Rusiya imperiyası erməniləri azərbaycanlıların qırğınına və deportasiyasına yönəltməklə Cənubi Qafqazda möhkəmlənməyi, ermənilər isə Rusiyanın havadarlığına arxalanaraq tarixi Azərbaycan torpaqlarını ələ keçirməyi, bu torpaqlarda erməni dövləti qurmağa məqsəd görürdülər.
Hələ 1721-ci ildə Qafqaza yürüşə çıxan və iki il sonra Azərbaycanın Xəzəryanı ərazilərini, o cümlədən Bakını işğal edən I Pyotr yerli əhalinin sərt müqavimətini görüncə, “erməni kartı”nı işə salmış və azərbaycanlıların tarixi torpaqlarında, xüsusilə Bakı və Dərbənddə ermənilərin məskunlaşdırılması barədə göstəriş vermişdi.I Pyotrun xələflərinə ünvanladığı tarixi vəsiyyət isə təkcə Rusiya imperiyasının deyil, nəticə etibarilə bolşevik Rusiyasının da Cənubi Qafqaz siyasətinin əsasını təşkil etdi. Həmin vəsiyyətə ilk əməl edən II Yekaterina 1768-ci ildə imperiyanın ermənilərə məxsusi hamiliyi barədə fərman verdi, 1802-ci ildə isə çar I Aleksandr Qafqaz canişini A.Sisianova konkret təlimat göndərdi: Ermənilərdən nəyin bahasına olursa-olsun Azərbaycan xanlıqlarının ələ keçirilməsində istifadə olunmalı idi. Bu, Rusiyanın Azərbaycan torpaqlarının işğalına başladığı dövr idi.
1813-cü ilin Gülüstan və 1828-ci ilin Türkmənçay müqavilələri ilə Azərbaycanın ikiyə bölünməsi Şimali Azərbaycan torpaqlarının erməniləşdirilməsi prosesini sürətləndirdi. Türkmənçay müqaviləsindən dərhal sonra, 1828-ci il martın 21-də imperator I Nikolayın fərmanı ilə İrəvan və Naxçıvan xanlıqlarının ərazisində “Erməni vilayəti” təşkil edildi. Bu, tarixi Azərbaycan tarpaqlarında yaradılacaq gələcək Ermənistanın faktiki təməli idi. Buradaca bir faktı qeyd edək ki, həmin vaxtın rəsmi statistikasına görə, “Erməni vilayəti”nin mərkəzi olan İrəvan şəhərində 7331 azərbaycanlı, 2369 erməni yaşayırdı. Buna paralel olaraq Türkmənçay müqaviləsinin 15-ci bəndinə əsasən, İrandan 40 min erməni İrəvan, Qarabağ və Naxçıvana köçürüldü. Analoji proses XIX əsrdəki Rusiya-Türkiyə müharibələrinin yekununda (1829, 1878) da özünü göstərdi, Türkiyə ərazisindən təxminən 85 min erməni köçürülərək sözügedən bölgələrdə məskunlaşdırıldı. Bu proses minlərlə azərbaycanlının doğma torpağından qovulması, qətlə yetirilməsi ilə müşayiət olunurdu.
XIX əsrin 2-ci yarısından ermənilərin azərbaycanlılara qarşı soyqırımı təşkilatlanmış və planlı siyasət kimi aparılmağa başladı. Azərbaycan, Türkiyə və Gürcüstan ərazisində “Böyük Ermənistan” dövlət qurmağı niyyətləyən ermənilər “Qnçaq” (1887-ci ildə Cenevrədə qurulub), Daşnaksütyun (1890, Tiflis), “Erməni Vətənpərvərləri İttifaqı” (1895, Nyu-York) kimi siyasi-terror təşkilatları bu istiqamətə yönəltdilər. Sözügedən təşkilatın fəaliyyət proqramında azərbaycanlılara ardıcıl terror və qırğın aksiyaları həyata keçirmək əsas yeri tuturdu. 1905-1907-ci illərin Rusiya inqilabı bu təşkilatların fəaliyyəti üçün “geniş imkanlar” açdı. İnqilabi qarışıqlıqdan istifadə edən ermənilər Bakı, Şuşa, Zəngəzur qəzalarında, Qarabağda kütləvi qırğınlar törətdilər, 75 azərbaycanlı kəndini talan etdilər. 1905-1907-ci il inqilabından sonra azərbaycanlıların deportasiyası və soyqırımı prosesi örtülü şəkildə davam edirdi. Bunu Rusiya imperiyasının o vaxtkı statistik məlumatları da təsdiqləyir. 1916-cı ildə nəşr olunan məlumatlara əsasən, İrəvan quberniyasının əhalisi 1830-1914-cü illər ərzində 40 dəfə artaraq, 570 min nəfər təşkil edib. Lakin bunun müqabilində bölgənin azərbaycanlı əhalisinin sayı cəmisi 4,6 dəfə artmışdı. Hətta bu qədər sıxışdırılma və deporatsiya müqabilində yenə 1916-cı ildə İrəvan əhalisinin təxminən 45 faizi, yəni 247 min nəfəri azərbaycanlılar idi.
1914-cü ildə başlanan I Dünya müharibəsi və onun gedişində Rusiyada baş verən inqilablar (1917-ci il) ermənilərin “Böyük Ermənistan” iddiası üçün əlverişli şərait yaratdı. 1915-ci ilin əvvəlində Türkiyənin şimal-şərq bölgələrinin (həmin ərazilər Rusiyanın Qafqaz qoşunları tərəfinlən ələ keçirilmişdi) erməni əhalisi Osmanlı dövlətinə qarşı müharibəyə və türklərə qarşı kütləvi qırğınlara başladı. Bunun cavabında Osmanlı dövləti erməni əhalisinin o ərazilərdən kütləvi şəkildə köçürülməsi barədə əmr verdi. Türkiyə ərazisindən erməni hərbi dəstələri ilə birlikdə İrəvan quberniyasına, Qarabağa və Zəngəzura böyük miqdarda erməni əhalisi də köçüb gəlmişdi. Rusiya ordusuna arxalanan ermənilər əvvəlcə Naxçıvanda və İrəvanda, ardınca isə Qarabağda, Azərbaycanın digər bölgələrində azərbaycanlılara divan tutmağa başladılar. Bu, ermənilərin “Böyük Ermənistan” iddiasının pik dövrü idi. Dağılmaqda olan Osmanlı imperiyasının şimal-qərbində qondarma “Qərbi Ermənistan” dövlətini elan edən ermənilər Cənubi Qafqazın da yeni xəritəsini cızmaq əzmində idilər. Gürcülərə və azərbaycanlılara qarşı ərazi iddialarını açıq-aşkar səsləndirən erməni millətçiləri 1918-ci ilin ilk aylarından Dərbənddən Lənkərana, Zəngəzurdan Bakıya, Borçalıdan Qarabağadək bütün bölgələrdə xüsusilə amansız talan və qırğınlara başladılar. Hələ 1918-ci ilin mart ayına qədər İrəvan quberniyasında 199 azərbaycanlı kəndi dağıdılmışdı. Bütövlükdə isə bu qırğınlara 1917-ci ilin dekabrın 16-da RSFSR Xalq Komissarları Soveti tərəfindən Qafqaz işləri üzrə fövqəladə komissar təyin edilmiş Stepan Şaumyan başçılıq edirdi.
http://www.azerbaycan.se saytının materialı əsasında hazırlanıb