XIX əsrin axırlarında Rusiya-Türkiyə müharibəsi (1877-1878) erməni xəyanətinə geniş meydan açmışdı. Qərbi Ermənistan adlandırdıqları qədim türk torpaqlarının Rusiyanın himayəsinə keçirilməsi üçün hər cür hiyləyə əl atan ermənilər özlərinin könüllü silahlı dəstələrinin köməyi ilə istər döyüş meydanlarında, istərsə də arxada misli görünməmiş qanlı cinayətlər törədirdilər.
Rus-türk müharibəsindən sonra rus himayəçilərinin köməyi sayəsində beynəlxalq diplomatiya aləmində “erməni məsələsi” deyilən bir məsələ uyduruldu ki, bu, erməni siyasi həyatının ən başlıca problemlərindən birinə çevrildi.
Türkiyədə yaşayan qərb ermənilərinin “türk əsarətindən xilas olub Rusiya hakimiyyətinə keçməsi və öz qardaşları—şərq erməniləri ilə birləşmək cəhdi” beynəlxalq aləmdə rüsvayçılıq və həyasızlıq cəhdi kimi qarşılandı. Bundan sonra ermənilərin himayəçisi Rusiya sülh danışıqları zamanı Türkiyə hökumətindən ermənilər yaşayan regionlarda yerli xarakterli islahatlar keçirmək, erməni əhalisinin hərəkatının və əmlakının təhlükəsizliyini qorumaq üçün təminat almışdı. Lakin buna baxmayaraq, 1878-ci ildə Berlində böyük ölkələrin keçirdiyi konfransda erməni məsələsinin həll edilməsinə cidd-cəhd göstərildi. Berlin müqaviləsi də erməni diplomatiyası üçün uğursuzluqla nəticələndi. Bu dövrdə Qr. Arsuni, Raffi, R.Patkanyan kimi millətçi erməni yazıçı və publisistləri öz əsərlərində erməniləri silahlı mübarizəyə təhrik etmək niyyətində idilər. Qr. Arsuni deyirdi: “Biz Berlinə deyil, özümüzə ümid olmalıyıq. Özünə ümid etməyən millətin gələcəyi ola bilməz”.
1880-1890-cı illərdə erməni xalqının bu istiqamətdə “milli azadlıq hərəkatının” qızışdırılması yeni fəlakətlərə aparırdı. Van, Muş, Zeytun, Sasun və digər yerlərdə türk paşalarına və kürd bəylərinə qarşı qiyamçıların Türkiyə silahlı qüvvələri tərəfindən yatırılmasına baxmayaraq, millətçi erməni xadimləri geri çəkilmək istəmirdilər. Erməni kilsəsi, dövri mətbuatı və ədəbiyyatı bir məqsədə—Qərbi Ermənistanın türk hakimiyyətindən qoparılması ideyasının təbliğinə xidmət edirdi. Raffinin romanları yüzlərlə erməni gəncliyində coşqun millətçi əhval-ruhiyyəsi oyadır, onların Zaqafqaziyadan könüllü dəstələr halında öz qardaşlarını türk əsarətindən xilas etmək adı ilə “Qərbi Ermənistan”a axışmasına səbəb olurdu. Bu ictimai-siyasi həyatın böhranlı çağında erməni gizli dərnəkləri yaranmağa başlayır. XIX əsrin ikinci yarısında şərq erməniləri “Xeyirxah məqsədli cəmiyyət” adlı ilə ilk milli azadlıq dərnəkləri yaradırlar.
Gənc şair Arsen Krityan 1869-cu ildə Aleksandropolda əsasını qoyduğu bu gizli dərnəyin vasitəsilə qərb ermənilərinə hər cür kömək edirdi. Bu dərnək çar jandarm idarəsi tərəfindən dağılandan dərhal sonra Böyük Qarakilsədə eyni adlı gizli dərnək yaranır.
Van şəhərində “Xilas olma İttifaqı” gizli cəmiyyəti (1872-1874) təşkil olunur. Bu cəmiyyətin üzvləri şərq ermənilərinin vasitəsilə Rusiyaya göndərdikləri müraciətdə “qəhrəman və qüdrətli rus millətinin” onları türk əsarətindən xilas etməsi xahiş olunurdu.
