Akademik Yaqub Mahmudov: “Ermənilər İrəvan bölgəsindəki bütün tarixi abidələrimizi dağıdıblar”

Ermənilərin tarixi Azərbaycan torpaqlarına iddiası və bu amansız prosesdə törətdikləri vəhşiliklər haqqında təkzibedilməz faktlar mövcuddur. Bu yazıda tarixçi Güntəkin Nəcəflinin erməni vandallarının yox etdiyi İrəvan qalaları ilə bağlı araşdırması təqdim olunur. Ön sözün müəllifi və elmi redaktor akademik Yaqub Mahmudov bildirir ki, müasir Ermənistan Respublikasının ərazisi tarixi Azərbaycan torpaqlarıdır. 1918-ci il mayın 29-da erməni dövləti yaradılmasından əvvəl, bütün tarixi dövrlərdə həmin torpaqlar həmişə Azərbaycana məxsus olub. Azərbaycan xalqının formalaşmasında yaxından iştirak etmiş hürrilər, kimmerlər, iskitlər, saklar, hunlar, çoxsaylı oğuz və qıpçaq türkləri məhz bu regionda, xüsusilə Göyçə gölü ətrafındakı torpaqlarda yaşamış və özlərindən sonra zəngin tarixi-mədəni iz qoymuşlar: “Azərbaycan xalqının və digər türk xalqlarının qəhrəmanlıq eposu olan “Kitabi-Dədə Qorqud” dastanlarında təsvir olunan bir çox mühüm tarixi hadisələr, proseslər Azərbaycanın məhz bu regionunda cərəyan edib. Böyük Azərbaycan hökmdarı Uzun Həsənin (1468-1478) tapşırığı ilə yazılmış Oğuznamədə – Əbu Bəkr Tehraninin “Kitabi-Diyarbəkriyyə” əsərində oğuz türklərinin soykökündə duran Oğuz xaqanın məhz burada – Göyçə gölü (1918-ci il mayın 29-da Azərbaycan torpağı olan kecmiş İrəvan xanlığının ərazisində erməni dovləti yaradıldıqdan sonra Göyçə gölünün adı 1930-cu ildə ermənilər tərəfindən dəyişdirilib “Sevan” adlandırılıb – müəl.) ətrafındakı Azərbaycan torpaqlarında yaşadığı, dünyasını burada dəyişdiyi və burada da dəfn olunduğu qeyd edilir. Xanlar xanı Bayandur xaqan və bir çox digər oğuz-türk sərkərdələri də özlərinin ata-baba yurdu olan bu diyarda fəaliyyət göstərib, burada da dünyadan getmiş, dəfn olunmuşlar. İlk mənbələr təsdiq edir ki, ayrı-ayrı işğalçı imperiyaların hökmranlıq dövrləri istisna edilməklə, müasir Ermənistan Respublikasının ərazisi ən qədim zamanlardan başlayaraq həmişə Azərbaycan dövlətlərinin tərkibində olub. Bu ərazi sonrakı tarixi dövrlərdə də Azərbaycan sülalələri olan Sacilər, Salarilər, Şəddadilər, Eldənizlər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər və Əfşarların idarə etdikləri Azərbaycan dövlətlərinin tərkibində olub. Orta əsrlərdə Azərbaycan hakimləri olan Çuxursəd əmirləri və İrəvan xanlarının idarə etdikləri bu torpaqlar həm də Azərbaycan-türk tayfalarının elliklə və ən sıx şəkildə yaşadığı regionlardan biri idi”.
Azərbaycan Qaraqoyunlu dövlətinin (1410-1468) yarandığı zamandan başlayaraq Çuxursəd bölgəsi və İrəvan məntəqəsi daha da sürətlə inkişaf edib: “İstər orta əsr səyyahları, istərsə də XVIII-XIX əsrlərə aid müxtəlif dilli ilk mənbələr İrəvan bölgəsindəki İrəvan, Qaranquş, Keçi Qalası, Qaraqala, İmamvеrdi, Sərdarabad, Talın, Gümrü, Şörəyel və digər qalalar haqqında məlumatlar verirlər. Həmin məlumatlar da bu qalaların sahiblərinin – bölgənin aborigen əhalisinin məhz Azərbaycan türkləri olduğunu təsdiq edirlər.
İrəvan qalasının tutulması ilə Şimali Azərbaycanın bütün ərazisi Rusiya imperiyasının tərkibinə qatıldı. İşğaldan sonra Qacarlar İranı və Osmanlı dövləti ərazilərindən köçürülüb gətirilən ermənilər İrəvan bölgəsində mövcud olan bütün tarixi abidələrimiz kimi, İrəvan qalalalarını, o cümlədən Azərbaycan xalqının qəhrəmanlıq mübarizəsi tarixinin ən şanlı və ən parlaq simvolu olan İrəvan və Sərdarabad qalalarını da dağıdıb məhv etdilər”.
Tədqiqat İrəvan bölgəsində mövcud olan və erməni vandalları tərəfindən amansızcasına məhv edilən Azərbaycan qalalarının tarixinə, o cümlədən məşhur İrəvan və Sərdarabad qalalarının XIX əsrin birinci rübündə baş vermiş Rusiya-İran müharibəsi zamanı yadelli işğalçılara qarşı apardığı şanlı mübarizə tarixinə həsr olunub.
Tarixçi Güntəkin Nəcəfli bildirir ki, hazırda Ermənistan Respublikasının yerləşdiyi ərazi yaxın keçmişdə – XIX əsrin əvvəllərində Azərbaycan dövləti olan İrəvan xanlığının torpaqları idi. Bu torpaqların ən qədim yerli əhalisi – aborigen sahibləri Azərbaycan türkləri idi. Lakin tarixin amansız axarlarında, 1918-ci ildə İrəvan şəhəri ermənilərə güzəşt edildi. Beləliklə, Cənubi Qafqazda tarixdə ilk dəfə olaraq erməni dövləti yaradıldı.
İrəvan (Çuxursəd) bölgəsinin yerləşdiyi ərazi qədim dövrdə və erkən orta əsrlərdə Urartu, Əhəməni, Sasani, Ərəb Xilafəti, orta əsrlərdə Sacilər, Salarilər, Şəddadilər, Səlcuqlar, Atabəylər, Hülakülər, Cəlairilər və hətta Teymur dönəmində də Azərbaycanın sərhədləri daxilində olmuşdu. Azərbaycan Qaraqoyunlu dövlətinin (1410-1468) yarandığı zamandan başlayaraq Çuxursəd adlanan bu bölgə və onun mərkəzi İrəvan şəhəri daha da sürətlə inkişaf etmişdi.
İrəvan bölgəsi möhtəşəm qalalarının və hərbi istehkamlarının daha çox olması ilə Azərbaycanın digər bölgələrindən fərqlənirdi. Bölgənin yadelli işğalçılarından qorunmasında bu qalalar böyük rol oynamışdı. Müxtəlif dilli orta əsr mənbələri və Rusiya işğalından sonra tərtib edilən rusdilli mənbələr İrəvan bölgəsindəki İrəvan, Qaranquş, Keçi Qalası, Qaraqala, İmamvеrdi, Sərdarabad, Talın, Gümrü, Şörəyel və digər qalalar haqqında məlumatlar verirlər. İrəvan şəhəri Osmanlı dövlətinin sərhədlərinə yaxın olduğu üçün Şah İsmayıl onun möhkəmləndirilməsinə xüsusi diqqət yetirmiş və bu şəhərdə daha bir qala – Qaranquş qalasını tikdirmişdi.
