Siyasətçilər də şahmatçılar kimi öz gedişlərini hesablayırlar. Bu baxımdan erməni siyasətçilərinin də fəaliyyətində məntiqi ardıcıllıq sənəti sezilir.
Lakin istədikləri nəticəyə nail olduqdan sonra onların şərq məkrliliyi aydın duyulur, seçdikləri məqsədin – erməni dövlətinin ərazicə genişləndirilməsinin düzgünlüyü və nəcibliyi şübhə doğurur. Ermənistan yeganə keçmiş Sovet İttifaqı respublikasıdır ki, qonşu respublikanın ərazisinin bir hissəsini faktiki olaraq özünə birləşdirib. İfratçı millətçi “Daşnaksütyun” partiyasının “dənizdən-dənizə” köhnə “Böyük Ermənistan” ideyası 20-ci əsrin əvvəllərindəki kimi, yenidən Ermənistanın müasir siyasətinin proqram özəyini təşkil edir. Qarabağ müharibəsi nəticəsində Azərbaycan öz ərazisinin 20 %-ni itirib. Ən heyrətlisi isə odur ki, bu, dünyanın ən güclü totalitar dövlətinin daxilində baş verib. Böyük Vətən müharibəsindən sonra ilk dəfə olaraq Sovet İttifaqında qaçqınlar yaranıb. Erməni yaraqlıları ən müasir atıcı silahlardan, həmçinin ağır texnikadan – tank və artilleriyadan istifadə edir. Və bütün bunlar nəinki tankın, hətta hər bir patronın hesabda olduğu ölkədə cərəyan edir. Çar hakimiyyətinə malik, bütün ordunun, onminlərlə dövlət təhlükəsizlik zabitlərinin əlinin altında olduğu baş katib M.Qorbaçov, bir qələm yazısı ilə hərbi münaqişənin qarşısını ala biləcəyi halda, hadisələri müşahidə etməklə kifayətlənir. Hələ o vaxt Ermənistanın siyasi həyatında yerli hakimiyyətin fəaliyyətində müstəqillik əlamətləri aşkar olunur. Təsadüfi deyil ki, respublika birincilər içərisində müstəqilliyini elan edir. İstər-istəməz hələ Brejnev dövründə Ermənistanın azadlığı uğrunda mübarizlər qrupunun erməni ekstremistləri tərəfindən Moskva elektrik qatarlarında törədilmiş terror aktları yada düşür…
…Erməni dövlətçiliyinin mövcud olduğu müasir tarixin qısa dövrü ərzində onun siyasətçiləri tərəfindən qambit taktikasından istifadə olunur və get-gedə təkmilləşdirilir.
Birinci Dünya müharibəsi dövründə “Daşnaksütyun” partiyasının xəyali dövlət qurmaq kimi absurd ideyası erməniləri Rusiya və Türkiyə imperiyaları arasındakı atəş xəttinə sürüklədi və yüz minlərlə erməni qurban verildi.
O vaxt müharibələr tarixində ilk dəfə olaraq erməni millətçiləri tərəfindən Şərqi Anadolunun qeyri-erməni əhalisinin məhv edilməsi yolu ilə gələcək “Böyük Ermənistan” üçün mövcudluq məkanını azad etmək vəzifəsi qoyuldu.
Demoqrafik amili öz xeyirlərinə həll etmək üçün daşnaklar gizlicə göndərilmiş rus silahının köməyi ilə Osmanlı imperiyasının arxa cəbhəsində dinc əhaliyə qarşı qiyam qaldırdılar, onları öldürməyə, yaşayış məskənlərini dağıtmağa başladılar. Türkiyə hakimiyyət dairələri erməniləri rus ordusunun mümkün hərəkət yollarından köçürməklə arxada qayda-qanun yaratdı və ümumi təlaşa son qoydu. Əvvəllər ermənilərdən xilas olmağa çalışan türk qaçqınlarının yerləşdiyi yerlərdə erməni qaçqınlarının kolonları peyda oldu. Və qaçılmaz olan baş verdi! Kor-təbii qisasçılıq başladı. Şər başqa bir şəri yaratdı.
Ermənilər əsrlər boyu türklər arasında yaşayıb, ticarət və sənətkarlıqda lider mövqelər tutublar və nə milli, nə də dini zəmində təqib olunmayıblar. Daşnakların öz məqsədlərinə nail olmaq üçün istifadə etdikləri cinayətkar metodlar Türkiyə ermənilərinin əsas faciəsi oldu.