Erməni sənətkar və kəndlilərinin 1881-ci ildə Ərzurumda yaratdıqları “Vətənin müdafiəçisi” gizli dərnəyi (1881-1882) Ermənistanı silahlı üsyan yolu ilə azad etməyi qarşısına məqsəd qoymuşdu. Qafqazın erməni millətçiləri ilə sıx əlaqə saxlayan bu gizli dərnək xalqa çağırış vərəqələri yayır, silah ehtiyatı görür, yerli şöbələr, dərnəklər yaradırdı. Türk hökuməti bu gizli dərnəyi aşkara çıxarıb onun onlarca üzvünü həbs və mühakimə edir: elə həmin il Moskvada bir qrup erməni tələbələri “Vətənpərvərlər İttifaqı” dərnəyinin (1882-1884) əsasını qoyurlar. Onlar öz gizli çağırışlarının birində türk əsarətindən ermənilərin silah gücünə azad olunmasını məsləhət görürlər. 1880-1883-cü illərdə ermənilərin İrəvanda “hayser” (ermənisevər), “Azqaser” (millətsevər), 1882-1885-ci illərdə Tiflisdə “Gənc vətənpərvər” gizli dərnəkləri fəaliyyət göstərir.
Erməni siyasi partiyaların—Armenakan, Hnçak və Daşnaksütyun partiyalarının yaranmasına qədər mövcud olan siyasi dərnəklər sırf millətçi xarakterli olub, türk xalqlarına qarşı mürtəce siyasət yeritmişlər. Bunlar bir tərəfdən ermənilər yaşayan regionlarda millətçilik əhval-ruhiyyəsinin güclənməsinə səbəb olmuşsa, digər tərəfdən millətçi erməni siyasi partiyalarının təşkili üçün zəmin yaratmışdır.
Zaqafqaziyada burjua münasibətlərinin inkişafı, ictimai və sinfi ziddiyyətlərin kəskinləşdiyi şəraitdə yaradılan erməni siyasi partiyaları—Armenakan, Hnçakan və Daşnaksütyun ümumi oxşar cəhətlərinə baxmayaraq, ayrı-ayrı ictimai təbəqənin mənafeyini müdafiə edirlər.
Armenakan partiyasını 1885-ci ildə Fransanın Marsel şəhərində Mkrtıç Portuqalyan və onun həmkarları təsis etmişdi. Bu partiyanın “Hayastan” adlı qəzeti nəşr olunurdu. Uzun müddət qərb erməniləri arasında yaşayan və gizli millətçi təbliğatını leqal mədəni-maarif fəaliyyəti ilə əlaqələndirən M.Portuqalyanın siyasi əqidəsinə görə, “Ermənistanın azadlığı üçün bütün millət “Azadlıq və ya ölüm” devizi altında mübarizə aparmalıdır”.
Armenakanlar qərb ermənilərini türk əsarətindən xilas etmək uğrunda mübarizə adı altında milli münaqişə törətdilər. Sonralar yenidən təşkil olunan bu partiya Ramkavar—azadlıq partiyası adlandırıldı. Hnçaq partiyasını isə 1887-ci ildə Jeneva şəhərində Jeneva Universitetində təhsil alan Qafqaz erməni tələbələri yaratmışlar. Onların “Hnçaq” (“Zəng”) qəzeti də nəşr edilmişdir. Bu partiyanı təsis edənlər rus xalqçılarının təsiri altında idilər. Onların əsas məqsədi silahlı üsyana və Avropa diplomatiyasının köməyi ilə Qərbi Ermənistanı azad etməyə yönəlmişdi. Ona görə də orada gizli təşkilatlar yaradır, nümayişlər, siyasi çıxışlar və terror təşkil edirdilər. Lakin əsrin əvvəllərində daxili böhran keçirən Hnçaq partiyası fəaliyyətini dayandırmağa məcbur oldu.
1890-cı ildə Tiflisdə təşkil edilən Daşnaksütyun partiyası millətçi marksist Stepan Şaumyanın təbirincə desək, erməni burjuaziyasının doğma övladı kimi meydana çıxmışdı. Burjuaziya mənafeyini müdafiə edən Daşnaksütyun partiyasının ideoloji mənbəyi 80-ci illərin rus xalqçıları olmuşdur. 1892-ci ildə I qurultayda qəbul edilmiş nizamnamə və məramnamədən göründüyü kimi, Daşnaksütyun partiyasının qarşısında duran başlıca məqsəd—Qərbi Ermənistanda silahlı iğtişaşlar və terrorçuluq törətməklə ermənilərin mənafeyini qorumaq, Avropa ölkələrinin, xüsusən Rusiyanın köməyi ilə Türkiyədə Qərbi Ermənistan milli muxtariyyətinin yaradılmasına nail olmaq idi. Erməni burjuaziyasının və xırda burjua kütlələrinin maddi və mənəvi köməyinə arxalanan Daşnaksütyun partiyası Zaqafqaziyada milli münaqişəni qızışdırır, milli azadlıq hərəkatına başçılıq etməyə can atırdı.