XVII əsrin II yarısında İrəvanda olmuş fransız səyyahı J.Şarden yazırdı: “Qalaya (İrəvan qalası – red.) yaxın, haradasa min addımlıq bir məsafədə, şimal tərəfdə yerləşən təpədə kiçik bir qala da var. O, ikiqat divarla və artilleriya ilə möhkəmləndirilib. Orada iki yüz adam yerləşə bilər. Bu kiçik qalanın adı Keçi qalasıdır”.
1805-ci ildə Üçkilsəni tutan rus qoşunları Keçi qalasını da ələ keçirmişdi. Sərdarabad qalası İrəvan qalasından sonra ikinci ən böyük qala-şəhər olmaqla bərabər Azərbaycanın ən möhtəşəm orta əsr qalalarından biri idi. Qalanın əsası İrəvan xanı Hüseynqulu xan Qacar tərəfindən təqribən 1810-cu ildə qoyulub. Araz çayının sol sahilində yerləşən Sərdarabad qalasının ikiqat hörgülü, hündür divarları uzunsov dördbucaqlı formasında idi. Top yerləşdirmək üçün uzun (yan) divarlarda 6, qısa divarlarda isə 4 bürcü var idi. Dərin xəndəklə əhatə olunan qalanın dövrəsi 4 verstə yaxın idi. Burada Sərdarın sarayından başqa 700-dək ev, 1 məscid, 33 dü- kan, 16 dəyirman, 1 ding, 4 yağçəkən zavod, 1 boyaqxana və sərdara məxsus geniş bağ vardı. Əhalisi əkinçilik, maldarlıq, xırda ticarət, bez toxuculuğu, dəmirçilik, dərzilik və digər sənət sahələri ilə məşğul olurdular.
İrəvan bölgəsində tikilmiş qalalar içərisində ən möhtəşəmi və mənbələrdə daha çox xatırlanan İrəvan qalasıdır. İrəvan qalasının salınması ilə bağlı ilk yazılı məlumat Səfəvilər dönəminə aiddir. İrəvan şəhərinin əlverişli coğrafi mövqeyini nəzərə alan böyük Azərbaycan hökmdarı “Şah İsmayıl 915-ci il (m.1509/1510) tarixində Zəngi çayının şərq sahilində qala salınması üçün Rəvanqulu xanın adına fərman göndərmişdi. 7 il müddətinə salınmış bu qala Rəvanqulu xanın şərəfinə İrəvan qalası adlandı”.
ХVII əsrin ortalarında İrəvanda olmuş fransız səyyahı Jean-Bartiste Tavarnier İrəvan şəhər-qalasını təsvir edərkən onun iki hissədən – içəri şəhər və bayır şəhərdən ibarət olduğunu qeyd edirdi. Qalanı təsvir edən səyyah yazırdı: “İçəri şəhərdə yalnız xan özü, ordu başçıları və hərbiçilər yaşayırlar. Qalada yerləşən xanın imarəti çaya baxır. Xan çox güclüdür və onun hər zaman sərhədi qorumağa qadir ordusu var”. ХVII əsrin 70-ci illərinin əvvəllərində İrəvanda olmuş fransız səyyahı J.Şarden içəri şəhərin, yəni qalanın təsvirini verib: “Qala kiçik bir şəhərdən böyükdür. O, oval formadadır, dairəsi dörd min addım olub, təxminən səkkiz yüz evdən ibarətdir. Orada ancaq təmizqanlı qızılbaşlar yaşayırlar. Qalanın müdafiəsi üçün iki min əsgər ayrılıb. Hakimin sarayı qalanın içərisindədir”.
XX əsrin əvvəllərində Fransanın Belçikada (Brüssel) səfiri olmuş, fransız tədqiqatçı Herbet Moris (1871-1929) İrəvanlı Məhəmməd Rza bəyə həsr etdiyi tədqiqat əsərində (“İran səfirliyi XIV Lüdoviqin qəbulunda”, Paris, 1907) fransız səyyahı J.Şardenin İrəvan şəhər-qalası ilə bağlı yazdıqlarını öz əsərində bir daha təqdim edib. Müəllif əlavə olaraq qeyd edir ki, İrəvan (içəri şəhər – red.) oval formalı, dördbucaqlı qala idi. Torpaq və gil kərpicdən tikilmiş qala üç divardan ibarət idi. Qala şimal-qərbə doğru dibindən Zəngi çayının axdığı 300 futdan (təqribən 91 metr – red.) çox dərinliyi olan dik uçurumun kənarınadək uzanırdı. Qala darvazaları dəmirdən idi, maneələr, dırmıxlar və gücləndirilmiş qaravulxana ilə təchiz edilmişdi. Qalada xanın sarayı uçurumun kənarında yerləşirdi.
XVII əsrdə İrəvanda olmuş Osmanlı səyyahı Evliya Çələbi İrəvan qala-şəhəri ilə bağlı maraqlı məlumatlar vеrib: “Möhkəm dəmirdən hazırlanmış üç darvazası var. Təbriz qapısı cənub tərəfə, Mеydan qapısı və ya Yayla qapısı şimal tərəfə açılır. Çövkən meydanı burada yerləşir. Qərb tərəfə açılan Körpü qapısına Əcəm dilində “Darvazeyi-Pol” deyərlər. Osmanlıdan qalmış 700 ədəd böyük və kiçik topları var. Digər sursat və cəbbəxanalarının da sayı-hesabı yoxdur.
…Burada 3 min qala gözətçisi, 3 min xan ordusu və 7 min əyalət əsgəri var. Bura bir neçə dəfə хanlar хanlığı olmuşdu. Burada qazi, molla, şеyхül-şərif, kələntər, darğa, münşi, yasavul ağası, qoruqçubaşı, еşik ağası, dizçökən ağa, 7 nəfər mеhmandar və şехbəndər var”.
Səfəvi-Osmanlı müharibələri zamanı İrəvan qalasının dağıdılması və yenidən bərpasına gəlincə, İrəvan şəhəri əlverişli coğrafi mövqedə yerləşdiyi üçün XVI-XVII əsrlərdə baş verən Səfəvi-Osmanlı müharibələri dövründə Osmanlı ordusunun başlıca hücum hədəfinə çevrilmiş və İrəvan qalası dəfələrlə əldən-ələ keçmişdi.
1514-cü il avqustun 23-də Sultan Səlim Çaldıran döyüşündə Şah İsmayılı məğlub edərək Təbrizi ələ keçirsə də, tezliklə geri dönmək məcburiyyətində qaldı. 1552-ci ilin əvvəlində Ərzurum hakimi İskəndər paşa Səfəvilərin sərhədini pozaraq Çuxursədə hücum edib İrəvan bazarını yandırdı və geriyə qayıtdı. Sultan Süleymanın 1554-cü ildə Azərbaycana IV yürüşü zamanı İrəvan bölgəsi Osmanlı ordusunun növbəti hücumuna məruz qaldı və iyulun 18-də İrəvan qalası ələ keçirilərək tamamilə qarət edildi. Şah Təhmasibə, oğluna və əmirlərə məxsus saraylar dağıdıldı, bağ və bağçalar yerlə-yeksan olundu.
