Yaşadığımız dövrdə mediada informasiya ötürülməsi işində yeni trendlərdən geniş istifadə edilməsinin şahidi oluruq.
Rəqəmsal texnologiyanın imkanlarından istifadə edən media vasitələri hər hansı hadisə haqqında informasiya yayarkən onu daha da dolğun və inandırıcı etməkdən ötrü fotolardan da geniş istifadə edirlər. Təbii ki, hər bir fotoşəklin öz tarixçəsi vardır, özündə informasiya daşıyır və insanda assosiativ hisslər doğura bilir. Bu baxımdan multimedia vasitələrindən, xüsusilə də fotolardan informasiya vasitələrində məqsədli şəkildə düzgün istifadə edilməməsi əks effekt də verir.
Bu sahədə də artıq “ixtisaslaşmış” erməni “mediabazlar”ı “soyqırım” azarına tutulmuş və yaxud yoluxdurulmuş xalqın sadə nümayəndələrini aldatmaqla onların hissləri ilə oynamaqla kifayətlənmir, həmçinin bununla dünya ictimaiyyətində özlərinin psevdofaciələrinə “mərhəmət hissi oyatmağa və ondan öz məqsədləri üçün istifadə etməyə çalışırlar. Onların fotoşəkilləri də “soyqırımı”na məruz qoymalarının dəfələrlə şahidi olmuşuq. Erməni silahlılarının Xocalıda törətdikləri vəhşilikləri əks etdirən və xarici müxbirlər tərəfindən çəkilmiş ürəkdağlayan şəkilləri mülki erməni əhalisinin guya “düçar olduqları” bəlalara sübut kimi təqdim etmələri artıq adət halını alıb. Lakin burada hər hansı tarixi anaxronizm (söhbət Qarabağ savaşı dövründən getdiyi üçün) olmadığı üçün bununla bəzi insanları öz yalanlarına inandıra bilirlər.
Amma bu dəfəki əməlləri onların onsuz da uydurma olan “soyqırım” iddialarını gülüş obyektinə çevirir. Söhbət uydurma “erməni soyqırımı”nın yüz illiyinin qeyd edilməsi üçün yaradılmış təşkilatın Qahirə komitəsinin rəsmi feysbuk səhifəsində mövzu ilə bağlı məqalənin paylaşımında və İraq Ali İslam Şurasının rəsmi mərkəzi qəzeti olan “əl-İstiqamə” qəzetində məqalədə istifadə edilmiş fotoşəkildən gedir. Bəli, “soyqırımı” məhz bu cür əsaslandırmaqla erməni canfəşanları heç fərqinə varmadan onu inkar edirlər. Təsəvvür edin, bir hadisənin yüzilliyindən yazıb bu yaxınlarda iyirmi beş illiyi keçiriləcək və Azərbaycan xalqının tarixinə qanlı hərflərlə yazılmış 20 Yanvar hadisələrini əks etdirən fotonu yerləşdirməyə nə ad vermək olar? Ermənilərin bu uydurmaları hətta dini dinimizdən olan müsəlmanlara aid saytda da yer alırsa, daha buna heç sözümüz yoxdur. Uydurma genosidlərini gerçək hadisə kimi təqdim etməyə çalışsalar da əllərində ciddi faktlar olmayan ermənilər üçün özlərinin terrorçu qrupları tərəfindən xalqımızın mülki əhalisinə qarşı törədilmiş gerçək hadisələri əks etdirən fotoşəkillərdən daha yaxşı vasitə nə ola bilər ki?!
Amma onların bütün bu cəhdlərinə baxmayaraq, həqiqət hər zaman öz yerini tapır.
Şıxəli Əliyev
1905.az
09 yanvar 2015-ci il