Artıq yüz ildir deyilən, get-gedə böyüyən yalanların “yüz illiyi”nə də gəlib çatdıq. Ermənistanın və erməni lobbisinin hər il aprel ayında “vay-şüvən”, türklərə qarşı uydurma “soyqırımı” iddiaları bu qondarma hadisənin növbəti il dönümü ərəfəsində pik həddinə çatmaqdadır.
Türkiyədən torpaq və təzminat davasına qalxan ermənilər və onların havadarları hər vəchlə tarixi faktları saxtalaşdırmaqda, itkilərin sayını və həcmini get-gedə artırmaqdadırlar. Amma hamıya məlum olduğu kimi, faktdan qaçmaq mümkün deyil. Belə ki 1914-cü ildə Türkiyənin I Dünya müharibəsinə qoşulması ilə ermənilər güclü bir fakt qarşısında qaldılar: “Böyük Ermənistan” yaratmaq istədikləri ərazilərin bir hissəsi Türkiyədə, o biri hissəsi almanlara və türklərə qarşı vuruşan Rusiyada idi. Nə etməli? Çox düşünmədən onlar özlərini antitürk qüvvələrin yanında gördülər.
Hərbi əməliyyatlar başlayan kimi Türkiyə Böyük Millət Məclisinə Ərzurumdan deputat seçilən Qaro Basdırmacan əsasən ermənilərdən ibarət hərbi hissələr ilə birlikdə rusların tərəfinə keçdi. Yeri gəlmişkən, türklər heç vaxt ermənilərin səmimiyyətinə inanmadıqları üçün tarix boyu onları orduya götürməzdilər. Həmin illərdə isə sultanlıq qismən məcbur olub onları da əsgəri xidmətə çağırdı. Bu da tezliklə öz acı nəticələrini verdi…
Qaronun başçılıq etdiyi dəstələr getdikcə daha da azğınlaşaraq türk kəndlərini dağıdır, əhalini amansızcasına qırıb çatırdı. Yerli müsəlman əhalisinin – türklərin və kürdlərin bu azğınlığa cavabı isə ermənilər və onların xaricdəki havadarları tərəfindən “erməni xalqının soyqırımı” kimi qiymətləndirilirdi. XIX əsrin sonu – XX əsrin əvvəllərində Türkiyədə baş verən bu qanlı hadisələrlə əlaqədar ingilis tarixçisi Filip Prays yazırdı: “Müharibənin başlaması ilə bu rayonların erməni əhalisi (şərq vilayətləri nəzərdə tutulur) Qafqazdakı rus hakimiyyət orqanları ilə xəlvəti əlaqələr qurdular və hamıdan gizli türk vilayətlərindən rus ordusu üçün konüllülər toplamağa başladılar… Şərq vilayətlərində hərbi xidmətdən yayınmalar kütləvi xarakter almışdı. Rus zabitlərinin rəhbərliyi altında erməni dezertirlərdən ibarət xeyli alaylar yaradılmışdı. Türk parlamentinin iki erməni deputatı Rusiyaya qaçmışdı. Ermənilərin buraxdığı qəzetlər qisasa, türkləri əzabla öldürərək analarını ağlatmağa çağırırdı. Ermənilərin etdiyi cinayətlər heç kəsdə şübhə doğurmur.” (M.P.Prise. A History of Turkey. – London, 1956, p. 91.)
Tək bir gündə – 21 fevral 1914-cü ildə Qarsda və Ərdahanda erməni quldur dəstələri tərəfindən 30 min türk qətlə yetirilmişdi. Körpələri alıb tonqala atır, öldürdükləri insanlara vəhşicəsinə əzablar verirdilər. Bu qətllərin bilavasitə başında “Hnçak” erməni terror təşkilatının gizli ideoloqu, türk parlamentinin deputatı Stepan Ter-Danielyan dururdu. Ermənilərin düşünülmüş fəaliyyət planı haqda o vaxt Bitlis vilayətinin qubernatoru Mustafa bəy 3-cü Ordunun komandanına yazırdı: “Erməni liderlərin qərarına əsasən, hərbi əməliyyatlar başlayan halda erməni əsgərlər əldə silah düşmən tərəfə keçməlidirlər. Türk qoşunları uğur qazansa, ermənilər hərəkət etməyəcək, əksinə, əgər ordumuz geri çəkilsə, onların yaratdıqları partizan dəstələri qoşunların hərəkətinə maneələr törətməlidirlər.