***
Ermənilərin tarixi Azərbaycan torpaqlarına iddiası və bu amansız prosesdə törətdikləri vəhşiliklər haqqında təkzibedilməz faktlar mövcuddur. Bu silsilə yazılarda tarixçi Güntəkin Nəcəflinin erməni vandallarının yox etdiyi İrəvan qalaları ilə bağlı araşdırması təqdim olunur. Tarixçi bildirir ki, 1578-1590-cı illər Osmanlı-Səfəvi müharibəsinin gedişində İrəvan şəhəri növbəti dəfə Osmanlı ordusunun hücumuna məruz qaldı. 1583-cü ilin avqustunda Şərq yürüşünün yeni hərbi rəhbəri Fərhad paşa 70-80 min nəfərlik qoşunla Çuxursəd vilayətinə daxil olaraq İrəvanı ələ keçirdi. O, İrəvan şəhərində “Şah bağı”nda Məhəmmədi xan Toxmağın sarayını içinə alan, Zəngi çayının şərq sahilində cənubdan şimala doğru uzanan bir Narınqala və Bayırqala tikdirdi. 5 dəmir qapılı, məscidi və hamamı olan Narınqala ilə 43 qülləli Bayırqala 45 gün ərzində inşa edildi.
Həmin dövrdə İrəvanın Bayır qalası Zəngi körpüsü, Dəmirbulaq, Abbasdərə, Köşəli, Abıhəyat, Qarabağ və Zoğalqala adlanan yerlərdən keçərək Zəngi çayına dönür və çay boyunca uzanaraq Zəngi körpüsündə birləşirdi. Uzunluğu təxminən 30 km olan qala divarlarında 50-60 bürc var idi.
Qala divarlarının önünə müdafiəni asanlaşdırmaq üçün sıx ağaclar əkildi. Şəhər ətrafında qaya və daşların az olması möhkəm qala divarlarının tikilməsini çətinləşdirdiyi üçün qala divarlarının qarşısında xəndək qazıldı. 1578-1590-cı illər Səfəvi-Osmanlı müharibəsində Qızılbaşlar məğlub olduğu üçün İrəvan şəhər-qalası da Azərbaycanın digər əraziləri kimi XVII əsrin başlarına qədər Osmanlı dövlətinin idarəçiliyində qaldı. XVI əsrin sonunda Səfəvi hökmdarı I Şah Abbasın (1587- 1629) həyata keçirdiyi hərbi islahatlar nəticəsində odlu silahlarla təchiz edilmiş güclü nizami ordu yaradıldı. Səfəvi ordusu 1603-cü il oktyabrın 18-də İrəvan qalasını mühasirəyə aldı. Qalada Şərif paşanın 10 minlik Osmanlı qarnizonu möhkəmləndirilmiş üç istehkam xətti ilə müdafiə olunurdu.
Şəhərin mühasirəsi uzun müddət davam etdi. Şah Abbas “İrəvan qalasının ətrafında istehkam tikmək üçün Naxçıvan və Culfa əhalisini səfərbərliyə aldı və onların hərbi əməliyyatda iştirak etməsini məsləhət gördü”. 1604-cü il iyunun 8-də İrəvan qalası azad edildi. Beləliklə, 20 ildən artıq Osmanlı dövlətinin nəzarətində qalan İrəvan qalası azad edildi.
XVII əsrin birinci yarısında İrəvan şəhəri yenidən Osmanlı ordusunun hücumuna məruz qaldı. 1635-ci il iyulun 27-də İrəvan qalasını mühasirəyə alan IV Murad qalanı ağır toplarla dağıtmağa göstəriş verdi. Ciddi müqavimət göstərilsə də, avqustun 8-də İrəvan qalası böyük çətinliklə ələ keçirildi. Lakin tezliklə, Səfəvi hökmdarı I Şah Səfinin (1629-1642) Rüstəm xanın komandanlığı altında göndərdiyi ordu 1635- ci il dekabrın 25-də İrəvan qalasını mühasirəyə aldı. Osmanlı qarnizonunun ciddi müqavimət göstərməsinə baxmayaraq 1636-cı il aprelin 2-də İrəvan qalası Səfəvi ordusu tərəfindən azad edildi.
İrəvan şəhər-qalası Osmanlı işğalından azad edildikdən sonra Səfəvi şahları tərəfindən daha da möhkəmləndirildi. XVIII əsrin I rübündə Səfəvilərin zəifləməsindən istifadə edən erməni din xadimləri I Pyotrla əlaqəyə girərək onu Azərbaycan torpaqlarının, o cümlədən İrəvanın işğalına şirnikləndirdilər. Tiflisdəki erməni yeparxiyasının başçısı arxiyepiskop Minas Pərvazyan 1722-ci ilin dekabrında vardapet Minasa yazırdı: “Sənə məlumdur ki, İrəvan İran (Səfəvi – red.) torpaqlarının açarıdır və bizim niyyətimiz İrəvan qalasını ələ keçirməkdir. Əgər o bizim əlimizdə olarsa, nə türklər, nə də iranlılar bizə heç nə edə bilməyəcəklər”.
Rusiya 1722-1723-cü illərdə Səfəvi dövlətinin Xəzərsahili vilayatlərini işğal etdi. Bundan narahat olan Osmanlı dövləti Rusiyanı qabaqlamaq üçün 1723-cü ildə öz qoşunlarını Azərbaycana yeritdi. Beləliklə, 88 ildən sonra, 1724-cü ilin yayında İrəvan qalası yenidən Osmanlı qoşunları tərəfindən mühasirəyə alındı. 1724-cü ilin yayında Osmanlı sərkərdəsi Arifi Əhməd paşanın başçılıq etdiyi 60 min nəfərlik qoşun tərəfindən mühasirəyə alınan İrəvan qalası 92 gün (6 iyul-7 oktyabr) qəhrəmancasına müqavimət göstərdi. Qalanı ələ keçirə bilməyən Osmanlı sərkərdəsi sultandan əlavə qüvvə göndərilməsini istədi. Osmanlı sultanın öncə 35 min, sonra Kütahyadan 10 min, daha sonra isə Misirdən 3 min nəfərlik əlavə qüvvə göndərməsi nəticəsində İrəvan qalası böyük çətinliklə ələ keçirildi.
İrəvan qalaları – Azərbaycan xalqının mübarizə simvolu
XIX əsrin birinci rübündə baş vermiş Rusiya-İran müharibəsi zamanı İrəvan və Sərdarabad qalalarını müdafiə edən Azərbaycan oğullarının çar Rusiyası işğalçılarına qarşı apardığı mübarizə Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir. Zəngi çayının sol sahilində yerləşən İrəvan qalası təxminən kvadrat formasında (790 x 850 m) olub 7 ha sahəni əhatə edirdi. İki cərgəli qala divarlarının uzunluğu 4,5 km, xarici divarın hündürlüyü 10,5-12 m olan qala divarları ərazini şimal-şərq, cənub-şərq və cənub-qərb tərəfdən əhatə edirdi. Ərazinin digər tərəfi isə sıldırımlı Zəngi çayına söykənirdi. Qoşa qala divarları bir-birindən 36-42 m aralı tikilmişdi. Həm xarici, həm də daxili müdafiə divarları kifayət qədər qalın olan qala divarlarında yarımdairəvi qüllələr vardı. Qüllələrdə atəş üçün təqribən 2450 mazğal, müdafiə divarları boyunca 53 top yerləşdirmək mümkün idi.