Qafqazda, Avropada və Yaxın Şərqdə rəhbər mərkəzlər və bürolar şəbəkəsi yaradan Daşnaksütyun partiyası “erməni məsələsi”ni həll etmək üçün Avropa dövlətlərinin müdaxiləsinə və yerlərdə özünümüdafiə qrupları adı ilə silahlı quldur dəstələri yaradılmasına üstünlük verirdi. 1905-ci il burjua demokratik inqilabı dövründə eserlərin taktiki xəttinə əsaslanan Daşnaksütyun partiyası daxilində ixtilaflar, tənəzzül başlandı ki, bunun nəticəsində partiyanı yenidən təşkil etməyə can atan solçular qrupu ayrıldı. 1907-ci ildə onlar “sosialist inqilabçı partiyasının erməni təşkilatı”nı yaratdılar. Beləliklə, II Beynəlmilələ daxil olan Daşnaksütyun partiyası 1914-1918-ci illərdə Antantanı müdafiə edirdi. 1917-ci ildə Rusiyanın müvəqqəti burjua hakimiyyətinin müdafiəçisi mövqeyində dayanmışdı. 1921-ci ilin fevralında Ermənistanda sovet hakimiyyətinə qarşı silahlı mübarizə aparan daşnaklar məğlubiyyətə uğrayandan sonra ölkəni tərk etməli oldular. 1923-cü ilin noyabrında daşnaklar İrəvanda keçirilən ümumi Ermənistan qurultayının qərarı ilə SSRİ ərazisində öz fəaliyyətini dayandırdı. Lakin xaricdə mühacirət edən Daşnaksütyun partiyası sovet hökumətinə qarşı mübarizədə beynəlxalq imperializmin silahına çevrildi. İkinci Dünya müharibəsi illərində SSRİ-nin məğlubiyyətinə inanan daşnaklar alman faşistləri ilə əməkdaşlıq edir, Ermənistanda öz hakimiyyətlərini bərpa edəcəklərinə ümid bəsləyirdilər. ABŞ-da, İranda, Livanda, Fransada, Yunanıstanda və dünyanın bir sıra ölkələrində geniş partiya şəbəkələri yaradan daşnaklar Ermənistan ərazisinə nüfuz etmək, orada öz partiya özəklərini yaratmaq niyyəti ilə SSRİ dövlət təhlükəsizlik orqanları ilə sıx əməkdaşlıq etməyə, beynəlxalq aləmdə onun əlaltısına çevrilməyə həvəs göstərir. Bu əməkdaşlıq 60-cı illərdən sonra güclənir.
Daşnaksütyun partiyası yarandığı vaxtdan ictimai-siyasi hadisələrin axarına düşmüşdür. XX əsrin əvvəllərində etiraz və nümayişlər, erməni-müsəlman qanlı münaqişəsi, eləcə də fəhlə hərəkatı başlananda bu bədnam partiyanın öz taktikası və siyasi istiqaməti olmamışdır. Ona görə da Zaqafqaziyada türklərə qarşı könüllü erməni drujina dəstələri yarananda daşnaklar millətçilik ruhunda köklənmiş kortəbii kütlə axınının qabağını nəinki almadı, əksinə həmin drujinaların təşkilində fəal iştirak etdi. Bunun başlıca səbəbi o idi ki, 1914-cü ilin axırı 1915-ci ilin ilk aylarında qatı millətçi erməni liderləri belə bir ümidlə yaşayırdılar ki, müttəfiqlər Türkiyə üzərində tam qələbə çalacaq, beləliklə, Zaqafqaziyada Ermənistanın və Türkiyədə ermənilər yaşayan vilayətlərin birləşdirilib ayrıca muxtariyyətə çevrilməsinə imkan yaranacaqdır. Onların bu xam xəyala düşməsi öz siyasi və hərbi qüvvələrinin, havadarları olan Rusiyanın köməyini həddən artıq qiymətləndirməsi ilə bağlı idi.
