XIX əsrin 90-cı illərindən başlayaraq ermənilər millətçi partiyalarını təsis edərək, əsasən, Türkiyə torpaqları hesabına «Ermənistan dövləti» yaratmaq planını qarşılarına məqsəd qoymuşlar. Yaradılan millətçi partiyalar ermənilərdə başqa millətlərə, xüsusilə də türklərə qarşı nifrət hissi oyatmağa çalışırdılar.
Varam adlı bir erməni cəlladı yazırdı: “…hərdən gülləyə heyfim gəlirdi. Bu itlərə qarşı ən yaxşı üsul odur ki, onları döyüşdən sonra diri-diri quyuya tullayıb, üstlərinə daş doldurasan… Mən belə də edirdim… Əlimə keçən sağlam və xəstə kişi, qadın və uşaqları bu yolla öldürürdüm”.
Bugünkü ermənilərin törətdikləri əməllər o dövrdə erməni quldur birləşmələrinin törətdikləri cinayətlərdən çox da fərqlənmir. Erməni millətçilərinin cızdıqları planların həyata keçirilməsində Erməni Kilsəsinin fəaliyyəti olduqca böyük və səciyyəvidir. O dövrdə də, indi də Erməni Kilsəsinin dini fəaliyyəti olduqca zəifdir, lakin bunun əvəzində kilsə həmişə şovinist ideyalarını həyata keçirməkdən ötrü əlindən gələni əsirgəməyib. Rusiyanın Van və Ərzurumdakı baş konsulu Mayevski öz xatirələrində yazırdı: “Həqiqət ona görə yoxdur ki, erməni müəllifləri həmin həqiqətdən düşünülmüş şəkildə qaçırlar. Onların bütün fəaliyyəti ağlasığmaz, görünməmiş, hələ eşidilməmiş qəddarlıqlar uydurmağa əsaslanmışdır ki, başqaların da ermənilərə rəğbət, türklərə nifrət hissi yaransın”. Təxminən yüz il bundan əvvəl yazılmış bu sətirlərin bu gün də aktual olduğunun canlı şahidiyik.
Erməni qurumlarının XIX əsrin 90-cı illərindən başlayaraq Osmanlı dövlətinə qarşı xarici qüvvələrin dəstəyi ilə qiyamlar qaldırdığı və dinc əhaliyə qarşı geniş soyqırımı siyasəti yürütdüyü rəsmi arxiv sənədləri ilə öz təsdiqini tapmışdır. Xalqın rifah halının yüksəldilməsi naminə, humanist məqsədlə yaradıldığı, elan edilən erməni millətçi partiyaları, əslində azğın millətçi olduqlarını və rus, ingilis, fransızların maliyyə yardımları ilə silahlanaraq qanuni dövlətə qarşı silahlı üsyanlar təşkil etdiklərini, dinc əhalini normal insan ağlına sığmayan qəddarlıqla qətlə yetirdiklərini əyani surətdə göstərdilər. Erməni dini liderləri, ziyalılar separatçı hərəkətlərdən çəkinməmiş və bu separatçılığın ideoloji rəhbərlərinə çevrilmişdilər. I Dünya müharibəsindən əvvəl ermənilər tərəfindən aparılan təşkilati hazırlıqları və müharibənin gedişində ermənilərin əməli fəaliyyətləri və onların törətdikləri vəhşiliklər arxiv sənədlərində öz əksini tapmışdır.
I Dünya müharibəsi illərində ermənilər vətəndaşı olduqları dövlətə xəyanət edərək Antanta tərəfindən könüllü olaraq müharibəyə qoşulmuş, «intiqam alayları» adı ilə cəza dəstələri yaratmış, Osmanlı dövlətinin düşmənləri xeyrinə casusluq etmiş, arxada yerləşən hərbi təyinatlı obyektlərə basqınlar təşkil etmişlər. Bununla kifayətlənməyərək bir çox şəhərlərdə qiyam qaldırır, idarəçiliyi öz əllərinə keçirərək Osmanlı ordusunun arxasında təhlükəli vəziyyətlər yaradırdılar. 600 ildən çox Osmanlı torpaqlarında normal şəraitdə yaşayan ermənilər nəticədə İngiltərə, Fransa və xüsusilə Rusiyanın təhriki ilə öz dövlətlərinə xəyanət etdilər. Osmanlı ordusunun müharibə meydanlarında döyüşlər apardığı zaman ermənilər arxada çətinlik çəkmədən böyük əraziləri ələ keçirərək orada öz idarəçilik rejimlərini yaradırdılar. Tarixi təcrübə göstərir ki, dövlətin çətin anlarından sui-istifadə edərək arxadan ona ağır zərbə endirmək erməni millətçi ünsürlərinə xas olan bir xüsusiyyətdir.
«Erməni məsələsi»ni və xüsusilə də XX əsrin son rübündə Azərbaycanda baş verən hadisələri araşdırmaq üçün erməni təşkilatlarının, erməni xalqı üzərində böyük nüfuzu olan ruhani rəhbərlərinin və ziyalıların iştirakını, davranışlarını addımbaaddım öyrənmək vacibdir. Erməni Qriqorian Kilsəsi dini vəzifələrini icra etməklə yanaşı, millətin taleyində əhəmiyyətli rol oynadığını göstərirdi. Buna görə də kilsə baş verən tarixi proseslərdə erməni xalqının taleyində öz töhfəsini vermiş və bütün fəaliyyətlərdə özünü avanqard kimi göstərmişdir. Ermənilər XIX əsrin sonlarında kilsələrinin güclü dəstəyi ilə terrora başladılar və qanlı hadisələr törətdilər. XX əsrin birinci rübünə qədər türklərə qarşı yeridilən soyqırımı məhz kilsə xadimlərinin xeyir-duası nəticəsində baş verirdi. XX əsrin 80-ci illərinin sonundan başlayaraq erməni məsələsi aktuallaşdırılaraq Avropa dövlətlərinin siyasətçiləri tərəfindən gündəmə gətirilmiş və öz mənafeləri naminə «erməni kartı»ndan istifadə edərək erməni millətini separatçılığa sövq etmişlər. Avropa dövlətlərinin və xüsusilə də Rusiya dövlətinin hər cür dəstəyindən ruhlanan erməni separatçıları Azərbaycanın Dağlıq Qarabağ ərazisində qiyam qaldırmış, milli münaqişələr törədərək Azərbaycan Respublikasının 20% ərazisini işğal etməyə müvəffəq olmuşdur.
N.Qəhrəmanovun “I Dünya müharibəsində Qafqaz cəbhəsində ermən amili” (Bakı, “E.L.” Nəşriyyat və Poliqrafiya Şirkəti MMC, 2008) kitabından