İrəvan qalası XVIII əsrin sonlarında daha da möhkəmləndirildi. Qala üç tərəfdən dərin xəndəklə, digər tərəfdən isə, Zəngi çayının sol sahilində sıldırımda tikilmiş 2 hündür divarla əhatə olunmuşdu. Qalanın iki qapısı vardı: şimalda – Şirvan qapısı, cənubda – Təbriz qapısı. Mühasirə zamanı sudan istifadə etmək üçün qaladan Zəngi çayına çıxış da var idi.
XIX əsrin birinci rübündə İrəvan qalasının içərisində Xan sarayı (Sərdar sarayı), hərbçilərin evləri, dükanlar və iki məscid vardı. Qalanın içərisinə 2 yerdən – Zəngi çayından və cənub-şərq tərəfdə olan Qırxbulaqdan yeraltı yolla su çəkilmişdi. Rusiya işğalına qədər İrəvan qalasında 800 ev vardı. İrəvan qalasının ətrafında – bayır şəhərdə isə 1736 ev, 5 meydan, 8 məscid, 6 karvansara, 1670 dükan, 9 ictimai hamam, 1470 üzüm və meyvə bağı, 40 dəyirman, 6 ding vardı.
1813-cü ildə burada olan Qaspar Druvil yazırdı: “İrəvan qalası iki divarla əhatə olunub, şəhərdən yarım top atəşi məsafəsində yerləşir. Qala uzun müddət Türkiyə və İran arasında mübahisəyə səbəb olmuş, nəhayətdə İranın (Səfəvilərin – red.) hakimiyyəti altında qalmışdı. Qalanı xan idarə edir. Xan qalanın içərisində üç nizami tabor, qalanı qoruyan 60 top və süvari artilleriya bölüyünün yarısını saxlayır ”.
XIX əsrin əvvəllərində Cənubi Qafqazı ələ keçirməyə çalışan Rusiya imperiyası Azərbaycan xanlıqlarına qarşı müharibələrə başladı. Çox çəkmədən Cənubi Qafqaz Rusiya imperiyasının Qacarlar İranı və Osmanlı dövlətinə qarşı apardığı qanlı müharibələr meydanına çevrildi.
Osmanlı dövləti və Qacarlar İranı ilə sərhəddə yerləşən İrəvan xanlığının ələ keçirilməsi Rusiya imperiyasının işğalçılıq planlarının mühüm tərkib hissəsi idi. Rusiyanın xarici siyasət idarələrində “Tiflis-Təbriz tranzit yolunun üstündə yerləşən İrəvan qalasının alınmasının vacibliyi” qızğın müzakirə olunur və çar I Aleksandrın verdiyi fərmanda Rusiyaya tabe ediləcək ərazilər sırasında İrəvan xanlığının adı birinci çəkilirdi. 1804-1813-cü illərdə Azərbaycan torpaqlarının işğalı uğrunda gedən birinci Rusiya-İran müharibəsi zamanı İrəvan qalası iki dəfə Rusiya qoşunlarının güclü hücumlarına məruz qaldı. Xanlığın əhalisi cəsur dövlət xadimi olan Məhəmməd Hüseyn xan Qacarın (1784-1805) başçılığı ilə doğma vətəninin müdafiəsinə qalxdı.
Gümrü və Üçkilsəni tutan rus qoşunları 1804-cü il iyulun 2-də gürcü əsilli, azərbaycanlılara həqarətlə yanaşan çar generalı Pavel Sisyanovun başçılığı ilə İrəvan qalasını mühasirəyə aldı. İrəvan xanının qoşunları yaxşı silahlanmışdı və qalanın müdafiəsi də lazımınca təşkil olunmuşdu. 1804-cü il iyulun 24-də rus qoşunlarının İrəvan qalasına hərtərəfli hücumu başlandı. 60 topa və 7000 əsgərə malik olan qala qarnizonunun ruslara qarşı inadlı mübarizəsi başlandı.
Dövrün mənbələrində qeyd olunur ki, “Zəngi çayının kənarındakı ən yüksək təpədə inşa olunmuş İrəvan qalasının çay tərəfdən qala divarı digər divarlara nisbətən zəif idi. Qalanın digər divarları ikiqat hasarlardan ibarət idi. Kərpic və daşdan hörülmüş qala divarları, həm hündür, həm də qalın idi. Birinci qala divarı ilə ikinci divarın arasındakı məsafə 15 və yaxud 20 sajenə (42,68 metr) bərabər idi. Divarlar arasındakı xəndək su ilə doldurulmuşdu. Qalanın 17 bürcü var idi. Qala divarları üstündə qurulmuş 60 topdan yalnız 20-si saz vəziyyətdə idi. Qalada üç mortir (qısa lüləli top – red.) də qurulmuşdu. Qalanı müdafiə edən qarnizon 7000 nəfərdən ibarət idi”.
İrəvan qalasını Rusiya işğalçılarına qarşı qəhrəmancasına müdafiə edən Azərbaycan oğulları tez-tez qaladan çıxaraq bir neçə istiqamətdən qəfil hücumlar edərək rus qoşunlarına ağır itki verirdilər. Belə hücumlar nəticəsində rusların 13 zabiti və 173 əsgəri məhv edildi. Dövrün mənbələrində çar qoşunları ilə İrəvan qalasının müdafiəçiləri arasında baş verən 8 saatlıq döyüşdə rusların 3 zabit, 120 əsgər itirdiyi, 6 zabit, 200 əsgərin isə yaralandığı qeyd olunur.
Çarəsiz qalmış P.Sisianov İrəvan xanına məktubla müraciət edərək məsələni itki vermədən həll etməyə çalışdı. Lakin onun İrəvan xanı ilə 6 ay davam edən yazışması nəticəsiz qaldı. Qarakilsədə mühasirəyə alınan mayor Montrezor demək olar ki, bütün dəstəsi ilə məhv edildi. 1804-cü il avqustun sonunda çağırılan hərbi şurada mühasirənin götürülməsi və qoşunların geri çəkilməsi qərara alındı. Sentyabrın 1-də Sisianov axırıncı dəfə Məhəmməd xandan İrəvan qalasını təhvil verməsini tələb etdi. Məhəmməd xan yenidən rədd cavabı verdi. Yalnız bundan sonra – sentyabrın 3-də rus qoşunlarının geri çəkilməsi barədə əmr verildi.