Erməni könüllü dəstələri rus ordusu tərkibində türklərə qarşı vuruşurdu. Türkiyə ərazisində isə könüllü erməni drujina dəstələri yaranırdı. Bunlar da istər-istəməz ermənilərin Türkiyədə yaşadıqları vilayətlərdən qovulmasına gətirib çıxardı. Van, Alaşkert və Basen vilayətlərindən baş götürüb çıxan erməni qaçqınları Zaqafqaziya qəzalarında özlərinə sığınacaq tapmalı oldular. Şirak və Ararat vadisində məskən salmış minlərlə erməni qaçqını aclıqdan və xəstəlikdən tələf olurdu. Dinc erməni kəndlisini bu bəlaya düçar edən daşnak liderləri onlara yardım etmək iqtidarında deyildilər.
Rus qoşunu Türkiyəyə hərbi müdaxiləyə başlayanda ermənilərin arasında geniş təbliğat aparan Daşnaksütyun partiyasının liderləri hamını inandırmağa çalışırdılar ki, müharibə “erməni məsələsi”ni həll edəcək, ruslar erməniləri xilas edəcəklər. İndi ağır fəlakətli bir vaxtda daşnaklar qəti fikrə gəlmişdilər ki, “ruslar onları aldatmış, qətiyyət göstərməyib geri çəkilməklə satqınlıq etmişlər. Ruslar döyüş meydanından geri çəkilməklə Ermənistanın boşaldılmasına nail olmaq, beləliklə, Don kazaklarını bu yerlərə köçürmək niyyətini güdmüşlər. Guya ruslar knyaz Lobanov Rastovskinin məşhur “ermənisiz Ermənistan” layihəsini həyata keçirirlər”.
1917-ci il Rusiya inqilabı hadisələri Zaqafqaziyada ictimai-siyasi münasibətləri kəskinləşdirdi. Belə bir vaxtda, həmin il sentyabrın axırında Tiflisdə Daşnaksütyun partiyasının təşəbbüsü ilə ümumerməni qurultayı keçirildi. Burada bütün erməni millətinin səlahiyyətli icra hakimiyyəti—Milli Mərkəzi Şura yaradıldı. Oktyabr inqilabından sonra Zaqafqaziyada bolşeviklərin nüfuzunun artmasını görən daşnaklar onlarla əməkdaşlıq etməyə can atırdılar. Daşnaklar nə olur-olsun Bakıda çoxminli Bakı fəhlə təşkilatları tərkibində öz adamlarının olmasına çalışırdılar. Onlar Bakıda bir-birinə qarşı iki yerli orqana—“İctimai İdarə Şurası”na və “Fəhlə Deputatları Şurası”na yol tapmışdılar. Odur ki, Daşnaksütyun partiyası Bakının hakimiyyətində özünün etibarlı dayağını yarada bilmişdi.
1918-ci ilin yanvarında Daşnaksütyun partiyası güclənməkdə olan bolşevik hərəkatına yaxınlaşmağı, Müsavat partiyasına qarşı mübarizədə onun dayağı olmağı üstün tutdu. Tiflisdə gürcü menşeviklərinə sığınan daşnaklar Bakıda da bolşeviklərin simasında öz himayəçisini tapdılar. Daşnak Ermənistanının baş naziri H.Kaçaznuni yazır: “Buna hər iki halda bizi türk-tatar təhlükəsi təhrik edirdi. Bizim köməyimizlə Bakıda bolşeviklər “Müsavat”ı (mart 1918-ci il) darmadağın etdilər, biz də bolşeviklərin və rus qüvvələrinin köməyi ilə Bakıda türk-tatar hücumundan qoruna bildik”. (Ov. Kaçaznuni, Daşnaksütyun bolşe niçeqo delat!, B., Elm, 1990,. səh. 21).
Bakıda ictimai-siyasi vəziyyətin qarışıqlığından sui-istifadə edən daşnaklar İranda olan ingilis qoşunlarını Bakıya dəvət etdilər. Onlar güman edirdilər ki, ingilislər böyük qüvvə ilə Bakıya gəlib burada daşnakların hakimiyyətinə geniş imkan yaradacaqlar. Lakin daşnak liderlərinin düşündüyü kimi olmadı. İngilislər Bakıda duruş gətirə bilməyib geri qayıtmalı oldular. Bu zaman Gəncədə olan Müsavat hökuməti öz qoşunları ilə Bakıya yürüş edəndə daşnak hərbi qüvvələrinin İrana qaçmaqdan savayı özgə yolu qalmadı.
