Azərbaycanın işğala məruz qalmış ərazilərində erməni vandalları tərəfindən məhv edilən maddi-mədəniyyət abidələri milli sərvətimizdir. Bu abidələr təkcə maddi mədəniyyət deyil, həm də mənəviyyat tariximizin səhifələridir. Qarabağın tarixi abidələrinin darmadağın edilməsi isə tariximizin daşlaşmış yaddaşının silinməsi kimi ağrı-acılıdır.
Təbii-coğrafi baxımdan respublikamızın ən zəngin bölgələrindən olan Ağdam həm də xalqımızın çoxəsrlik tarixini özündə əks etdirən müxtəlif abidələr diyarıdır. Aparılan arxeoloji tədqiqatlar nəticəsində müəyyən olunub ki, bu yerlərdə insanlar təxminən 8-10 min il bundan əvvəl məskunlaşmışlar.
Ağdam şəhərində Üzərliktəpə abidəsi, Kəngərlidəki XIV əsrin yadigarı – daş abidələr, Papravənddəki Xanoğlu türbəsi, məscid, Xan qızı Natəvanın və oğlunun şərəfinə tikilmiş türbə, Şahbulaq qalası… kimi tarixi-memarlıq abidələri Ağdamın işğalı zamanı dağıdılıb məhv edilib. Buradakı abidələr müxtəlif dövrləri əks etdirən nadir nümunələr idi. Bu maddi-mənəvi sərvət qruplaşdırılaraq “Azərbaycan Respublikasının ərazilərində dövlət mühafizəsinə götürülmüş daşınılmaz mədəniyyət abidələrinin əhəmiyyət dərəcəsinə görə bölgüsü” adlı kitaba daxil edilib.
Ağdamda işğaldan əvvəl 148 ümumtəhsil, bir orta ixtisas musiqi məktəbi, 24 klub, Dövlət Dram Teatrı, Muğam məktəbi, Çörək muzeyi, Şəkil qalereyası, tarix-diyarşünaslıq muzeyi, Qurban Pirimovun ev-muzeyi, 69 səhiyyə müəssisəsi fəaliyyət göstərib.
Bunlardan başqa rayonda dini, tarixi və mədəniyyət abidələri də az deyildi. Onlardan biri də Pənahəli xanın imarətidir. Bu abidə Ağdam şəhəri yaxınlığında, dağınıq şəkildə dövrümüzə qədər gəlib çatmış iki binadan ibarət olub. Çox güman ki, ilkin çağında bu kompleksə daha çox bina daxil imiş. Kompleksin Pənahəli xanın 1738-ci ildə Xorasandan – Nadir şahın xidmətindən uzaqlaşıb Qarabağda xanlıq quruculuğuna başladığı ilk illərdə inşa edildiyi bildirilir. İmarətin binaları dəbdəbəli xan iqamətgahı olmayıb, XVIII əsrin Qarabağ bölgəsi zənginlərinin yaşayış evləri kimidir. İmarətin nisbətən böyük ölçülü əsas binası planda bir qədər mürəkkəb quruluşlu, müxtəlif ölçülü otaqlardan ibarət olub.
Buradakı dini mərkəzlərdən sayılan tarixi məbədlərdən biri də Ağdam Cümə məscidi idi. Memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən 1868-1870-ci illərdə tikilmişdi. İbadət salonunun cənub divarının ortasında uca mehrab taxçası quraşdırılmışdı. Sadə bəzəkli mehrab taxçasının üzərindəki kitabədə dekor ustasının adı (mərhum Kərbəlayi Nəqqaş Təbrizinin oğlu ustad Məhəmməd Nəqqaş Təbrizi) və təmir tarixi (hicri 1331, miladi 1913-cü il) yazılmışdı.
1993-cü ilin iyul ayında Ağdamın ermənilər tərəfindən işğalı zamanı Cümə məscidi də, digər tikililər kimi, darmadağın edilmişdir.
Ağdamın məşhur Çörək muzeyinin adı dillər əzbəri idi. 1983-cü ilin noyabr ayında fəaliyyətə başlayan bu bərəkət məbədi dünyada ikinci, keçmiş SSRİ-də isə birinci və yeganə çörək muzeyi idi. Burada toplanan eksponatlar arasında daşlaşmış qədim taxıl nümunələri, nadir dənli bitki növləri, taxılçılığın inkişafına aid çoxsaylı qiymətli kitablar, əlyazmalar, lazımlı və çox əhəmiyyətli materiallar – qədim əkinçilik alətləri: xış, adi və dişli oraq, taxıldöyən vərdənə, əl dəyirmanı və başqa alətlər qədim əkinçilik sənətindən soraq verirdi.
