Çar Rusiyası siyasətində ermənilərin Şimali Azərbaycana köçürmə siyasətində Naxçıvan bölgəsinə də xüsusi yer ayrılmışdıı. Rusiyada bu siyasətə haqq qazandırmaq üçün İrəvan və Naxçıvan kimi tarixi Azərbaycan ərazilərini erməni torpağı kimi qələmə verməkdə davam edirdi. Çar I Nikolay (1825-1855) İrəvan və Naxçıvan xanlıqları əsasında qurama “Erməni vilayəti” yaradılması haqqında 1828-ci ilin martında fərman vermişdi.
Lakin qısa bir müddət sonra, 1840-cı ildə bu vilayəti ləğv etmiş, beləliklə, həmin ideyanın doğru olmadığı təsdiq olunmuşdu. Buna baxmayaraq 1828-1831-ci illərdə Naxçıvan bölgəsinə xeyli miqdarda erməni köçürülmüşdü.
Naxçıvan vilayəti və Ordubad dairəsinə İrandan 2387 ailə, yaxud 11992 nəfər (6339 kişi, 5653 qadın), Türkiyədən 8 ailə, yaxud 27 nəfər (17 kişi, 10 qadın) köçürülür.
Qriqoryevin ermənilərin İrandan Naxçıvana köçürülməsinə dair faktları Şopendən müəyyən qədər fərqlənir. Şopen İrandan Naxçıvana köçürülənlərin ümumi sayının 2387 ailə (Naxçıvan əyaləti üzrə 2137, Ordubad dairəsi üzrə 250 ailə) olduğunu göstərirsə, Qriqoryevdə bu rəqəmlər müvafiq olaraq 2551 (+164), 2285 (+148) və 266 (+16) təşkil edirdi. Qriqoryevin təqdim etdiyi cədvəl ermənilərin haradan haraya köçürülməsini də aydınlaşdırır. Cədvəldən aydın olur ki, Naxçıvan əyalətinə köçürülən 2285 ailədən 416-sı (18,2 %) Naxçıvan şəhərində məskunlaşmışdı. Qalan ailələr Naxçıvan əyalətinin 43, Ordubad dairəsinin 5 kəndində yerləşmişdi.
Qriqoryevin təqdim etdiyi cədvəlin mühüm cəhətlərindən biri də ondan ibarətdir ki, o Naxçıvana köçürülən ermənilərin yaş və cins kimi vacib demoqrafik göstəriciləri haqqında təsəvvür yaradır. Köçürülən ermənilərin (13160 nəfər) 6954 nəfərini (52,8 %) kişilər təşkil edirdi. Kişilərə dair məlumat iki yerə bölünmüş, burada böyüklər və kiçik yaşlılar ayrılmışdır. Bu rəqəmlər də əslində ciddi informasiya mənbəyidir. Köçürülən ermənilərin 4459 nəfəri (64,12 %) böyüklər, 2495 nəfəri (35,88 %) kiçik yaşlılar idi. Bu fakt köçürülən ermənilər içərisində demoqrafik artım potensialını göstərir. Köçürülən ermənilərin 6206 nəfərini (42,2 %) qadınlar təşkil edirdi.
http://www.quickiwiki.com