1944-cü ildə Qızıl Ordu hissələri Bolqarıstanı azad edərkən Ter-Arutyunyan Qaregin (Njde) oktyabrın 12-də SMERŞ tərəfindən həbs edildi və Moskvaya göndərildi. Əvvəlcə Milli Təhlükəsizlik Nazirliyinin Lubyankadakı türməsində saxlanılan Njde 1946-cı ildə Yerevan türməsinə keçirildi. Njde əksinqilabi fəaliyyətdə, Zəngəzurda törətdiyi antisovet qiyamın törədilməsində, kommunistlərin kütləvi surətdə qətlə yetirilməsində ittiham olunurdu.
24 aprel 1948-ci il aprelin 24-də Dövlət Təhlükəsizlik Nazirliyinin xüsusi iclasında 25 il müddətinə həbs cəzası almışdı. 21 dekabr 1955-ci ildə Vladimir türməsində ölüb.
Minlərlə türk və azərbaycanlıların qanını tökən Njde əslində kim idi? Bu suala Dövlət Təhlükəsizlik Nazirliyi müstəntiqinin suallarını cavablayan Njdenin yaxın silahdaşı, türmədə onunla bir kamerada olan Ovanes Devecyan belə cavab vermişdi:
“Ter-Arutyunyan Qaregin, Njdenin 60-dan çox yaşı var, Naxçıvan MSSR ərazisindəki bir kənddə doğulub, keşiş oğlu və köhnə daşnakdır. 1903-1909-cu illərdə çar hökuməti tərəfindən daşnak kimi cəlb olunub, Türkiyəyə göndərilmək üçün döyüşçü kurslarında təlim alıb. Daha sonra bolqar ordusunun praporşiki olub. 1912-1913-cü illərdə Androniklə yanaşı, türklərə qarşı könüllülər dəstəsinin rəhbəri olub. I Dünya müharibəsi dövründə Rusiyaya gəlib və Qafqazda türklərə qarşı erməni könüllü dəstələrinin yaradılmasında fəal iştirak edib. Ermənistanda daşnakların hökmranlığı dövründə daşnak hökuməti tərəfindən hərbi istiqamətdə istifadə olunub. Zəngəzurda əvvəlcə bu ərazinin azərbaycanlılardan təmizlənməsi, sonra isə Qızıl Ordu ilə mübarizə işinə rəhbərlik edib. Qızıl Ordu daşnak avantüristlərini İrəvandan qovduqdan sonra, Njde hələ Qızıl Orduya qarşı mübarizəyə başçılıq edirdi. Özünü ali baş komandan elan etmişdi. Zəngəzurda təşkil olunmuş hökumətdə baş nazir, hərbi nazir və xarici işlər naziri vəzifəsini tuturdu. Mən bu hökumətdə maarif və ədliyyə naziri idim.
Njde Zəngəzurda kommunistləri vəhşicəsinə qətlə yetirir, onları diri-diri Tatev qayasından uçuruma atdırırdı. Bu fakt daşnak rəhbərliyinə daxil olan məhdud dairəyə məlum idi. Onun bu fəaliyyəti daşnak partiyasının Təbrizdəki məhkəməsində müzakirə olunub, ərzaq naziri Akop Ter-Akopyanı döydüyünə və daşnak ordusunun zabiti Aslanyanı məişət səviyyəsində söhbətlə bağlı öldürdüyünə görə partiyadan qovulub. Rəsmi informasiyada bu barədə məlumat verilirdi, amma səbəbi göstərilmirdi. Təbrizdə Njde aldatdığı və ona qarşı acıqlı olan kütlələrdən gizlənmək üçün yarım-leqal həyat sürürdü. 1925-ci ildə Njde yenidən daşnak partiyasına üzv qəbul edildi. 1932-ci ildə o, ABŞ-a yola düşdü və erməni koloniyalarında daşnakların xeyrinə təbliğat aparmağa başladı. Eyni zamanda gənc daşnakların üzv olduğu “Tseqakron” qrupları yaratdı. Bolqarıstana qayıtdıqdan sonra “Tseqakron”ların təşkilati cəhətdən güclənməsi üçün iş aparırdı. “Tseqakron” sözünü aydınlaşdırarkən demək lazımdır ki, bu irqə sitayiş, onun təmizliyinin qorunmasını nəzərdə tuturdu, bir sözlə nasional-hitlerizmə bərabər ifadə idi. Njde “Tseqakron”lar vasitəsilə erməni gerçəkliyində faşizmi təbliğ edirdi. 1936 və ya 1937-ci ildə Njde ikinci dəfə bölücülük fəalliyətinə görə daşnak partiyasından qovuldu. İkinci Dünya müharibəsi illərində Njde almanlarla fəal əməkdaşlıq etməyə başladı. O, alman rəhbər orqanları tərəfindən yaradılan erməni milli şurasının üzvü idi. Şura erməni faşizminin qalib gələcəyi, Sovet Ermənistanı almanlar tərəfindən işğal olunacağı təqdirdə Ermənistanda burjua-mili hökumətinin yaranmasını nəzərdə tuturdu. Njdenin Bolqarıstanda dilə tutduğu 40 erməni zabiti və əsgəri Berlində təlim aldıqdan sonra Krıma, sovet qoşunlarına qarşı döyüşməyə göndərilmişdi. Eyni zamanda Njde erməni hərbi əsirləri qarşısında təbliğat xarakterli çıxışlar edir, onları SSRİ-yə qarşı döyüşməyə səsləyərək deyirdi: “Almaniya uğrunda həlak olanlar, Ermənistan üçün ölürlər”.