Elə bu vaxtlar Sivas qubernatoru da məlumat verirdi ki, “ələ keçənlərin verdiyi məlumata görə, ermənilərin vilayətdə 30 000 nəfər silahlısı var ki, onların da yarısı artıq rus ordusu ilə birləşib. O biri yarısına isə arxadan türk qoşunlarına zərbə endirmək tapşırığı verilib.”
1915-ci ilin mayında rusların Şərqi Anadoluya hücumlarının gücləndiyi, ingilis və fransızların Çanaqqala əməliyyatlarına başladığı bir dövrdə ermənilər “dostlar”ının yazdığı ssenariyə uyğun olaraq Zeytun, Van və Muşda ayağa qalxdılar. Mayın 6-da ermənilər monoetnik zona yaratmaq məqsədilə Van şəhərində müsəlmanları qırıb çatdılar. Akademiklər C.Əliyev və B.Budaqovun müəyyənləşdirdiyinə görə, təkcə Van vilayətində erməni terroristlərinin qətlə yetirdiyi dinc əhalinin sayı 3000 nəfərdən çox idi ( “Azərbaycan və azərbaycanlılar” jurnalı, 2002). Yeri gəlmişkən, 22 iyun 1915-ci ildə hökumət qüvvələri Van şəhərinə daxil olduqda gördükləri mənzərədən dəhşətə gəldilər: şəhərin bütün müsəlman əhalisi – türklər, azərbaycanlılar, kürdlər ermənilər tərəfindən amansızlıqla qətlə yetirilmişdilər. Hətta hadisədən 8 gün sonra bütün bunların şahidi olmuş general Nikolayev hansısa Tero və Xeço adlı ermənilərin rəhbərlik etdikləri quldur dəstələrinin vəhşiliklərindən hiddətlənərək yazırdı ki, onları topa tutmaq lazımdır…
İndi 5000 nəfərin qətlə yetirildiyi həmin yerdə türklərin soyqırımı abidəsi ucalır.
Vandakı qırğınlar bununla bitmədi. Növbəti dəfə ermənilər 22 may 1916-cı ildə orda yenidən qırğınlar törətdilər. Erməni başkəsənləri 1000-dən artıq uşağı boğaraq öldürdülər. Belə vəhşiliyi bəşər tarixi xatırlamır. Meyitlərin qulaqları, burunları kəsilmiş, gözləri çıxarılmışdı. Bu dəfəki itkilərin sayı isə 15 000 nəfəri adlamışdı.
1915-ci il mayın 9-da eyni şəkildə Bitlisdə 123 nəfər qətlə yetirildi. Tarixçi Rafael de Noqqalesin yazır ki, “…onlar əllərinə keçən bütün dinc müsəlmanları vəhşicəsinə qırıb çatırdılar”. Ümumiyyətlə, gürcü tarixçisi Q.Marxuliyanın yazdığı kimi, onların mübarizə metodu ancaq bundan ibarət idi: “…insanları silahlandırmaq üçün bütün vasitələrə əl atmaq, …toqquşmalar təşkil etmək və hökumət məmurlarını aradan götürmək, …dövlət idarələrini talan etmək və dağıtmaq… Məqsədə çatmaq üçün hər şeyə icazə verilirdi – təbliğata, terrora, qiyama.”