Muzeyin çox maraqlı tarixçəsi var idi. Deyirlər ki, şəhərin mərkəzində xarabaya çevrilmiş köhnə bir dəyirman olub. Ötən əsrin ortalarında, daha doğrusu, İkinci Dünya müharibəsinin ağır illərində həmin dəyirman Ağdamın yeganə çörək təknəsinə çevrildiyindən ora müqəddəs məkan kimi baxıblar. Sonradan bu dəyirmanın Çörək muzeyi kimi fəaliyyət göstərməsi ideyasını hamı bəyənib. Məşhur seleksiyaçı alim, akademik İmam Mustafayev muzeyin eksponatlarını şəxsi taxıl kolleksiyası hesabına zənginləşdirib. Yüzə qədər xalqın çörək nümunələri burada toplanmışdı. Əfsanəni xatırladan bir hadisə daha maraqlı və həm də muzeyin müqəddəsliyini təsdiq edirdi: Leninqrad (Sankt-Peterburq) blokadasının iştirakçısı, milliyyətcə rus olan bir qadın muzeyin sorağını eşidəndə acından ölüm ayağında belə yeməyib saxladığı, kömürləşmiş 150 qramlıq çörək payını gətirib muzeyə vermişdi. Muzeyə hətta Kosmonavt şəhərciyindən çörək nümunələri göndərilmişdi. Qısa müddətdə 2 minə yaxın taxıl nümunəsi toplanmış belə bir müqəddəs muzey də ermənilər tərəfindən yer üzündən silindi: 1992-ci il avqust ayının 12-də ermənilərin atdığı “Qrad” mərmisi Çörək muzeyinin külünü göyə sovurdu. İllərdir ki, xaraba qalan muzeyin şəklini xarici ölkə jurnalistləri çəkərək müxtəlif saytlarda yerləşdirirlər.
Ağdam şəhərindəki “Çay evi”nin də şöhrəti təkcə bölgəyə, yaxud respublikaya deyil, yaxın-uzaq diyarlara yayılmışdı. 1986-cı il iyul ayının 26-da açılan “Çay evi”nin layihəsinin müəllifi 1984-1988-ci illərdə Ağdamda baş memar işləyən Naiq Səmədov olub. Erməni quldur dəstələrinin tar-mar edib dağıtdığı “Çay evi”nin də adı yaddaşlarda yaşayır.
Pənahəli xanın məqbərəsi və oğlu, Qarabağ xanı İbrahimxəlil xana məxsus türbə Ağdamın İmarət qəbiristanlığında yerləşirdi.
Rayonun Xaçın Türbətli kəndindəki Elxanilər dövrünə aid xatirə memarlığının dəyərli bir abidəsi də qalmışdı ki, el arasında “Sarı Musa türbəsi” adlanırdı. Buradakı daş kitabədə türbənin 15 iyul 1314-cü il tarixində tikildiyi yazılmışdı. 1993-cü ildə Ağdamın işğalından sonra ermənilər türbədəki divar rəsmlərini və divar daşları üzərindəki yazıları silərək yerinə kiçik xaç şəkilləri pərçimləyiblər.
İllərdir ki, Ağdam ərazisindəki maddi-mədəniyyət abidələri erməni qəsbkarlarının vandalizm siyasətinin şahididir. Daşnaklar və onların havadarları muzeylərdəki eksponatları nəinki talayıb aparmış, hətta həmin abidə-məbədlərin daşını daş üstə qoymamışlar. Bütün bu faktlar isə illərdən bəri beynəlxalq müşahidəçi qismində Qarabağa səfər edən təşkilatların təmsilçilərinə yaxşı məlumdur, çünki vaxtaşırı verdikləri hesabat-məruzələrində göstərməyə məcburdurlar. Təkcə mədəniyyətimizi deyil, tariximizin bir parçasını sinəsində saxlamış həmin abidələrdən sayılan Xanoğlan türbəsi də daşnak quldur dəstələri tərəfindən dağıdılıb.
Ağdamda təkcə maddi-mədəniyyət ocaqları deyil, dini məbədlər də düşmən tərəfindən yerlə yeksan edilib. Papravənddəki Şeyx Nigar, Seyid Miriş ağa, Qara Pirim və digər ziyarətgahlar da dağıntıya məruz qalıb. Təsəllimiz odur ki, Ağdam Tarix-Ölkəşünaslıq Muzeyi rayonun işğaldan kənarda qalan Qaradağlı kəndində bərpa edilib qorunur.
Qoca tarix çox belə talanların və dağıntıların şahidi olub. Ümidvarıq ki, Qarabağın tarixini, onun maddi-mənəvi sərvətlərini özündə qoruyub saxlayan Ağdam işğaldan azad olunacaq. Dağıdılmış, talan edilmiş qədim yaşayış məntəqələrindəki mədəniyyət və mənəviyyat abidələrimizin yenidən bərpası isə bir vətəndaşlıq borcu kimi bugünkü nəslin üzərinə düşəcək.
Məhəmməd NƏRİMANOĞLU,
“Azərbaycan” qəzeti
08.08.2015
http://www.azerbaijan-news.az/index.php?mod=3&id=75524