Bununla belə, Njdenin sovet həbsxanasında güllələnməməsi də maraqlı faktdır. Belə ki, həbsxanaya düşən kimi könüllü olaraq sovet hökumətinə Türkiyəylə mübarizədə ondan istifadə olunmasını təklif edib. 10 yanvar 1948-ci ildə Stalinə yazdığı məktubunda bildirirdi: “Məni yaşadan və məşğul edən son arzu feodal Türkiyənin məhvində iştirak etməkdir…Mən sizin türmənizdə ölmək istəməzdim”. Buna görə də DTN həbsxanalarında həyasızcasına davranışlarına rəğmən xüsusi münasibət görüb. Ayrıca ərzaq və Çexoslovakiya istehsalı olan mülki geyim alıb, Bolqarıstandakı ailəsilə məktublaşmasına şərait yaradılıb. Ermənistan SSR dövlət təhlükəsizlik nazirliyinə ünvanladığı məktubda Njde yazırdı: “Siz mənə rəqib kimi yanaşmaqda davam edirsiniz. Bəli, Sovet İttifaqı türklərlə “qardaşlıq ittifaqı”nda olanda mən rəqib idim. Lakin indi xoşbəxtlikdən bu məsələ həll olunub və mən Sovet İttifaqının simasında iki Ermənistanın birləşdirilməsi xülyasını gerçəkləşdirəcək real qüvvə görürəm…” Simon Vrasyana yazdığı məktubunda isə Njde bildirirdi ki, o, əsil əsgər kimi erməni millətinin xilası naminə əlində silah ölə bilməsə də, indi həbsxana şəraitində əsil əzabkeş kimi, gələcək müharibədə erməni milətinin məhv olmaqdan və qırılmaqdan qurtarmaq üçün mübarizə aparır.
Moskva isə aşağıdan, respublikalardan gələn ciddi kəşfiyyat və əks-kəşfiyyat təkliflərinə imperiya marağından yanaşırdı. Moskvanı daha çox ittifaqın sarsılmazlığı düşündürürdü, nəinki ermənilərin birləşməsi. Ona görə də Njde ilə bağlı tədbirlər sərt konspirasiya şəraitində həyata keçirilirdi. Çünki Njdedən Türkiyəyə qarşı istifadə olunmasını Azərbaycan dairələri bir yana, Ermənistanda yaşayan azərbaycanlılar belə bilsəydilər o qədər də xoş olmayan əks-səda doğura bilərdi. Dövlət Təhlükəsizlik Nazirliyi Njde vasitəsilə daşnaklarla əlaqə yaratmaqla yanaşı, daşnaklar arasında təfriqə salmaqda da maraqlı idi. Bunun üçün də Njdedən bir vasitə kimi yararlanmağa çalışırdı.
Stalinin ölümündən sonra dövlət təhlükəsizlik orqanlarında aparılan dəyişikliklər “Njde layihəsi”nə olan marağı da azaltdı. Vladimir türməsinə göndərilən Njde 1955-ci ildə burada da gəbərdi.
V.Ovsepyan “Qareqin Njde i KQB” (http://www.bvahan.com), http://vardanank.org, http://genocide.ru, http://fca.narod.ru saytlarının materiallarından istifadə edilib.
Hazırladı: Gündüz Nəsibov
29 dekabr 2014-cü il