Ermənistanın hərbi təcavüzü və davakar separatizm nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsinin kökləri çar Rusiyasının müstəmləkə siyasətinə gedib çıxır.
Hələ XVIII əsrin əvvəllərində I Pyotr zamanında Rusiya isti dənizlərə yiyələnmək üçün planlar hazırlamağa başladı. 1804-1812-ci illər Rusiya-İran müharibəsinin gedişində 1805-ci il mayın 14-də Qarabağ xanı İbrahim Xəlil xan Cavanşir və Rusiya imperatorluğunun nümayəndəsi P.D.Sisianovun imzaladıqları Kürəkçay müqaviləsinə əsasən Qarabağ xanlığı Rusiyanın tabeliyinə keçdi. Müharibədə Rusiyanın qələbəsi nəticəsində Naxçıvan və İrəvan xanlıqları istisna olmaqla Şimali Azərbaycan xanlıqları işğal edildi. İşğalın nəticələri 1813-cü il oktyabrın 12-də imzalanmış Gülüstan sülh müqaviləsi ilə təsdiq olundu. 1826-cı ildə yenidən başlanan müharibənin nəticəsində Azərbaycanın Naxçıvan və İrəvan xanlıqları da işğal edildi. Bu, 1828-ci il fevralın 10-da imzalanmış Türkmənçay sülh müqaviləsinə əsasən təsdiq edildi. 1828-1829-cu illər Osmanlı ilə apardığı müharibə nəticəsində də Rusiya regionda üstünlük qazandı.
İşğal nəticəsində Azərbaycanın ərazisi və xalqı iki yerə bölündü. Şimali Azərbaycan əraziləri süni bölgülərə məruz qalaraq Rusiya imperiyası tərkibində müxtəlif inzibati hissələrə parçalandı. Ən son inzibati bölgüyə əsasən Şimali Azərbaycan ərazisi Bakı, Yelizavetpol və İrəvan quberniyaları və Zaqatala mahalına bölündü. Ermənistanın 1988-ci ildən etibarən əsassız iddia irəli sürdüyü və bir neçə il sonra işğal etdiyi Dağlıq Qarabağ ərazisi Yelizavetpol quberniyasına daxil idi.
İşğal etdiyi ərazilərdə müstəmləkə siyasətini həyata keçirmək üçün çarizmin istifadə etdiyi üsullardan biri digər xalqların regiona köçürülərək azərbaycanlılara məxsus torpaqlara yerləşdirilməsi idi. Yerləşdirmədə üstünlük ermənilərə verilirdi. Bu da səbəbsiz deyildi. Dövlətləri olmadığından Şərqdə daim başqa hakimiyyət altında yaşayan, region xalqlarının psixologiyasını, dillərini yaxşı bilən, adət-ənənələrinə dərindən bələd olan, şəraitə daha tez uyğunlaşan və itaətkar ermənilər bu işə digərlərindən daha münasib idilər. Çarizmin regiona gəlməsi ilə o zamana qədər heç bir zaman olmayan “erməni məsələsi” də meydana çıxdı.
Ermənilərin Osmanlı və İran ərazilərindən köçürülərək Cənubi Qafqaza yerləşdirilməsi məsələləri ilə məşğul olan xüsusi komissiya yaradıldı. Köçürülmə nəticəsində Qarabağ əyalətində 1828-1829-cu illərdə ermənilərin sayı 18 min, 1843-cü ildə isə 34 min 606 nəfərə çatdı. Köçürülmə məsələləri ilə məşğul olan çar məmuru N.İ.Şavrov bununla bağlı olaraq yazırdı ki, 1828-1830-cu illərdə Cənubi Qafqaza 40 min İran və 84 min Türkiyə ermənisi erməni əhalisinin yox dərəcəsində olduğu Yelizavetpol və İrəvan quberniyalarında ən yaxşı torpaqlarda yerləşdirildilər, Yelizavetpol quberniyasının dağlıq hissəsi (indiki Dağlıq Qarabağ) və Göyçə gölünün sahilləri ermənilərlə məskunlaşdırıldı. O daha sonra qeyd edirdi ki, Cənubi Qafqazda yaşayan 1 milyon 300 mindən artıq erməninin 1 milyondan çoxunun diyarın köklü sakinlərinə aidiyyatı yoxdur və bizim tərəfimizdən köçürülərək yerləşdirilmişlər.
