APA-nın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 82 mm çaplı minaatanlardan, iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini pozublar.
Bütün hallarda Azərbaycan Silahlı Qüvvələrinin fəaliyyəti nəticəsində həm Azərbaycan-Ermənistan dövlət sərhədi və işğal olunmuş ərazilərdəki qoşunların təmas xəttində düşmənin təxribat cəhdlərinin qarşısı qətiyyətlə alınıb.
Yanvar ayı ərzində atəşkəsin pozulmasına görə yenə də ilk yerdə cəbhənin Ağdam istiqaməti gəlir. Qarabağ cəbhəsində atəşkəs pozuntularının sayına görə ikinci yerdə Füzuli rayonudur. Qarabağ cəbhəsi üzrə atəşkəs yanvarda Cəbrayıl rayonu, Tərtər rayonu və Xocavənd rayonu istiqamətində də pozulub.
Ermənistan ordusu atəşkəs rejimini yanvar ayında Goranboy, Qazax, Gədəbəy, Tovuz, Göygöl və Ağstafa rayonu istiqamətində də pozublar.
Ötən ay Azərbaycanın Qazax rayonu ilə Ermənistanın Noyemberyan yaşayış məntəqəsi arasındakı ərazidə yerləşən “Odundağ” yüksəkliyi Azərbaycan ordusunun nəzarətinə keçib. Həmin yüksəklik əlverişli və əhəmiyyətli olduğu üçün bölmələrimiz tərəfindən nəzarətə götürülüb, taktiki və mühəndis-istehkam baxımından gücləndirilib.
Erməni mətbuatının məlumatlarına əsasən, düşmən tərəfi 2015-ci ildə ölü olaraq 83 nəfər, yaralı olaraq isə 100 nəfərdən artıq itki verib.
Ötən ay Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatı nəticəsində hərbi qulluqçumuz, əsgər Səfərov Nahid Fikrət oğlu şəhid olub.