı etnosun azərbaycanlılar olduğu vurğulanır.
Elmi obyektivliyi təmin etmək üçün arxivlərdən olan ayrı-ayrı sənədlər konteksdən ayrılmadan verilib, bütün materiallar xronoloji və xronoloji-problem prinsipi üzrə düzülüb.
Toplu “erməni məsələsi”nə dair hazırda formalaşmış müddəaları tənqidi şəkildə nəzərdən keçirməyə, onun mahiyyətini müasir elmi tələblər səviyyəsində araşdırmağa və hərtərəfli öyrənməyə imkan verir.
“Azərbaycan” qəzeti. 3 aprel 2018-ci il.