1918-ci il fevralın 10-da Tiflisdə Seym müstəqil Zaqafqaziya demokratik respublikalarını elan edib müvəqqəti hökumət yaratsa da, mayın 26-da Zaqafqaziya xalqları arasında bir sıra problemlərin həllində yaranan ciddi fikir ayrılığına görə federasiyanın fəaliyyətini dayandırmalı oldu. Bu ictimai-siyasi şəraitdən istifadə edən Daşnaksütyun partiyası 1918-ci il mayın 28-də gecəyarı Mərkəzi Milli Şuranın qərarı ilə Ermənistanı müstəqil Respublika elan etdi. Həmin il avqust ayının 1-də İrəvanda erməni Parlamenti və ilk hökumət yarandı. Lakin daşnaklar hakimiyyəti tam ələ keçirmək, ağalıq etmək üçün parlament çərçivəsindən çıxmaq və demokratik idarə üsulu adı altında diktatura yaratmaq istəyirdilər.
Məğlubiyyətə düçar olan Almaniya və onun müttəfiqləri 1918-ci il noyabrın əvvəllərində öz qoşunlarını (almanlar Gürcüstandan, türklər də Zaqafqaziyadan) geri çağırmalı oldular. Noyabrın axırında ingilislər bu şəraitdən istifadə edib Batuma qoşun gətirdilər. Zaqafqaziyada ağalıq etmək niyyətində olan daşnakları bu hadisə sevindirsə də, onların ümidi özünü doğrultmadı.
Daşnak liderləri ingilisləri müəyyən bir məqsədə doğru təhrik edə bilməsə də, onlardan külli miqdarda hərbi sursat ala bildilər.
1919-cu il avqustun birində Ermənistan parlamentində daşnaklar qələbə çaldı. Lakin respublika daxilində ictimai-siyasi və iqtisadi böhran get-gedə dərinləşməyə başladı. Həmin ilin payızında erməni-türk müharibəsinin başlanması Daşnaksütyun partiyasının hakimiyyətə qadir olmadığını göstərdi. İngilis silahı ilə silahlanmış, hərbi sursatla və paltarla təchiz olunmuş daşnak qoşunu türklərlə döyüş meydanından qaçıb dağılmağa başladı. Hərbi drujinaların yaradılması da özünü doğrultmadı. Ümumi səfərbərliklə yaşlı adamların orduya çağırılması və təcili cəbhəyə göndərilməsi erməniləri vəziyyətdən çıxara bilmədi. Bir tərəfdən də erməni bolşeviklərinin rus ordusu hissələri ilə Ağstafa tərəfdən İcevan və Dilicana daxil olması, digər tərəfdən Qara Bəkir paşanın öz qalib qoşunu ilə Aleksandropolu tutması çətinlik yaratdı. Daşnak hökuməti istefa verməyə məcbur oldu.
Beləliklə, yeni yaradılan S.Vrasyan hökuməti 1919-cu il noyabrın 30-da Aleksandropolda türklərlə müqavilə bağladı. Vrasyan hökuməti duruş gətirə bilməyib hakimiyyətdən imtina etdi. Nəhayət, müqavimət qüvvələrinin olmaması və məğlubiyyət üzündən hakimiyyəti bolşeviklərə verməli oldular. Onlar həm də Rusiyadan dövlət həyatını tənzimləmək imkanı yaradılacağına ümid bəsləyirdilər. H.Kaçaznuni yazırdı: “Daşnaklar bolşeviklərdən yaxşı heç bir şey gözləmirdilər, ölkəni tərk etməyi üstün tuturdular. Buna baxmayaraq sovet hakimiyyəti tərkibində Rusiyaya arxalanıb dövlət həyatını nizama salacaqlarına ümid edənlər daha çox idilər. Ona görə də bolşeviklərin ölkəni müqavimətsiz idarə etməsinə çalışırdılar. Hətta bolşeviklər partiyasına yaxınlaşmaq və onlarla siyasi blok yaratmaq tərəfdarları da vardı, onlar “solçudaşnaklar” adı ilə bolşevik ruhlu deklarasiya da çap edib yaymışdılar. Lakin daşnakların bu ümidi də özünü doğrultmadı. Rusiyadan umduqları siyasi və maddi kömək baş tutmadı”.