Amerika tarixçilərindən C.K. Makkartinin tədqiqatlarına görə, XX əsrin əvvəllərində baş verən bu qanlı hadisələrdə 2,5… milyon müsəlman həlak olub. Ermənilərin “genosid günü” dedikləri bu tarixin, göründüyü kimi, “erməni genosidi”nə heç bir aidiyyəti yoxdur. Bu, “türklərin, müsəlmanların genosid, soyqırımı” günü kimi anılsa daha düzgün olar, Allaha da, bəndəyə də, şəhidlərin adına da xoş olardı..
Qaldı ermənilərin İran və Qafqaz cəbhəsindən ölkənin müxtəlif ərazilərinə köçürülməsinə, gürcü alim Q.Marxuliyanın ifadəsi ilə desək, “ermənilərin köçürülməsinə səbəb onların xəyanəti və qiyamları oldu. Ermənilərə elə gəlirdi ki, ələ keçirdikləri torpaqlar Birinci Dünya müharibəsindən sonra onlara qalacaq və onlar orada müstəqil Ermənistan dövləti yaradacaqlar…” Ancaq türklər də yaxşı deyib: “sən saydığını say…”
Türk hökumətinin qərarı ilə 24 aprel 1915-ci ildə bütün erməni komitələrinin fəaliyyəti dayandırıldı, bu təşkilatın 2345 nəfər rəhbər üzvü həbs edildi, erməni əhalinin bir qismi ölkədə əmin-amanlığı bərpa etmək məqsədilə Osmanlı dövlətinin ucqarlarına – Suriya, Livan, Fələstin torpaqlarına köçürüldü.
Bir faktı da vurğulamaq lazımdır – ermənilərin türk-müsəlman əhalisinə qarşı soyqırımı 1915-ci illə qurtarmadı, sonrakı illərdə daha da şiddətləndi. Bütün bu deyilənlərə faktların, statistikanın soyuq və qəddar nəzərləri ilə baxmağa çalışaq:
8 may 1916-cı ildə Andronikin quldur dəstələri Tərcan qəzasının müsəlman kəndlərində 563 nəfəri məhv etdi.
11 may 1916-cı ildə quldurlar Malazgird şəhərində 20 000 nəfəri öldürərək uşaqları əzablar verdikdən sonra odda yandırdılar.
Həmin vaxt Van yaxınlığındakı Köprüköy kəndində 200 nəfər erməni azğınlığının qurbanı oldu.
22 may 1916-cı ildə yenə həmin Van şəhərində ermənilər əhalini kütləvi şəkildə zəhərləyib yüzlərlə insanın ölümünə səbəb oldular.
Elə həmin gün qaçqınlarla dolu Ergəl və Atiyan kəndlərinin yaxınlığında quldurlar 8000 nəfərin həyatına son qoydu.
23 may 1916-cı il. Van yaxınlığında Seyl kəndində əksəriyyəti uşaq, qoca və qadın olan 300 nəfər türk ermənilərin gülləsinə tuş gəldi.
1916-cı ilin iyununda Ədrəmid şəhərində 15000 nəfər öldürüldü. Quldur dəstələri patronlara “qənaət” etmək məqsədilə insanları ən dəhşətli üsullarla məhv edirdilər. Daşnak “qəhramanlar”ından biri bu “şücaət”i barədə deyirdi: “Mən heç nəyə məhəl qoymadan Basarkeçərdə bir türk kəndini yerlə-yeksan etdim. Amma bəzən gülləyə heyfin gəlir. Bu itlərə qarşı ən yaxşı vasitə döyüşdən sonra bütün sağ qalanları quyulara doldurub üstdən ağır daşlar tökməkdir ki, bir də üzlərini görməyək. Mən belə də edirdim: bütün kişiləri və uşaqları yığıb quyulara doldururdum.”
Sonralar bütün bu cinayətlərə görə 1397 nəfər Türkiyənin ədalət məhkəmələri qarşısında dayandı. Onların bir çoxuna ölüm hökmü kəsildi…
Bəxtiyar QARACA,
“Azərbaycan” qəzeti,
19 aprel, 2015-ci il