İrəvan qalasının ikinci mühasirəsi və çar Rusiyası qoşunlarının rüsvayçı məğlubiyyəti (9 oktyabr-17 noyabr 1808-ci il) baş verdi. İrəvan xanı Hüseynqulu xan Qacar (1806-1827) 1807-ci ildən başlayaraq fransız hərbi mühəndislərinin köməyi ilə qalanın müdafiəsini daha da möhkəmləndirdi. General Qudoviç bu barədə yazırdı: “İrəvan qalasının Avropa hərbi qaydaları üzrə möhkəmlənmiş iki divarı, xəndəyi və torpaqdan düzəldilmiş səddi var. Təpənin üstünə əvvəllər burada yerli hərbçilər tərəfindən istifadə edilməyən karteçlə işləyən toplar qoyulub. İrəvanlılar fuqas bombalarından da istifadə edirlər”.
***
Həsən xan çar zabitinə yazırdı: “Nə olursa-olsun biz sizinlə nəinki qalanın içində, eləcə də açıq düzdə vuruşmağa hazırıq”
Ermənilərin tarixi Azərbaycan torpaqlarına iddiası və bu amansız prosesdə törətdikləri vəhşiliklər haqqında təkzibedilməz faktlar haqqında tarixçi Güntəkin Nəcəfli bildirir ki, İrəvanı ələ keçirmək üçün uzun müddət hazırlıq görmüş Rusiyanın Cənubi Qafqazdakı hərbi qüvvələrinin baş komandanı Qudoviç 1808-ci il sentyabrın əvvəllərində Pəmbəkdən çıxaraq 6 minlik qoşun və 12 top ilə İrəvan istiqamətində hərəkət etdi. Rus qoşunlarının tərkibində 500 nəfərdən çox erməni süvarisi də iştirak edirdi.
Hücum ərəfəsində Hüseynqulu xan təcili tədbirlər gördü. O, qalın qala divarlarının bayır tərəfində səngərlər qazdıraraq bura toplar düzdürdü. Hüseynqulu xan qalanı müdafiə etmək üçün kiçik qardaşı Həsən xan Qacarı 2 min nəfər döyüşçü ilə burada qoyaraq, özü 4 min nəfər piyada ilə rus qoşunlarının qarşısına çıxdı.
Sentyabrın 30-da Üçkilsəni tutan rus qoşunları buradakı ermənilər tərəfindən sevinclə qarşılandı. Üçkilsədən sonra onlar İrəvan yaxınlığındakı Qarabağ kəndində mövqe tutdu. Hüseynqulu xan düşmənə qarşı Gərniçay sahilində düşərgə salaraq düşmənə arxadan həmlələrini edirdi. General Qudoviçin əmrinə əsasən general-mayor Portnyagin İrəvan xanını təqib etməklə onun başını qarışdırdı, özü isə rəhbərlik etdiyi korpuslarla oktyabrın 3-də Zəngi çayını keçərək İrəvan qalasını mühasirəyə alsa da uğur qazana bilmədi. Böyük itkilər verən Qudoviç İrəvan qalasını ələ keçirmək üçün şirnikləndirici vasitələrə əl atdı. O, Həsən xana qalanı könüllü təslim edəcəyi halda onu sərbəst buraxaraq, İrəvan qalası və şəhəri istisna olmaqla, bütün xanlığın hakimi təyin olunacağına Rusiya imperatoru adından vəd verdi. Həsən xan Qacar bu təklifi qətiyyətlə rədd etdi. Hüseynqulu xan isə qalanın mühasirəsini yarıb şəhərə daxil olmağa çalışır, vaxtaşırı düşmənə zərbələr endirirdi.
Qudoviç bir neçə dəfə Həsən xandan qalanın rus qoşunlarına təhvil verilməsini tələb etdi. Bu tələblərə cavab olaraq, Həsən xan çar zabitinə yazırdı: “Nə olursa-olsun biz sizinlə nəinki qalanın içində (bu o qədər də çətin deyil!), eləcə də açıq düzdə vuruşmağa hazırıq. Məlumunuz olsun ki, qala qarnizonu bu barədə artıq öz qərarını verib”. Həmin məktubu Qudoviçə yetirən elçi “qala qarnizonunun axırıncı nəfərə qədər həlak oluncaya qədər silahı yerə qoymayacağını” qətiyyətlə bildirdi.
1808-ci il noyabrın 17-də tezdən sayı 3000 nəfərə yaxın olan işğalçı çar qoşunlarının İrəvan qalasına hücumu başladı. Düşmən ciddi müqavimətə rast gəldi. Rus qoşunlarının düzəltdiyi nərdivanlar da qalaya daxil olmağa kifayət etmədi. 1000 nəfərə yaxın itki verən rus qoşunları Tiflisə doğru geri çəkilməyə və hücumu dayandırmağa məcbur oldu.
Məğlub olmuş çar qoşunlarının İrəvan qalasına hücumu zamanı itkisi çox oldu. Qudoviçin çara göndərdiyi raportunda bu itkilər barədə rəqəmlər kiçildilir, guya Rusiya tərəfindən cəmi 17 zabit və 269 əsgərin öldürüldüyü, 64 zabit və 829 əsgərin isə yaralandığı göstərilirdi. Digər məlumata görə: “…alaylar (rus ordusu alayları- red.) elə vəziyyətə düşdü ki, təkrar hücum haqqında düşünməyə belə dəyməzdi”.
İkinci Rusiya-İran müharibəsi (1826-1828) zamanı İrəvan xanlığının işğalına xüsusi önəm verən çar I Nikolay (1825-1855) İrəvan və Sərdarabad qalalarını ələ keçirməyin hərbi-strateji əhəmiyyətini nəzərə alır, bunu tez-tez general Yermolova xatırladırdı. Rusiya imperatoru 1826-cı il oktyabrın 21-də Yermolova yazırdı: “Əgər İrəvanı ya silah gücünə, ya İrəvan Sərdarını pulla ələ almaq yolu ilə, ya da onunla gizli münasibətlər qurmaqla ələ keçirmək mümkündürsə, bu imkanı əldən verməyin”.
I Nikolayın Yermolova göndərdiyi 1826-cı il 1 avqust tarixli fərmanında yazırdı: “Təcili olaraq İrəvan Sərdarı üzərinə yürüş edin. Tezliklə sizdən belə cavab gözləyirəm: Allahın köməkliyi ilə Sərdar daha yoxdur və İrəvan vilayəti tamamilə tutulub. Siz və 15 min nəfərlik rus ordusu qələbə qazanmaq üçün kifayətdir”.
1827-ci il martın sonlarında Qafqazdakı rus qoşunlarının baş komandanı təyin edilən general İ.F.Paskeviç İrəvan xanlığının strateji əhəmiyyətini dərk etdiyi üçün ilk zərbəni bu xanlığa endirməyi qərara aldı. 1827-ci ilin yazında baron Dibiçin rəhbərlik etdiyi rus qoşunları arxiyepiskop Nerses Əştərəklinin müşayiəti ilə İrəvan xanlığı üzərinə hərəkət etdi.
Aprelin 13-də Üçkilsə monastırını tutan Benkendorfun qoşunları burada ərzaq olmadığı üçün çətin vəziyyətə düşdü. Aprelin 16-da onlar Sərdarabada doğru istiqamət götürdü. Ətrafı quru xəndəklə əhatə olunan Sərdarabad qalası 22 topa malik idi. Qala qarnizonunun sayı 3000 nəfərə çatırdı. Qalanın rəisi İrəvan sərdarının qardaşı Həsən xan və nəvəsi Fətəli xan idi.