Ermənistanın ayrı-ayrı bölgələrində bolşeviklərin qəddarlıq və zorakılığının yaratdığı narazılıqdan istifadə edən daşnak tör-töküntüləri Kotayk və digər ucqar kəndlərdə fevral üsyanına nail oldular. “Ermənistanın xilas komitəsi” kortəbii, qeyri-mütəşəkkil fevral üsyanına rəhbərlk edib onu istədiyi səmtə yönəldə bilmədi. Ancaq Ermənistanda ilyarım uzanan vətəndaş müharibəsi xalqın vəziyyətini ağırlaşdırdı, dağıntı və aclığa gətirib çıxardı. Beynəlxalq aləmdə özünü ermənilərin siyasi azadlığının mübarizi kimi qələmə verən Daşnaksütyun partiyası məğlubiyyətə uğradı. Daşnaklar qeyri-qanuni torpaqları—“Türkiyə Ermənistanı” adlandırdıqları ərazini ələ keçirə bilmədilər. Göyçə gölü ilə Araz arasında yerləşən müstəqil sovet Ermənistanı Rusiya tabeliyinə keçdi. Milyona yaxın erməni daşnak tör-töküntüləri Gürcüstan, Azərbaycan, Şimali Qafqaz, İran, Suriya, Bolqarıstan, Balkan ölkələrində sığınacaq tapdılar. Daşnaksütyun partiyası xarici ölkələrdə yaşayan ermənilərə ehtiyat qüvvəsi kimi baxırdı. Daşnak liderləri sovet Ermənistanında qeyri-leqal, gizli “inqilabi iş” aparmağın, Sunik və Dərələyəz dağlarında silahlı dəstələr yaradıb sui-qəsd və təxribatla məşğul olmağın bir fayda verməyəcəyini acı tarixi təcrübələrindən bildiklərinə görə, Rusiyanın himayəsinə sığınmağı, onun simasında dost qazanmağı üstün tutdular. Ona görə də heç təsadüfi deyildir ki, Daşnaksütyun partiyasının və hökumətinin görkəmli liderlərindən biri olan H.Kaçaznuni 1923-cü ilin aprelində xaricdə öz həmkarlarının keçirdiyi konfransda etdiyi məruzəsində siyasi fəaliyyəti dayandırmağı təklif etmişdir. Daşnaksütyun partiyası bir təşkilat kimi dağılsa da, onun ideyasının və işinin yaşayacağına əmin olan H.Kaçaznuninin fikrincə, Daşnaksütyun partiyasının yeni həyati qüvvə kəsb etməsi, yaşaması üçün bütün imkanlarından və vasitələrdən istifadə edib ölkənin içərisində bolşevizmə qarşı fəal və amansız mübarizə aparmaq qərara alınsa, onda hər şeydən əvvəl, partiya sıralarında təmizlik aparıb ümidsiz, zəif və tərəddüd edən adamları tərkibindən çıxarıb əyilməz, fanatik, fədakar, qorxmaz kadrlar seçmək lazımdır ki, onlar da son dərəcə gizli şəraitdə işləməlidirlər. Əlbəttə, onda bu siyasi partiya deyil. Daşnaksütyun partiyası yarandığı ilk dövrlərdəki kimi terror təşkilatına çevrilər. Bolşevizmin tənəzzülə uğradığı vaxtadək ehtiyat qüvvəsini və təşkilatını, adını və şərəfini bu yolla saxlamaq mümkün deyildir. H.Kaçaznuni bir zaman Daşnaksütyun partiyasının eyni mahiyyətdə, yeni adla, bəlkə də, erməni dövlət Daşnaksütyunu adı ilə yenidən siyasi səhnədə görünəcəyinə inanırdı.
Yarandığı gündən siyasi diplomatiya aləmində buqələmun kimi rəngdən-rəngə düşən, alçaq və riyakar yol tutan Daşnaksütyun partiyası öz qocaman liderlərinin düşündüyündən də irəli getdi. Xarici ölkələrə mühacir kimi səpələnən, qəriblikdə yaşayan erməni daşnakları harda olursa-olsunlar Daşnaksütyun partiya özəklərini yaradır, terror təşkilatları ilə qanlı əməllərini yerinə yetirirdilər. Onlar dünya ermənilərinin dini mərkəzi—Eçmiədzin kilsəsi din xadimlərinin köməyi ilə sovet Ermənistanının bölgələrində daşnak özəklərini yarada bildilər.
Teymur Əhmədov,
“Respublika” qəzeti, 14 aprel 2015-ci il