Bəzi diletantlar vaxtaşırı olaraq erməni soyqırımının tanınması məsələsini qaldırırlar. Amma məsələ ondadır ki, Osmanlı imperiyasının rəsmi dairələri Almaniyada yəhudi əhalisinə qarşı törətdilən soyqırım kimi bu hadisələri planlaşdırmamış və təşkil etməmişdi. Almaniyadakı soyqırıma görə xalqlar məhkəməsi günahkarları aşkar etmiş və onlara müvafiq cəza kəsmişdi. Heç kim və heç vaxt düşüncəsiz faşist ideyalarından az əziyyət çəkməyən alman xalqını ittiham etməyib. Türkiyədə ermənilərin cəzalandırılması sadə insanların erməni millətçilərinin Rusiyanın yardımı ilə Şərqi Anadoluda türkləri qırmasına cavab reaksiyası idi. Osmanlı imperiyasında baş verən bu hadisələrə görə türk xalqını ittiham etmək və ona qarşı hökm çıxarmaq divanəlikdir.
Burada tarixə, lakin Azərbaycan tarixinə qısa qısa ekskurs etmək istəyirsən. Üzücü mövqe müharibələrindən zəif düşmüş Rusiya öz qoşunlarını Türkiyədən çıxaranda və müvəqqəti olaraq onları Zaqafqaziyada saxlayanda, türk ərazilərinin bir hissəsini əllərində saxlayan daşnaklara silah verildi. Bakıda öz filialına malik olan “Daşnaksütyun” yerli erməni diasporunu silahlandıraraq, qiyam təşkil etdi. Qırğından qaçıb canlarını qurtarmaq istəyən azərbaycanlılar öz paytaxtlarını tərk etdilər. Erməni millətçiləri Azərbaycanı və onun neft sənayəsini ələ keçirmək məqsədini güdürdülər. Daşnakların niyyətinin qarşısını almaq və azərbaycanlıları xilas etmək üçün Türkiyə Bakıya qoşun göndərdi. Qoşun qiyamı yatırtdı və ədalət naminə deyək ki, şəhərə qayıdan azərbaycanlıların cavab qırğını törətməsinə yol vermədi, bununla da Bakının erməni əhalisini tamamilə qırılmaqdan qorudu.
1980-ci illərdə, üstündən yarım əsrdən çox keçmiş “Daşnaksütyun” partiyasının millətçi ideyaları yenidən “şölələndi”. Ermənistandan 200 min nəfərlik azərbaycanlı əhalini qovmaq və Azərbaycan ərazilərini ələ keçirmək üçün həmin qambit taktikasının tətbiqi ilə səylə plan hazırlandı və bu dəfə uğurla həyata keçirildi.
Tam informasiyasızlıq və yerli milisin susqunluğu şəraitində Qafanda yaşayan azərbaycanlılar qovuldu. Qaçqınları müvəqqəti olaraq Sumqayıtda yerləşdirdilər və mərkəzi orqanların bu anlaşılmazlığı həll edəcəyi və didərginlərin öz evlərinə qaytarılacağı ümidi ilə Moskvaya sorğular göndərdilər. Lakin hər şey əbəs idi. Moskva susqunluğunu qoruyurdu. İnformasiya vakuumu yarandı. Sanki Ermənistandan gələn qaçqınlar yox idi. Halbuki insanların ev və iş ehtiyacı var idi. Onlar bütün instansiyalara müraciətlər ünvanlayır və ümid edirdilər ki, hökumət gözlənilmədən yaranmış problemi həll edə bilər. Qaçqınların səbri tükənəndə isə provokatorlar peyda oldu və Sumqayıtda faciə baş verdi. Sumqayıtda baş verənlər videaparatlarla lentə yazıldı, sənədləşdirildi və operativ olaraq xaricə göndərildi. Beləliklə, informasiya müharibəsində qələbə qazanıldı. Bundan sonra azərbaycanlıların Ermənistandan kütləvi olaraq qovulması baş tutdu və Qarabağda müharibə başladı.
Qafqaz mürəkkəb, dolaşıq siyasi yumaqdır və onun xalqlarının gələcək taleyi Moskva və Yerevanın siyasi ambisiyalarından asılıdır. Yerevan isə öz müstəqilliyini qurban verərək görünür, yeni qambit partiyası oynamaq niyyətindədir.
İsrail, “Naşa strana”
1 iyun 2000-ci il