Sərdarabad qalasını qəfil həmlə ilə ələ keçirməyə çalışan general Benkendorf aprelin 16-da səhər 5 tağım və 4 topla qalaya hücum etsə də yalnız axşam gizlicə qalaya yaxınlaşa bildi. Qala müdafiəçiləri onlara aman verməyərək toplardan atəş açmağa başladı. Niyyətinin baş tutmadığını görən Benkendorf qaladakıların könüllü təslim olması üçün qala rəisinin yanına elçi göndərdi. Fətəli xan Benkendorfun bu tələbini rədd edərək “qalanı təslim etməkdənsə, onun dağıntıları altında ölməyim yaxşıdı” cavabını verdi.
Sərdərabad qalasının müdafiəçilərindən rədd cavabı alan Benkendorf aprelin 16-dan 17-ə keçən gecə qalanı güclü top atəşinə tutmağı əmr etdi. Lakin qala müdafiəçiləri düşmənə əks zərbə endirməklə cavab verdilər. Sərdarabad qalasınının qəhrəman müdafiəçilərinin əzmkarlığı nəticəsində qalanı ala bilməyən rus qoşunları aprelin 17-də yenidən Üçkilsə monastırına çəkildi.
İrəvan qalasının üçüncü mühasirəsi və qala qəhrəmanlarının işğalçılara təslim olmaması (27 aprel – 21 iyun 1827-ci il) Sərdarabadda məğlub olan rus qoşunları əsas məqsədinə yetişmək – İrəvan qalasını ələ keçirmək və xanlığı tamamilə işğal etmək üçün tələsdi. Rusiya ordusunun hücumu ərəfəsində İrəvan xanı Hüseynqulu xan ətraf kəndlərdən qalaya çoxlu taxıl ehtiyatı topladı, qala qarnizonunu daha da möhkəmləndirdi. Təkcə İrəvan qalasında yerləşən qarnizonun sayı 5 minə çatırdı, qalada 26 top yerləşdirilmişdi.
Aprelin 24-də Zəngi aşırımını keçən işğalçı qoşun İrəvanın cənub-şərqinə doğru hərəkət edərək buradakı yüksəklikləri tutdu. Aprelin 24-dən 27-ə qədər İrəvan qalasının müdafiəçiləri ilə işğalçı çar qoşunu və İrəvan xanına xəyanət edən ermənilər arasında dəfələrlə qanlı döyüş baş verdi. Çox çətin mübarizədən sonra, aprelin 27-də mayor Voljenskinin başçılığı ilə İrəvan qalasının şərq tərəfindəki “Şəhərətrafı” adlanan hissə tutuldu. Bununla da İrəvan qalasının mühasirəsi başa çatdı.
Hər tərəfdən mühasirəyə alınmasına baxmayaraq, İrəvan qalasının müdafiəçiləri mərdliklə mübarizə aparırdı. Buna görə də, general Benkendorf qala rəisi, Hüseynqulu xanın qardaşı oğlu və kürəkəni – Sübhanqulu xan vasitəsi ilə xanla danışıqlar aparmağa məcbur oldu. General əvvəlcə xanı pulla ələ almaq istədi, bunun nəticə vermədiyini gördükdə xana könüllü təslim olacağı təqdirdə onun Rusiya dövləti tərəfindən hakimiyyətində saxlanacağına və əvvəlki gəlirlərinin özünə qaytaracağına söz verdi. Lakin Hüseynqulu xan generalın təklifini nəinki qəbul etmədi, əksinə yenə də mübarizəni davam etdirməyi üstün tutdu. Aprelin 29-dan 30-na keçən gecə İrəvan süvariləri düşmən mühasirəsini yarıb qalaya daxil olmağa cəhd etdilər. Onlar Zəngi çayının üstündən keçən körpünü qoruyan düşmən gözətçi dəstələrinə qəflətən hücum edərək onları çətin vəziyyətə saldılar.
İrəvan qalasının qəhrəmancasına müdafiəsi və mühasirənin uzanması baş komandan İ.F.Paskeviçin şəxsən özünü İrəvan üzərinə Səlib yürüşünə məcbur etdi. İ.F.Paskeviçin özünün başçılıq etdiyi qoşun hissələri, ona qoşulmuş erməni və gürcü dəstələrinin müşayiəti ilə mayın 12-də İrəvan istiqamətində hərəkətə başladı. Mayın 17-də imperator I Nikolayın razılığı ilə təşkil edilən ilk erməni atlı alayı da əlavə olaraq bu yürüşə qoşuldu. İrəvan sərhədlərində onların sayı 1000 nəfərə çatırdı.
İyunun 8-də Üçkilsədən İrəvan qalasına doğru yönələn İ.F.Paskeviç İrəvan qalası haqqında kəşfiyyat məlumatları toplamağa başladı. O, özünün hərbi əməliyyatlar jurnalında yazırdı: “İrəvan qalasının dərin xəndəklə əhatə olunmuş bürcləri olan iki hündür divarı var. Divarların arasındakı dar zolaq da sanki xəndək kimi maneə rolunu oynayır. İç divarın qapalı bürclərində toplar yerləşdirilib, bayır divar isə mazğal və bürclərdəki falkonet (kiçik çaplı top – red.) və tüfənglərdən açılan atəşlə qorunur. Qala qarnizonu 2 min döyüşçü və təxminən bu qədər qeyri-nizami atıcıdan ibarətdir”.
General-leytenant Krasovski 20-ci piyada diviziyası və iki kazak alayı ilə İrəvan yaxınlığına gəldi. Burada o, Paskeviçlə birlikdə hücuma keçməli olan Bekendorfun mühasirə dəstəsini əvəz etməli idi. Lakin İrəvan qalasının alınmazlığını görən general Paskeviç Bekendorfun yerinə Krasovskini İrəvan mühasirə dəstəsinin rəisi təyin etdi. Mühasirə dəstəsində 3200-ə yaxın piyada, 1200 süvari, 16 top, əsas qüvvələrin tərkibində isə 4800 piyada, 800 nəfər nizami və 3000 nəfər qeyri-nizami süvari dəstəsi var idi.
İyunun 19-da hərəkətə başlayan rus qoşunları ayın 21-də Dəvəli kəndinə girsə də irəvanlıların güclü müqaviməti ilə rastlaşdı. Havaların isti keçməsi və əsgərlər arasında yayılan xəstəliklər də İrəvan qalasını mühasirəyə alan rus qoşunlarının müqavimətini günbəgün ağırlaşdırırdı. Krasovski general Paskeviçə İrəvan qalasının mühasirəsinin mənasız olduğunu bildirdi və mühasirədən əl çəkmək üçün ondan razılıq istədi. İyunun 21-də gecə yarısı çar qoşunu Üçkilsəyə doğru geri çəkildi. İşğalçılar geri çəkildikdən sonra Həsən xan Qacar qalanı möhkəmləndirməyin qayğısına qaldı və bunun üçün heç bir şeyi əsirgəmədi.