Ermənilərin Azərbaycan ərazilərinə köçürülməsinin növbəti dalğası XIX əsrin ikinci yarısında oldu. Osmanlı ərazisində hökumət əleyhinə baş verən qiyamlar yatırıldıqdan sonra Daşnaksütyun və digər erməni təşkilatları tərəfindən terrorizə edilən 35-60 min erməni Şimali Azərbaycana yerləşdirildi. Əgər məskunlaşdırma nəticəsində 1873-cü ildə Yelizavetpol quberniyasında 99 min 918 nəfər erməni yaşayırdısa, 1886-cı ildə onların sayı 258 min 324 nəfərə çatdırıldı. Bununla bağlı olaraq sovet dövründə hazırlanmış “Daşnaksütyun Partiyasının əksinqilabi rolu” adlı tarixi oçerkdə etiraf edilirdi ki, Cənubi Qafqaza 1 milyon 200 min erməni yaşamaq üçün hər şeyə hazır vəziyyətdə gəldi. Köçürülmə siyasəti nəticəsində regionda demoqrafik vəziyyət dəyişdi. Erməniləri yerləşdirməklə çarizm Cənubi Qafqazda etnik-milli ziddiyyətlərin, münaqişələrin və axıdılan qanların toxumunu səpdi. Hnçak (Zəng), Daşnaksütyun (İttifaq) və b. siyasi, terror təşkilat və komitələri quruldu. Xəzər dənizi, Qara dəniz və Aralıq dənizi arasında tarixdə heç bir zaman olmayan “Böyük Ermənistan” ideyası ermənilər üçün uyduruldu. Məqsədə nail olmaq üçün əsas vasitə terror seçildi.Mövqeləri möhkəmlənən ermənilər yerli xalqlara düşmən münasibət bəsləyərək onları sıxışdırmağa başladılar. Sosial-iqtisadi, siyasi, milli və dini ziddiyyətlər yarandı.
Azərbaycan ərazilərinə ermənilərin yerləşdirilməsi XX əsrin əvvəllərində də davam etdirildi. Təkcə 1904-1905-ci illərdə qonşu ölkələrdən 45 min erməni Cənubi Qafqaza gətirilərək məskunlaşdırıldı.
Ermənilərin yerli əhaliyə nifrəti böhranlı anlarda açıq düşmənçiliyə keçdi.1905-1907-ci illər inqilabının gedişində çarizmin təhriki ilə erməni-azərbaycanlı qırğınları törədildi. Daşnaksütyun xüsusi silahlı dəstələr yaratdı, Bakıda, Qarabağ regionunda və Cənubi Qafqazın digər şəhərlərində erməni-azərbaycanlı qırğınları törətdi.
Ermənilərin azərbaycanlılara məxsus torpaqlara yerləşdirilməsi və törətdikləri kütləvi qırğınlarda növbəti mərhələ Birinci dünya müharibəsi illəri oldu. Çarizm müharibə illərində “Türkiyədə yaşayan qardaşlarının azad edilməsi” şüarı altında erməni silahlı dəstələrini Osmanlı ərazisi, Cənubi Azərbaycan və Cənubi Qafqazda formalaşdıraraq Rusiya ordusunun cərgələrini doldurdu. Bu dəstələr Anadoluda və Cənubi Azərbaycanda dinc türk əhaliyə qarşı kütləvi qırğınlar törətdilər.
