Ermənilərin Azərbaycan xalqına təcavüzünün tarixi kifayət qədər “zəngindir”. Etiraf etməliyik ki, bu mübarizədə qonşularımızın təcrübəsi və mütəşəkkilliyi bizə nisbətən daha böyükdür.
Təkcə bu faktı yada salaq ki, erməni alimləri, tarixçiləri, siyasətçiləri və din xadimləri azərbaycanlılar və türklər əleyhinə 26 min adda kitab nəşr ediblər. Bu kitablar dünyanın müxtəlif ölkələrində nəşr edilib və bu baxımdan ermənilərin mövqeyi həmin ölkələrdə kifayət qədər aydındır. Təbii ki, ermənilərin antitürk siyasətinin miqyasını təsəvvür etməyə imkan verən digər faktlar da var. Avropada, ABŞ-da, Rusiyada və dünyanın digər aparıcı siyasi məkanlarında erməni lobbisi, onların təşkilatları fəallığı ilə seçilir. Erməni ideoloji təxribatı, yalanı və saxtakalığı ilə necə mübarizə aparılmalıdır? Bu sahədə hansı imkanlar var? Fikrimizcə, qarşıdakı illərdə Azərbaycan Respublikasının, xalqımızın qarşısında dayanan strateji vəzifələrdən biri məhz bu olacaq. Çünki ermənilərin antitürk, antiazərbaycan planları səngimir, əksinə getdikcə güclənməkdədir. Erməni lobbisi və onun dəstəklədiyi erməni təcavüzünün, terrorizminin antitürk, antiazərbaycan xarakterli fəaliyyəti regionda başlıca eksteremist cərəyandır.
Fikrimizcə, ən mühüm vəzifələrdən biri erməni tarixinin saxtakar mahiyyəti ilə bağlı tədqiqatların aparılması və bu nəşrlərin ictimai rəyə təsir edə bilən beynəlxalq mərkəzlərə, eyni zamanda kitabxanalara, universitetlərə çatdırılmasıdır. Erməni mifinin dağılmasına nail olmaq üçün türk və Azərbaycan lobbisinin birgə fəaliyyəti gücləndirilə bilər. Hər iki ölkənin diasporuna ideoloji qayğı artırılmalı və bütövlükdə ideoloji sahə yenidən təşkilatlanmalı, bu işə tarixçilər, sosioloqlar, kulturoloqlar və digər sahələrin mütəxəssisləri cəlb olunmalıdır. Müstəqillik dövründə diasporumuzun fəaliyyətinə diqqət yetirsək görərik ki, bu illər ərzində Azərbaycan həqiqətlərinin dünya birliyinə çatdırılması, tanıdılması istiqamətində diasporumuz fəal şəkildə mübarizə aparır və bir çox məqamlarda müsbət nəticələr əldə edir. Bununla bağlı antierməni təbliğat strategiyası hazırlanmalı və həm daxildə, həm də xarici ölkələrdə antierməni təbliğatı gücləndirməlidir. Bu fəaliyyətlər fikrimizcə, dövlət səviyyəsində səfərbər edilməli, mütəxəssislər cəlb edilərək uzunmüddətli proqram hazırlanmalıdır. Azərbaycana qarşı оlan erməni terrоru prоblemi ümummilli təhlükəsizliyin təmin edilməsi prоbleminə çevrilib. Bu hal isə mövcud problemə ən yüksək dövlət səviyyəsində yanaşmanı tələb edir. Azərbaycan Respublikasında erməni ideoloji təxribatına qarşı mübarizə vacib ümumdövlət vəzifəsi hesab edilməlidir. İntellektual mərkəzlərin, ideoloji sahə ilə məşğul olan strukturların fəaliyyəti genişlənməli, ardıcıl olaraq erməni tədqiqatları aparılmalıdır. Antitürk, antiazərbaycan xarakterli erməni təbliğatı, ideoloji təxribat müntəzəm olaraq izlənilməli və onlara müvafiq, gecikmədən cavab verilməlidir. Kitabların müxtəlif dillərdə nəşri və yayılması daim diqqətdə saxlanılmalıdır. Fəaliyyətin digər istiqaməti Azərbaycan səfirliklərində bu işə məsul olan konkret adamların ayrılması ola bilər.
Məlumdur ki, ermənilərin qonşu xalqların mədəni irsini, nailiyyətlərini mənimsəməsi,saxtakarlığı, başqa xalqların torpaqları ilə bərabər mədəni irsinə təcavüzü haqqında hər zaman danışılıb, yazılıb. Eyni zamanda bu faktlarla bərabər ermənilərin tarixi və mədəniyyətinin saxtakarlığı haqda öz dillərindən etirafları kifayət qədər çoxdur və bu amillər diqqətdə saxlanılmalı, istifadə olunlmalıdır. Şübhəsiz ki, fəaliyyətin mühüm bir istiqaməti erməni təcavüzü, onun bütün region və xalqlar üçün ağır nəticələri ilə bağlı virtual internet resurslarının çoxaldılmasıdı.
Digər mühüm istiqamət erməni təcavüzü, antiazərbaycan fəaliyyətinin hüquqa zidd olmasının sübut etdirilməsidir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi başlandıqdan sonra Emənistanın dövlət separatizmi, əsassız ərazi iddiaları ilə Azərbaycan ərazilərinə hərbi müdaxilə və hərbi terror zamanı 10 minlərlə günahsız insan qətlə yetirilmiş, əlil olmuşdur. Ermənistanın terrorizm və separatizmi barədə kifayət qədər faktlar məlum olduğu halda, onunla hələ də beynəlxalq hüququn tələbləri səviyyəsində danışılmır.
Hesab edirəm ki, erməni ideoloji təxribat və təcavüzünə qarşı mübarizə epizodik, fraqmental deyil, ardıcıl fəaliyyət olmalıdır. Ermənilərin keçdiyi yol -türklər əleyhinə mübarizəsi, Azərbaycan Respublikasına qarşı təcavüzü imkan verir ki, biz müdafiə mövqeyində deyil, hücüm mövqeyində olaq. Bununla bağlı mövcud potensialı səfərbər etmək və sistemli, konseptual əsaslı fəaliyyət lazımdır.
Mehman Kərimov
BDU-nun müəllimi