***
Ermənilərin tarixi Azərbaycan torpaqlarına iddiası və bu amansız prosesdə törətdikləri vəhşiliklər haqqında təkzibedilməz faktlar mövcuddur. Tarixçi Güntəkin Nəcəfli bildirir ki, 1827-ci il avqustun 29-da Üçkilsədə toplaşan rus qoşunları bu dəfə Sərdarabad qalasını hədəf seçdilər. General Paskeviçin qalada çoxlu ərzaq ehtiyatının olması haqda məlumatı vardı və rus qoşunlarının gələcək yürüşünü təmin etmək üçün bu qalanın alınması zəruri idi. Sentyabrın 11-də general Paskeviç əsas qüvvələrlə Sərdaradada doğru yürüş etdi.
Sentyabrın 14-də Krasovskinin başçılıq etdiyi qoşun Sərdərabad qalasını mühasirəyə aldı. Sərdarabad qalası Üçkilsədən Alagözə doğru uzanan geniş düzənlikdə yerləşirdi. Dördbucaq şəklində nəhəng qüllə və qapıları olan, ikiqat hündür divarları qalaya kifayət qədər müdhiş görkəm verir və onun alınmasını çətinləşdirirdi. Qalanın 14 topla silahlanmış iki minlik qarnizonuna Həsən xanın nəvəsi gənc Fətəli xanın başçılıq etməsi Paskeviçə qalanın tutulmasına ümid verirdi. Lakin Həsən xan qalaya girməyə müvəffəq oldu və müdafiəçilərin döyüş ruhunu yüksəldərək onları qala divarlarında öləcəklərinə, amma təslim olmayacaqlarına and içdirdi.
Paskeviç əvvəlcə qalanı hücumla deyil, düzgün təşkil edilmiş mühasirə ilə almaq istədi və Krasovskini mühasirə korpusunun rəisi təyin etdi. Sentyabrın 15-dən başlayaraq Sərdarabad top atəşinə tutuldu və qaladakılar cavab atəşi açdılar. Sentyabrın 16-da tezdən mühasirə artilleriyası gəlib yetişəndən sonra onların qala ətrafında yerləşdirilməsinə başlandı və sentyabrın 18-dən başlayaraq şəhər 24 topdan şiddətli atəşə tutuldu. 2 gün fasiləsiz davam edən atəşdən sonra qala qarnizonu ələ keçməmək üçün mühasirədən çıxdı. Sentyabrın 20-də səhər Paskeviç əsas qüvvələri ilə qalaya daxil oldu. Qaladakı xeyli hərbi sursat və ərzaq – 13 top, 14 min çetvert buğda ilə dolu anbar, çoxlu pambıq parça, xeyli hərbi sursat rus qoşunlarının əlinə keçdi.
Sərdərabad qalasının Rusiya işğalcı ordusu tərəfindən ələ keçirilməsinə baxmayaraq, İrəvan xanının qoşunları işğalçılara qarşı müqavimət göstərməkdə davam edirdi. Sərdarabadın mühasirəsindən çıxa bilən Həsən xan İrəvan qalasını möhkəmləndirməkdə idi. İki hündür qülləsi olan İrəvan qalasının enli iri xəndəklə əhatə olunmuş divarları arxasında toplar qurulmuşdu. Qala qarnizonu 2 min əsgər və 2 min atıcıdan ibarət idi. Qaladakı ərzaq ehtiyatı yarım ilə nəzərdə tutulmuşdu.
Sentyabrın 23-də Paskeviçin dəstəsi İrəvan qalasının 2 verstliyində düşərgə salaraq, qala divarlarından 750 sajen məsafədə yerləşən Muğanlıtəpə kurqanını tutdu. İrəvan qalası haqqında kəşfiyyat məlumatları toplayan general Paskeviç yazırdı: “Zəngi çayının sıldırımlı sahilindən İrəvan qalasının bağları, minarə və qüllələri ilə birlikdə içəri binalar görünür. Dik sahilin zirvəsində, 200 sajen məsafədə mazğalları və cinahlarda bürcləri olan qala divarları uzanır. Qalanın sahil sığınacaqlarına o qədər də fikir verilməyib, bəzi yerləri uçub-tökülüb. Sahilin dik olması və çayın axını sahil sığınacaqlarına açıq şəkildə hücuma keçməyə imkan vermir, həmçinin mühasirə işlərini aparmağa da mane olur. Qalanın qalan üç tərəfi isə 50 topla təchiz edilib, su ilə doldurulan dərin xəndəklərlə əhatələnib, bürclərdən və cinahlardan müdafiə olunan ikiqat qalın divarlardan ibarət olması qala qarnizonunun inadla müdafiə olunacağından xəbər verir”.
1827-ci il sentyabrın 24-də İrəvan qalasının rus qoşunları tərəfindən dördüncü mühasirəsi başlandı. Qalanın müdafiəsinə Həsən xan başçılıq edirdi. Paskeviç həmin gün Muğanlıtəpədən sağa doğru batareyalar qurdurdu və 3 gün ara vermədən 2 batareya qalanı artilleriya atəşinə tutdu. Ağır topların atəşinə davam gətirməyən qala bürcləri dağıldı. Qala müdafiəçilərini sudan məhrum etmək məqsədilə Paskeviçin əmrilə qala divarlarının dibindəki kəhrizlər daşla dolduruldu. Eyni zamanda Paskeviç Həsən xandan qalanı təslim etməsini tələb etdi. Lakin bu müraciətə məhəl qoymayan Aslanlar başı titulunu daşıyan Həsən xan Qacar əksinə, bürcləri təmir etdirərək yeni döyüşə hazırlaşdı. Növbəti təslim tələbinə müsbət cavab almayan Paskeviçin əmrilə İrəvan qalasına 40 topdan 1000-dən artıq mərmi yağdırıldı. Şəhər od-alov içində yanmağa başladı. İrəvanlılar da düşməni top atəşinə tuturdular. Lakin qaladakı ermənilərin xəyanət edərək düşmənlə əlaqəyə girməsi vəziyyəti daha da ağırlaşdırdı. Əvvəl olduğu kimi, yenə də erməni casusları Paskeviçlə əlaqə yaradıb qala müdafiəçilərinin mövqeyi, sayı, topların yerləşdirildiyi yerlər və s. hərbi sirləri ona çatdırırdılar.
1827-ci ilin aprelində şəhər əhalisi öz yerlərini tərk edib qalaya köçəndə xanlığın ərazisində yaşayan azsaylı ermənilər ruslarla əlaqəyə girməsin deyə xan tərəfindən qalada yerləşdirilmişdi. Erməni keşişi Nerses sentyabrın 27-28-də rus qoşunlarına təcili yardım etmək üçün Üçkilsə kəndlilərinə xüsusi çağırışla müraciət etmişdi. Sentyabrın 30-da qalanın mühasirəsi daha da daraldıldı. Toplar yeni, daha yaxın mövqelərə gətirildi. Qala divarları bütün mövqelərdən atəşə tutuldu. Ermənilər qala divarlarının üstünə qalxıb papaqlarını yelləyərək təslim olduqları barədə işğalçılara işarə verdikləri halda, 2 qalanın azərbaycanlı əhalisi özlərinin qədim şəhərini qəhrəmancasına müdafiə etməkdə davam edirdi.