Qafqaz cəbhəsində hərbi əməliyyatlar zonasından çoxlu sayda erməni Cənubi Qafqaza gəldiyi bir zamanda Qafqaz canişini Qafqazda torpaq islahatı aparmağı düşünürdü. Bu islahatın məqsədi barədə Rusiya Dövlət Şurasının üzvü A.M.Eristov “Birjevıe vedomosti” qəzetində dərc edilmiş məqaləsində yazırdı: “Görməmək mümkün deyildir ki, söhbət yalnız başdan-başa bircə erməni ərazisi yaradılması haqqında gedir”.
Hərbi əməliyyatların gedişində Cənubi Qafqaza gələn ermənilər yenə də əsasən azərbaycanlılara məxsus torpaqlara yerləşdirilirdilər. Erməni qaçqınlara yardım üzrə Mərkəzi Komitəsinin fəxri sədri yepiskop Mesrop ermənilərə yardım kampaniyasına başlayan Petroqrad şəhər başçısına 100 min Türkiyə ermənisini Qafqaz diyarında yerləşdirmək ümidində olduğunu yazırdı. Ermənilərin yerləşdirilməsi iri şəhərlərdə münasibətləri kəskinləşdirdiyindən Bakı general-qubernatorunun təqdimatı ilə onların Bakı şəhərinə kütləvi yerləşdirilməsi qadağan edildi. 1915-ci ilin yanvar ayında İrandan Qafqaza köçürülən ermənilərin sayı 20 min nəfər idi. “Baku” qəzeti “Kavkazskoe slovo” qəzetinə istinadən yazırdı ki, 1915-ci ilin əvvəllərində İranda rusların işğal etdikləri ərazilərdən köçürülən və sayı 100-120 min nəfər olan erməni əsasən Naxçıvan, Sürməli, Eçmiadzin, İrəvan, Aleksandropol və Yelizavetpolda yerləşdirilmişlər. 1915-ci ilin martında keçirilən Eçmiadzin kilsə qurultayında Türkiyə və İrandan köçürülərək Cənubi Qafqaza yerləşdirilən ermənilərin sayının 60 min nəfər olduğu vurğulanırdı. Təkcə 1915-ci ilin iyul ayında Qafqaz canişinin sərəncamına əsasən Cavanşir və Şuşa qəzalarına 24 min erməni yerləşdirildi.
Cənubi Qafqaz 1920-1921-ci illərdə işğal edilərək sovetləşdirildikdən sonra yaradılmış Zaqafqaziya Federasiyası İttifaq Şurası yanında Qaçqınlar Komissiyasının sədri Rakatadze, komissiyanın üzvü M.Karabek və katibi İsaakyan 1922-ci ilin dekabrında hazırladıqları izahat qeydində yazırdılar ki, 1915-ci ilin iyulunda türk cəbhəsində hərbi əməliyyatlar zamanı Türkiyə Ermənistanından 250 min nəfər erməni Zaqafqaziya hüdudlarına gəldi. 1915-ci ilin avqust ayına olan məlumata görə isə Cənubi Qafqaza gələn ermənilərin sayı həmin ilin qışında 60 min nəfər idisə, avqust ayında artıq 260 min nəfəri ötüb keçmişdi. Onların 110 min nəfəri İrəvan quberniyasına, 20 min nəfəri Yelizavetpol quberniyasına, 30 min nəfəri Tiflis quberniyasına, 20 min nəfəri Kars quberniyasına yerləşdirilmişdi.
Ermənilərin azərbaycanlılara məxsus ərazilərə yerləşdirilməsi milli ziddiyyətləri kəskinləşdirirdi. Qafqaz canişinliyi xüsusi şöbəsinin rəisi Pisarski Rusiyanın İran ilə sərhəd komissarına 1915-ci il 28 avqust tarixli 3720 №-li məxfi məktubunda yazırdı: “Ermənilərin və azərbaycanlıların bir-birinə nifrət etməsinin səbəbi qəzalara ermənilərin yerləşdirilməsidir”.
Ermənilərin Cənubi Qafqaza köçürülməsinə regionun yerli xalqları etiraz edirdilər. Gürcülərin “Zakavkazskiy Reç” qəzeti ermənilərin Qafqaza köçürülməsini 1828-1829-cu illər müharibəsi ilə əlaqələndirir, başlıca məqsədin onlara torpaq payının ayrılması olduğunu yazırdı. Qəzet ermənilərin geriyə, öz torpaqlarına qayıtmalarının vacibliyini vurğulayır, onlara Qafqazda ərazi verməyin gərginlik yaradacağını qeyd edirdi.
Bütün bunlara baxmayaraq, Qafqaz canişinliyinin Qaçqınlar işi üzrə ali səlahiyyətli nümayəndəliyi ermənilərin azərbaycanlılara məxsus ərazilərə yerləşdirilməsini planlı şəkildə həyata keçirirdi. Erməni qaçqınlarına Bakı yardım komitəsinin sədri T.Ter Mikaelyan Qafqaz cəbhəsinin qaçqınların yerləşdirilməsi üzrə baş səlahiyyətli nümayəndəsi general-mayor V.M.Tamamşevə 1915-ci il 18 dekabr tarixli məktubunda son vaxtlar Bakıya yerləşdirilən erməni uşaqları üçün 400 nəfərlik məktəbin açıldığını, 300 erməninin 2 yataqxanada, 100 nəfərin isə evlərdə yerləşdirildiyini, onlara yemək, xəstəxana və iş xidməti göstərildiyini, 500 nəfərinin işə düzəldildiyini yazırdı. Qafqaz erməni xeyriyyə cəmiyyəti şurasının və Mərkəzi Komitəsinin sədri S.Arutunov isə 1916-cı il yanvarın 8-də Qafqaz canişinliyinə göndərdiyi teleqramında 1915-ci ilin avqust ayından dekabrın 1-dək Bakıya 3200 ermənin yerləşdirildiyini bildirirdi.
Ermənilərin yerləşdirilməsinin və silahlı dəstələrinin yaradılmasının ağır nəticələri özünü çox da gözlətmədi. 1917-ci il fevral inqilabı nəticəsində Rusiyada Romanovlar sülaləsi devrildi. Aleksandr Kerenskinin başçılıq etdiyi Müvəqqəti hökumət erməni məsələsinə beynəlxalq xarakter verərək onların nümayəndələrinə müharibə nəticəsində imzalanacaq sülh şərtlərinə Türkiyə Ermənistanına muxtariyyət verilməsi haqqında məsələni də daxil edəcəyini bildirdi. Lakin bu niyyəti həyata keçirmək mümkün olmadı.
Rusiyada oktyabr çevrilişindən sonra Cənubi Qafqazda çoxhakimiyyətlilik yarandı. Sovetlər, Milli Şuralar və Müvəqqəti hökumətin orqanları arasında hakimiyyət uğrunda mübarizə qızışdı. Bolşevik Rusiyası Almaniya bloku ölkələri ilə Brest Litovskda sülh bağladı. Rus-türk cəbhəsi dağıldı. Dinc əhaliyə qarşı törətdikləri soyqırıma görə cəzasız qalmayacaqlarından qorxaraq rus ordusu ilə geri çəkilən erməni silahlı dəstələri Anadoluda və Cənubi Azərbaycanda etdikləri kütləvi qırğınları bu dəfə Borçalıda, İrəvan quberniyasında və Cənubi Qafqazın digər yerlərində törətməyə başladılar.1917-ci ilin noyabrında Bakıda elan edilmiş sovet hökuməti əksinqilabi ünsürlərlə mübarizə adı altında 1918-ci ilin mart ayında bütün Bakı quberniyasında azərbaycanlıların məhvinə yönəldilmiş planı həyata keçirməyə başladı. İdeoloji fərqlərə baxmayaraq, Daşnaksütyun Partiyası bolşeviklərlə birgə hərəkət edirdi. Minlərlə azərbaycanlı yalnız dini və etnik mənsubiyyətinə görə Azərbaycanın Bakı ilə yanaşı, Şirvan, Qarabağ, Zəngəzur, Naxçıvan, Quba, Lənkəran və digər bölgələrində kütləvi surətdə məhv edildilər. Tiflisdə yaradılmış Transqafqaz Seymi qırğınların qarşısını ala bilmədi. Kəskin ziddiyyətlər ucbatından 1918-ci il mayın 28-də Transqafqaz Seymi dağıldı. Azərbaycan Xalq Cümhuriyyəti quruldu. Bütün müsəlman Şərqində ilk dəfə olaraq Azərbaycan xalqı cümhuriyyət idarə üsulunu qurdu. Azərbaycan Xalq Cümhuriyyətinin əhalisi 4 mln. 617 min 671 nəfər idi. Ölkənin ərazisi 113895. 97 kv. km idi.
Mayın 28-də ermənilərin Qafqazda heç bir zaman mövcud olmayan dövlətinin qurulduğu elan edildi. Ararat Respublikası adlandırılan bu ölkə Yeni Bəyazit, İrəvan və Aleksandropol qəzalarının hissələrindən təşkil edildi. Ermənistanın ərazisi 9 min kv. km idi. Lakin qısa müddət ərzində təcavüzkar hərəkətləri nəticəsində Ermənistanın ərazisi genişləndirildi. Bu barədə Tiflisdəki ABŞ konsulu Smit dövlət katibinə 1918-ci il 15 iyul tarixli teleqramında məlumat verərək yazırdı: “Almaniya və Türkiyə tərəfindən tanınmış yeni Ermənistan dövlətinin ərazisi 12 min kvadrat kilometrə, sərhədləri isə Dilicandan sənub-qərbdə Alagözə, oradan isə Eçmiadzinin cənubundan İrəvanın şərqinə, oradan da Sevan gölünə qədərdir”.
Yeni yaradılan Ararat Respublikasının paytaxtı olmadığından Erməni Milli Şurası Azərbaycana müraciət edərək İrəvan şəhərinin paytaxt kimi verilməsini xahiş etdi. Müraciət Azərbaycan Milli Şurasının mayın 29-da Tiflisdə keçirilən iclasında müzakirə edildi. Ermənilərin bu xahişi yerinə yetirildi. İrəvanı paytaxt kimi aldıqdan sonra da Ermənistan sakitləşmədi. Erməni silahlı dəstələri azərbaycanlı əhaliyə qarşı kütləvi qırğınları amansızlıqla həyata keçirməyə başladılar.İngilis nümayəndəsi P.Koks Londona göndərdiyi 1918-ci il 30 oktyabr tarixli teleqramında erməni dəstələri tərəfindən həmin ilin mart ayında Cənubi Qafqazda 180 azərbaycanlı kəndinin dağıldığını və azərbaycanlıların öldürüldüyünü yazırdı.
Sovetləşdirildikdən sonra Gürcüstan Fövqəladə Komissiyasının rəsmi sənədlərində də erməni silahlı dəstlərinin törətdikləri qırğınlar barədə məlumat verilərək yazılırdı ki, Daşnaksütyunun yad qüvvəni məhv etmək üsulunu təkrar etdi, Kars vilayətində 80 kəndi yer üzündən sildi.
Daşnaksütyunun 30 aylıq hökmranlığı dövründə Ermənistanda azərbaycanlı əhalinin 60%-i yer üzündən silindi, bütün türk əhalisi qanundan kənar elan edildi, azərbaycanlı və kürd əhalisini qırmaq yolu ilə ölkənin erməniləşdirilməsi ideyası həyata keçirildi.
http://shusha.az