Həsən xanın əmrilə oktyabrın 1-nə keçən gecə qala müdafiəçiləri rus qoşunlarını yenidən güclü atəşə tutdu. Lakin bu istənilən nəticəni vermədi. Oktyabrın 1-də qaladakı ermənilər işğalçılarla əlbir hərəkət edərək qiyam qaldırdılar və Həsən xandan qalanı təslim etməyi tələb etdilər, onlar xanın bütün səylərinə baxmayaraq qalanın şimal qapılarını rus qoşunlarının üzünə açdılar. Bundan istifadə edən podpolkovnik Qurko və Şepelevin dəstəsi qalanın cənub-şərq qülləsini tutdular. Bundan sonra qalanın şimal qapılarına yaxınlaşan Krasovski tatar dilini (Azərbaycan türkcəsi- red.) yaxşı bilən Belova onlara elə həmin dəqiqə darvazaları açmalarını deməyi əmr etdi. Bu sözlər Belovun ağzından çıxan kimi qaladan atəş açıldı və folkonetdən açılan iri mis mərmi onun beynini dağıtdı. Bu İrəvan qalasından açılan Həsən xanın əli ilə yönəldilmiş sonuncu güllə oldu. Bir dəqiqədən sonra darvazalar açıldı və rus qoşunları qalaya daxil oldu.
İrəvanın inadkar müdafiəçisi son anda qalanı partlatmaq məqsədi ilə barıt qülləsinə yanan fitil qoymuşdu. Lakin poruçik Lemyakin təhlükəni vaxtında görmüş və əli ilə yanan fitili götürmüşdü. Elə bu anda qarnizon silahı yerə qoymuşdu. Həsən xan isə özünə sadiq adamları ilə məsciddə müdafiə olunurdu. Erməni xəyanətindən istifadə edərək qalaya daxil olan rus qoşunları ilə onun qəhrəman müdafiəçiləri arasında qanlı döyüş baş verdi.
Erməni vandallarının məhv etdikləri bu qədim tarixi abidələr, qəhrəmanlıq qalaları ilk mənbələrdə və Azərbaycan xalqının yaddaşında yaşayır. Müqavimət göstərməyin heç bir nəticə verməyəcəyini görən Həsən xan 200-dək əyanla qaladakı məscidlərin birinə çəkildi. Axşama yaxın İrəvan qalası işğalçıların əlinə keçdi. Həsən xanla bərabər xüsusi tabor komandiri Qasım xan, Cəfərqulu xan Mərəndli, Əlimərdan xan Təbrizli, Aslan xan, Fətəli xan və başqaları ələ keçirildi. Bundan əlavə, qala müdafiəçilərinin 4 bayrağı, qala üzərindəki bütün toplar, silah və sursat ehtiyatı da düşmənin əlinə keçdi.
İşğalçı Rusiya qoşunlarının İrəvanda törətdikləri dağıntılar və şəhərə vurduqları zərərlə bağlı V.Potto bu hadisənin canlı şahidinin dediklərini olduğu kimi qələmə alaraq yazırdı: “Qalanın cənub-şərq küncünə çatarkən divar və bürclərin dağıntısı məni heyrətə saldı. Mənə elə gəlir ki, rus mühasirə artilleriyasının dörd gündə etdiyini çərxi-fələk dörd əsrdə belə edə bilməzdi”.
İrəvan qalasının tutulması ilə Şimali Azərbaycanın bütün ərazisi Rusiya imperiyasının tərkibinə qatıldı. İşğaldan sonra Qacarlar İranı və Osmanlı dövləti ərazilərindən köçürülüb gətirilən ermənilər Azərbaycan xalqının qəhrəmanlıq mübarizəsi tarixinin ən şanlı və ən parlaq simvolu olan İrəvan və Sərdarabad qalalarını dağıdıb məhv etdilər. Lakin erməni vandallarının məhv etdikləri bu qədim tarixi abidələr, qəhrəmanlıq qalaları ilk mənbələrdə və Azərbaycan xalqının yaddaşında yaşayır.
Akademik Yaqub Mahmudov yazır ki, “Erməni məsələsi”nin meydana çıxmasının mayasında da Rusiya, İngiltərə, Fransa və ABŞ-ın Osmanlı dövlətini parçalamaq siyasəti dayanırdı. Rusiya, hələ imperator I Pyotrun vaxtından etibarən isti dənizlərə çıxmaq, Boğazlara, Balkanlara yiyələnmək siyasətini davam etdirirdi. Ermənilərdən Osmanlı dövlətinə qarşı bir alət kimi istifadə etmək siyasətini yürüdən Rusiya, hələ 1826-1828-ci illər Rusiya-İran müharibəsindən sonra imzalanan Türkmənçay müqaviləsinə əsasən İran ərazisindən 40 mindən artıq, 1828-1829-cu illər Rusiya-Türkiyə müharibəsindən sonra imzalanan Ədirnə müqaviləsinə əsasən isə Türkiyə ərazisindən 90 minə yaxın ermənini kütləvi surətdə yenicə işğal olunmuş Şimali Azərbaycan torpaqlarına (əsasən İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazisinə) köçürmüşdü. Rusiyanın əsas məqsədi İran və Türkiyə sərhədlərində möhkəmləndirilmiş xristian zolağı yaratmaq və həmin dövlətlərə qarşı gələcək işğallarında ermənilərdən yenə də bir vasitə kimi istifadə etməkdən ibarət idi. 1877-1878-ci illər Rusiya-Türkiyə müharibəsindən sonra da Türkiyə ərazisindən xeyli erməni köçürülərək əsasən İrəvan quberniyasının qəzalarında məskunlaşdırılmışdı.
1877-1878-ci illər müharibəsindən sonra imzalanan San-Stefano və Berlin müqavilələrinə əsasən Türkiyə ərazisində kompakt yaşadıqları ərazidə ermənilərə muxtariyyət verilməsi məsələsi meydana çıxmışdı. Qərb dövlətlərinin və Rusiyanın tövsiyəsi və maddi yardımları ilə ermənilər muxtariyyət əldə etmək üçün silahlı dəstələr təşkil etmişdilər. 1885-ci ildə Vanda yaradılan “Armenakan”, 1887-ci ildə Cenevrədə yaradılan “Hnçak” və 1890-cı ildə Tiflisdə yaradılan “Daşnaksutyun” partiyalarının əsas məqsədləri Türkiyə ərazisində kütləvi qırğınlar və terror aktları törətməklə muxtariyyət əldə etməkdən və sonradan həmin ərazilərdə erməni dövlətinin əsasını qoymaqdan ibarət idi. XIX əsrin sonlarında Türkiyə ərazisində baş qaldıran erməni üsyanlarının yatırılmasından sonra 400 mindən artıq erməni Cənubi Qafqaza gələrək, əsasən İrəvan quberniyasının ərazisində məskunlaşmışdı. Bütövlükdə, XX əsrin əvvəlində Cənubi Qafqazda yaşayan 1,3 milyon erməninin təqribən bir milyonu köçürülüb gətirilmişdi. Köçürülən ermənilər əsasən Azərbaycan ərazisində və azərbaycanlıların elliklə yaşadıqları Cənubi Qafqazın münbit torpaqlarında yerləşdirilmişdi.
Elçin Qaliboğlu
18.03-24.04.2020, www.xalqcebhesi.az
20.11.2025, 1905.az
















Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO








